AQİL ABBAS:
QİYAMƏT GECƏSİ
(Povest)
əvvəli
- Yuxuda
gördüm ki, svetoforda maşını saxlamısan. Bir dilənçi uşaq qəfil qapını
açdı, bıçağı soxdu ürəyinin
başına, sonra da ürəyini çıxarıb
qaçdı. Sonra da gördüm ki,
bazarda satır. Durdum kişiyə
danışdım. O da dedi yəqin ki, uşağın
ürəyinə nəsə olub. Elə o
vaxtdan hər gün deyir görən uşağın ürəyi
nə təhərdi.
Bu hadisəni hansısa bir bədii əsərdə
oxusaydı fikirləşərdi ki, bu,
yazıçının həyat həqiqətlərindən
uzaq mistik uydurmasından başqa bir şey deyil. İndi bunu
hansısa bir əsərdə oxumurdu, qulaqları ilə
öz anasından eşidirdi. Başını buladı
və qocaların ürəyinə xal salmamaq
üçün dedi:
- Yuxudu də
görmüsən, ürəyim buz baltası kimidi.
Atası yeməyini yeyib qurtardı. Bir siqaret yandırdı,
iki-üç qullab vurdu:
-Qəzetsizliyə
dözmək olur, heç olmasa kitab var, başımı
qatıram, amma televizorsuz çox çətindir. Dünya çempionatı olanda
yandım-töküldüm.
Futbol nə təhər oldu? Bizimkilər bir şey
eləyə bildilər.
- Bizimkilər
dünya çempionatına çıxa bilməmişdilər
ha!
- Ə, özümüzünküləri demirəm. Bilmirəm ki,
onlar nə qabiliyyətin yiyəsidilər?!
- Bəs
kimi deyirsən?
- Bizimkiləri
də, türkləri.
Yenə
Ona qəribə gəldi, atasının heç nədən
xəbəri yoxdu ki! Və neçə illərdi bircə dəfə
də üzünün güldüyünü görmədiyi
atasını sevindirmək üçün dedi - necə olur
ki, atasıgil iyirmi beş il əvvəl
ölmüş Sabir dayısına bu gün günorta az qala
bir qazan çığırtma yedizdirə bilirlər, O,
türkləri ikicə pillə yuxarı qaldıra bilmir:
-
Türklər dünya çempionu oldular.
-Sən Həzrət
Abbas, düz deyirsən?
- Vallah,
düz deyirəm.
Atası uşaq kimi hoppandı göyə.
Anası:
-
Ağsaqqal kişiyə bax ey!
-
Eşitmirsən, deyir bizimkilər dünya çempionu olublar.
-
Türklər nə vaxtdan bizimkilər olub? Bizimkilər
olsaydılar çoxdan Yerevana bir bomba atardılar, camaat da əsir-yesir
olmazdı.
Atası əsəbiləşdi:
-
Gülçöhrə, sən belə şeyləri bilməzsən!
Türklər olmasaydı indi uruslar
torpağımızı torba ilə daşıyıb
qurtarmışdılar. Özü də
darıxma, dünyanın axırı deyil ha, atacaqlar. Hə, oğul, de görüm bəs Braziliya?
- Bizimkilər Braziliyanın ağzını
cırdılar. Hakan Braziliyanın qapısını
deşik-deşik elədi.
Bilirdi ki, atasının Hakandan bərk xoşu gəlir.
- Mən
deyirdim də, Peledi kişinin oğlu. Bəh-bəh! Ermənilərin
ürəyi partlayıb ki! Sən bizə bir
işıq motoru tapa bilməzsən?
- Taparam.
- İşıq olsa, hökumət gələnəcən
birtəhər keçinmək olar. Heyf, o futbollara baxa bilmədim.
Atası
bayaqkı sevincin kefini yenidən çıxarmaq
üçün bir də soruşdu:
- Vay dədəm,
vay! Deyirsən türklər Braziliyanın ağzını kişi kimi cırdılar, hə?
-
Cırdılar da sözdü?!
- Bəh,
bəh.
-
Doğrudan motor tapa biləssən?
-
Bakıda dükanlar doludu.
- Onda gələn
dəfə gələndə motoru da gətir, o futbolun kassetlərini
də.
- Gətirərəm.
- Deyirsən
az qalıb hökumətin gəlməyinə?
- Az
qalıb.
-
Yaxşı, bala, deyək ki, bu hökumət hələ gəlmək
istəmir, bəs bu camaat niyə ev-eşiyinə
qayıtmır. Nə oturublar o Bakıda ejir
çəkə-çəkə. Ejir
çəkməkdi-çəkməkdi, elə gəlib burda
çəksinlər də. Bəlkə elə
bilirlər ermənilər dağıtdıqları evləri
təzədən tikəcəklər, onların da dalınca
dəvətnamə göndərəcəklər? Yaz də bunları qəzetində, niyə
yazmırsan? Yaz ki, ay camaat, niyə rədd
olub çıxıb getmirsiniz evinizə-eşiyinizə.
