QAX: ÜZÜ BAHARA DOĞRU
Qax... Vətənin bu bənzərsiz guşəsində eləcə ilk təəssüratın özü təbiətin şirin bir sevdasına çəkəcək səni. Min illərdir ki, burada insan və təbiət fəlsəfəsinin qanunları hökm sürür. Dağların, meşələrin, çay və bulaqların, bərəkətli çöllərin harmonik düzənini heç nə poza bilməz burada. Urbanik inkişafın ən üstün məqamları belə, təbiətin bu nəhəng varlığına olsa-olsa əlavə gözəllik bəxş edər, məişət rahatlığını tamamlayar. Qalan hər şey insanların əbədən könül verdikləri Ana Təbiətdir, onun qeyri-adi gözəllikləridir.
... Həm də vətənsevər, zəhmətkeş insanlardır bu yerlərin bəzəyi, qədir-qiyməti!
Son illər Qax rayonunun inkişafından, ayrıca olaraq Qax şəhərinin modern bir görkəm almasından, qəsəbə və kəndlərdəki müasirləşmədən, turizmin genişlənərək yeni istiqamət götürməsindən sevinc dolusu söhbətlər eşidilir, xoş təəssüratlar paylaşılır. Daha çox sevinc doğuran məsələlərdən biri də budur ki, ucqar olduğuna görə əvvəllər az sayda və mövsümi qonaq-qarası olan Qax rayonu indi sanki bütün respublikanın diqqət mərkəzindədir. Çoxlarına qəribə görünə bilər. Artıq son dönəmlər, xüsusilə yay aylarında bir çox böyük şəhərlər kimi Qaxın da turizm mərkəzləri ətrafında əməlli-başlı tıxaclar yaranır, ticarət və iaşə obyektlərində növbələr olur. Qaxın mərkəzindən ucqarlarına kimi yeni tikilən və ya sonradan zövqlə bərpa olunan sosial-mədəni obyektlərin sayı o qədər artıb ki... Dövlətimizin, cənab Prezidentimizin daxili və xarici siyasətinin ən uğurlu nümunələrindən biridir bugünkü Qax rayonu. Elə cənab Prezidentin özü Qaxa səfərləri zamanı fəxr ediləsi nə qədər fikirlər söyləyib bu rayonun gözəlliyi və inkişafı haqqında.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri hörmətli Əhməd Əhmədzadənin ideya müəllifi və sponsoru olduğu tarixi Köhnəbazarın bugünkü nağılvari görünüşü! Burada daş küçələrlə addımlayıb, sanki iki əsr əvvəllərin səsini-sorağını eşidirsən, hara baxsan, haradan baxsan vətənin əzəməti ilə fəxr edirsən.
Sakinlər Qax rayonunun bu cür sürətli inkişafına görə həmişə cənab Prezidentə minnətdar olduqlarını bildirirlər. Mükəmməl iş metodu və yenilikçi yanaşmaları ilə diqqəti cəlb edən rayon rəhbərliyinin camaatla sıx ünsiyyəti bir çox məsələlərin həllini arzulanan səviyyədə mümkünləşdirir. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nümunəvi fəaliyyətindən, əsl dövlət və xalq adamı olmasından adi məclislərdə də razılıqla söhbət açılır həmişə. Uğurların mötəbərliyində belə xoş məqamların ayrıca yeri olur təbii ki. Fəaliyyətin belə vacib nüansları eyni zamanda qəlb rahatlığına və nikbinliyə əlavə stimul yaradır, daha böyük uğurlara ruhlandırır.
Belə vacib məsələlər barədə hörmətli Musa müəllimlə bizim xeyli söhbətlərimiz də olub və üst-üstə düşən real nəticələr səmimiyyətin dərin qatlarına da işıq salıb. Bu günlərdə Qaxda keçirilən ümumrayon yığıncağında ötən ilin yekunlarına dair məruzə və çıxışların da əsas məzmununu məhz bu cür prinsipial və səmimi yanaşmalar əks etdirmişdir.
