İlk məhəbbətin üç göy qurşağı

 

Hekayə

 

Vaqif Nəsib

 

Xəzər sahilindəki böyük şəhərin üç bəndəsi ildə bir dəfə hamıdan xəbərsiz öz ilk məhəbbətlərinin cığırı ilə səyahətə çıxmalı olurdu. Hər üçünün də həmin səyahət üçün üzünə tutmağa bir-birinkindən fərqli ələyi vardı. (Amma bu qaçış bir növ hər üçünə şəhər havasının çatmadığı, Xəzərin mehinin də kömək eləmədiyi zamanlar olurdu).

Həsən Mehdi oğlu elə bilirdi ki, həmin səyahəti zamanı bir növ çanağından çıxır. Az da olsa Qala düzündə bir il də Lalə ömrü yaşamaq istəyir. Sonra da həsrətini çəkdiyi bir göy qurşağının rəng yağışında doyunca islanmaq istəyirdi. Və ona elə gəlirdi ki, həmin yağış sonrası şəhərdəki bozartdığı ömürdən orda ildə bir dəfə ilan kimi qabıq qoya biləcək. Göy qurşağı rənginə boyanıb (bir ilinə yetə biləcək) güc toplayıb yenidən qayıdıb çanağına girəcək.

Sarı Osmanoğlu əvvəl-əvvəl Qazançı dağı ətəyindən şəhərdə qoyub gəldiyi, düsturlar çərçivəsinə düşmüş alim ömrünə tamaşa eləmək istəyirdi. Sonra oralardan bir oksigen balışı bənövşə ətri gətirməyə çalışırdı...

Rauf Sultanoğlunun bir tək məqsədi olurdu. Hər güzgüyə baxdıqda özünün də xoşlamadığı gözlərini durultmaq. Ona elə gəlirdi ki, bu şəhərə həmin gözləri dağ çeşmələrininki kimi dupduru gətirmişdi. Sonralar onları günahları ilə bulandırıb yağış gölməçələrinə çevirmişdi...

 

Lalə köçü

 

Yuxarı Əskiparanın Həsən Mehdioğlu adlı balası on iki yaşına kimi çoxlu lalə də, onların köçünü də görə bilmişdi. Kəndlərinin Koroğlu daşına tərəf üst yanına yaz ağzı (bəlkə də günəşin özündən) dünyanın ən al-qırmızı lalələri yağırdı. Sonradan da qara xallı (qara dağlı) ləçəkləri Qazançı dağının mehi kəpənəklərə döndərib uçurmağa, köçürməyə başlayırdı.

Yuxarı Əskiparanın həmin yeniyetməsi bir dəfə həmin laləlikdə, oğlu müharibədən qayıtmamış Salatın mamasını ağı deyərkən görmüşdü. Sonradan ona elə gəlmişdi ki, bu sinəsi dağlı lalələr, oğulları qanıma qəltan olmuş anaların ahlarıyla torpaqda çox da duruş gətirə bilməyib köçüb gedirlər.

Həmin gün, həmin yeniyetmənin bənizindən bir az alınmış, ürəyi azca xallanmışdı.

Müharibənin sonrakı ili Əskipara dərəsinin adamlarını özünün ən sərt qış sınağından çıxarmalı olmuşdu. Ən çətin illərini yaşayan kənd əhli də həmin dövrün qara rənginə çəkilib heç birindən yüngülləşə, qımışa bilməmişdi. Qışda kəndi, dörd həndəvərini qarının bəyazına çəkən təbiət, sanki bir insan məskəninin özünə kəfən biçmək istəyirdi. İlboyu kəndin başından tökülən qara rəngli o biri yağmurun yanında da təbiətin şaxtası, sazağı yalana çevrilirdi. Pəhləvan kimi oğullardan gələn qara kağızlar, adamların içini də bəyaz, boşluq yaradıb, şaxtalar kimi özləri də ulayır, onları da uladırdı.

