Atamı öldürən adamı da sevərəm...
Fəridə Uğur müasirədəbiyyatımızın
maraqlı imzalarından biridir. Onun bir şeir, bir
roman kitabı var. Tez-tez görünməkdən uzaqdır,
ara-sıra yazıları gözə dəyir. Ədəbiyyata gəldiyi ilk günlərdə
ürkək addımlar atırdı. Sonra
imzası parladı. Fəridə Məmmədova
ədəbi mühitdə maraqla qarşılandı. Ardınca Fəridənin yoxa
çıxdığını gördük. Heçyerdə gözə dəymirdi. Qəfil özüilə Uğur imzasını da gətirdi.
Açığı, Fəridənin müsahibəyə
razılıq verməyəcəyini
düşünmüşdük. Ancaq o,
bizi yanıltdı.
Onunla bir
müddət yoxa çıxmağından,nələr
etdiyindən, uşaqlığından, poeziyadan və
başqa mövzulardan söhbət açdıq.
Adalet.az şairə Fəridə Uğurla müsahibəni
təqdim edir.
- Fəridə, əvvəlcə
imzandan başlayaq, əvvəllər soyadınla
çıxış edirdin. Uğur təxəllüsünü
götürmənə səbəb nə oldu?
- Bu
sualı çox adam mənə deyirdi,
Salam Sarvan, başqa dostlar da deyirdilər ki, bu soyad uğurlu
deyil, ən yaxşısı təxəllüs götürməkdi.
Mənə gülməli gəlirdi təxəllüs
götürmək. Amma son vaxtlarda sosial
şəbəkələrdə xeyli Fəridə Məmmədova
profili gördüm, hərdən elə olurdu statuslarda, şərhlərdə
skrin edib mənə atırdılar ki, bu sənsən? Bu məni narahat edirdi. Bir də
uğur sözü mənim üçün dəyərli
olan bir uşağın adıdı. Təxəllüs
götürməliydimsə, bu Uğur olmalı idi.
-Kimdi bəs o uşaq?
-Kim
olduğunu demək istəmirəm. Bu mənim
üçün özəldi.
-Bəs bir müddət yoxa çıxmağın
nə idi? Fəridə Məmmədova imzası
hara getmişdi? Bunu diqqət çəkmək
üçün eləmişdin?
-Yox, bunu əsaslı
eləmədim. Sadəcə elə
alındı. Bir müddət sosial şəbəkələrdən
uzaq qalmalıyam deyə düşündüm. Doğru-dürüst vaxtım olmurdu, olan-qalan
vaxtımı da sosial şəbəkələr
alırdı. Gündəlik işlərlə,
məişət, yazı-pozu, araşdırmalı olduğum,
baxmalı olduğum filmlər vardı, mövzular, tərcümə
eləmək istədiyim hekayələr vardı.
-Sırf yaradıcılıqla
bağlı?
-Özümə
bir az pauza vermək istədim.
-Uşaqlığın,
dostların, kəndin, yaddaşında necə qalıb,
oraları necə xatırlayırsan?
-Düzünü
deyim ki, bu haqda tez-tez düşünürəm. Uşaqlıq illərim, dostlarım, kəndimiz
axır vaxtlar tez-tez yadıma düşür. Darıxmaq deyil bu. Doğmalıq hissini itirmiş
kimiyəm.
-Harda keçib
uşaqlığın?
-Qazağın Kosalar kəndində. Yəqin ki,
çox insanın yaşamaq istəyəcəyi bir
uşaqlıq həyatı yaşamışam. Kənddə artizan bulaqlarından su gətirmək,
meşəyə göbələk yığmağa getmək,
odun şələləri düzəltmək, qazın,
işığın olmadığı yerdə bir şamla
bir ay idarə eləmək - bu cür mühitdə maraqlı
bir uşaqlığım keçib. Bənövşə
qoxuları hələ də burnumdadı. Zəmilərdən
yığdığımız lalələr, sünbüllərin
ayaqlarımızı dalaması... Arxdan
qaçıb keçəndə ayağa bir
qızışma gəlir o dalanan yerlərdən. (gülür) Ayaqlarımızı
elə görəndə anamızın bizi süpürgə
ilə döyməsi. Atamın küncə
qoymaqları. Düşünürəm,
sanki başqa bir uşaqlıq yaşayan, o adamlarla dostluq edən
Fəridə indi tamam dəyişib.