-
Yazıram.
- Hər
gün yaz! Yaz ki, niyə gedib şəhərinizə,
qəbiristanlığınıza yiyə
çıxmırsınız? Görürsən
mən çıxdım gəldim, heç sənə də
demədim ki, gedirəm. Elə bilirsən bu ev beləydi, görürsən, düzəltmişəm.
Onlar da gəlib pis-yaxşı düzəltsinlər.
Qoy havalar bir balaca açılsın,
dayıngilin də evini düzəldəcəyik. Bu uçuq-sökük daxmamız sizin o şəhərdəki
evlərinizdən minqat istidi. Görürsən,
sən üşüyürsən, biz yox. Bax
qayıdan kimi mütləq bunları qəzetində yazarsan.
Əslində O, bunları hər gün yazırdı, bəzən
birbaşa, bəzən dolayısıyla, hərdən də əsəblərini
cilovlaya bilməyib söyüşlə. Amma adamlar Bakının zirzəmilərində,
ilanmələməz çöllərdə yesir
kökündə, bir amerikalının, ya bir almanın gətirdiyi
beş kilo düyünü, iki kilo quru
südü, bir tay unu gözləyə-gözləyə
yaşasalar da evlərinə çıxıb getmək
haqqında fikirləşmirdilər, elə bil onlara qurd
yağı sürtmüşdülər və Onun
söyüşlərinin də bir qara qəpiklik əhəmiyyəti
yox idi. Dünyanın ən təhqir olunmuş
və alçaldılmış və bu təhqirlərə
və bu alçaldılmalara öyrəşmiş bu insanlar
üçün Onun doğma söyüşləri
"qadanızı alım" kimi bir şey idi. Bunu özü də çox yaxşı bilirdi, amma
yenə də yazırdı.
Yazmasaydı
onda gərək İlyas Ərnəfəs kimi havalanıb nəşriyyatın
qabağında səhərdən axşamadək hər
qabağından keçəndən soruşaydı:
- Ay
qardaş, Şuşaya avtobus hardan gedir?
O da bunu
istəmirdi deyin yazırdı. Yazırdı və
inanırdı ki, bir gün adamlar Onun söyüşlərini
yeməkdən doyacaqlar və çıxıb gedəcəklər
evlərinə. Və on bir ildi Şuşaya avtobus
gözləyən İlyas Ərnəfəsi də xoşbəxt
edəcəklər və götürüb aparacaqlar heç
vaxt üzünü görmədiyi
Şuşaya.
-
Yazıram, ata, özü də hər gün yazıram.
- Yaz.
Mütləq yaz!
Kimsə çöl tərəfdən qapının
ağzında möhkəm-möhkəm ayaqlarını yerə
döyəclədi. Görünür
üst-başının qarını təmizləyirdi.
Anası:
- Yəqin
Könüldü.
Qapı
sakitcə açıldı və Könül girdi içəri,
əynindəki paltonu çıxarıb çox səliqə
ilə asdı:
-
Axşamınız xeyir! Otaq nə yaxşı
istidi? Çay var? Kişi,
sən nə təhərsən? Gələndə
gördüm, bala-bala körpünü tikirsən. Əjdahasan.
Və indi gördü Onu. Gözləri
qıyıldı, qıymış gözləri ilə
çevrilib bir atasına baxdı, bir anasına baxdı, bir
ağız-burnunu ovuşdurdu, irəli bir addım atıb
dayandı, otağa qəribə bir sükut
çökdü, hətta ocağın
çırtıltısı eşidildi. Yenə
bir atasına baxdı, bir anasına baxdı, sonra
yavaş-yavaş yaxınlaşdı Ona. O isə, heyrətlə
ona tamaşa eləyən qardaşını qucaqlamaq
üçün qollarını açmışdı. Amma qardaşı onu qucaqlamağa qoymadı, əli
ilə sinəsindən basıb saxladı. Sonra
yavaş-yavaş əlini sinəsindən onun üzünə
qaldırdı, barmaqlarını sir-sifətində gəzdirdi,
saçında gəzdirdi, köynəyinin düyməsini
açıb boğazının altındakı xala baxdı,
barmağını qoydu xalın üstə, yenə
barmaqlarını onun sir-sifətində, saçlarında gəzdirdi,
barmaqlarının ucu ilə Onun qaşlarına, kirpiklərinə
toxundu və heç nə demədən yavaş-yavaş
çöməlib oturdu, başını aldı əllərinin
arasına. O da çöməlib qardaşı ilə üzbəüz
oturdu və başını qoydu qardaşının
çiyninə.
Atası da yerindən qalxıb onlara yanaşdı və
elə onlar kimi də çöməlib oturdu yanlarında, əllərini
saldı uşaqlarının boynuna, əvvəl hər
ikisinin saçından öpdü və onları basdı
bağrına.
