TOVUZ CƏBHƏSİNDƏN MƏKTUBLAR

 

...Müharibə ölümdü, ayrılıqdı, anaların göz yaşıdı, naləsidi, harayıdı...

Müharibədə torpaq qanla birgə qaynayır; torpağa tökülən hər damla şəhid qanı ilə yazılır Vətən tarixi. Bu mənada yazıçı-jurnalist Vaqif İsaqoğlunun qələmə aldığı Tovuzun 1988-1994-cü illər müharibə tarixini həyəcansız oxumaq mümkün deyil. Kitabı vərəq-vərəq çevirib oxuduqca istər-istəməz özünü Tovuz cəbhəsində hiss edirsən, "qrad"ların canavar kimi ulartısını, topların dağları lərzəyə gətirən gurultusunu, kəklik kimi qaqqıldayan pulemyotun səsini eşidirsən, güllələrin yağış kimi səpələnməsinə şahidlik edirsən.

Qarabağda müharibə ocağı alovlananda Vaqif İsaqoğlu qələmini silaha çevirdi, hərbi jurnalist kimi müxtəlif döyüş cəbhələrində oldu, gördüklərini, şahidi olduqlarını faktların "dililə" qələmə aldı. Onun həm də bir ayağı Tovuzda idi; Tovuzun Ermənistanla 69 kilometr sərhəddi boyunca yerləşən kəndlərinə baş çəkir, barıt qoxulu səngərlərdə səngərləşərək döyüş cəbhəsindən gələcək nəsillərə məktublar yazırdı. Bu məktublar Əlibəyli, Yekəallar, Ağdam, Koxa Nəbi, Muncuqlu, Qaralar... və Tovuzun digər sərhədyanı kəndlərindən yazılırdı.

1988-1994-cü illərdə Vaqif İsaqoğlunun səsi-sorağı cəbhənin ən qaynar nöqtələrindən gəlirdi. O, Müdafiə Nazirliyinin hərbi jurnalisti kimi müharibə tarixini necə var, eləcə də qələmə alıb xalqa çatdırırdı. Kitab otuz məktubdan ibarətdir. Ön cəbhədən yazılan bu məktublar vasitəsilə müəllif 1988-1994-cü illərin Tovuz cəbhəsini ustalıqla təsvir etmiş, müharibənin ağrılarını, igid oğulların qəhrəmanlığını, arxa cəbhə ilə ön cəbhənin sıx birliyini... tutarlı faktlarla, sənədlərlə açıb göstərə bilmiş, böyük bir kollektivin görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir.

Vaqif İsaqoğlu Tovuzun müharibə tarixini yazmaqla, həm də tovuzlu tarixçilərin görməli olduğu işi öz öhdəsinə götürməli olmuşdur. "Tovuzdan məktublar" - gərgin əməyin, yuxusuz gecələrin, həm də Tovuz yurduna olan sonsuz məhəbbətin, tükənməz sevginin məhsuludur. Tovuzun müharibə tarixinə son dərəcə həssas yanaşan, bir faktı belə nəzərdən qaçırmaq istəməyən, "düzü-düz", "əyrini-əyri" yazmağa müvəffəq olan Vaqif İsaqoğlu bu kitabında yurdun igid, mərd oğullarından, səxavətini silaha çevirən tovuzlulardan söhbət açmış, eləcə də tovuzlu generallardan - general-leytenant Mirzə Hacı bəy Novruzovdan (1832-1911) general-mayor Teymur bəy Novruzovdan (1880-1961) və general-mayor Mikayıl Bayramovdan (1951) məhəbbətlə söhbət açmış, onlara böyük hörmət və ehtiramla yanaşmış, necə deyərlər, Tovuzun igid oğullarına sözlə möhtəşəm bir abidə ucalda bilmişdir.

"Tovuzdan məktublar" - sənədli-publisistik kitabdır. Bu kitabda Tovuzun hərb tarixi qələmə alınıb bu kitabla da Vaqif İsaqoğlu öz qələmilə Vətənə, millətə ləyaqətlə xidmət etdiyini, yurdsevər, vətənpərvər bir ziyalı olaraq qələmilə erməni işğalçılarına qarşı döyüşdüyünü göstərdi. O, həm "Tovuzdan məktublar" kitabıyla göstərdi ki, tarixə laqeyd, biganə yanaşmaq olmaz; Vətən tarixini qanla yazan igid oğulları unutmaq, onların vətənpərvərliyini, qəhrəmanlığını... qələmə almamaq vətənə xəyanət kimi bağışlanmaz cinayətdir. Tovuzu alınmaz qalaya çevirən Məmmədalı Tağıyevdən, Nizami Cəfərovdan, Etibar Əmiraslanovdan, polkovnik Murad Əliyevdən, kapitan Ələddin Əliyevdən, Zöhrab Məmmədovdan onlarla, yüzlərlə igid oğullardan yazmağın özü şərəf işidi bu şərəfli işi yerinə yetirən Vaqif İsaqoğlu da, kitabın işıq üzü görməsində köməyini əsirgəməyən iqtisad elmləri doktoru Munasib Qurbanov da, tibb elmləri üzrə fəlsəfə doktoru Fərman Həsənov da hörmət ehtirama layiqdir.

