Qiymətli tədqiqat
işi
Ədəbi-mədəni həyatımızda bu gün olduğu kimi tarixən də özünəməxsus mövqeyi olan Şəkinin böyük mənəvi sərvət ocağına çevrilməsində, şübhəsiz ki, onun qoynunda yetişmiş mədəniyyət və sənət adamlarının, ziyalıların, alimlərin, ədəbi qüvvələrin istedad və qabiliyyəti mühüm rol oynamışdır. Bu qocaman türk yurdunun adamları həmişə Azərbaycanımıza baş ucalığı, üz ağlığı gətirib. "Şəki" sözü mənə həmişə "şəkər" sözünü xatırladıb. Şəkini şəkərləşdirən, şirinləşdirən həm də onun şəkər sözü - bədii poetik sözüdü. Söz, onun şərəfi və məsuliyyəti həmişə uca tutulub bu diyarda. Ona görə də bəlkə uca Yaradanın qüdrətidir ki, ədəbiyyatımızı şərəfləndirən M.F.Axundzadə kimi Şərqi oyadan dramaturq, Bəxtiyar Vahabzadə kimi ünyetməz, əlçatmaz poetik duyğular yaradan, Nizami, Füzuli qüdrətli şair bu diyardan ədəbiyyatımıza bəxş edilib.
Ədəbi irs xalqın mənəviyyat göstəricisidir. Onu qorumaq, gələcək nəsillərə çatdırmaq ədəbiyyatın həmişə təxirəsalınmaz vəzifələrindən olub. Möhtəşəm ədəbiyyatımızı, bədii sərvətimizi min cür əzab-əziyyətlə yığıb bu günümüzə ərməğan edən də şəkili olub - Salman Mümtaz. Ədəbiyyata maraq, onu toplamaq meyli, marağı şəkililərin qanında, canındadır. Hazırda haqqında söhbət açacağım qiymətli tədqiqatın da müəllifi şəkilidir-Kamil Adışirinovdur. Butün varlığı, ruhu, canı ilə ədəbi olan bu tədqiqatçı ilə mən hələ XX əsrin 90-cı illərinin sonlarından tanışam. Sonralar bu insanla münasibətimiz tədqiqatçı - elmi rəhbər münasibətinə çevrildi. Kamil Adışirinov o zaman XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakamın həyat və yaradıcılıq yolunu araşdırırdı. İşinə son dərəcə həssas və məhəbbətlə yanaşan bu tədqiqatçı ilə işləmək mənim üçün o qədər də çətin olmadı. Nəhayət, o, yerinə yetirdiyi dissertasiya işini Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Müdafiə Şurasında yüksək səviyyədə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldü.
Söhbətlərində Kamil Adışirinov mənə nə qədər çətin olmasına baxmayaraq XX əsrdə Şəkidə keçilmiş ədəbi-mədəni yolu tədqiq etmək arzusunda olduğunu bildirirdi. Doğrusu, Kamil müəllim kitabın əlyazmasını mənə verib yüksək utancaqlıq hissi ilə əsərin elmi redaktoru olmağımı xahiş edəndə onun yaxşı bir əsər yazdığını kitabaqədərki söhbətlərindən bilirdim. Amma onun belə bir çətin mövzunu mənim təsəvvür etdiyimdən də yaxşı yazdığını əsəri oxuduqdan sonra müəyyənləşdirib, sözün həqiqi mənasında heyrətləndim. Onun "XX əsr Şəki ədəbi-mədəni mühiti: I kitab (1900-2000-ci illər)" adlı kitabı "Elm və təhsil" nəşriyyatı tərəfindən 2015-ci ildə nəşr olundu. Əsər ədəbiyyatşünaslıq elmimizin azmanlarından olmuş mərhum akademik Bəkir Nəbiyevin və professor Yaşar Qarayevin əziz xatirəsinə ithaf olunub. Əsərin yazılması yolunda müəllif on səkkiz il əmək sərf etmiş, birinci hissəsi 488 səhifədən ibarət olan bu qiymətli tədqiqat işini üç fəsil və müvafik yarımbölümlər üzrə yazmışdır. Əsərin ən böyük elmi dəyəri regional istiqamətli sistemli ədəbiyyatşünaslıq nümunəsi olmasıdır. Müəllif əsərdə 30 nəfərdən çox yaradıcı qələm sahibinin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Əsər üç fəsil üzrə yazılmışdır.