-Qazaxlısan. "Qazaxşina”
deyilən bir anlayış var. Sən buna necə baxırsan?
"Qazaxşina” deyilsən ki?
- Elə
bir-iki saat bundan əvvəl Barat Vüsalla telefonda
danışıb gəlmişəm. Mən zəng
vurmuşdum. Barat müəllim mənim
müəllimim olub. Məncə, çox
dəyərli adamdı, bunu müsahibə üçün
demirəm, elə belə deyirəm. "Qazaxşina”
dedin elə onunla danışdığım yadıma
düşdü. "Qazaxşina” söhbəti
nədi mənə çatmır, məncə
"qazaxşina” deyiləndə yerlibazlığı nəzərdə
tutursansa məncə o hər yerdə var. İndi neyləyək
ki, Qazaxda yazıçılar, şairlər çoxdu.
(gülür) Yəqin ona
görə bu ədəbiyyatda qabarıq görünür.
- Onda sən də
"qazaxşinasan?”
-Yerlibaz
deyiləm, ədəbiyyatın yeri, məkanı, vətəni
yoxdu. Mən insanları sevirəm. Mənim üçün məkan anlayışı
yoxdu. O insan Qazaxdan da ola bilər, nə
bilim dünyanın o biri ucundan da ola bilər. Adını bilmədiyim
bir ölkədən də ola bilər.
Atamı öldürmüş bir adam da
ola bilər. Mən onun yazdığı
şeiri oxuyub bəyənə bilərəm. Yəni o
cür sərhədlər yoxdu mənim üçün... Söhbət ədəbiyyatdan gedirsə.
- Qazaxlılar aşıq şeirinə,
saza vurğundur. Səndə necədir vəziyyət?
-Aşıq
musiqisini sevməyən yeganə qazaxlı bəlkə də
mənəm. Heç vaxt saza marağım
olmayıb. Mənim böyük əmim
çox mahir saz çalandı. O vaxtın
aşıqlarından olub. Çox yaxşı
şeirlər də yazıb. Bizdə
aşıq məclisləri həmişə olub. Uşaqlığımızdan saz səsi ilə
böyümüşük. Amma niyəsə
dünyada iki səs var ki, onlar mənə çatmır.
Onlardan zəhləmmi gedir, yoxsa sevirəmmi,
bilmirəm. Bir su səsidi, bir də saz səsi.
İzah olunmaz səsdir mənim
üçün. Yadıma gəlir, türklərin
bağlama, ney səsini ilk dəfə
eşidəndə necə heyrətlənmişdim. Amma bizim saz səsi məni heç vaxt heyrətləndirməyib.
-
Aşıq şeirinə bu gün birmənalı münasibət
yoxdur. Deyirlər köhnəliyin əlamətidir.
Ondan uzaqlaşmaq lazımıdır. Amma sənin şeirlərin moderndir. Sən necə fikirləşirsən, aşıq
şeiri bizə lazımdırmı?
- Məncə,
lazım deyil. XXI əsrin ortasında
Aşıq Əlsəgərin hansısa qoşmasından
zövq ala bilmək mənə çatmır. Bundan adamların necə zövq
aldıqlarını anlaya bilmirəm. Aşıq
Ələsgərdən necə zövq ala bilərsən?
Köhnəlmiş şeylərdir.
- Fəridə, mən şeir yazanda
mütləq klassik musiqi dinləyirəm. Sən
də şeir yazanda musiqi dinləyirsənmi?
- Əksinə musiqi mənə mane olur. Şeir yazmaq
havasına düşəndə bütün səslər mənə
əngəldir.
- Şeir yazanda bütün
səsləri susdurmaq istəyirsən?
-
Bütün şeirlərimin altında
yazıldığı gün və tarix ili
vardı. Şeirlər kitabını
yığanda buna fikir verdim. Onu məqsədli
şəkildə eləməmişdim. Sadəcə
şeirləri yazdıqca altında tarixini də qeyd eləmişdim.
Gördüm ki, şeirlər gecə saat 4-lə
6 arasında yazılıb. Birmənalı
olaraq hamısı. Məktəb
vaxtından, hazırlıqlara getdiyimiz dönəmdən qalan
bir şeydi. Bu vərdişə
çevrildi, hələ də elə davam edir.
- Fəridə, Tibb Universitetini
bitirmisən, ancaq həkimliyin arxasınca getmədin. Ondan sonra şeir yazmağa başladın?