Keçən yaz ildırım kəndin girəcəyindəki sal daşlar üstəki qoşa palıdı vurub, elə bil bu kəndin elə girişində onun əsl mənzərəsini çəkmək istəmişdi (bir növ onun gerbini yaratmağa çalışmışdı). Həmin qoşa palıdın məğrurluğundan çıxıb qoltuq ağacına çevrilmişdi. Obaya qəlbi sınıq dönənlər də, qoltuq ağacıyla qayıdanlar da həmin şikəst palıdların altından keçirdi.

Əskipara dərəsinin bir-birindən yeddi kilometr aralı iki şenliyi var idi (Aşağı, Yuxarı Əskipara). Onları da bir-biriylə qohumluq telləri həmin məsafədən də yaxın, qırılmaz tellərlə birləşdirirdi. Yanlarından axan, dupduru suları şirmayı balıqlarını gizlədə bilməyən Coğaz çayı da həmin qohumluq örkənlərinin gümüş çatısına bənzəyirdi.

Yuxarı Əskiparanın həmin illərdə cəmi bir-iki dam örtüklü binası vardı. Otuza yaxın tüstüsü çıxan evləri (əgər çoxuna belə demək mümkün idisə) onun bu həndəvərin ən kasıb kəndlərindən olduğundan xəbər verirdi. Amma soyuqlar düşəndən, torpaq hənirlənənə qədər adamlar damdaşlarında, buxarı başında sıxışıb qalmırdı (illər təntitə bilmiş ahıllarından savayı). Təbiət, bu kasıb ocaqların sahillərinə həndəvərlərində axarlı-baxarlı gözəl təbiət bəxş eləmişdi və onlar da hər qarışına bələd olduqları yerləri özlərinin ortaq evi-eşiyi hesab edirdi. Dünyanın və bu məmləkətin ən ucqarında yerləşən Yuxarı Əskiparanın qonşuluğunda bir zamanlar bəlkə də onların mərkəzi ola bilmiş bir şəhərin xarabaları gündə bir daşını, kərpicini salmağında idi. Həmin şəhər əhlindən Əskipara meşələrində meyvə ağacları (onların çoxu get-gedə cırlaşmağında idi) tinglərdən süzülən şəfalı bulaqlar qalmışdı.

Əskiparalılar Ceyrançöl mərkəzinə Bazar adı qoymuşdu. Ehtiyacları olan zaman (mal-qaralarından satıb, ayın-oyun almaq üçün) yollarını bazara salırdılar. Əskiparada, dünyanın yəqin ki, başqa yerlərindən fərqli zamanda ləng hərəkət edirdi (Bazara yolunu atla salanlar hərdən həmin ləng sürəti qamçılayırdı. Camaatın əksəri çarıqlı, patavalı ayaqlarına güc verirdi). Qışı sərt keçən bütün obaların əhli kimi, əskiparalılar da yazı bayramları kimi qarşılayır və qışın ilk qırovlarına kimi onu elə bayram kimi də yaşayırdı. Bu kəndin adamları qara kağızlarını alsalar da, əzizlərinin öldüyünə inanmırdı (heç inanmaq da istəmirdi). Ona görə də uşaqdan, ahıla hamısının üzü, gözü bütün günü kəndin girəcəyinə dikili qalırdı. Bu balaca yerin ocaq ağacı Vəzir çayı üstündəki dağdağan idi ki, hamı öz murazını parça şəklində onun budaqlarına bağlamışdı. O da bu şenliyin ağacvari muraz gəlininə çevrilə bilmişdi.

Müharibənin sonrakı ilində Yuxarı Əskipara adamlarıyla (girəcəyindəki ildırım vurmuş palıdlarıyla) bərabər şikəst kənd kimi yaşayırdı. Bu ağrıdan canını qurtaranları kənd yolunun üst tərəfindəki qəbiristanlığa çatdırıb sitəmlərini torpaqla soyutmaq istəyirdilər. Bu balaca şenliyin bütün olanları da, ölənləri də göz qabağında baş verirdi. Adamlar hər qəbiristanlığa yol salanda, dərd torpaqlayanda, buralarda çırpan ağaclarının artdığını da görürdü.

Axır bir gün kənd əhlinin birinin, - Tözü Nəcəfin dilindən belə kəlmələr eşidib, nar pöhrələrinin çoxalma səbəbini anlamağa çalışdılar.

