İlk məhəbbətin üç göy qurşağı

 

Hekayə

(əvvəli ötən saylarımızda)

 

Atasına Arançıda keçmiş sürücüsu Dursun ev kirayələmişdi (məktəb direktoru Osman müəllimin köməyiylə Ceyrançöl maldarlıq texnikumunu qurtardıqdan sonra, məktəbin həftə səkkiz xapan qalan köhnə maşınından da canını urtara bilən Dursun doğma kəndlərində ferma müdiri işləməyə başlamışdı).

- Dursun səni Arançının balı, qaymağı, toğlusu ilə bəsləyib ətə-qana gətirəcək. Yoxsa, məktəb bağındakı müqavalara oxşayırsan. Dilicanın alt yanında ciyər xəstələrinin sanatoriyası var. Hər tərəfi xəstə tüpürcəkləriylə doludu. Arançıda gülsüz, çiçəksiz bir qarış görə bilməyəcəksən.

Uşaqların içini də dərs kitablarıvari oxuya bilən atası həmin an bəlkə də Sarının ürəyindən keçənləri duya bilmişdi. Sözlərini də onun ürək telləri üstə kökləməyə çalışmışdı.

- Sifətlərinə qaymaq güllərinin rəngi qarışmış alyanaq, gülyanaq ayrım qızları oraların ayrı cür yaraşığıdı.

Faiq də Dilicanın həmin məzmunda yaraşıqlarından söz açmışdı.

- Şəhərdəki Ceyrançöllülər, ailələri ilə bərabər yenə Dilicana gələcək. Bu il qızlarını doyunca marıtlaya biləcəyik.

Arançının ilk axşamında, qürubun sarısına çəkilmiş Sarı Osmanoğlu qəribsəyəsi oldu. Və özünün bəlkə də qışınkından da uzun bir gecəsini yaşadı. Erkən oyanmış ata-anasının quş cəhcəhələrinə qarışmış səsini eşitdi:

- Arançının səndən başqa bütün canlıları oyanıb. Niyə tənbəllik edirsən, a cüllüt balamız.

Və həmin gün Dursunla yolunu ilk baxışdan vurulduğu talaya, Lilparlı bulağın üstünə saldı. Bulaq başında nəhəng bir kərəni oturcaq eləmişdilər. Dursun əyləşib göstərişini verdi.

- İndi əvvəl-əvvəl bulaqda əl-üzünü yu. Sonra ayaqqabılarını çıxarıb ayaqlarını otların, güllərin şehiylə pakla. Mən də sən gələnə kimi söyüd budağından qardaşoğluna bir fışqırıq düzəldəcəyəm, onun quş səsi çıxara biləcəksən. Çölün bütün bülbülləri başına yığılacaq.

Sarı Osmanoğlu Dursunun ərsəyə gətirdiyi fiti çalası olmadı. Quşların səsi ilk baxışdan vurulduğu (sehrinə düşdüyü) təbiətin sanki özündən qopur, onun gözəlliyinin nəğməsinə çevrilirdi. Yeniyetmə hissiyatının gücü ilə həmin ilahi ahəngi pozman istəmədi.

Dursun fit səsinə başına bülbüllərin toplanacağını söyləmişdi. Bu gözəl guşədə buna ehtiyac belə duyulmurdu. Sarının içinə düşdüyü talada üstünə dörd həndəvərindən, quş dimdiklərindən səs yağışı yağırdı. Elə bil həmin səslər Lilparlı bulağa yeniyetmə bir qızı gətirə bildi. Həmin qızı bəlkə də quş ahənginin müşayiətiylə həm də Sarının taleyi qarşısına çıxarmaq, onunla göz-gözə gətirmək istəyirdi.

Yeniyetmələr özlərindən ixtiyarsız bir-birinə baxası oldu. Hər ikisi də duruxdu. Həyatlarında ilk dəfə keçirdiyi hisslər bir anlığa onlara nə edəcəklərini unutdurdu. Həmin an dünyalarının bir parçasının gözəl bir talası çiçəkləri, otları, ağacları, quşları vasitəsiylə onlara yalnız özləri eşidə biləcək bir ilk məhəbbət nəğməsi bəstələmək istəyirdi.