- Mən Tibb Universitetinə sevə-sevə, özü də
çox yüksək balla 600 balla qəbul olunmuşdum. Bir kənd məktəbindən
gəlib Tibb Universitetinə qəbul olunmaq, indi bəlkə də
adi haldır. Amma bizim dövrümüzdə,
2006-2007-ci illərdə möcüzəyə yaxın bir
şey idi. Hamı buna qeyri-adi
baxırdı. Hətta özüm
üçün də Tibb Univeristetinə daxil olmaq yuxu kimi gəlirdi.
Ancaq bunu bacardım. Sevinirdim.
Həkim olmaq istəyirdim. Birinci
kursun ortalarında başa düşdüm ki, mən həkim
olmayacam. Bunu evdə də dedim. Evdə mənə
məsləhət gördülər ki, istəsən
başqa universitetə hazırlaşa da bilərsən. Mən razılaşmadım. Orta
məktəb vaxtından çox əziyyət çəkmişdim.
Dedim, əziyyətimi yerə vurmaq istəmirəm.
- Şeir dəyişdi fikirlərini?
- Yox,
şeir dəyişmədi. Sadəcə o
mühiti gördüm. Tibbin, həkimliyin
nə demək olduğunu başa düşdüm. Başa düşdüm ki, mən bu sahənin
adamı deyiləm. Bu məsuliyyətə
hazır deyiləm.
- İxtisasın nə idi?
- Uşaq
həkimi. Bütün həyatımı həkim
kimi yaşamaq istəmirdim. Məsuliyyətsiz
adamam.
- Bəlkə həssaslıqdan irəli
gəlir?
- Əgər yaxşı həkim olmaq istəyirsənsə,
məncə, çox həssas insan olmalısan. Ən
yaxşı həkim ən həssas insanlardan biridir. Sadəcə sırf məsuliyyət məsələsidi.
O yükün, ağırlığın altına girmək
istəmədim.
- Və
bundan sonra ailədə mübahisələr başladı...
- Mən
bir il universitetə getmədim. Bunu evdəkilər biləndə sözün əsl
mənasında qiyamət qopdu. Sonradan
qayıtdım universitetə bərpa olundum. Oxudum, universieti bitirdim.
- Bir
şeir kitabın çap olunub. Romanın da
var. Ancaq roman haqda tənqidçilərdən, yazarlardan
reaksiya gəlmədi.
- Roman
haqda heç yazıçı dostlarımızdan da bir
reaksiya gəlmədi. Hamı susdu, hələ də
susurlar. Çox incimişəm.
- Kimlərdən incimisiz?
-
Bütün yazar dostlarımızdan. Bir-iki nəfəri
çıxmaq şərtiylə. Onlar da
oxucu kimi fikirini bildirdilər.
- Şeir
kitabına təqdimat keçirmədin deyəsən...
- Şeirlər kitabı Yaradıcılıq Fondunun dəstəyilə
çap olunmuşdu. Kitabın çapında heç bir
maddi-mənəvi əziyyətim olmadı. Onlar mənə 300 pulsuz kitab hədiyyə elədilər.
Kitabları satışa vermədim. Bir neçə kitab dükanına və kitab kafelərinə
payladıq. Elan verdik. Oxucular
özləri gəlib götürdülər. Pulsuz paylandı kitab. Yaradıcılıq
Fondunun özündə təqdimat olmuşdu. O imzalardan
biri də mən idim. Amma həmin təqdimat mərasimində
özüm iştirak edə bilməmişdim. Bəzi səbəblər vardı. Amma özüm ayrıca təqdimat eləməyi istəyirdim.
O da sonra alınmadı.
- Çap olunmağa, şöhrətə,
özünü piar eləməyə elə də meylli deyilsən?
- Mən,
ümumiyyətlə, həvəssiz adamam. Bir
şeyə bir damcı həvəsim yaranır, tez də
ölür. Əgər həmin vaxt
ağlıma nəsə gəldisə eləyirəm. "Yox, əşşi qalsın” dedimsə
ömürlük qalır. Bir də nə qədər
hiss olunmasa da bir az utancaqlıq var məndə.
(gülür) Məsələn,
yazılarımı paylaşa bilmirəm. Elə
bilirəm ki, adamların gözünü dəng edirəm.
Düzdü çox adam deyir əksinə
onu eləmək lazımdı. Amma bir az elə
şeydən çəkinirəm. Adamları
yormaqdan qorxuram.
- Bu insanlarla münasibətində də
elədi?