"XX əsrin birinci yarısında Şəki ədəbi-mədəni mühiti (1900-1950-ci illər)" adlı birinci fəsildə tədqiqatçı XIX əsrin birinci yarısı, XX əsrin əvvəllərində nəinki Şəkinin bütövlükdə Azərbaycanın folklor həyatında mühüm rol oynayan Molla Cumanın elmi tərcümeyi-halı ilə bağlı yeni faktları ortaya qoymaqla Cumaşünaslığı yeni fikirlərlə zənginləşdirmiş, Şəkidə aşıq mühitinin zənginliyini gətirdiyi elmi arqumentlərlə əsaslandırmışdır. Şəkinin ayrı-ayrı kəndlərində, məsələn, Baş Layısqı kəndində Aşıq Hacıbalanın, Aşıq Əhmədin, Aşıq Məmmədin, Aşıq Siracın, Baş Göynükdə Aşıq İsmayılın, Aşıq Camalın,Aşıq Əhmədiyyənin, Aşıq Azadın, Şində Aşıq Güləhmədin, I Biləcikdə Aşıq Musanın, Cəfərabadda Aşıq Müğümün, Daşbulaqda Aşıq Şamilin, Qışlaq ərazisində Aşıq Kərimin, Doduda Aşıq Paşanın, Şəki şəhərində Aşıq Sakitin yaradıcılığının təhlil süzgəcindən keçirilməsi Şəkidə aşıq mühitinin zənginliyi ilə bağlı təsəvvürlərimizi genişləndirir. Həmçinin bu fəsildə tədqiqatçının uzun illərin tədqiqatı nəticəsində 30-cu illərin sənədlərinə söykənərək ifadə etdiyi fikirlər Şəkidə aşıqşünaslığın inkişaf səviyyəsini diqqətimizə çatdırır. Müəllif faktlarla sübut edir ki, 1938-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan aşıqlarının ikinci qurultayında şəkili aşıqlar da iştirak etmişlər. Tədqiqatçının 20- ci illərdə Şəkinin ədəbi həyatında mühüm rol oynamış Qızıl Qələmlər Cəmiyyətinin fəaliyyəti, cəmiyyətin katibi Heydər Əfəndiyevin, üzvləri Əbdüləzəl Dəmirçizadənin, Osman Cüməzadənin, Sabit Rəhmanın bədii yaradıcılığı haqqında verdiyi məlumatlar ədəbiyyat tariximiz üçün yeni və diqqətçəkicidir. Həmçinin birinci fəsildə müəllifin tədqiq obyektinə çevirdiyi ən önəmli məsələlərdən biri Salman Mümtazın həyatının Şəkidə keçən günləri və yaradıcılığı, şəkililərin bu gün əsas istirahət yerlərindən biri olub "Mustafa bəyin bağı" adlandırdıqları və kimliyini tanımadıqları Mustafa bəyin şəxsiyyəti, xüsusilə onun dramaturji və publisistik yaradıcılığı ilə bağlı vermiş olduğu məlumatdır. Müəllifin görkəmli maarifçi Firidun bəy Köçərlinin tələbəsi olmuş Rəcəb Əfəndizadə haqqında vermiş olduğu məlumatlar da aktual səciyyə daşıyır. Rəcəb Əfəndizadənin 1950-ci ildə Stalin repressiyasının xofundan qorxaraq sevimli müəllimi Firidun bəy Köçərlinin məktublarını yandırması faktı oxucularda sovet rejiminə nifrət hissi oyadır. Fəsil daxilində Demokratik Cümhuriyyət illərində ədəbi-mədəni mühitin inkişafı, Abdulla bəy Əfəndizadənin cümhuriyyət illərində ədəbi fəaliyyəti gərgin tədqiqatçı əməyinin nəticəsi kimi yadda qalır. Birinci fəsildə müəllifin gərgin araşdırmasının nəticəsi kimi, Şəkinin öz başlanğıcını 1879-cu ildən götürdüyü teatr tarixi də mərhələli şəkildə tədqiq edilir.Birinci fəsildə bu problemlə bağlı ən maraqlı, teatr və ədəbiyyat tariximiz üçün böyük maraq kəsb edən məsələ Hüseynqulu Sarabskinin və dahi Cəfər Cabbarlının Şəki səhnəsi və şəkililərlə olan dostluq tellərinin "Nuxa fəhləsi" qəzetinin səhifələrində verilmiş maraqlı məqalələrə istinaq edilərək məlumatın verilməsidir. Ən adi ədəbi problemin yüksək tədqiqatçı peşəkarlığı ilə incələnməsi bizdə o qənaəti təsdiqləyir ki, Kamil Adışirinovun diqqətindən qəzetin arxivlərdə mühafizə olunan heç bir nömrəsi yayınmamışdır. Həmçinin kitabda verilən dahi dramaturq Cəfər Cabbarlının şəkili teatrşünas Baxşəli Əfəndi ilə olan dostluq münasibətləri və Cəfər Cabbarlının tez-tez Şəkidə qonaq olması faktı tədqiqatın elmi dəyərini artıran amillərdəndir.
