BALAKƏN: BU
ŞƏHƏRİ SEVƏNLƏRİ SEVİNDİRMƏK
(əvvəli ötən
sayımızda)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na uyğun olaraq 115 nəfər barama istehsalçısına 54423,0 manat məbləğində subsidiyanın verilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq süni mayalanma yolu ilə alınmış 1076 buzova görə 107600 manat subsidiya 987 nəfər heyvan sahibinin kart və cari hesablarına köçürülmüşdür.
2017-cı ildə istehsalçıların texnikaya, mineral gübrələrə, pestisidlərə olan tələbatının ödənilməsi sahəsində "Aqrolizinq" ASC-nin rayon filialı tərəfindən 400 ha sahədə əkin, 1050 ha sahədə biçin işləri aparılmış, 1345,75 ton mineral gübrənin 70% güzəştlə fermerlərə satılması təşkil olunmuşdur.
Bunlarla yanaşı rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əlavə tədbirlər həyata keçirilməli və bu sahədə qarşıya qoyulan vəzifələr tam yerinə yetirilməlidir. Qarşıda duran vəzifələr əkin və örüş sahələrinin təyinatına uyğun səmərəli istifadəsinin təşkili, əlavə sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, fındıq bağlarının salınmasının davam etdirilməsi, tütünçülüyün inkişaf etdirilməsi və məhsuldarlığının artırılması, torpaqların münbitliyinin yaxşılaşdırılması və aqrotexniki xidmətlərin keyfiyyətinin yüksəldilməsi, zərərvericilərə və alaq otlarına qarşı səmərəli mübarizə aparılması, keyfiyyətli toxumun səpilməsinə nəzarətin gücləndirilməsi, sahələrin suvarılmasının təşkili, baramaçılığın inkişaf etdirilməsi, yeni tut tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi, meyvəçiliyin inkişaf etdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və digər məsələlərlə bağlıdır. Torpaq mülkiyyətçiləri, fermerlər torpaq kimi dəyərli bir sərvətin qədrini bilməli, əkin məqsədilə ayrılmış torpaqları əkib-becərməli, bir qarış sahənin belə boş qalmaması üçün çalışmalıdırlar.
Rayonda kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurların hər ilin payız aylarında "Məhsul bolluğu" bayramı keçirilməklə qeyd olunması ənənə şəklini almışdı. Lakin 2017-ci ildə bu ənənəyə dəyişiklik edilmiş, rayonda ilk dəfə Beynəlxalq "Xurma festivalı" keçirilmişdir. Çox sayda insanların iştirak etdiyi festivalda rayonun kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olmuş xurma istehsalı barədə festival iştirakçılarına geniş məlumat verilmiş, xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxış keçirilmişdir. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, "Balxurma" MMC-nin, "Azəryem Sənaye" MMC-nin və digər istehsalçıların müxtəlif çeşiddə əmtəəlik məhsulları festival iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Ötən dövr ərzində özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 21 layihə üzrə 260300 manat kredit verilmiş, nəticədə 18 yeni iş yeri açılmışdır.
Hesabat ilində istifadəyə verilən "ABAD" mərkəzində zəruri istehsal avadanlıqları ilə təchiz olunmuş 12 konteynerdən 8-də 62 min manat dəyərində 7,3 tondan çox cem, mürəbbə və povidla istehsal edilərək satış üçün Bakı şəhərinə göndərilmişdir. "ABAD" mərkəzində 8 ailənin ümumilikdə 28 nəfər üzvü işə cəlb edilmiş, satışdan əldə edilən qazanc "ABAD"-çıların bank hesabına köçürülmüşdür. Digər 4 konteynerdə məhsul istehsalı test edilmiş, artıq kütləvi məhsul istehsalına başlanılmışdır.
Katex kəndində "Balxurma" MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin və anbar binasının tikintisi başa çatdırılmış, 100-dən çox insanın işlə təmin olunduğu müəssisədə məhsul istehsalına başlanılmışdır. Müəssisə Almaniya, Hollandiya, Rusiya, Latviya, Litva kimi dövlətlərlə məhsul satışına dair müqavilələr bağlamışdır. İndiyədək müəssisədə 300 ton quru meyvə istehsal olunmuş, anbarlarda 1000 tondan çox yaş meyvə istehsal məqsədilə saxlanılır. Növbəti illərdə istehsalın həcminin 2 dəfə artırılması, xurmadan doşab və cem istehsal olunması, həmçinin, 14 növ meyvə və giləmeyvənin quru və yarım quru emal edilməsi nəzərdə tutulur. Hesabat ilində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmiş, şəhərdə 29 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində bir sıra təmir işləri görülmüşdür. Sarıbulaq və Mahamalar kəndlərində müvafiq olaraq 40 və 20 yerlik modul tipli məktəblərin tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilmişdir. Şərif kəndində 360 şagird yerlik məktəbin tikintisi davam etdirilmiş, Qazma 2 saylı uşaq bağçası və Katex həkim məntəqəsi əsaslı təmir olunmuşdur.