- Yox,
insanlarla münasibətimdə elə deyil. Dostlarım,
mənə yaxın olan insanlar var.
-Ədəbi mühitdən
uzaqsan. Ədəbiyyat
adamları varmı ətrafında? Yoxsa
daha çox sadə adamlarla bir yerdəsən?
- Ədəbi mühitdən də var, real həyatın
içindən də. Feysbukdan tanıyıb,
dostlaşdığım, doğma olan adamlarda var. Yəni mən
adamlardan qaçmıram. Ola bilər ki, kənardan
baxanda elə görünür. Mənə
lazım olan adamlar həmişə yanımdadırlar.
- Ədəbi mühitdən
kimlərlə dostluq edirsən?
-
Qadın imzalardan şairə Mənsumə Əhədova. Onunla çox yaxşı münasibətimiz var.
Esmira Məhiqızı ilə də. Aramızdakı
yaş fərqinə baxmayaraq o yaş fərqini mən
heç vaxt hiss eləməmişəm. Rəbiqə
Nazimqızı ilə yaxşı münasibətimiz var.
Ümumiyyətlə, adamlarla problemi olan adam
deyiləm. Kimdənsə ya xoşlana bilərəm,
ya da xoşum gəlməyə bilər. Özümə
problem yaratmağı sevmirəm.
- Azərbaycan ədəbiyyatında
qadın imzalar niyə azdı bəs?
- Azərbaycan
ədəbiyyatında, ümumiyyətlə, imza azdı.
Qadın, ya kişi fərq eləmir. Ola bilər ki, kişilər daha çox
populyardı. Daha çox üzdə
görünürlər. Amma söhbət
sırf yaxşı nəsrdən və poeziyadan gedirsə məncə,
orda cins ayrımı yoxdu.
-nə
vaxtdı əllərimi
cibimdə isidirəm...
Şeirlərində
yalnızlıq, ayrılıq görünür...
- Yox, əksinə.
O şeirlərin hamısı 2012-2015-ci illər ərzində
yazılıb. 2015-dən bu yana şeir yazmamışam.
- Belə
çıxır 3 ildi şeir yazmırsan...
- Daha
şeir yazmıram. Kitabımda 28 şeir var.
Bütün şeirlərim onlardır. Başqa
şeirim yoxdur.
- Yazdığın şeirlərin
heç birindən imtina etmirsən?
-
Heç vaxt da imtina etməyəcəm.
- Səncə, şair
üçün əsas olan isteddadırmı, yoxsa intellektmi?
- Məncə,
şair üçün əsas olan düşünə bilməkdir.
İstedad deyilən məfhum tam olaraq mənə
çatmır. Bir insan düşünə
bilirsə, intellektual da olacaq, dünyagörüşlü də,
şeir də yaza biləcək, hətta yazdığını
silib ata da biləcək, şeir yazmaya biləcək də,
şeir yazmamalı olduğunu da biləcək, daha
yaxşısını yaza biləcək. Ümumiyyətlə,
düşünə bilirsə hər şey həll olunur.
Əsas düşünə bilməkdir.
- Hansı şairlərin şeirlərini
oxuyanda heç olubmu bu şeiri kaş mən yazaydım demisən?
- O qədər
olub ki... 1000 imza sayaram. (gülür) Bizim ədəbiyyatdan danışmıram. Dünya ədəbiyyatını nəzərdə
tuturam. Edib Canseverin şeirlərində,
türk şairlərin çoxunda elə şeirlərlə
rastlaşıram ki, sözün yaxşı mənasında
paxıllıq edirəm. Həsəd
aparıram ki, insan necə, bu cür misranı
düşünə bilər. Ezra Poundun şeirlərində
olur, Uliyam Batersin şeirlərində də... Çox
şair var...
- Bəs bizim poeziyadan həsəd
apardığın imza yoxdu?
- Bilmirəm,
amma Qismətin şeirlərinin birində bir misra vardı:
"Bakı yalnızlığın paytaxt şəhəri”.
O misranı Qismətə paxıllıq eləmişəm. Mənə elə gəlir ki, haçansa bu misra
ağlıma gəlib. (gülür) Niyəsə o misradan çox xoşum gəlir.
- Fəridə, "Xalqın
Şairi” layihəsinə niyə qatılmadın?
