AQİL ABBAS:
QİYAMƏT GECƏSİ
(Povest)
əvvəli var
Anasının
səsi gəldi:
- Ə, Könül, gəlmisən?
Amma O,
Könül deyildi, Könül Onun özündən balaca
qardaşıydı.
- Mənəm
ana! - dedi, əlindəki stəkanı qoydu stolun üstünə
və keçdi kitabxanaya anasının yanına. Anası
qalxıb çarpayıda oturmuşdu, əlləri ilə
dağılmış saçlarını topalayırdı,
onu görcək:
- Buy! Sən nə vaxt gəldin, oğul? - dedi və
istədi qalxsın ayağa.
Anasını
ayağa qalxmağa qoymadı, qucaqlayıb öpdü:
- Bir az olar.
- Bəs
məni niyə oyatmamısan?
- Elə
qəşəng yatmışdın ki, ürəyim gəlmədi.
- Gör
ey, səki dedim bir az dincimi alım, yuxu
tutub. Kömək elə qalxım.
- Yox, nəyə
qalxırsan ki, uzan.
Anası:
- Qorxma, əlini
ver görüm, day ağrıyıb eləmirəm ha,
sağalmışam. O gün Rauf həkim də dedi ki, day
ürəyində heç nə yoxdu, durub gəzə bilərsən,
- dedi və heç Onun köməyini gözləmədən
ağır-ağır çarpayıdan yendi, şəpitlərini
geydi ayaqlarına və ağır addımlarla da keçib
oturdu kresloda.
- Həmişə
deyirəm, Allahın Aqilə yazığı gəldi məni
sağaltdı. Yoxsa xəstəxanaların
qabağında dayanmaqdan, dərman axtarmaqdan, həkimlərin
quşunu götürməkdən lap əldən
düşmüşdü. Oğul, sənə
o qədər əziyyət verirdim ki, öz-özümə
utanırdım, deyirdim bir tikə süd vermişdim, onu da
yazığın burnundan gətirdim.
- Nə
danışırsan, ay ana? Bəs məni nədən
ötrü doğmusan?
- Səni
ondan ötrü doğmamışam ha əziyyət verim, səni
doğmuşam ki, əziyyətini çəkim.
- İndi yaxşısan?
- Allaha
min şükür. Elə bil təzədən
doğulmuşam. Demirəm ki, Rauf həkim
deyir heç nəyin yoxdu. Oğul, mən
də səndən icazəsiz burda nə qədər tibbi
kitablar vardı hamısını yığıb
bağışladım ona. Sənin nəyinə
lazımdı. Tibb kitabları ona
lazımdı, həkim adamdı. Bir az
da atan İsrail həkimə bağışladı. İndi
Ağdamda cəmi üç-dörd həkim qalıb, - dedi,
sonra kitabları göstərib: - Pal-palçığın
içindəydilər. İt uşağı
çoxun yandırıblar. Bir-bir
yığmışam, elələri vardı lap
cırıq-cırıq olmuşdu, onları da
yığıb saxlayıram. Salamatlarını
təmizləyib daşıyırdıq içəri, ələ
gəlməyənləri Kişi istəyirdi ata, qoymadım.
Dedim qoy qalsın, yerimizi dar eləmir ha, durub də. Apardı yığdı qaraja. Bu
taxçaları da Kişi özü düzəldib. O qədər
gülmüşəm, deyirəm ay Kişi, sənin heç əl
qabiliyyətin yoxuymuşku!
-
Könül nə təhərdi?
-
Könüldü də. Heç
üzünü görürük ki, tezdən gedir, gecə
saat ikidə-üçdə gəlir. Yığışırlar
o dostu Famil var ey, onun pavilyonuna, domino oynayırlar. Deyirəm ay bala, bütün günü o pavilyonda nə
var axı? Deyir Famil xəbər göndərib
ki, Könül mən gələnəcən pavilyonu yiyəsiz
qoymasın. Kişi danlayır, amma nə
xeyri, bilmirsən, söz eşidən deyil. Nə qədər
ki, Kişi Bakıdaydı, yenə bir az
babatıydı. Kişi gələndən
heç sifəti açılmır. Hətta
Kişi gələndə təzə vaxtlar görürdüm
evin dalına çəkilib ağlayır. Soruşurdum, ay bala, sənə nə olub. Deyirdi, ay ana, sən bilməsən
yaxşıdı. Bir dəfə
beş-altı gün itdi. Qayıdanda
soruşduq ki, ay bala, hardaydın? Dedi getmişdim
Bakıya. Sənin də ad
gününüymüş. Hamı da sizdəymiş.
- Gəlməmişdi
axı.
-
Axmaqdı də, burdan durub gedir Bakıya, sənin ad
gününə, amma başıxarab oğlu başıxarab
heç kimlə görüşməyib qayıdır. Deyirəm, ay bala, bəs onda niyə getmişdin?
Guya sənin ad günündə zəhləsi
gedən adamlar varmış, ona görə də
görüşməyib qayıdıb gəlib.