Müharibədən yazmaq qədər ağrılı məsuliyyətli olsa da, Vaqif İsaqoğlu bu ağrını ürəyində gəzdirə-gəzdirə, bu məsuliyyəti dərk edə-edə tovuzluların da, tovuzlu olmayanların da marağına səbəb ola biləcək bir kitab yazıb bugünkü gələcək nəsillərə ünvanlayıb. Vaqifin yazdığı cəbhə məktubları öz ünvanına yetişəcək; "Tovuzdan məktublar"ı oxuyan hər bir soydaşımızın gözləri önündən 1988-1994-cü illər kino lenti kimi gəlib keçəcək, Tovuzun müharibə tarixinin öyünüləsi, fəxr ediləsi səhifələrilə tanış olduqca bu tarixi əbədiləşdirən müəllifi xatırlayacaq, Tovuzu alınmaz qalaya çevirən, yurdun bir qarış torpağının da yağmalanmasına yol verməyən oğullarla fəxr edəcək, öyünəcək, Tovuzun çətin günlərində, müharibə illərində kimin kim olduğunu biləcəklər...

Bəli, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor, yazıçı-publisist Vaqif İsaqoğlunun "Tovuzdan məktublar" kitabı Azərbaycan hərb tarixinin bir hissəsidir. Bu tarixi olduğu kimi qəbul edib öyrənməliyik. Bu tarix daha çox gələcək nəsillərə lazımdır. İqtisad elmləri doktoru Munasib Qurbanov "Tariximizin hər səhifəsi bizim üçün əzizdir" sərlövhəli ön sözündə yazır: "Torpaq həm vətəndir, həm şərəf namusdur. Tovuzlular da bütün azərbaycanlılar kimi torpaq uğrunda, şərəf namus uğrunda döyüşməyi , ölməyi bacardılar. 2 nəfər tovuzlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Öz müqəddəs qanları ilə adlarını tarixin səhifələrinə yazan tovuzluların sayı 425 nəfərdir, 520 nəfərə yaxın isə tovuzlu müharibə əlili var. Onlar silaha sarıldılar ki, Vətənə düşmən ayağı dəyməsin; onlar sinələrini düşmən gülləsinə sipər etdilər ki, xalqın şərəf namusu tapdalanmasın. Qoy gələcək nəsillər elimizin igid mərd oğullarını, həm Tovuza dayaq olan tovuzluları tanısınlar...".

"Tovuzdan məktublar" kitabı tarixi əhəmiyyəti baxımından olduqca qiymətli bir tədqiqat əsəridir. Tovuzu müdafiə edən döyüşçülərlə görüşüb tanış olan, alınmaz qalaya çevrilən sərhəd kəndlərinin problemlərini, qayğılarını qələmə alan Vaqif İsaqoğlu Tovuzun 1988-1994-cü illər müharibə tarixini qələmə alıb oxuculara çatdırmaqla öz yaradıcılığında ən böyük uğurlardan birinə imza ataraq həmin o çətin təhlükəli ayları, illəri güzgü kimi əks etdirməyə müvəffəq ola bilmişdir.

Bəli, oxucuların diqqətinə təqdim olunan bu kitab Tovuzun müharibə tarixini əks etdirir. Kitabda Tovuzun qəhrəmancasına müdafiəsi, döyüşçülərin şücaətləri, hər qarış torpaq uğrunda igidliklə vuruşması... ilk dəfə olaraq geniş tədqiqat obyektinə çevrilmişdir. Tovuzun müharibə tarixinin araşdırılması heç şübhəsiz ki, Azərbaycanın hərb tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Tovuzun müharibə tarixi barədə təsəvvür yaradan bu kitab, heç şübhəsiz ki, həm tovuzlular, həm Tovuzda yaşayacaq gələcək nəsillər, həm Azərbaycanın qəhrəmanlıq müharibə tarixini öyrənən oxucular tərəfindən maraqla qarşılanacaqdır.

 

Əbülfət Mədətoğlu

 

Ədalət.-2018.-21 fevral.-S.8