AQİL ABBAS:
QİYAMƏT GECƏSİ - VIII (DAVAMI)
(Povest)
əvvəli
Və daha onun yerinə utanmayan qardaş elə birinci
kitabdan sonra təzə nə çıxırdısa
özündən əvvəl Ona alırdı. Hər dəfə Bakıya
gələndə də cibinə bir topa da pul qoyurdu:
- İstəyirsən
get kitab al, istəyirsən xərclə şair dostlarına. Onsuz da hamısı vuranşikdi.
- Qaqa, bir
belə pulu hardan alırsan, özün də işləyib-eləmirsən.
- Avara
özünsən. Kişi məni sovxoza su
briqadiri aformut eləyib.
- Briqadirə
bir belə maaş verirlər?
- Tupoy
manqol, maaş nədi? Kişinin düz min
beş yüz hektar üzüm bağı
var.
- Nə
olsun?
- O olsun
ki, bu hökumət bir hektar bağı suvarmağa görə
suçuya beş manat verir. İndi min beş yüz hektarı beşə vur
görüm.
- Yeddi min
beş yüz manat.
- Ay sağ ol, dədən oldu rəhmətlik, bir
Jiqulinin pulu. Babat bir yağış
yağdı, bir Jiquli irəlisən.
- Ə, sən o kişini əvvəl-axır ilişdirəcəksən.
- Sən
belə şeyləri bilməzsən, get şeirini yaz. Sizin institutda şeir yazmağı öyrədirlər,
bizim institutda da belə şeyləri.
- Sən
heç dərsə gedirsən ki?
-Qiyabiçi
babayam, müəllimlər üçün mənim
başım yox, cibim maraqlıdı.
Sən dəmində ol. O gün rektor girib sinfə
çığırıb-bağırır ki, oxumursunuz,
hamınızı qovacam. Mən də dedim ki, bura xalq təsərrüfatı
yox, pul təsərrüfatı institutudur, müəllim. Hərəmiz
bir ətək pul verib girmişik bura, bizi qovsanız o pulu kim qaytaracaq? Tüpürüb
çıxdı. Dekanımız düz
bir saat güldü. Mənə dedi ki, sən öl,
lotusan, bu gündən olduq dost.
Onunla fəxr
eləyən, Onu Bakıda hamıdan qəşəng
geyindirib-kecindirən, dara düşəndə
üç-dörd saatın içində neçə
yüz kilometr yolu basıb gələn, hər görəndə
boynuna sarılan qardaşı indi Onu, özü də
haçandan görmədiyi Onu, heç bir nədən olmadan
belə bir havada, nəinki yolların buz bağladığı,
hətta maşınların da yollarda qaldığı bir
havada onu evdən qovurdu. Ataları da bu ərköyün
oğluna mane ola bilmirdi, analarının
yalvarışlarına da əhəmiyyət vermirdi:
-
Oğul, ayağının altında ölüm, bu gün sənə
nə olub axı? Nə istəyirsən
uşaqdan? A kişi, sən niyə
dillənmirsən?
Balaca
Qardaş anasını qucaqladı:
- Ana, mən
sənin ayağının altında ölüm, mane olma, -
sonra çevrildi atasına tərəf, qoymadı yenə
Kişi ağzını aça, - Kişi, sən də
qarışma!
Məni
hövsələdən çıxartmayın! Ə,
eşitmirsən nə deyirəm? Geyin, rədd ol get
öz xarabana.
- Get
deyirsən gedirəm, amma de görüm məni niyə
qovursan? Bəlkə pis iş tutmuşam xəbərim
yoxdu? Bəlkə nə isə bir günahım
var?
-
Heç bir günah eləməmisən, heç bir pis
işin də yoxdu. Mən belə istəyirəm,
vəssalam. Bu ev mənimdi, mən də
deyirəm get mənim evimdən.
Ataları
bilə-bilə ki, onsuz da onu eşitməyəcək, yenə
fikirləşdi ki, bəlkə könlünü ala bildi:
-
Oğul, belə havada yola çıxmaq olmaz axı, necə
getsin?
- Belə
havada necə gəlib, elə də getsin. Dalınca
dəvətnamə göndərmişdim?
- Barı
qoy səhər açılsın.
- Yox, yox,
səhər nədi, indi getsin, səhəri gözləmək
olmaz.
Ataları daha hövsələsini saxlaya bilmədi. Stolun üstündəki qəddanı
götürüb çırpdı yerə:
- Getməyəcək!
Bura mənim evimdi. Nə vaxt
özüyün evin olar onda kimi istəyirsən qovarsan.
İstəmirsən, özün get.
Balaca
Qardaş kobudcasına atalarının sinəsindən itələdi:
- Bu ev sənin deyil. Bu ev sənin
olsa, erməni çırt eləyən kimi qaçıb
gedib Bakıda bunun qoltuğuna sığınmazdın. Bura mənim evimdi. Çəkil.
