YADDAŞIMDA YAŞAYAN İNSAN

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Deyirəm həyatda hər kəsin doğması, qohum-əqrəbası olmayan bir neçə nəfər tanıdığı, onlarla təsadüfdən-təsadüfə görüşdüyü, müsahib olduğu insanlar da var ki, onları unutmaq, yaddan çıxarmaq olmur. Tez-tez xatırlayır, xoş sözlərlə yad edirsən. Mənim üçün də elə adamlar istisna deyil. Həmin insanlar nə doğmalarımdı, nə də yaxın, uzaq qohum-əqrəbalarım. Amma onları hər zaman özümə doğma və yaxın bilmişəm. Ortaya belə bir sual çıxır. Niyə və nə səbəbə? Səbəbi çoxdur. Saymaqla da, bitib-tükənən deyil. Pis adam haqqında fikir söyləməyə o qədər də çətinlik çəkməzsən, bir kəlmə deyərsən ki, şərəfsiz, vicdansız, əliəyri və ləyaqətsizdir. Amma əsil insan haqqında bir-iki kəlməylə onun insanlığı haqqında dolğun fikir söyləmək heç cür münkün deyil. Gərək onun bütün yüksək keyfiyyətlərini dilə gətirəsən ki, başqalarında unuda bilmədiyin insan haqqında dolğun təsəvvür yarada biləsən.

Mənim tanıdığım, unuda bilmədiyim, sözünə və özünə böyük dəyər verdiyim, uca tutduğum, hər zaman haqqında ağız dolusu danışdığım insanlardan biri də səmimiyyəti, sadəliyi, təvazökarlığı, diqqətçiliyi, alicənablığı ilə çoxlarından seçilən, fərqlənən, sözün əsil mənasında klassik Azərbaycan kişisi olan Əlibala Hacızadə idi. Əlibala müəllimi ilk dəfə yüz minlərlə tirajlanan və ən çox oxunan kitablarından tanımışam. Sovet dönəmində yaşayan oxucuların yadında olmamış olmaz. O vaxtlar SSRİ adlı böyük bir imperiyanın tərkibində 70 ilə yaxın olan Azərbaycanda oxucu bolluğu vardı. Bəlkə də ölkədə bədii əsər oxumayan insanları barmaqla saymaq olardı. Ölkənin əksər yerlərində kitab mağazaları, kitabxanalar vardı. Bu mağazalarda Əlibala müəllimin "İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Təyyarə kölgəsi" və s. kimi əsərləri əlüstü satılırdı. Çünki maraqlıydı, oxunaqlıydı, kamil bir yazıçının qələminin və istedadının məhsulu idi. Bu kamil insanın, istedadlı yazıçnın adlarını sadaladığım əsərlərini mən də oxudumsevdim.

Heç ağlıma gəlməzdi ki, nə vaxtsa bu böyük insan və yazıçıyla görüşəcəm. Bir məşhur filmdə deyildiyi kimi, "bu dünyanın işini bilmək olmaz". İşini bilmədiyimiz dünyanın bir xoş və mənə düşərli günündə Əlibala müəllimlə görüşdüm. Onda Əlibala Hacızadə "Şəhriyar" qəzetinin baş redaktoru işləyirdi. Azərbaycan nəşriyyatında həyəcanla və çəkinə-çəkinə Əlibala müəllimin otağının qapısını döydüm. Və qulağımı qapıya şəklədim. Qapının arxasından "buyurun" kəlməsini eşitdim. Utana-utana içəri keçdim. Böyük insanböyük yazıçı ayağa durdu, əl tutub görüşdük. "Xoş gəlibsən", dedioturmağa yer göstərdi. Oturdum, sanki mənə cəsarət gəldi. O, soruşmamış dedim:

- Əlibala müəllim, bir neçə xırda yazı gətirmişəm. Mümkünsə onlara baxardınız. Dodaqları qaçdı, gülümsədi:

- Ver görüm, - dedi.

Tələsik əlimdəki vərəqləri ona verdim. Təmkinlə, tələsmədən göz gəzdirdi. Mən isə narahat-narahat onun nə deyəcəyini gözləyirdim. Mənim narahatçılığımı duyubmuş kimi, başını vərəqlərdən qaldırıb, şirin bir təbəssümlə:

- Oğlum, yaxşıdı, xoşuma gəldi, növbəti saylarımızda verəcəm.