Lilparlı buzbulaq başında həmin an iki gəncin ilk məhəbbətlərinin ilk baharı ürəklərinə qədəmlərini basırdı. Və hər ikisinin yanaqlarında, həmin baharın qızıl lalələri açılmağa başlayırdı. Sarıya elə gəldi ki, qızla bərabər ətrafına bənövşə ətri də gəldi. Həmin ətrin gücüylə tanımadığı qızı qəlbinin dərinliyində Bənövşə adlandırdı.

Qız bulaqda gətirdiyi dolça ilə səhəngini doldurub getdi. Bir az aralandıqdan sonra geriyə qanrılıb kərən üstə sehirlədiyi oğlana baxdı. Bəlkə də onu döndərəndə həmin gün qəlbində yuva salmağa başlayan ilk məhəbbətin ilahi gücü idi və baxışlarını bir az gec çəksəydi Sarını qurumuş kərənin yaşıl budağına çevirə bilərdi.

Adını bənövşə qoyduğu qızın Sarının ətrafında hər yanı onun üçün çəhrayılaşdıran bənövşə ətri qaldı. Və Sarı adlı bir gəncə bənövşə nəğməsini xatırlada-xatırlada bəndinə salmağa başladı.

...Dursun Sarının Arançıda darıxmaması qayğısına qalmaq istəmişdi. Ona görə ayağını kəndə qoyub, ona tay-tuşlarından birini gətirmək istəmişdi. Kərən üstə qoyub getdiyi oğlanın haldan-hala düşdüyünü göydə aldı. Səbəbinisə heç cürə çözə bilmədi.

- Olmaya kol-kosun şıqqıltısından huylanmısan. Bu bulağa hərdən cüyürlər də su içməyə gəlir. Adam bəndəsi görəndə kolu-kosu xışlayıb götürülürlər.

Sarı dinmədi. Bənövşə ətirli, cüyürvari bir qızın gəlib-getdiyindən söz açmadı.

- Bu bizim kənd məktəbinin əlaçılarından Alıpaşadı. Gətirdim dostlaşasınız, səni Arançının dörd həndəvəriylə tanış eləyəcək, axır ki, iki əlaçının sözü-söhbəti tutacaq. Di siz bunda ağız-ağıza verməyinizdə olun, mən də sürüyə baş çəkim. Yəqin mələrtiləri Dəmirçilər dərəsini başına götürüb...

Həmin gün Alıpaşayla Qazançı dağının bir dərəsiylə səyahətdən başladı. Bələdçisi ona ilk növbədə həmin dərənin həvəsinin suyunun öz tamı olan bulaqlarıyla tanış eləmək istədi. Əvvəlcə yollarını Vələs bulağına saldılar. Lilparlı bulaqdan Təkdağdağan səmtinə gedən cığır onları Qazançı dağına uzanan dərəyə gətirib çıxardı. Elə onun əvvəlində suların şırıltısı, yarpaqların xışıltısının bir-birinə qarışdığının şahidi oldular. Arançının bulaqları həmin dərənin ətəyindən başlayıb. Qazançının başının dumanı əskik olmayan Çənlibel zirvəsinə qədər öz təmiylə qaynayır, üstə təşrif gətirənlərə şərbətini paylayırdı.

Dərənin ətəyindən başlayan meşənin ağacları da bir-birlərini əvəz edirdi (necə deyərlər, get-gedə boy atır, yaşılını artırırdı).

Şırıltı, xışıltı müşayiətiylə Alıpaşa dilləndi.

Burdan dərəmizin Vələs meşəsi başlayır. İndi suyunu dadacağımız bulağa da həmin ağaclar öz adını verib.

Vələs meşəsi həmin bulağı qoynuna almışdı.

- Bu ağaclar il boyu kökü, bizlər də dodağımızla Vələsin suyundan içirik.

...Bir az yuxarılarda Çayır çeşməsi qaynamağında idi. Çeşmənin yer altından üzə çıxmaq üçün özünə yer axtarması üst tərəfindən qaynağına qədər uzanan çayırlıqdan bəlli olundu. (Su torpağın üzünə yaxınlaşdıqca, Arançıların Çayır adlandırdığı, yarpız, nanə, kəklikotu, qantərə, ondan diriliyini alıb yaşıl zolağını salmışdı.