"Qax rayon İcra Hakimiyyəti başçısının 2017-ci ildə rayonun sosial-iqtisadi və təssərüfat sahələrində görülən işlərə dair hesabatı və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında" məruzəsi ilə çıxış edən icra başçısı Musa Şəkiliyevin vurğuladığı kimi, 2017-ci ildə Qax rayonunda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Rayon Statistika İdarəsi tərəfindən verilmiş məlumatlara əsasən 2017-ci ildə rayon üzrə məhsulun ümumi buraxılışı 154 milyon 339 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 40% çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 12 milyon 118 min manat, ötən illə müqayisədə 40.1 faiz az, kənd təsərrüfatı məhsulu istehsalı 52 milyon 218 min manat və ya 4.7 % çox, tikintidə 50 milyon 327 min manat və ya 4.7 dəfə çox, nəqliyyatda 2 milyon 376 min manat və ya 5.7% çox, rabitədə 1 milyon 29 min manat və ya 5.1% çox, ticarətdə 36 milyon 271 min manat və ya 15.7% çox olmuşdur. Əhalinin gəlirləri 135 milyon 102 min manat, əvvəlki illə müqayisədə 1 milyon 602 min manat çox olmuşdur.
2017-ci il ərzində rayon üzrə büdcəyə 3 milyon 713 min manat proqnoza qarşı 3 milyon 802 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 102.4 faizini təşkil etmişdir. Büdcəyə yığılmış vəsaitin həcmi 2016-cı ilə nisbətən 201 min manat çox olmuşdur.
Hesabat ilində 595 yeni iş yeri açılmış, bu da əvvəlki illə müqayisədə 48 iş yeri çoxdur. Rayon üzrə orta əməkhaqqı 238.7 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5.5 manat çoxdur.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ildə rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə 59 sahibkara 2 milyon 249 min manat güzəştli kreditlər verilmişdir. Verilmiş kreditlər hesabına 204 yeni iş yeri yaradılmışdır.
Musa Şəkiliyev demişdir:
- Ötən hesabat ili rayonumuzun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizə səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2006-cı ildən ötən dövr ərzində dövlət başçısı rayonumuza 7 dəfə səfər etmişdir. Səfərləri zamanı ölkə Prezidenti rayonumuzda bir sıra sosial-infrastruktur obyektlərinin açılışında iştirak etmiş və görülmüş işlərə yüksək qiymət vermişdir.
Belə ki, 03 avqust 2017-ci il tarixdə ölkə başçısının rayonumuza növbəti səfəri zamanı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının və 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etmiş, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə rayonumuzda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədə ölkə başçısı tərəfindən verilmiş tapşırıq və tövsiyələrin rayonda icrası və qarşıda duran vəzifələr 08 avqust 2017-ci il tarixdə rayon İcra Hakimiyyətində barama, fındıq və tütün istehsalı ilə məşğul olan sahibkarların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə "Tədbirlər Planı" hazırlanmışdır. Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3148 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3.0 milyon manat, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3149 nömrəli sərəncamı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2.99 milyon və Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2017-ci il tarixli 3166 nömrəli sərəncamı ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 23.3 milyon manat ayrılmışdır.
Ölkə başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına ötən il Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax şəhərindən Zaqatala rayonu ərazisinədək olan 18,5 km hissəsi əsaslı təmir olunmuş, yol üzərində 2 ədəd dəmir-beton körpü inşa edilmişdir. Həmçinin Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilmiş, şəhərin S.Qocayev, Nizami, Xəqani küçələrində və M.Mustafayev, M.Gəncəvi, Y.İmrə küçələrinin isə bir hissəsində abadlıq işləri aparılaraq asfalt örtüyü salınmışdır.
Şəhərin M.Cuma, Ə.Sultanov, Nəsimi, V.Eyvazov, Koroğlu və B.Vahabzadə küçələrində də abadlıq işləri həyata keçirilmiş, hazırda asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır.
Hesabat dövründə
yolların əsaslı təmiri və abadlıq işlərinin
görülməsi ilə bağlı büdcədə nəzərdə
tutulmuş vəsait hesabına şəhərin
Ü.Hacıbəyov, M.Mustafayev, M.Gəncəvi,
M.Ə.Rəsulzadə, C.Əhmədzadə küçələrinə
və Dəymədağlı kəndinin giriş
hissəsinə yeni asfalt
örtüyü salınmışdır.
Şəhərin A.Məmmədov, İ.Dağıstanlı, M.Mustafayev, C.Əhmədzadə, M.Gəncəvi
və M.Ə.Rəsulzadə küçələrinin bir hissəsində abadlıq işləri
aparılmışdır.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 22 fevral.-
S.4.