Şəhərin Heydər Əliyev prospektində 1 km məsafədə su və kanalizasiya xətləri dəyişdirilmiş, Heydər Əliyev prospektinin Qazbinə kəndi istiqamətində yolun hər iki tərəfində bordür və tamet daşları ilə səkilər düzəldilmiş, yaşıllıqlar salınmışdır.
Katex kəndində yolun hər iki tərəfində 2000 metr məsafədə daş hasarlar aqlay və ya təbii daşla üzlənmiş, 500 m2 dekorativ suvaq vurulmuş, yolun hər iki tərəfində ümumi uzunluğu 5,2 km olan səki, 180 p/metr olan beton arxlar tikilmiş, 5000 p/metr səki daşları quraşdırılmış, magistral yol genişləndirilmiş, ərazi hamarlanmış, abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Həmçinin, 3,5 km məsafədə yüksək və aşağı gərginlikli elektrik hava xətləri və 85 elektrik dayağı dəyişdirilmiş, 3,5 km məsafədə gecə işıqlandırılması qurulmuşdur.
Ötən dövr ərzində respublika əhəmiyyətli avtomobil yollarında 9520 m2, yerli əhəmiyyətli avtomobil yollarında 4510 m2 cari təmir aparılmış, 5735 p/m bordür quraşdırılmışdır. Heydər Əliyev prospektində 6 km, 6 küçədə 28812 kvadratmetr sahə asfaltlanmış, digər küçələrdə çala təmiri işləri aparılmış, Xalatala kəndində 18 metr uzunluğunda bir aşırımlı körpü tikilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rayona səfərindən sonra müvafiq Sərənamlarla tikintisinə vəsait ayrılan Uşaq İncəsənət məktəbinin, Balakən-Qazbinə-İtitala avtomobil yolunun, həmçinin, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 km olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılmışdır.
Qeyd olunmalıdır ki, tikinti-quruculuq işlərinin əhatə dairəsi, həcmi kimi keyfiyyəti məsələlərinə də ciddi fikir verilməlidir. Aparılan işlərin Şəhərsalma və Tikinti Məcəlləsinə, milli memarlıq üslubuna, layihə sənədlərinə uyğunluğu təmin olunmalı, xüsusilə kənd yerlərində icazəsiz, özbaşına tikinti işlərinin aparılmasına yol verilməməlidir. Şəhərdə ictimai yerlər-park və bağlar, küçə və meydanlar, kommunal binalar müasir üslubda təmir olunur və bu işlərə kifayət qədər dövlət vəsaiti xərclənir. Bunun müqabilində sakinlər abadlığı və yaşıllığı qorumalı, təmizliyə riayət etməli, sahibkarlar fəaliyyət göstərdikləri ticarət, xidmət, sənaye və digər obyektlərinin təmir olunmasını, abad saxlanmasını təmin etməlidirlər.
2017-ci ildə imtiyazlı təbəqəyə aid olmaqla mənzilə ehtiyacı olan 7 nəfər əlil və şəhid ailəsinin mənzil-məişət şəraiti araşdırılmış və onlar növbəyə alınmışlar. Hazırda imtiyazlı şəxslərin mənzil növbəsində 50 nəfər vardır.
Hesabat ilində işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi və rayonda əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar toplanmış, işləməyən əhalinin uçotu aparılmışdır.
Məşğulluq mərkəzinə 1226 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 121 nəfərə "işsiz" statusu verilmiş, 510 nəfər işlə təmin edilmişdir.
Ötən dövr ərzində ümumilikdə 1469 yeni iş yeri açılmışdır ki, ondan da 927-si daimi iş yerləridir.
Ötən dövr ərzində aşağı və orta təzyiqli qaz xətlərinə, tənzimləyici şkaflara, qaz sayğaclarına texniki xidmət göstərilmiş, 310 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 20920 nəfərə çatdırılmışdır.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət.-2018.-20 fevral.-S.4.