Monoqrafiyanın " XX əsrin ikinci yarısında Şəki ədəbi-mədəni mühiti: (1950-1980-ci illər)"adlı ikinci fəsli müəllif əməyinin daha gərgin nəticəsi kimi diqqəti cəlb edir. Bu fəsil təkcə ədəbiyyat deyil, mətbuat tariximizin öyrənilməsi baxımından da xüsusi aktuallıq kəsb edir. Müəllif Şəkidə ədəbi-mədəni mühitin inkişafını tənzimləyən mətbuat tarixini, xüsusilə "Şəki fəhləsi" qəzetinin 70 illik nəşr tarixini ay-ay, il-il tədqiq etməklə işin nə qədər ağır və əziyyətli olduğunu oxucuya diktə edir, ədəbi inkişafın səviyyəsi haqqında dolğun məlumat verir. "Şəki fəhləsi"qəzeti müəllifin qələmində təkcə ideoloji təbliğat, təşviqat vasitəsi kimi diqqəti cəlb etmir, həmçinin ədəbi-mədəni mühitin inkişafında əsas tribuna kimi diqqətə çatdırılır. Tədqiqatçı gətirdiyi elmi arqumentlərlə sübut edir ki,"Şəki fəhləsi"qəzetinin redaksiyasının nəzdində fəaliyyət göstərən "Səbuhi"ədəbi məclisinin sıralarında Məhyəddin Abbasov, Yusif İsmayılov, Hüseyn Rəsulov, Zaman Qarayev,Yaqub Mahir, Ənvər Mirzəoğlu, Nurpaşa Hümmətov, Məmməd Çələbiyev, Ələşrəf Şayan, Tofik Qaffarov, Məmməd Çələbiyev, Lütfəli Həsənov, Telman Həmidov, Şahid Məmmədkərimov, Rövzət, Qurtuluş Süleymanlı, Məmmədiyyə Süleymanlı, Nizami Nəbiyev, Şərif İdrisov, Teymur Xəlilov, Elmir Şeyxzadə, Akif Salamov, və başqa qələm sahibləri yetişmişlər. Tədqiqatçı təkcə məclis üzvlərini deyil, Şəkidən kənarda yaşayıb məclislə daim bağlı olan Minayə Piriyeva (Gəncə), Surağat Qurbani (Balakən), Məmmədiyyə Qarayev (Balakən), Oruc Qaşqaçaylı (Qax), Şakir Xəyal (Qəbələ) və başqa şairlərin də yaradıcılığını tədqiqata cəlb edərək işi daha da dolğunlaşdırır.
Tədqiqatçının apardığı filoloji təhlil elmi səviyyəsinə görə oxucunu razı salır. Müəllif səbr və təmkinlə hər bir yaradıcıya həssaslıqla yanaşır, onların həyat və yaradıcılığını geniş tədqiqata cəlb edərək obyektiv dəyərləndirmə aparır, ədəbi-mədəni mühitin inkişaf mərhələlərini düzgün müəyyənləşdirir, ədəbi-mədəni mühiti zamanın ictimai-siyasi problemləri kontekstində tədqiq edir. Tədqiqatçı ədəbi-mədəni mühitin təmsilçilərinin hər birinin üslubunu düzgün aşkarlamaqla, onların yaradıcılığında lirikanın və nəsrin mövzu və ideya qaynaqlarını, təkamül yollarını və inkişaf mərhələlərini düzgün sistemləşdirir. Müəllifin qələmində XX əsr Azərbaycan poeziyasında Sabir satirasının davamçılarını ədəbi mühitdə daha parlaq görürük. Tədqiqat işi diktə edir ki, Yaqub Mahirin, Şakir Xəyalın, Valeh Qiyasinin, Surağat Qurbaninin, Ənvər Mİrzəoğlunun, Nurpaşa Hümmətovun, Ələşrəf Şayanın, Tofik Qaffarovun yaradıcılığında bu davamçılıq özünü daha qabarıq göstərmişdir. Əsərin ədəbi mühit üçün qabarıq xüsusiyyətlərindən biri ədəbi mühit təmsiçilərinin yaşadıqları siyasi rejimin çatışmazlıqlarına qarşı qorxmaz, disident münasibətidir. Kamil Adışirinovun tədqiqində bu cür təzahürlərə parlaq güzgü tutulur. Müəllif satirik poeziya nümayəndələri ilə yanaşı satirik nəsr örnəklərini də yüksək peşəkarlıqla təhlilə cəlb edərək Tofik Qaffarovun, Lütfəli Həsənovun, Ələşrəf Şayanın, Telman Həmidlinin, Ələsgər Davudoğlunun, Sabir Əfəndiyevin, Məmməd Çələbiyevin, Nizami Nəbiyevin satirk istiqamətli nəsr nümunələri ilə oxucunu üz-üzə qoyur. Ədəbi mühitin təmsilçılərinin qələminin qüdrəti region çərçivəsindən çıxaraq, hətta 50-60-cı illərdə dövrün nüfüzlü satirik orqanı olan "Kirpi" jurnalının səhifələrinə də yön alır.