- Boş
sözdü. Görünür yenə
Stepanakertdə kimə ilişib qalıbmış, yalandan
deyib ki, guya Bakıya gedib.
- Nə
bilim, vallah.
- Kişi
hanı?
- Gedib kəndə.
Deyir sovxozu da yaman günə qoyublar. İndilərdə gələr. Nə
yaxşı gəlib çıxdın, ürəyi
qalmışdı elə sənin yanında, deyirdi içir.
İçirsən?
- Yox.
-
Düzünü de.
- Arada
olur.
- İçmə, ay bala. Kərbəla nəvəsisən,
Allaha ağır gedər. Heç sənin
atan evinə içki buraxmırdı.
Atası
içən deyildi, içən adamlardan da zəhləsi
gedirdi, nəinki evinə, heç həyətinə də
içki buraxmazdı, Onun toy mağarını da
küçədə qurdurdu ki, kim nə
qədər istəyir bayırda içsin, amma siqaret çəkirdi.
- Ata, həkimlər
deyir ki, siqaret içkidən pisdi.
- Həkim
elə söz deməz. Onu hansı həkim
deyirsə qələt eləyir, o həkim deyil, mal
otarandı. Mən hələ kiminsə
siqaret çəkib kimisə
bıçaqladığını, ya küçədə
yıxılıb yatdığını, ya qusub
özünü batırdığını görməmişəm.
Amma o nədirsə, onu içən adam
sifətindən çıxır, itdən
düşmüş olur. Əgər o
yaxşı şey olsaydı Allah onu qadağan eləməzdi.
Və çox qəribə idi ki, içkidən və
içənlərdən zəhləsi gedən atası şərabçılıq
sovxozunun direktoru idi.
-
Özün içəni söyürsən, bəs niyə
sovxozun çaxır düzəldir?
- Mənim
sovxozumun düzəltdiyi çaxırı göndərirəm
gedir Ursetə, qoy uruslar nə qədər istəyirlər
içsinlər. Allahın bizlərə
yazığı gəlib ki, onları piyanıska yaradıb,
yoxsa bütün dünyaya qan uddurarlar.
Qorbaçov
şərabçılığı qadağan eləyəndə
atası uzun müddət əsəblərini cilovlaya bilmirdi:
- Köpəyoğlu,
bu xalqın düşməniymiş! Gəlib Azərbaycanı
məhv eləsin!
- Niyə
ata, sənin ki dostundur, içkini qadağan eləyib.
- İçkini qadağan eləməyib, bala, siz hələ
bunu başa düşmürsünüz. Xalq milyardlarla
pul töküb üzüm bağları salmışdı,
zavodlar tikmişdi, hamısını məhv elədi. Dağıtdı bu respublikanın
iqtisadiyyatını. Azərbaycana elə bir zərbə
vurdu ki, düz iyirmi il bunun altından
çıxa bilməyəcəyik. Allah hələ
sonrasını saxlasın.
Amma Allah sonrasını da saxlamadı.
-
Gördün, ay oğul, deyirdim sənə. Köpəyoğlu
bu xalqın düşmənidi. İndi də
erməniləri qızışdırıb, əllərinə
də silah verib salıb bu millətin üstünə.
Qışda rayona gələndə dostları hələ
xoruzlar banlamamışdan, çünki xoruz banından sonra
Ağdamın yaxşı xaşxanalarında çətin ki
xaş tapaydın, Onu götürüb aparırdılar
xaş qonaqlığına. Atasının qorxusundan heç vaxt
rayonda içməzdi, atası bunu yaxşı bilsə də
dostlarının səhər-səhər onu xaşa
aparmasından həmişə dilxor olurdu:
- Qoyma,
çox içsinlər.
- Əşi, mən neyləyim? Araqsız xaş olar?
- Ay
oğul, bax bu kitabxanadan bir kitab tap mənə göstər
ki, orda yazıblar xaş yeyəndə mütləq araq
içmək lazımdı.
Təbii ki, nə onun kitabxanasında, nə də
hansısa bir kitabxanada belə bir kitab yox idi.
Zarafatla
deyirdi:
- Ata, bu
şifahi xalq ədəbiyyatıdı...
-
Oğul, Bakıda işıq var?
- Var.
- Qaz da
var?
- Qaz da
var.
- Burda
yoxdu. Kişi deyir şəhərdə nə qədər
məftil var hamısını söküb aparıblar. Məktəbinizi də yandırıblar. Bəs indi uşaqlar harda oxuyacaqlar?
-
Hamısını təzədən tikəcəyik. Camaata da söz vermişəm ki, məktəbi
özüm tikəcəyəm.
- Dünən
dayın gəlmişdi, onların da evini yandırıblar. Deyirəm gəlin bizdə qalın, gəlmirlər.
Zirzəmidə köhnə bir çadır
qalmışdı, onu aparıb həyətdə bir
alaçıq qurublar. Səhər bir
dayıngilə dəy. Hər dəfə
danışığından hiss edirəm ki, səndən
yaman inciyib. Soruşuram, demir. Get könlünü al, həm də
gör birtəhər dilə tutub gətirə bilərsənmi?