- Bunlar da bəlkə geri dönməyənlərimizin başdaşı olmağa çalışır. Mənə elə gəlir ki, bax bu Həsənın, bu Adıgözəlin, bu da Mahmudun başdaşıdı, başım haqqı.

Axır ki, günlərin bir günü Yuxarı Əskiparanın da dərdini, sərini uçura biləcək bir adam gəlib çıxdı (gətirib çıxardılar). Onu Ceyrançölün vəzifə sahiblərinin kəndə gətirməsi bir yaz günündə kənd əhlinin çənini-dumanını uçurmağa başladı. Həmin adamlar Əskiparanın (döşündə orden-medalları cingildəyən) Qələndər kimi oğullar yetişdirdiyindən kolxoz idarəsi qabağında ağız dolusu danışdıqdan, kolxozun sədri Ayrım Nəsibin evində ağızdolusu zoğal arağı içəndən sonra çıxıb getdilər. Və Qələndər həmin gündən Yuxarı Əskiparanın nisgilini uçurmağa çalışdı. Hər gün yolunu qara kağız almış ailələrin birinin ocağına saldı. Hər gündə təskinliyi bir az da odunu, hərarətini artırmağa başladı.

- A Salatın mam, sən yəni şənliyində Qafar kimi oğulun nemsənin mürdəşir gülləsiylə ölə biləcəyinə inanıb belə güməşmisən...

Arvadın qara geyimi, kösövə dönmüş gözü əvəzində dillənməli oldu: Bəs o qara kağız...

- Bax bunu dilə-ağıza salmaq olmaz. Adamlarımızın bir çoxu plen düşüb. Onların ailəsinə pis baxmasınlar deyə, yardımları kəsməməkdən ötrü çoxuna belə kağız göndəriblər.

- Axı plenləri bizimkilər özləri...

- Çoxu partizanlara qoşulub vuruşur, onların özləri qəhrəman qələmindədir.

...Qələndər kənd uşaqlarını başına toplamağa da macal tapdı. Kənd sovetinin sədrinin müharibə illərində kənd məktəbinin bağlandığından da xəbəri vardı. Uşaqlar həmin illər sünbül toplamış, odun tədarükü etmiş, meşə meyvələrindən qax qurudub ev-ev paylamış, hər işə əl qoymalı olmuşdu.

- A Qələndər dayı, heç nemes öldürdünmü?

- Canını da aldım. Bu nişanları elə belə ha vermirlər. Hərəsi on-on beş friz əvəzinədi. Sizlər oxuyub, hər "beş"inizi faşistlərə güllə kimi vuracaqsınız.

Qələndər Həsən Mehdi oğlu vasitəsiylə uşaqları payızın ilk ayında Aşağı Əskipara məktəbinə doğru qatarlaşdıra bildi (Yuxarı Əskiparadakı ibtidai məktəbin siniflərini uşaqlarla gücbəlayla doldururdular. Sonralar da çoxları, xeyli piyada yol keçib aşağı kəndə oxumağa getmək istəmirdi).

- İlk qar düşən kimi özüm sizə qoşulacağam. Sonra da qoşalüləmi sənə verəcəyəm. Bir-iki yerdə, Şırşır bərabərində, Qalır körpüsü həndəvərində güllə atsan bir yalquzaq qabağınıza çıxmayacaq.

Qəzənfərin "durna qatarı" müharibənin sonrakı illərinin bir payızında təhsillərinin yazına doğru uçuşunu başlatdı. Şırşır üstə nəfəs dərdilər. Həsən Mehdi oğlu da Qələndərin qoşalüləsini işə saldı. Yanaqları səhər mehindən qızarmış qız balalara ürək-dirək vermək istədi.

- A kəmfürsət canavarlar, bu sizə bizim ceyranlar adından...

Həmin atəş qızların pıqqıltısıyla davam elədi. O birisini mənzillərini qısaltmağa həsr elədi.

- Bu da dərs ilimizin şərəfinə...

Bax sonra təbiət yollarına su səpməyə başladı. Beləcə onları ilk sınağına çəkmək istədi.

