İlk məhəbbətin üç göy qurşağı

 

Hekayə

 

(əvvəli ötən saylarımızda)

 

Hardan azıb gəldi bu Ceyrançölün bazar tulası. Onu bu Bozdara yedirtməsəm, atam Qareykənin oğlu deyiləm. Anam Məsmənin südü burnumdan gəlsin. Sonralar Sarının hər gün Lilparlı bulağın üstə Zəkiyənin yolunu gözlədiyindən də xəbər tutdu. Şirin-şirin söhbətləşdiklərindən də hali oldu.

Günlərin bir günüsə Zəkiyənin Sarıya dəsmal bağışladığını eşitdi. Üstünə oğlanın adını da yazmışdı. Bu Kamalın hövsələsini Cağazın yaz ağzı sularına döndərdi. Hirsinin daşdaşğınını cilovlaya bilmədi. Bozdarı yanına salıb Lilparlı bulağın üstə yolunu saldı. Zəkiyənin yolunu gözləyən Sarının üstə qışqırtdı. Çoban iti Sarının bədənində salamat yer qoymamışdı. Sarı günlərlə qızdırma içində sayıqlayır, Bənövşə ətri arzulayırdı. Elə bilirdi ki, həmin ətir Arançının cüyürə bənzər bir qızının gözlərinini açdığı yolla çöllərdən, onun yarpız, nanə, baldırğan təmi verən bulaqlarından süzülüb dadına çatacaq, şəfasını verib Sarını it ağzından çıxaracaqdı.

...Kamal tutduğu əməlin bu cür nəticələcəyini ağlına gətirməmişdi. Sarının yorğan-döşəklik olduğundan atası Osman müəllimin Ceyrançölün məşhur həkimlərini üstünə tökdüyündən sonra bir müddətliyə şenlikdən uzaqlaşmağı qərarlaşdırmışdı. Əvvəl özünü Ceyrançölə dayısı Yel Alıpaşanın yanına vermək istəmişdi. Sonra dayısının hər gün böyüklərin buyruğu ilə kənddə-kəsəkdə olduğunu yadına salıb, yolunu ora salmamışdı. Xanbulağı yaylasına, atasının yanına pənah aparmağı üstün tutmuşdu. Cini tutanda çanağıyla sürüyə iti-qurdu yaxın qoymayan atası, yəqin ki, yeri gəlsə oğlunu qorumaq üçün qoşalüləsini də işə salardı.

Kamalın həmin hərəkəti Dursunu yandırıb-yaxmışdı. Sarı gözüyumulu zarıdıqca, o da haldan-hala düşürdü. Başını qaldırıb uşağın ata-anasının gözünə baxa bilmirdi. Sarı zarıdıqca, o da içində nərildəyirdi. Uşaq iynəylə-dərmanla özünə gələndən sonra gözlərinə işıq gəlmiş ata-anaya dedi:

- Gedib bir dana qoç gətirib Sarı balaya qurban kəsəcəyəm.

Əslində o, yaylağa Kamalın arxasınca getmək istəyirdi. Atasının yapıncısı dalında gizlənə biləcəyini bilirdi.

Kamalın dədəsi Dursunun yelindən içində hansı ruzigarların əsdiyini başa düşdü. Odur ki, sözünü yaylağın mehinə qatıb hirsini səngitmək istədi.

- A Dursun, bir nəfəsini dər, bir badya ayran , bir-iki kəlmə kəsək...

Dursunun yerinə hələlik sifətinin səyriyən damarları danışırdı.

- Mən də bilirəm bu küçük qələtin yekəsindən eləyib. İkimizbilirik ki, nəcis yeyən iti öldürmürlər...

Hələlik Dursun üzünün damarlarıvari dinmirdi.

- Südə çəkdi bu batmış. Dayısı yel Alıpaşa kimi yalandan göylə getməyi var...

Axır ki, damarlar qınına düşdü. Dursun bir-iki kəlməni zorla da olsa hirsinin qınından çıxardı.

- Hardadı, ona bir-iki kəlmə deyəcəyəm.

- İstəsən lap bir-ikisini ilişdir də...

Kamal Dursunu görəndə sarısını uddu. Sarıya bir şey olduğunu fikirləşib, ağlına yüz şey gətirdi. Gözünü atasına dikib nicatını ondan gözlədi.