Çox sevindim. Zarafat deyildi, mənim üçün əlçatmaz bildiyim böyük bir yazıçı və şəxsiyyət mənim yazılarımı bəyənmişdi və hətta baş redaktoru olduğu qəzetdə dərc edəcəyinə sözverirdi. Sadə, həlim xasiyyətli, tanıdığı və tanımadığı insanlarla xoş ünsiyyət qurmağı bacaran uca bir insanın yanında çox oturmadım, onun dəyərli vaxtını ala bilərdim. Sağollaşıb çıxanda arxamca:

- Oğlum, çəkinmə, yeni-yeni yazılarından gətir, - dedi.

Əlibala müəllimin "oğlum" ifadəsi mənə o qədər doğma gəldi ki, ürəkdən və ucadan dedim:

- Baş üstə, Əlibala müəllim.

Atalarımızın gözəl bir sözü var. Deyir: "Sadəlik insanlıqdır". Mən də bir azərbaycanlı olaraq həyatda ən çox sevdiyim, qiymətləndirdiyim, rəğbət bəslədiyim insanlar sadə və təvazökar olan insanlardır. Onlarla kəlmə kəsəndə, xoş üz görəndə öz-özünə deyirsən: "Yaşamağına dəyər". Təpədən-dırnağa sadə və təvazökar olan Əlibala müəllim məhz belə insanlardan biri kimi təsir etdi mənə. Və əbədi olaraq yaddaşımda qaldı. Bu gün təkcə mən yox, minlərlə, on minlərlə şair, yazıçı, alim, ziyalı, oxucu Əlibala müəllimi yaddaşında saxlayır, böyük yazıçı, sadə, qayğıkeş insan kimi xatırlayır.

Elə birinci görüşdən Əlibala müəllim yaddaşımda nurlu, işıqlı, parlaq, səmimi və qeyri-adi şəxsiyyət, yazıçı kimi qaldı. Yadıma onun povestləri, romanları düşdü. Bu əsərləri ilə o, milyonlarla oxucunun böyük sevgisini və dərin hörmətini qazanmışdı. Qazanmağa da haqqı var idi. Ona görə ki, o təmiz və vicdanlı, haqqa nahaqqa deməyən birisi idi.

Qəzetin növbəti sayını köşdən alıb həyəcanla vərəqlərini çevirdimbir neçə mənsur şeirimin dərc olunduğunu görüdüm, üzüm güldü, sevindim. Əlibala müəllimə ürəyimdə bir "sağ ol!" nidası səsləndirdim. Və beləcə "Şəhriyar" qəzetiylə əməkdaşlığım, gözəl insanböyük yazıçıyla isə səmimi, mehirban dostluğumuz başladı. Bundan sonra sıx-sıx redaksiyaya yazı aparır və Əlibala müəllimlə şirin söhbətlər edirdik. Bir gün ona, məndən kiçik bacımın "Əfsanəsiz illər" əsərinin baş qəhrəmanının şərəfinə qızının adını Əfsanə qoyduğunu dedimonu da əlavə etdim ki, yaxın qohumum xanəndə-bəstəkar Oqtay Hacıyevin onun bir neçə şeirinə - "Lalə", "Öpdüm səni öpən dodaqlarımdan"a mahnı yazdığını bildirdim. Və ardınca onu da əlavə etdim ki, Oqtay "İtkin gəlin" əsərindəki "Dağların ürəyimdə" şeirinə də şur muğamı üstündə mahnı yazıb.

- Yəqin ki, bu mahnıya Xalq artisti Arif Babayevin ifasında AZ tv-də baxmısınız, - deyə soruşdum.

- Bəli, baxmışam, dedi və əlavə etdi:

- Onu da Oqtay Hacıyev yazıb?

