YƏSƏVİLİK VƏ AZƏRBAYCANDA
ŞAMAN-DƏRVİŞ MƏDƏNİYYƏTİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Xoca Əhməd Yəsəvinin göstərdiyi başqa
bir möcüzəni qaynaqlar belə xəbər verir. Xorasan ərənləri
Əhməd Yəsəvinin böyüklüyü qədərincə
dəyərləndirməklə yanaşı, onun
möcüzələr də göstərə bilməsinə
bir qədər şübhə ilə baxmışlar. Onlar Əhməd Yəsəvinin bu yöndəki
bacarığını sınamaqdan sarı onun yanına
nümayəndələr göndərirlər. Bu, Əhməd Yəsəviyə əyan olur.
O, bir neçə dərvişi ilə gələnləri
qarşılamağa gedir. Onlar Səmərqənd
yaxınlığında bir çayın kənarında
görüşürlər. Danışıq
zamanında Əhməd Yəsəvi seyr edib çaya
baxır. Gələnlər görür
ki, bayaqdan sakit-sakit axan çayın suyu birdən-birə
coşub daşdı və bir tacir də mal-mülkü ilə
bərabər suda boğulur. Əhməd Yəsəvi
yenə də bir sehr oxuyub çayın suyunu
dayandırır, boğulan tacirin malları ilə birlikdə sudan çıxarır.
Deyilənə görə, Əhməd Yəsəvinin
şöhrəti dünyaya yayıldıqca onu istəməyənlərin
də sayı çoxalır. Onlar belə bir iftira
yayırlar ki, Əhməd Yəsəvinin məclislərində
qadınlarla kişilər birgə otururlar. Şəraitlə daha çox bağlı olan Mavrənnəhr
və Xorasan alimləri bunu yoxlatdırarkən deyilənlərin
yalan, şayiə olduğu üzə çıxır.
Əhməd Yəsəvi isə özü bu məsələyə
bir az başqa şəkildə yanaşmaq
qərarına gəlir. O, məclisə ağzı
möhürlü bir qutu gətirir. Oturanlara
müraciətlə aranızda "Sağ əlinin həddi-buluğa
çatdığı çağdan bu günə qədər
arvad üzünə toxundurmayan biri varmı? - deyə sual verir. Bəlli olur ki,
məclisdə Əhməd Yəsəvinin müridlərindən
biridir - Cəlal Atadır. Əhməd Yəsəvi
ağzı möhürlü qutunu ona verib yoxlamaya gələnlərlə
birlikdə Mavrənnəhrə və Xorasana yollayır.
Orda qutu açıldıqda görürlər ki, pambıqla od bir yerdədir. Amma nə pambıq
alışıb, nə də od
sönüb. Əhməd Yəsəvini yoxlamaq
istəyənlər bunu görüb tutduqları işdən
peşman olub xəcalət çəkirlər. Çünki Əhməd Yəsəvi bununla onlara
demək istəmişdir ki, "Əgər qadın və
kişi əhli haqq məclisində birlikdə ibadət və
zikr edirlərsə, haqq-təalanın gücü onların qəlbindəki
hər növ pislikləri yox etməyə müqtədir
olur".
Düzdür, bu möcüzələr həmişə
islami istiqamətdə yozulmuş, Əhməd Yəsəvinin
şamana məxsus keyfiyyətləri üstündən
sükutla keçilmişdir. Amma elə indicə gətirdiyimiz
illüstrativ örnəklər Əhməd Yəsəvinin
doğrudan-doğruya həm də şaman olmasını təsdiq
edən fakt fövqünə ucalır.
Araşdırıcılar bu fikirdədirlər ki,
Əhməd Yasəvinin "Divani hikmət"indəki
şeirlərin hamısı onun özününkü deyil. Əgər
belədirsə, deməli, mürşidin müridlərindən
də ustadın, pirin şeirlərinə uyğun, oxşar
nümunələr yazan olub. Və bu
müridlər dərviş adı ilə məmləkətlərə,
o sıradan Azərbaycana yayıldıqca çox olsun ki, bəziləri
özlərində qoruyub yaşatdıqları şaman keyfiyyətlərini
də gətirmişlər.