... Lap uşaq olanda gecələr ataları ilə yatmaq
üstə bir-biriləri ilə dalaşardılar. Ataları da heç birinin könlünə dəymək
istəmirdi, ya çeçələ barmaq, ya baş barmaq, nə
fərqi var ki, ikisini də bax indiki kimi bağrına basıb
yatızdırırdı, amma səhər ayılanda görərdilər
ki, hər kəs öz yerində yatıb. Qəribə
idi ki, Onun da oğlanları ataları ilə yatmaq üstə
dalaşardılar, O da ataları kimi uşaqlarının xətrinə
dəymirdi, ikisini də basırdı bağrına...
Anası
çiyninə saldığı yaylığın ucu ilə
gözlərinin yaşını sildi:
- Yekə
kişilərsiz, nə ağlaşma qurmusuz.
Bu
sözdən sonra Kişi qalxdı, istədi onları da
qaldırsın, amma Balaca Qardaş qalxmadı, gözlərini
yumub oturmuşdu və hələ də böyük
qardaşının bura necə gəlib
çıxdığını qanmaq istəyirdi, qana bilmirdi.
Elə çöməlmiş halda alnını
ovuşdurdu. Yenə bir şey çıxmadı. Nəhayət,
qalxdı ayağa, yenidən barmaqlarını Onun sir-sifətində,
saçlarında gəzdirdi və ilk sözü də bu
oldu:
-
Saçın nə pis ağarıb, qaqa, lap Kişiyə
oxşayırsan.
Amma atasının saçı əlli yaşında belə
ağarmamışdı və O, heç də əlli
yaşlarındakı atasına deyil, yetmiş
yaşlarındakı atasına oxşayırdı.
Özü də nəinki sir-sifətdən, həm də
Çingiz xanın gözləri kimi qıyıq gözlərindən,
saçının axınından atasına
oxşayırdı, danışığı, duruşu, əl-qol
hərəkətləri və qəfil özündən
çıxması da eynilə atasının idi.
Hətta xətləri, imzaları da bir-birindən
seçilmirdi.
Elə
olurdu ki, atası Bakıdan zəng vururdu:
- Mən
ləngiyirəm, get sovxoza, bir-iki sənəd var, onlara qol
çək, gecikir, camaatın maaşı qalıb.
Balaca
Qardaş bir də görürdün bir kağız gətirdi:
- Qaqa, sən
yaxşı qaqasan də, bura bir qol çək Kişinin əvəzinə,
gedim anbardan üç-dörd təkər götürüm.
Sən öl, birinin pulunu da verəcəm sənə.
Qol çəkməzdi. Balaca Qardaş da əsəbiləşərdi:
- Ə, səndən
kişi çıxmaz ey, ömür boyu
ac qalacaqsan. Ə, müftə puldu də, bir dənə qol
çək, vəssalam, olmasın beş
yüz təkərdən dördü, guya Kişi biləcək
ki. Anbardar özü oğurlayıb satır də,
nə olar dördünü də mən satsam. Sən öl, sənin acığına Kişinin
qolunu özüm öyrənəcəm.
Amma Balaca Qardaş nə qədər əlləşsə
də atalarının qolunu çəkməyi heç vaxt
öyrənə bilmədi.
Hər səhər əl-üzünü yuyanda bir
anlıq Ona elə gəlirdi ki, güzgüdə
gördüyü özü deyil, atasıdı,
qarşısında dayanıb ona baxır. Bu bir anlıq
vaxt da elə bir andaca keçirdi və görürdü ki,
bu təsəllidən başqa bir şey deyil, gülümsəyərdi
və güzgüdən ona baxan atasına bir göz də
vururdu.
Anası
hərdən deyirdi:
- Elə
bil səni mən yox, nənən doğub.
Qardaşının Onun üz-gözündə,
saçlarında, dodaqlarında gəzən bu buz kimi
barmaqlarından heç bir nəvaziş duymadı, elə bil
bu barmaqlar nəyisə axtarırdı, amma tapa bilmirdi.
- Qaqa, nə
vaxt gəlmisən?
- Bir az olar.
- Hardan gəlirsən?
-
Bakıdan.
Balaca Qardaş yenə fikrə getdi. Bu dəfə
öz saçlarını qarışdırdı, sonra, yenə
barmaqlarını Onun üz-gözündə,
saçlarında və dodaqlarında gəzdirdi. Daha
sonra üzünü qoydu böyük qardaşının
üzünə, xeyli belə dayandı, sonra atasını
qucaqlayıb üzünü qoydu atasının üzünə,
getdi təəccüblə onun anlaşılmaz hərəkətlərini
izləyən anasına tərəf, onu da qucaqlayıb
üzünü söykədi üzünə...
Atası:
- Ay
oğul, bir de görüm nə olub axı?
... cavab vermədi, çünki nə olduğunu
hələ ki, heç özü də bilmirdi.
Qayıtdı yenidən Onun üstünə, əl
atıb biləyindən yapışdı və var
gücüylə dişlədi, sonra təəccüblə
Ona baxdı, gördü ki, O, heç nə hiss eləmir.
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-20 fevral.-S.6.