MASALLININ BU GÜNÜ

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-cİ ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi dedi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

R.Hüseynov qeyd etdi ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2017-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.

 

Yeni meşə zolağı

 

Rayonun Heydər Əliyev (M.Talışxanov) və Bakı prospektlərində, Z.Əliyeva, Digah və Seybətin küçələrində yenidənqurulma işləri başa çatdırılmışdır. Viləş çayının Masallı şəhərindən keçən 7 kilometrlik hissəsində 50 hektara yaxın ərazidə meşə-parkın, həmçinin 6 hektara yaxın ərazidə Park-Bulvar kompleksində çay yatağının beton məcraya salınması işləri davam etdirilmişdir. Hazırda çay yatağının 159 poqometrlik hissəsinin beton məcraya salınması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir və tikinti işləri davam etdirilir. Viləş çayının şəhər ərazisindən keçən 20 hektara yaxın ərazidə meşə zolağı salınmışdır.

Ötən il 60 şagirdlik Kubin, 80 şagirdlik Meşəkənarı, 60 şagirdlik Mololon və 35 şagird yerlik Ləngan ümumi orta məktəbləri istifadəyə verilmişdir. Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagirdlik modul tipli məktəblərin tikintisinə başlanılmışdır. Masallı şəhəri ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik "Viləş", 100 yerlik Kolatan kənd, 60 yerlik 2 saylı şəhər və 60 yerlik Sərçuvar kənd uşaq bağçalarının yeni binası tikilib istifadəyə verilmişdir.

Bu dövr ərzində 20 səhiyyə müəssisəsi yenidən qurulmuş, o cümlədən hər biri 15 çarpayı yerlik Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilmişdir.

17 kənd həkim və tibb məntəqəsi yenidən tikilərək istifadəyə verilmişdir. 240 çarpayı yerlik rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda Lürən və Miyankü həkim məntəqələrinin tikintisi davam etdirilir.

 

Turizm Peşə Məktəbi

 

üçün ayrıca istehsalat-təcrübə bazasının tikilməsindən ötrü şəhərin Heydər Əliyev prospektində "ASAN Həyat" kompleksinin yerləşdiyi ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim olunmuşdur. Eyni zamanda bu prospektdə Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə 10 hektar torpaq sahəsi ayrılmışdır. Rayonda 47 mərasim evi istifadəyə verilmiş, Masallı "Cümə məscidi", Ərəb, Kalinovka, Qasımlı kənd məscidlərində əsaslı təmir işləri davam etdirilir. 30 ərazidə istirahət mərkəzləri istifadəyə verilmiş, 3 ərazidə isə tikinti işləri aparılır.

Rayon Məhkəməsinin yeni inzibati binasında tikinti işləri davam etdirilir.

Sənaye məhəlləsinin yaradılması məqsədilə Ələt-Astara avtomobil yolunun 165-ci kilometrində - Masallı şəhəri ərazisində yerləşən 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır. Bu tikinti Masallı iqtisadiyyatının sürətli inkişafına, təkmilləşməsinə təkan verəcək və 800-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaqdır. Viləşçay Su Anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir. Şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsi bir hissəsi daxil olmaqla ümumilikdə 9170 sayğac quraşdırılmış, rüb ərzində 5500 abonentlə müqavilə bağlanaraq sayğaclara surğuc vurulmuşdur. Muğan zonası və Qızılağac istiqamətində 42 kəndə Viləşçay Su Dəryaçasından içməli su xəttinin çəkilməsinə başlanılmışdır. Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt çəkilmişdir. Hazırda bu işlər davam etdirilir.

Rayonda elektrik xətt təsərrüfatının yenidən qurulması və abonentlərin "Smart" tipli sayğaclarla təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ərkivan qəsəbəsində 340 ədəd dəmir dayaq dəyişdirilmiş, 7200 metr uzunluğunda naqillər SİP kabelləşdirilmişdir. Musaküçə kəndində 8184, Təklədə 8812, Əhmədlidə 7857, Qızılağacda 7100, Hüseynhacılı kəndində isə 14000 metr SİP kabel çəkilmiş, 2400 ədəd 0,4 kilovoltluq dayaq basdırılmışdır. Təzə Alvadı, Təklə, Sığıncaq kəndlərində 31,06 kilometr (AS-70) uzunluğunda naqil çəkilmiş, 763 ədəd 10 kilovoltluq dəmir beton, 3982 ədəd 0,4 kilovoltluq dəmir dayaq yenilərilə əvəz edilmişdir. Muğan zonasında yerləşən kəndlərdə SIP kabelləşmə işləri davam etdirilir. "Azərişıq" ASC tərəfindən Masallı Enerji Təchizatı və Satışı İdarəsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılmışdır.