Yoxsa bu soyuqda qırılacaqlar, xəstə də
adamdı.
- Gedib gətirərəm.
- Bir Raufgilə də dəy. Sağ olsun, iki gündən bir gəlir,
dava-dərman da tapıb gətirir. O olmasaydı bəlkə də
ölmüşdüm. O Raç Kapura
oxşayan dostun var ey, onunla gəlir. Nədi
onun adı?
- Eynur?
- Hə,
hə, Eynur. Maşallah, qocalıb eləməyiblər.
Bir yerdə şəkliniz var ey, bax elə o
şəkildəki kimidilər. Vallah, elə
bil sən onların ataları yaşdasan. Bilmirəm
niyə hamı cavan qalıb, sən belə qocalmısan?
Başında bircə dənə də qara
tük yoxdu. Heç Kişinin də
saçı belə ağarmayıb. Amma sənə
yaraşır, bığın da olsa lap Süleyman Rəhimova
oxşayarsan. Süleyman Rəhimov durur?
- Yox,
ölüb, çoxdan ölüb.
-
Hayıf, Sabir dayın kimi nurlu kişiydi.
Qapı açıldı. Atası ağappaq qarın
içində girdi içəri, Onun otaqda olduğunu hiss eləmədi,
üst-başının qarını
çırpa-çırpa dedi:
-
Gülçöhrə, nətərsən?
Anasının adı Gülçöhrə deyildi, amma
atasının bu addan xoşu gəlirdi və
xanımını bu adla çağırırdı. Elə qohum-əqrəba
da bu ada öyrəşmişdi, hamı Gülçöhrə
deyirdi.
- A kişi, sənə yüz dəfə demişəm
üstüyün qarın evin içində çırpma. Özü də bu boyda uşağı
görmürsən?
Və atası onu indi görürdü.
- Buy! Buy!
Sən nə vaxt gəldin ə?
Paltosunu divardakı mismardan asmaq istədi, palto
düşdü yerə, amma buna fikir vermədi. Yüyürdü
Onun üstünə və elə qucaqladı ki,
qabırğaları şaqqıldadı.
- Nə
yaxşı gəldin. Ürəyim
qalmışdı yanında. Gələn
günü gedib hamıyla bir-bir görüşdüm. Sizə də getdim, dedilər, yoldasan, rayondan gəlirsən.
Xeyli gözlədim ki, gələsən, gəlib
çıxmadın. Tapşırdım
ki, gələndə heç olmasa mənə bir zəng eləsin,
zəng də vurmadın.
- Yolda
dostlarıma ilişib bir az ləngimişdim.
Şəhərə çatanda da heç evə
dönməmiş birbaşa sənin yanına gəldim,
çata bilmədim, dedilər bir yarım saat olar getmisən.
-
Gülçöhrə, nə bişirmisən?
-
Çığırtma. Elə bil ürəyimə
dammışdıkı gələcək.
Çığırtma Onun ən çox sevdiyi xörək
idi, özü də hər adamın bişirdiyi yox,
anasının bişirdiyi.
Anası manqalın böyründəki mis qazanı qoydu
sobanın üstünə, kişinin də yerə
düşmüş paltosunu götürüb asdı.
-
Gülçöhrə, yemək qızanacan bir çay ver,
şaxta əhədimi kəsib. Bəlkə otuz
ildi belə şaxta görməmişəm. Otur görüm nə var, nə yox.
Oturdu atası ilə üzbəüz.
- Kişi
kimi düzünü de, de görüm içib eləmirsən?
-
Əşi, rəhmətliyin oğlu, sən də məni lap
alkoqolik eləmisən ey, içmək nədi...
-
Ağzından içki iyi gəlir.
Yadına düşdü ki, bayaq yolda qalanda
maşında beş-on qurtum viski içib, qızardı. Onun
qızardığını görən Kişi də day
içki söhbətinin üstünə gəlmədi.
- Qəzetin
çıxır?
-
Çıxır.
- Rəşadın
qəzeti də çıxır?
- O da
çıxır.
- Bir-birinizdən muğayat olun, axmaq zamanadı. Bu tərəflərə qəzet-zad gəlib çıxmır ha, dünyadan xəbərimiz yoxdu. Poçtu nə təhər söküblərsə yerində qamış bitib. İşıq da yoxdu barı televizora baxaq. Özünlə qəzet gətirməmisən?
-
Maşında var, amma...
-
Maşınla gəlmisən?
- Hə. Amma batıb qaldı şəhərin
ayağında.
- Bu
gün-sabah əlli yaşın olacaq, hələ
ağıllanmamısan. Yüz dəfə
demişəm ki, belə havada maşın sürmə. Özün də hamıya ağıl öyrədirsən.
Götür,
götür çayını iç,
soyutma. Bu da mənim ağıllım. Uşaqlar nə təhərdi?
- Böyüyürlər.
- Uşaqlarını qoru, şəhər
yeridi, ona-buna qoşularlar. Çox ərköyün eləmisən.
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-16 fevral.-S.5.