Suyu süzülən cücələr Əskipara məktəbinə çatanda onları təbiət özü göy qurşağı ilə salamladı. sonralar Həsən Mehdi oğlu (Laləylə rastlaşdıqda) həmin göy qurşağının onun ilk məhəbbəti şərəfinə çələng kimi açıldığını hesab elədi.

Məktəb direktoru Yuxarı Əskipara uşaqlarını özü siniflərə payladı. Payızın ilk günü hər iki kəndin uşaqları bir dərs ili baharı yaşaya bildi. Mehdi oğlu Həsənınsə hamıdan gizli ilk məhəbbət yazının ilk günü.

Həmin gün onlar Laləylə ilk dəfə göz-gözə gələ bildi. Demə sinifin iki yeni şagirdindən biri Lalə, o biri Həsən imiş.

- Bu, Yuxarı Əskiparalı balası Həsən özümüzünküdü. Elə bilin ki, kəndimizin o başından gəlib. Sizi balamızla tanış eləmək istəyirəm. Atası Məcid müəllim müharibədə qəhrəmancasına həlak olub. Əskiparaya Namaz babasıgilə köçməli olublar...

Lalə həmin an Həsən Mehdi oğlunun gözündə Yuxarı Əskipara lalələrinin ən al-qırmızılarından ikisini yanaqlarına köçürə bilmişdi. Atasının ölümü həmin lalələrdən qara xallarını da gizlədə bilmirdi. Həmin xallardan Salatın qarının ağısı da, kəndlərarası yolu keçib Həsənın qulaqlarında səslənirdi.

...Həmin ilin qışı Yuxarı Əskipara camaatını özünün ən qarlı qış sınağına çəkmək istədi.

Bu gözdən iraq, qulaqdan uzaq, dağ kəndinə qardan əsirgəmədən var-dövlət yağdırdı.

Qar bəyaz ərəbzəngi kimi kənd evlərinin qapılarının ağzını kəsmiş, onların açılmasını çətinləşdirmişdi.

Mehdi oğlu Həsən qapılarını gücbəlayla açıb hamıdan erkən, məktəbli dostlarıyla toplandıqları yerə üz tutdu. Uşaqların qar "qıfılını" aça bilib, ora gəlməsiylə maraqlanırdı. Onlar Nəsib koxanın evi arxasındakı dağdağan ağacı ətrafında toplanıb Aşağı Əskiparaya üz tuturdu. Görüş yerində ovçu Ələkbərdən başqasını görə bilmədi. Üstəlik bu dəfə atəşini artıqlamış qar onun özünü tərk-silah eləmişdi. Ovçu Ələkbər qarlı günlərdə uşaqlara bələdçilik eləməyinə söz vermişdi. Qarşılarına çıxa biləcək yalquzaqların üstünə ovçunun qoşalüləlisiz getmək istəməsinə təəccübləndi. Halbuki, kənd ətrafı canavar ulaşmalarının səsini eşitməmiş bəndə olduğuna inanmırdı. Ələkbər elə bil ovçu hissiyyatıyla (tək qulaqlarını deyil, varlığını şəkləməklə) oğlanın ürəyindən keçirdiklərindən hali oldu.

- Bu dəfə yalquzaqlarla dava eləyəcəyik. Əliylə yaxındakı Sitarə arvadın evini göstərdi.

- Bunların qar papaqlarını günəş boy göstərənə kimi çıxarmasaq, onlar evləri adamların başına uçurub eşiyə çıxaracaq. Yeri, tay-tuşunu başına yığ, beldən-kürəkdən alıb damların qarını təmizləyin. Ovçu Ələkbər qol qoymasa da, qızlar da qollarını çirmələməli olmuşdu. Təbiət onların hamısını bir qış gününün sınaq dərsini keçirdi. Mehdi oğlu Həsən qızların yanaqlarında şaxtanın açdığı lalələrə baxıb ilk gördüyündən unuda bilmədiyi Laləni düşünürdü. Və fikirləşdikcə öz yanaqlarının da qızartısı artırdı.

Elə həmin ilin qış günlərinin birində Həsən Mehdi oğlu canıma vəlvələ salan gözlərlə də rastlaşdı.

 

(ardı gələn sayımızda)

 

Ədalət.-2018.-20 fevral.-S.6.