- Burda mütləq üzünə su vurub ətirlənməli, yaran, dəmirovun varsa tökməlisən.

Ən nəhayət Cüyür bulağı gəlirdi.

- Buranın ilboyu çəni-dumanı əskik olmur. Onlar da bəlkə cüyürləri ovçulardan gizlətmək üçün karvanını hey bura salır. Cüyür gözlərinin əksi düşdüyündən, dupduru olduğundan özünə belə ad qazanıb...

- Bu Çömçə bulağıdı. Yatağını da çömçəyə döndərib. Suyunu bizlərə öz çömçəsiylə paylayır. Dörd həndəvərini baldırğanlar basır. Elə suyu da baldırğan təmi verir. Bir özun də dadına bax. Yeni tanışıma özünü itirdiyini görüb köməyinə yetişmək istədi.

- Ovcunu çömçə eləyib iç...

Sarı ovcunu çömçələyib bulaqdan su içməyə içdi. Baldırğan ətri verməyini də təsdiqlədi. Amma həmin gün həmin sudan da, dörd həndəvərindən də ancaq və ancaq bənövşə ətri durdu. Və həmin ətir içindən bir meh də keçirdi; görəsən həmin ətir sahibini, Bənövşəni bir də görə biləcəyəmmi.

...Səhəri yenə Lilparlı bulağın üstə görüşməyi qərarlaşdırdılar (bunu Sarı istəmişdi, Bənövşə adı qoyduğu qızı bir də görmək ümidiylə. Demə həmin gün onu həyat öz imtahanlarından birinə çəkmək istəyirmiş, - ilk məhəbbətin iztirablarına dözmək sınağına.

- Bu gün yolumuzu Gülücanlı cələsinə salacağıq. Bazar günləri sinif yoldaşlarımızın hamısı ova toplaşırıq...

Demə səkkizincilər bazar günləri boxçaları ilə gəlib həmin cələdə şənlənirmişlər. Əlipaşa Sarını dostlarının yanına gətirəndə, onu al-qırmızıfa boyacağından bixəbər idi. Sarının Bənövşə adı qoyduğu qız da səkkizincilərin qız topası arasında idi.

- Bu gün bir qonağımız var. Ceyrançöl məktəbinin müdiri Osman müəllimin oğlu Sarı. O da səkkizinci sinifdə oxuyur...

Uşaqlardan Kamal adlısının atmacası eşidildi.

- O da bizim dovşan şıqqıltısından da hürkək kəndçimiz Yaşarın bir tayıdısa heç nə... Bütün günü başını sallayıb kitab oxuyacaq.

Alıpaşa dünəndən isinişdiyi Sarıya qaxmar çıxmalı oldu:

- Gəldiyi gündən Sarı yolunu Cüyür bulağına kimi salıb. Üstəlik Yasara nə olub, bir az qarıya qovuşmazdı. Yolunu təkbaşına Qazançının Koroğlu daşına kimi salıb.

Sarı bir müddət nə edəcəyini bilmədi. Hələlik sıxılsa da, oralardan uzaqlaşa bilmirdi. "Bənbvşənin" cazibəsindən çıxmaq müşkülü olmuşdu. Həm də qonağın sıxıldığını hiss eləyən oğlanlardan bir-ikisi başına yığıldı.

- Kamalın sözlərini vecinə alma. Özü Yaşarı dambat hesab eləyir. Özü də dayısı Yel Həsən kimi göylə gedir.

Uşaqların açdığı süfrədə xoşuna gəldi. Orda Arançının hər cür nazı-neməti toplana bilmişdi.

- Bu qatlamaları, südlü kömbələri qızlarımız özləri bişirib. Hərəsindən bir qismət yeməsən, ürəklərində səndən inciyəcəklər. Onların üz turşutmaları da adama çökürdən pis batır.