- Osman müəllim səni danlatmaq istəyirdi. Aparıb Ceyrançölün it damına saldırsaydı, böyüklərin əl buyruqçusu dayın yel Alıpaşanın da sözünün yeli keçməyəcəkdi. Yalvar-yapışla qoymamışam. Uşaq az-maz özünə gəlib. Bu çoban dədənin əppəyi ovsanata keçib. Ona bir şey olsaydı xirtəyin əlimdən qurtarmayacaqdı. Səni aparıb erməni Duraxanın canına qurd düşüb, quduzlaşdırmış itinə yedizdirəcəydim. Heç bu pəhlivan qağan da dilinin gödəkliyindən çomağıyla qabağımı kəsməyəcəkdi.

Dursunun sözləri ata, oğul üçün muştuluğa bərabər oldu. Birinin ürəyindən yara tikan, o birisinkindən yaş çıxardı.

Dursun ayaq eşiyə qoyanda baş çobanına tapşırığını verdi.

- Mənimkilərdən bir əmlik toğlu seç, aparıb uşağa qurban kəsəcəyəm.

Uşağı da bəladan qurtarmış ata sinəsini qabağa verdi...

- Özümünkülərdən bir qoç verəcəyəm. Görüm Allah sənə, xalis nəslin balasına heç danlıq göstərməsin. Elə bil məni dağların yüz yalquzağının ağzından qurtardın.

 

***

Sarı yaxşılaşmışdı. İt ağzından qurtara bilmişdi. Bənövşəsi Sarıdan Kamalın ağzından qurtarıb, qurtarmadığı barədə fikirləşirdi. Ata-anası Ceyrançölə yır-yığışa hazırlaşırdı. Sarı onlardan bir gün möhlət almağı bacardı.

- Qazançı dərəsinin bulaqlarından su içmək istəyirəm. Qızdırmalı günlərimdə elə hey dodaqlarımı onlara doğru uzadırdım.

Səhəri özünü Lilparlı bulağın üstə verib Bənövşəsinin yolunu gözlədi. Onun çöllərdən toplayıb baxışlarıyla göndərdiyi səfa ətri Sarıya yetişə, ona ayağa qaldıra bilmişdi.

O, bulağa yetişəndə Qazançı buludları Arançının başı üstünü alıb yağışını başlatdı. Sarı canlı ağaclardan birini başına çətir kimi tutmaq istəmədi. Meşəsindən ayrı düşmüş (bulaq başında oturacağa çevrilib, insanlığa xidmətini davam etdirmiş) kötüyün üstə oturub könüllü şəkildə ilıq yay yağışında islanmaq istəyirdi. Beləcə Bənövşə ətri duya-duya Bənövşəsinin yolunu gözləməyə başladı. Ona elə gəlirdi ki, həmin yağışı ağrılarından qurtarıb sevimli oylağına yol aça bildiyinə görə təbiət onun şərəfinə yağdırır. Həmin leysanın telləri Zəkiyə Sarının onu gözlədiyini xəbər verəcək. Yoluna səpilən su aydınlığı onu Lilparlı bulağın üstə gətirəcək. O yetişənə qədər, həmin yağış Sarının canından bütün ağırlıqları uğurluqlarını da yuyub aparacaq. Onları hiss elədikcə özündən qeyri-ixtiyar Kamalı xatırlayır, onun üstə qırqırtdığı köpəyin deyil, həmin oğlanın məhəbbətinə qıcanan dişlərinin şıqqıltısını eşidirdi. Həmin leysan Kamalın Zəkiyəyə sarı baxışlarını da sellərinin ağzında yuyub aparacaqdı.

Axır ki, ətrafa səsini-sədasını salmış yağışın son damcıları, bir yay yağışı nəğməsinin son nidalarına çevrildi. Ətrafın şaqqıltısı, Kamalın dişlərin kibarı kəsildi. Qazançı səmtindən göy qurşağı doğulmağa başladı. Və təbiətdə həmin gün Sarı adlı bir yeniyetmə balasının ilk məhəbbətini öz göy qurşağı ilə mükafatlandırdı. Arançının bir talasındın Sarıya doğru Bənövşəsi gəlməyə başlayırdı. Başında çöl çiçəklərindən bir çələng vardı. Həmin çələng özü də çiçəklərin göy qurşağına bənzəyirdi. Və təbiətdə həmin an bir yeniyetmə qız balasının başına ilk məhəbbətinin göy qurşağı tacını qoymuşdu. Həmin an, həmin mənzərə ömürlük olaraq Sarının canına və qanına hopdu. Onun ilk məhəbbətinin ancaqancaq varlığı ilə çıxa biləcək mənzərəsinə çevrildi.