- Bir
neçə şairin videorolikini izləmişəm. Baxmışam, məlumatım var. Düzünü
desəm, müsabiqələrə qatılmaq
lazımdımı, yoxsa yox, bu haqda konkret fikirim yoxdu. İndiyə qədər heç bir müsabiqəyə
qatılmamışam. Ahmet Hamdi Tanpınar
müsabiqəsi var, ora məktub yazmışam, ancaq
qatılmaq barəsində qərara gəlməmişəm.
"Xalqın Şairi” müsabiqəsi mənə
maraqlı gəlməyib. Xalqın
Şairi ifadə olaraq mənə gülməli gəlir.
Sovet təfəkkürünü
xatırladır, bu təfəkkürdən zəhləm
gedir. Bilmirəm, bəlkə də elə
deyil.
- Kəramət
Böyükçöl, Ayxan Ayvaz, Şəhriyar Del Gerani Səməd
Vurğunu, Bəxtiyar Vahabzadəni, Mirzə Ələkbər
Sabiri tənqid edirlər. Sən bu tənqidlərlərlə
razısan? Klassikləri tənqid etmək
olar?
- Təkcə
klassikləri yox, hamını tənqid etmək olar. Heç kəsi, heç nəyi bütləşdirmək
lazım deyil. Sadəcə tənqidin yolu
var. Tənqid aqresiyya, kin, qusma xarakteri
daşımamalıdır. Sevgiylə də
tənqid etmək olar. Bunu elə edə
bilərsən ki, insanlarda aqresiyya doğuramsın. Müsahibədən əvvəl dostlarımdan biriylə
bu mövzuda danışırdıq. Tutaq
ki, bir səhv eləmisən, qonşunun bağına daş
atmısan, qonşu da gəlib valideyinlərinə şikayət
edir, valideyn də qonuşunun yanında sənə şapalaq
vurur, səni söyür, cəzalandırır, bir gün də
yemək vermir. Belə olanda atana, anana,
qonşuya acıqlanırsan. Özünü
alçalmış hiss edirsən. Amma bir də
var ki atan səni yanına çağırıb başa sala,
deyə, qonşunun bağına daş atmazlar. Sən utanarsan onda, neylədiyini başa
düşürsən. Və sən
özün gedib qonuşdan üzr istəyərsən. Və bir də o səhvi etməzsən.
-Fəridə, bir qədər qəribə
sual kimi səslənə bilər. Amma mənə
maraqlıdır. Fəridə
üçün sevgi nədir? Biz bəzən
sevgini çərviçəyə salıb o cürtəqdim
edirik. Sevgi belə olmalıdır, elə
olmalıdır... Nə düşünürsən
bu haqda?
- Sevgi
çox bütləşdirilib, ilahiləşdirib. Mən bir yazı da yazmışdım bu haqda.
Bizə sevməyi, sevgini heç vaxt öyrətməyiblər.
Biz sevgini şeirlərdə, kitablarda, filmlərdə,
qonşuda, orda-burda görmüşük. Bu anlayışı öz həyatımızdan
çox, başqalarının həyatlarında
görmüşük və bizə elə gəlib ki, sevgi budur.
Və bizim tanıdığımız,
bildiyimiz sevgi bu olub. Amma məncə, elə
deyil, nə qədər insan varsa o qədər də sevgi
növü var. Heç kimin sevgisi bir-birinə bənzəmir.
Hərə bir cür sevir. Evdə
bir süfrə arxasındaoturduğun, kəlmə kəsə
bilmədiyin adama səni sevirəm demək absurddur. Sevgi məncə məişət hadisəsidir.
Əvvəlcə məişətdə hər
şey üst-üstə düşməlidir. O zaman
duyğularından əmin olursan. Bu sevgidir, ya
yox.
- Arzuların var? Nə
istəyirsən həyatdan? İstər
yaradıcılıq olsun, istər şəxsi həyat...
- Təbii ki, hamının istədiyi şeylər var. Amma mənim ən çox istədyim şey öz həyətimdə mandarin yetişdirmək və küçəyə çıxıb uşaqlara səbət-səbət mandarin paylamaq. Ən çox arzuldığım şey budur. Bir də ən çox istədim şey heç kəsin məni tanımadığı bir yerdə yaşamaqdır. Bu hissi bir dəfə yaşamışam. Amma fikirləşdiyim qədər də gözəl duyğu deyil. Sıradan bir hissdir. Bunu yaşayarkən gözlədiyim qədər zövq almamışam.
Söhbətləşdi: Oğuz
Ayvaz
Ədalət.-2018.-20 feval.-S.7.