Gülümsəyərək qürurlanaraq:

- Əlbəttə, Əlibala müəllim, - cavabını verdim. Bu xəbərlərdən yazıçı çox məmnun oldu bu mahnını kimin yazdığı ilə çoxdan maraqlandığını, amma öyrənə bilmədiyini etiraf etdi. Bu yerdə onu da deyim ki, sovet dönəmində bəstəkarlıq təhsili olmayanların mahnılarını müğənnilər xalq mahnısı kimi oxuyurdular. Amma Ələkbər Tağıyev istisnalıq təşkil edirdi. O vaxtı onlarla gözəl mahnılar yazan, amma bəstəkarlıq təhsili yox, böyük Xan Şuşalıdan Muğam təhsili alan Oqtay Hacıyevin bəstələri radio televiziyada adsız ya da xalq mahnısı kimi verilirdi. Bütün bunlara rəğmən o, məndən xahiş etdi ki, bacıma Oqtaya onun adından təşəkkürünü bildirim. Söz verdim ki, narahat olman, təşəkkürünüzü hər iki şəxsə çatdıracam.

1991-ci ildə 20 Yanvar qırğını ilə əlaqədar "Dost gülləsi" adlı kiçik bir hekayə yazmışdım. Hekayədə rus ordusunun Bakıda törətdiyi qırğınları, dağıntıları təsvir etmişdim. 1992-ci ildə hekayə "Mingəçevir işıqları" "Şəmkir" qəzetlərində çap olunmuşdu. 20 Yanvar qətilamının növbəti il dönümündə hekayəni "Şəhriyar" qəzetinə verdim. Hekayə qəzetdə dərc olundu. Bu kiçik hekayəm Əlibala müəllimin o qədər xoşuna gəlmişdi ki, hətta hekayənin adını qəzetin manjetinə çıxarmışdı. Redaksiyaya gedəndə məni tanımadıqlarıma göstərib deyirdi ki, "Dost gülləsi" hekayəsini bu oğlan yazıb. Əlibala müəllimin məni dostlara bu formada təqdim eləməsi məni sevindirir qürurlandırırdı. Bəlkə çox yazarlara belə bir təqdimat müyəssər olmayıb. Amma necə qürurverici olduğunu təqdim olunanlar yaxşı bilirlər.

Yadımdadır bir dəfə yenə qəzetə yazı aparmışdım. Yazını verib çıxmaq istəyəndə Əlibala müəllim dedi:

- Oğlum, getmə, indi Zəlimxan gələcək. Maraqlı söhbət edəcək. Otur, sən qulaq as.

Əlibala müəllimin təklifinə məmnuniyyətlə razı oldum. Axı Zəlimxan kimi bir şairin şirin söhbətini kim dinləməzdi? Bir az keçmədi ki, Zəlimxan Yaqub (Allah rəhmət eləsin, yeri cənnətlik olsun) gəldi. Hər birimizlə əl tutub görüşdü, hal-əhval tutdu. Sonra başladı, başladı. Sanki bulağın ağzı açıldı o çağladı. Böyük şair nələrdən kimlərdən danışmadı?! Üç saatdan çox o danışdı, biz dinlədik. Özü çox diqqət maraqla, yorulmadan. Ruhumuz təzələndi. Buna görə mən Zəlimxan müəllimin əlini sıxıb, təşəkkürümü bildirdim.

Zəlimxan Yaqub şair olmasaydı belə ensiklopedik yaddaşı ilə Azərbaycan tarixində qalası bir şəxsiyyət idi. İlahi, bu insan kimlərdən şeir demirdi? Özü yanılmadan, çaşmadan. Deyirəm, Allah insana bir tərəfdən verəndə, o biri tərəfdən kəsir. Sonralar Zəlimxanın səhhətindəki problemlər onu çox üzürdü. Amma yenə yazıb-yaratmağından qalmırdı.

Yuxarda qey etdiyim kimi Əlibala müəllim böyük şəxsiyyət və böyük yazıçı idi. Bu böyüklüyü ona ümumxalq sevgisi qazandırmışdı. Onu yaşadan, ucaldan da bu sevgi idi.

Həyatda o adam xoşbəxtdir ki, sağlığında olduğu kimi, dünyasını dəyişəndə də xoş sözlərlə anılır, xatırlanır. Əlibala müəllim məhz belə insanlardan idi. Ruhu şad, yeri cənnət olsun.

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2018.-20 fevral.-S.7.