Mən getməyəcəyəm, O gedəcək. Özü də bax bu dəqiqə,
yoxsa bu evi partladaram, - dedi və yapışdı Onun
boğazından, - sənə demirəm çıx get?!
Boğaram səni!
Ataları nə qədər əlləşdi
uşağın boğazını onun əlindən ala bilmədi,
maşanı götürdü və ömründə ilk dəfə
sevimli oğlunun kürəyindən necə vurdusa maşa
şaqqıldadı. O isə əlini qardaşının boğazından
çəkmədən çevrildi geri, atası gördü
ki, ağlayır:
- Məni
vurdun, ata?! - dedi və əlini
qardaşının boğazından çəkdi, - Get, qaqa,
sənə qurban olum, çıx get. Ayağının
altında ölüm, çıx get. Ay namərd,
çıx get! Get öz evinə-eşiyinə, get
balalarının yanına.
Bunlar heç nə başa düşmürlər.
Hələ
də çaşqınlıq içində olan O isə
qardaşının gözlərinin yaşını sildi:
-
Yaxşı, day niyə ağlayırsan? Get deyirsən gedirəm.
Amma niyəsini bilmək istəyirəm.
- Niyəsini
deyə bilmirəm. Niyəsini özün biləcəksən,
elə səhər biləcəksən. Onda
görəcəksən ki, yolunda ölməyə hazır
olan bu qardaşın niyə səni bu xarabadan qovdu. İstəyirsiniz məni döyün,
öldürün, amma indi qoyun getsin. Gələcək də!
Amma indi getsin.
Hamı susdu, çünki daha danışılası
söz qalmamışdı. O, kürkünü geydi, əvvəlcə
atasını qucaqlayıb öpdü, sonra anası ilə
vidalaşdı.
Anası:
-
Uşaqların üzündən öp, - dedi və istədi
Onun dalınca su atsın,
Balaca
Qardaş qoymadı:
-
Lazım deyil, ana. Sən yeməyi qoy
qızsın, bunu yola salıb qayıdıram.
Atası:
-
Özündən muğayat ol, maşını yavaş
sür. O zəhrimarı da içmə, fikirləşəndə
ki, içirsən gecələr yata bilmirəm.
Balaca
Qardaş:
- Di gəl,
gecə keçir.
Qapıdan
çıxarkən O, yenidən arxaya çevrilib bir
atasına baxdı, bir anasına baxdı:
-
Darıxmayın, havalar açılsın gələcəyəm.
- Allah
qoysa! - bunu da anası dedi.
İki qardaş bir-birilərindən bərk-bərk
yapışıb çovğunla savaşa-savaşa zülmətə
bürünmüş və sanki heç vaxt bir daha səhəri
açılmayacaq bu xaraba şəhərin kimsəsiz, hətta
it də ulamayan bom-boş küçəsi ilə
üzüaşağı gedirdilər.
Bir vaxtlar
adına şeirlər yazdığı,
gecələr yuxusuna girən və elə indi də ürəyinin
harasındasa qərtmək bağlamış bir yaraya
çevrilən və heç vaxt Onu sevməyən o Cincilim
Qızın yaşadığı bu küçənin belə
yetim görkəmi ürəyini ağrıtdı. Nə qədər
istədi o uşaqlıq illərini, bu küçənin
başdan-başa yamyaşıl ağaclarını, bu
yamyaşıl ağacların birinin altında dayanıb o
Cincilim Qızın nə vaxt gəlib keçəcəyini
gözlədiyi günləri, məktublarının birinə
də cavab verməyən, amma sonralar Onun povestlərində
özünü axtaran və tapan və tapanda da kitabı ilə
üzünü örtüb hönkür-hönkür
ağlayan, dəfələrlə Ona məktub yazıb
bağışlanmasını xahiş edən və hər dəfə
də yazdığı məktubu cırıb atan o Cincilim
Qızı yadına salsın, amma beynində qardaşının
hərəkəti özünə elə yer eləmişdi
ki, başqa duyğulara imkan vermirdi.
O,
uşaqlıq da ölmüşdü, bu küçənin o
yamyaşıl ağacları da, o Cincilim Qız da, o Cincilim
Qızın sevgisi də.
Ayağı
sürüşdü, yıxılmamaq üçün Balaca
Qardaşdan bir az da bərk
yapışdı. Balaca Qardaş isə nə o
uşaqlığın hayında idi, nə o yamyaşıl
ağacların, tələsirdi görsün Onu bu şəhərdən
bir az da tez çıxara bilərmi.
- Bir dəfə
gəlmişdim Bakıya. Sənin ad
günündə. Bu üzüyü sənə
hədiyyə gətirmişdim, - deyə Balaca Qardaş
barmağındakı iri, təkqaşlı brilyant
üzüyü göstərdi, Oksford Universitetini əla qiymətlərlə
qurtaran məzunlara verilərdi bu üzük.