42 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsilə əlaqədar Sirəbil, Qızılağac, Hüseynhacılı, Məmmədoba, Öncəqala, Xıl, Babaküçə, Sığdaş, Bala Təklə, Qasımlı, Yeddioymaq 2, Xanalion, Tiyaqani və Sığıncaq kəndləri təbii qazla təchiz edilmişdir. Şıxlar və Qodman kəndlərində daşıyıcı orta təzyiqli qaz kəmərlərinin çəkilişi yekunlaşıb, hazırda sayğaclaşma işləri davam etdirilir. Əzizabad, Xoşçobanlı kəndlərində qaz xətlərinin çəkilişi aparılır. 2018-ci ildə Güllütəpə, Tatyan və Şıxlar-Dağ kəndlərinin qazla təmin olunması nəzərdə tutulmuşdur.

 

Açılan iş yerləri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 42 layihə üzrə 442 min 500 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 59 yeni iş yerinin açılmasına səbəb olmuşdur. İl ərzində rayona 54 layihə üzrə 126 milyon 667 min manat həcmində investisiya cəlb edilmiş, bundan 60 milyon 75 min manat vəsait qoyuluşu təmin olunmuşdur. Cəlb edilmiş investisiya nəticəsində cari ildə rayonda 1251 yeni iş yeri yaradılmışdır.

Ötən ildə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1345 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların da 359-u qadındır. Qeydiyyata alınanlardan 729 nəfərinə göndəriş verilmiş və onların hamısı işlə təmin olunmuşdur ki, bunların da 256 nəfərini qadınlar təşkil edir. İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. Hesabat dövrü ərzində 4615 yeni iş yeri açılmışdır ki, onlardan 3770-i daimidir.

 

Kənd təsərrüfatının real mənzərəsi

 

Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Kənd təsərrüfatı dövriyyəsində olan 24925 hektar əkin sahəsi mövcuddur ki, 2017-ci ildə bu torpaqlardan 14458 hektar əkilmişdir. 2017-ci ildə rayonda 32,5 hektar tütün, 195 hektar çəltik, 145 hektar çiyələk, 940,4 hektar kartof əkilmiş və həmçinin 105 hektar ərazidə çay plantasiyaları salınmışdır. 2696,7 hektar sahədə müxtəlif tərəvəz və bostan məhsulları, 8035,3 hektar sahədə isə taxıl əkilmişdir. Rayonda 8035,3 hektar taxıl əkilmişdir ki, ondan 5939,2 hektarını buğda, 2096,1 hektarını arpa təşkil edir. İl ərzində 940,4 hektar kartof, 436,8 hektar bostan və 2259,9 hektar tərəvəz əkini aparılmışdır.

Kənd, meşə, balıqçılıq təsərrüfatında 139305.9 min manatlıq məhsul istehsal edilmiş, süd istehsalı 50101 tona, ət istehsalı 5867 tona, yumurta istehsalı 56998 min ədədə çatmışdır.

İlkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması imkanları mövcuddur.

2017-ci ildə isə rayon ərazisində 2221 hektar sahədə tərəvəz əkilmiş, 35348 ton məhsul istehsal olunmuşdur. 14 hektar sahədə kələm əkilmiş, 423 ton məhsul istehsal edilmişdir. Cari ildə 82 hektar sahədə kələm əkini aparılmışdır.

2017-ci ildə cəmi 940 hektar kartof əkilmiş və 16258 ton məhsul əldə edilmişdir. Kartof sahələrinin ilkin mərhələdə 1500 hektara çıxarılması əsas hədəflərdəndir.

205 hektar baş soğan, 107 hektar sarımsaq, 456 hektar noxud, mərci, 654 hektar badımcan, 130 hektar bibər, 145 hektar çiyələk və s. bitkilər əkilmişdir.

Bölgüyə uyğun olaraq 20 qutu barama qurdunun toxumu gətirilib, kümçülərə paylanmışdır. İstehsalçılar tərəfindən tədarük edilmiş 480 kiloqram məhsul "Şəki-İpək" ASC-yə təhvil verilmişdir. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay və 3,0 milyon kubmetr su tutumu olan Babaser su anbarları vasitəsilə aparılır. Həcmi 130 milyon kubmetr olacaq Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. Masallı rayonunda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanmışdır. Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən 721 məzundan 448-i, (62%) ali məktəblərə qəbul olmuşdur ki, onlardan 152 nəfəri (34%) qızlardır. 30 nəfər 600-dən yuxarı bal toplamışdır ki, onlardan 11 nəfəri (37%) qızlardır. Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir.

Hesabat dövründə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi-texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.

Bildiyiniz kimi 2018-ci il respublika Prezidenti tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli " elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır. 2018-ci il Azərbaycanda Prezident seçkiləri ilidir. Seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün bütün lazımi tədbirlər həyata keçiriləcəkdir və əminik ki, Masallı sakinləri bu seçkilərdə də fəal iştirak edərək Azərbaycan xalqının alternativsiz namizədi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir.

Ölkə rəhbərini əmin edirik ki, respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarığımızdan istifadə edəcəyik.

Məruzə ətrafında çıxışlar olub.

 

Əlihüseyn ŞÜKÜROV

 

Ədalət.-2018.-20 fevral.-S.4.