Sonra uşaqların oyunu başladı. Alıpaşa Sarını dv oğlanların cərgəsinə qatmaq istədi. Amma Kamal deyilən oğlan yenə atmacasını pıtırğan kimi yapışdırmaq istədi.

- Gərək özüylə Ceyrançöldən sinif yoldaşı qızlardan birini gətirəydi. Yoxsa onun bəndinə düşəsi kim olacaq.

Sarı üzrxahlıq eləyib dəstədən ayrıldı. Bəhanəsini "Bənövşəyə" eşitdirmək istədi.

- Onda mən hələlik Çogöz çayıboyu təbiətin bəndinə düşüm.

Amma ağacların arasında onların oynuna göz kəsilməkdən özünü saxlaya bilmədi. Sarı "Bənövşənin" əsl adını və bu oyunda kimin bəndinə düşəcəyini öyrənmək istəyirdi. Demə Kamal öz şitliyi, şıltaqlığı ilə tay-tuşlarının gözünün odunu alıbmış. Yanmayan yerdən tüstü çıxarmamaq üçün onlar da həmişə ona güzəştə gedib, örköyünləşdirirdi. Elə birinci dəfə də bənövşədən Kamalın bəxtinə kimin bəndə düşəcəyi səsləndi. Oğlanlar bir ağız olub səsləndi:

Bənövşə, bəndən düşə,

Sıra bizə kim düşə.

 

Kamalla "Bənövşə" dəstələrinin başında yer almışdı. Qızlar da "Bənövşəni" səflərindən ayırası oldu:

Bizdən sizə Zəkiyə düşə.

Qız irəli yeriyib Kamalla əl-ələşə tutuşdu. Və Sarını ilk yanğısı ilə tutuşdurdu.

Amma bu dəfə qızın könülsüz bəndə düşdüyündən Sarının xəbəri olmadı. Gizləndiyi bərəsindən ayrılıb Çay sahilinə getdi, pərtliyini sularda axıtmağa çalışdı. Bu dəfə suların güzgüsündə Zəkiyəni gördü, ürəyindən keçirdi; mənim üçün həmişə Bənövşə kimi qalacaqsan. İlboyu dünyama bənövşə ətri çiləyəcəksən. Günlərin bir günü Arançı oğlanlarının cərgəsində Kamalın yerini tutmağı arzuladı.

***

O biriçi ilin yay ağzında atası Sarını muştuluqlamaq istədi.

- Keçən il anam sanatoriyaya müalicəyə göndərdiyimizdən səni Arat Arançıya yola saldıq. Bu il Dilicanın qaşında, Göyçə dolayları başlanan yerdə ev tutacağıq. Daha burnunu sallayası olmayacaqsan.

Oğlunun cavabı atasını mat-məəttəl qoydu.

- Arançı yüz Dilicana dəyər. Hamımız yığışıb ora getsək yaxşı olar. anama da hər gün Qazançı dərəsinin bulaqlarından su gətirərəm.

Bir müddət sonra Arançı uşaqları Osman müəllimin oğlu Sarının, meşəbəyi Fərmanın qızı Zəkiyəyə vurulduğundan xəbər tutdu. Alıpaşa həmin Sövdanı Sarıyla ağız-ağıza verib yəqinləşdirəndən sonra bir xeyli susdu. Sonra dodaqlarından həmin kəlmələri zorla qopardası oldu.

- Kamal dəlixay şeydi. Sənə göz verib, işıq verməz. Sarı da üzünü uşaqların hər il bəndə düşdüyü cələyə tutdu.

- Bənövşə ürəyinin istəyi ilə bəndə düşməlidi.

Bir xeyli sonra da Zəkiyənin kimə meylləndiyi kənd uşaqlarına bəlli oldu. Həmin il cələdə bənövşə oyunu üçün cərgələnmədilər. Sarı Kamalın səfdəki yerini əməlli-başlı sayıla bilmişdi. Bu dəfə yəqin ki, qız onun bəndinə düşməyəcəkdi.

Yay tətili çoban atasına əl-ayaq verən Kamal çoban itlərinə baxa-baxa zəncir gəmirirdi.

 

(ardı gələn sayımızda)

 

Ədalət.-2018.-22 fevral.-6.