Burada bir məsələyə də toxunmaq istəyirik. Dediklərimizdən
belə bir yanlış təsəvvür yarana bilər ki, Azərbaycanda
yayılan yalnız Yasəvilik təriqəti, gələnlər
də Yasəviliyi təbliğ edən dərvişlər
olmuşdur. Heç də yox. Əvvəl onu deyək ki, ideoloji əsası sufilik
olan hər bir təriqətin ayrıca, müstəqil nizamnamə
və məramnaməsi olmuşdur. Biz bunu Yasəvilikdə
olduğu tək, qədərilir, mövləvilik, bəktaşilik,
tuccanilik, sənusilik dərviş ittifaqları, eləcə də
Azərbaycandakı Sührəverdiyyə, işraqiyyə, nəqşbəndiyyə,
Səfəviyyə və s. ilə tanışlıqda da
aydın görürük. Misal üçün, yenə elə
qaynaqlardan öyrənirik ki, sufiliyin mülayim qoluna mənsub
olan görkəmli Azərbaycan mütəfəkkiri, "Təsəvvürə
dair müridlərin əxlaqı",
"Çıraqların qəribəsi" kimi traktatların
müəllifi olan Əbunnəcib Sührəvərdi
(1097-1168) bildirir ki, "təsəvvür şəriətdən
başlayıb təriqətdən keçərək həqiqətdə
sona yetir. Birinci mərhələ elm, ikinci mərhələ
əməl, üçüncü mərhələ isə
ilahi vergi ilə səciyyələnir".
Sözügedən
Ə.Sührəvərdinin qardaşı oğlu Şihabəddin
Sührəvərdi (1145-1234) isə əsərlərində
daha çox "sufilərin əxlaq normalarının,
davranış qaydalarının, mənəvi keyfiyyətlərinin
müfəssəl şərhini verir" və belə qənaətə
gəlir ki, insan onda haqqa, yəni Tanrıya yaxın ola bilər ki, o, öz mənəviyyatının
saf olduğuna inansın.
Süfiliyin əsaslarına dair bir sıra traktatlar
yazmış və işraqiliyin banisi olmuş
Əbülfütah Sührəvərdinin (1154-1191) təliminə
görə isə "bütün mövcudat mütləq
vahid işıqdan şüalanma yolu ilə meydana
çıxmış işıqlardan və kölgələrdən
ibarətdir". Dünyada
"Öldürülmüş filosof" adı ilə
tanınan bu azərbaycanlı mütəfəkkirin qənaətincə
insanlar istədikləri xoşbəxtliyə yalnız
işıqlar aləmində qovuşa bilər.
Bu sadalamalarla Azərbaycanda mövcud olmuş təriqətlərdən
danışmaq fikrimiz yoxdur və bu heç bizim bələd
olduğumuz sahə də deyil. Atüstü anologiyada
məqsədimiz Yasəviliyin yayıldığı yerlərdə
və həm də Azərbaycanda təriqət ənənələrinin,
dərviş birləşmələrinin olmasını
söyləməkdir. Yasəvi dərvişləri
yerli təriqət dərvişlərinə güclü təsir
göstərərək şamançılıq meyllərini
bir qədər də qüvvətləndirmişlər.
Şaman ruhlu belə bir dərvişə biz Hüseyn
Cavidin "Şeyx Sənan" əsərində tuş
oluruq. Bu əsərdə təqdim olunan obraz öz görkəmi,
hərəkətləri, hətta sırf dini təriqət dərvişlərindən
fərqli olaraq sözlərini avazsız, zənguləsiz, deməli,
ən nəhayət, H.Cavidin özünün "xayır,
aldanmayın, o həm sahir" qeydi onun şaman
olmasını söyləməyə yol açır. Çünki H.Cavidin yazdığı
"sahir" sehr edən, möcüzə göstərən
deməkdir ki, biz bu xüsusiyyətin şamanlara da məxsus
olmasını arxada bildirmişdik.