Bu üzüyü Balaca Qardaş "İnturist"də
bir amerikalıdan çox baha qiymətə almışdı. Çox istəyirdi
ki, Balaca Qardaş bu üzüyü ona
bağışlasın, amma qıymırdı.
Çünki Balaca Qardaş hər yerdə bu üzüklə
fors edirdi:
- Bu
üzükdən iki dənədi, biri Amerikanın prezidenti
Karterdədi, biri də məndə...
Bir-iki dəfə
Balaca Qardaş:
- İstəyirsən
bağışlayım sənə, - desə də...
- Yox, sən
Karterdən əskik oğlan deyilsə ha! - deyə
zarafatla cavab vermişdi.
- Bilirəm
ki, bu üzükdən çox xoşun gəlir.
- Bayaq
anam da dedi Bakıya gəldiyini, inanmadım. Dedim,
yəqin Stepanakertdəymişsən.
- Yox, anam
düz deyir, gəlmişdim Bakıya. Özü
də day Stepanakertə getmirəm, iyrənirəm it
qızlarından. Xeyli dayandım pəncərənin
önündə, bəlkə bir saat, iki saat, bircə itin
gördü məni, xeylaq itinlə oynadım. Hətta sən təəccüblə deyirdin bu itə
nə olub. Sağlığına da
içdim. Amma nə sən məni
gördün, nə də evdəkilər. Çox çalışdım məni görəsən,
neçə dəfə boynuna da sarıldım, amma bilmədin.
İtinə dedim ki, ona deynən ki mən burdayam. İtin də
nə qədər dedi başa düşmədin.
Axırda hirslənib itin burnunun üstündən vurdun
ki, baş-beynimizi aparma. İtin də zingildəyə-zingildəyə
gəldi mənim üstümə. Üzüyü
sənə verə bilmədim, dilxor qayıtdım geri.
Anamgilə də dedim ki, evdə zəhləm gedən adamlar
vardı deyin qapıdan qayıtmışam.
- Qaqa, sən
nağıl danışırsan?
-
Nağıl-zad danışmıram, Sabir dayımın
canıyçün doğru sözümdü.
- Bəlkə
yuxuda görmüsən?
- İstəyirsən evində nə var, özü də
nə hardadı hamısını bir-bir sayım?
Və
hamısını bir-bir saydı:
- Mənim
tarımı da evin yuxarı başında divardan asmısan. Amma kök simi yoxdu, pərdəsi də
boşalıb.
Doğru deyirdi.
- Vallah,
heç nə başa düşmürəm.
- Mən
də səni başa sala bilmirəm, - dedi və
barmağındakı üzüyü
çıxarıtdı,- al, onda verə
bilmədim, indi götür.
- Yox, sənə
məndən çox yaraşır. Sən Karterdən əskik
kişi deyilsən ha.
-
Götür, qaqa, xahiş edirəm. Heç sən
də Karterdən əskik kişinin oğlu deyilsən. Həmişə ürəyimdən keçib ki,
bunu sənə bağışlayım, amma
bağışlaya bilməmişəm. Bəlkə
də həyatımda sənə qıymadığım bir
şey olubsa o da bu üzük olub.
Zorla
üzüyü taxdı Onun barmağına, gördü
qardaşı bərk dirənib,
O da
könlünə dəymədi.
-
Yaxşı, üzüyə görə sağ ol. İndi de görüm məni niyə qovdun? Niyə qoymadın neçə ildən sonra öz
evimizdə bircə gecə qalım, bu boyda yol gəlmişdim.
- Bəs
mən də o boyda yol gəlmişdim, niyə görmədin
məni?
- Elə
şey olmayıb, sən onu yuxuda görmüsən.
- Elə
bil ki, sən də bura gəlməyini yuxuda görmüsən.
İndi tələs, yol uzaqdı, gecikərik.
Çovğun isə onları tələsməyə
qoymurdu.
Uşağın böyük qardaşını əvvəl-əvvəl
evdən zorla qovmaq istəməsindən, sonra
hönkürüb ağlamasından, daha sonra
qardaşının getməsi üçün
yalvarmasından hələ də heç nə anlaya bilməyən
ataları başını əllərinin arasına alıb
oturmuşdu.
Çoxdandı görmədiyi balasının boyunu doyunca sevə bilməyən, əməlli-başlı dərdləşməyə vaxtı çatmayan, hətta nəvələrini belə soruşmağı yaddan çıxaran anaları isə süfrədə yarımçıq qalmış cığırtma boşqabına baxıb dedi:
- Qoymadı barı uşaq çörəyini axıracan yesin.
- Sən
dərmanını iç, get yat.
- Sən
yatmırsan?
- Yox. Könülü gözləyirəm.
(ardı gələn
sayımızda)
ədalət.-2018.-22 fevral.-S.5.