Tədqiqatçının 60-90-cı illərdə Şəkidə aşıq sənətinin inkişafı haqqında vermiş olduğu məlumatlar daha aktual səciyyə daşıyır. Kamil Adışirinov Şəki və çevrəsini qarış-qarış gəzərək aşıq ədəbiyyatı örnəklərini toplamış, Aşıq Sirac, Aşıq İsmayıl, Aşıq Camal, Aşıq Azad, Aşıq Sakit haqqında məlumat verərək onların yaradıcılığını təhlilə cəlb etmişdir.
Kitabın üçüncü, "Müstəqillik illərində Şəkidə ədəbi proses və mədəni inkişaf: (1991-2000-ci illər)"fəslində müstəqillik illərində Şəkidə ədəbi prosesin inkişaf səviyyəsi araşdırılır. Tədqiqatdan məlumatlanırıq ki,bütün respublikada olduğu kimi, Şəki də keçid dövrünün çətinliklərini yaşamış, "Şəki fəhləsi"qəzeti nəşrini dayandırdığından, həmçinin ədəbi mühitin qüdrətli təmsilçilərinin əksəriyyəti dünyasını dəyişdiyindən ədəbi prosesdə durğunluq yaranmışdır. Lakin bu hal 90-cı illərin ortalarında aradan qaldırılmış, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi fəaliyyətə başlamışdır. Birliyin sıraları istedadlı yazıçılarla zənginləşmiş, ədəbi proses yeni inkişaf dövrünə qədəm qoymuşdur. Üçüncü fəslin, "Səbuhi" ədəbi məclisinin ikinci mərhələsi və əsas nümayəndələri" adlı birinci yarımfəslində müəllif məclisin aparıcı simalarından olan Vaqif Aslanın, Mayis Səlimin, Yusif Şükürlünün, Əhməd Zəyzidlinin, Həbillah Kamilin, Ələsgər Davudoğlunun yaradıcılığından məhəbbətlə danışaraq onların bədii irsini geniş təhlilə cəlb etmişdir. Üçüncü fəslin ikinci-sonuncu "XX əsrin 60 - 90 - cı illərində Şəki ədəbi - mədəni mühitində teatr və dramaturgiya məsələləri" adlı yarımfəslində Kamil Adışirinov Şəkidə mədəni mühitin formalaşmasında Şəki teatrının rolundan bəhs etmişdir.
Ümumiyyətlə, qeyd edə bilərik ki, Kamil Adışirinovun qədim Şəkinin XX əsr ədəbiyyat tarixinin öyrənilməsi ilə bağlı hazırladığı bu əsər ədəbiyyat və folklor mədəniyyətimizin möhtəşəm xəritəsini hazırlamaq strategiyasına xidmət edən nəcib məqsədli bir addımdır. Bu baxımdan kitab doğma yurdun-Şəkinin monoqrafik səviyyədə ədəbi-mədəni portretini hazırlamaqdan əlavə, həm də Azərbaycanımızın ədəbi-mədəni xəritəsinin yaradılması işinə yardım kimi böyük elmi dəyərə malikdir.
Məhərrəm
Qasımlı,
filologiya üzrə elmlər doktoru,
professor, dövlət mükafatı
laureatı
Ədalət.-2018.-22 fevral.-S.8.