Çox olsun elə bu səbəbdəndir ki,
sözügedən dərviş özünün hansı dinə,
təriqətə mənsub olduğunu da bildirmir. Məsələ
burasındadır ki, o, şaman olaraq fikirlərinin keçməyəcəyini
yəqin edincə əlbəəl dönüb dərviş
olur, həm də Yasəviliyə mənsub bir dərviş.
Fikrimizi misallarla izah edək. Yasəvi şeirlərinin yardımı ilə
keçdiyi ömür şəcərəsini
açıqlayır və deyir ki, haqqa qovuşmaq
üçün insanlardan uzaq olmaq lazımdır. Və Yasəvi özü də bu yolun yolçusu
olur. Cavidin dərvişi də eynən belə - Yasəvinin
dedikləritək düşünür:
Nədir yalnızlıq? Anlarsan
Düşünsən.
Bu rəmzi
get də sor,
Allahdan
öyrən!
Əgər
fövqəlbəşər olmaq dilərsən,
Kənar ol daima cinsi-bəşərdən.
Xoca
Əhməd Yasəvi, ümumiyyətlə, bütün təriqətlərin
kökündə duran şəriət, təriqət, həqiqətə
münasibətdə belə bir fikri ideoloji axara çevirir
ki, həqiqəti anlamadan, yəni ruhən haqqa, tək
tanrıya qovuşmadan, yalnız vahid İslam dininin
varlığını dərk etmədən şəriət
və təriqət yolunda çəkilmiş zəhmətlər
də gərəksiz olar. "Hikmət"lərinin birində:
"Əfsanədir şəriət, fərzanədir həqiqət,
dürdanədir təriqət" - deyən Əhməd Yasəvi
insanın uğurunu vahid bir dində - İslam dinində
görür.
İndi gəlin
görək H.Cavidin özünü "divanə", "səyyahi-zər",
atasını "heyrət", anasını
"şübhə" adlandıran dərviş
sözü gedən məsələdə hansı mövqedə
durur. Və bu dərvişin dedikləri Yasəvinin
fikirləri ilə yaxınlıq təşkil edirmi? Dərviş
deyir:
Şəriətdən,
təriqətdən kənaram,
Həqiqət
istərəm, yalnız həqiqətg
Din bir
olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi-bəşər.
Zənnimcə, əlavə izaha ehtiyac duyulmur.
Yusif Vəzir
Çəmənzəminlinin "Qızlar bulağı"
romanında biz həm birbaşa şamanla, həm şamana məxsus
yönləri özlərində qoruyan, Yasəvilik meylli dərvişlərlə
tanış oluruq. İslamın
gəlişinə qədər türk ellərində
şamançılığın dərin köklü
olmasını öndə qeyd etmişik. İslamiyyətin
gəlişindən sonra isə şamançılıq tədricən
öz yerini təriqət ənənələrinə, dərvişçiliyə
verməli olmuşdur.
Y.V.Çəmənzəminlinin romanında təriqət
dərvişi Yasəviliyin şərtlərinə, xüsusən
Yasəvinin tərki-dünyalıq fikirlərinə əməl
edən bir kimsətək tanıdılır. Bunu dərvişin
müraciət etdiyi şəxsə dediyi sözlərdən
daha açıq görmək olur. "Bir
olan, böyük olan, əzəli və əbədi xaliqi
tanı, onun haqq yoluna gəl! Fani dünyaya uyma! Hər
bir şeydən əl götür də, xaliqin yolu ilə
get...gondan ədalətli, ondan yüksək bir qüvvə
yoxdur".
Şaman-dərviş mədəniyyəti haqqındakı bu ötəri qeydlərimizdən Yasəvi və Yasəviliyin mühüm mövqeyini xatırlamaqda istəyimiz budur ki, Çin sınırlarından başlayıb Avropanın içərilərinə doğru yola çıxmış türklərin mənəvi mədəniyyətinin vahid kontekstdə öyrənilməsi dünyagörüşü tariximizi daha dərindən bilməkdə yararlı dəyər daşıyır.
Bəhlul ABDULLA
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2018.-22 fevral.-S.7