...Son sinifi Sarı özü Arançıya doğru baxa-baxa bitirməli oldu. Arançı da borclu qalmayıb ona bənövşə ətrindən göndərdi. Həmin il Ceyrançölün hər yanından Sarıya bənövşə, yəni ilk məhəbbət qoxusu gəldi.

 

***

Əvvəl ata-anası sonralar onun Arançı yolunu kəsdi. Amma ona doğru axıb-gələn bənövşə ətrinin qarşısını ala bilmədilər.

Sonra heç Arançıdan xəbəri olmayan tələbə yoldaşı bir qız ilk məhəbbət yolu üstə bəsit göy qurşağını xatırladan, alabəzək şalbana çevrildi oğlanın saqqızını oğurlaya bildi. Ata-anası da professor qızının Sarıya vurulduğundan xəbər tutdu.

- Bu qız sənin həm bəxt ulduzun, həm alimlik diplomun olacaq...

Həmin qız Sarı adlı öz ilk məhəbbətini ondan qaynaqlanan bənövşə ətrini itirmiş bir cavanın ancaq ancaq alimlik diplomu oldu.

Böyük şəhərdə arvadından gizli üzü Arançıya qəribsəmiş günlər yaşadı. Şəhər havasında nəhayət boğulduğunu hiss eləyəndə yola çıxdı. Onun ildə bir dəfə Arançı səfəri başladı. Ora öz göy qurşağı ilə görüşmək arzusuyla getdi. Həm şəhərdə qoyub gəldiyi özünü seyr etmək niyyətiylə.

Ordan bənövşə ətri gətirmək istədi.

Böyründəki görünməz balışa doldurub, bir illik dadına çatacaq tlk məhəbbətiin bənövşə kimi doya biləcəyi bənövşə ləçəklərini.

Quşların səsindən tədarükünü görməyə çalışırdı. Onları da oksigen balışına yox, Dursunun düzəltdiyi soyuq fışqırığının içinə yerləşdirməyə çalışırdı.

Şəhərdəki evinə gizlicə fit çala-çala (Lilparlı bulaq ətrafındakı quşları yamsalamaq istəyiylə) günahkar kimi girməyə başlayırdı.

 

Süsən yolu

 

Rauf Sultanoğlunun yeniyetmə ömrünün ən müqəddəs bir yolu var idi. O da Dideban qalası ətəyindən başlayıb, Ceyrançölün qırmızı kərpicdən tikilmiş bir evinin qarşısında sona çatırdı. hər il Rauf Sultanoğlu doğma Ceyrançölünə cəsus kimi girib, həmin yolu keçməli, üstəki Mərcan bulağında gözlərinə dupduru suyundan xeyli çırpdıqdan sonra bir az da içməli olurdu. ( hər dəfə Raufa elə gəlirdi ki, gözlərinə əlləriylə buz bulağın suyunu özü çırpmır, müqəddəs bir məhəbbəti soyutduğuna görə Mərcan çeşməsi onu şillələyir.)

...Rüfətlə Raufa, ata-ananın duz kimi yaladığı iki oğul balasına taleləri qayğısız uşaqlıq bəxş etmişdi.

Ceyrançöl ticarətinin rəhbəri ataları həkim, anaları onların ata-ana sahillərinə dönüb övladlarını murazlarına çatdırmağı qarşılarına boyunlarının borcu kimi qoymuşdu. Keyflərinin günaşağı çağlarında balalarının arzularından da hal-əhval tutub, onları ürəkləndirirdilər. Rüfət atası kimi iqtisadçı olmaq istəyirdi. Ən böyük arzusu da ən yaxşı bir maşınla Ceyrançöl məktəbi qabağından keçib vurulduğu prokuror qızını heyrətləndirmək idi.

Rauf jurnalist olmaq istəyirdi. Gizlicə şeirlər yazırdı. Həmin arzusuna da əfsanəvi qanadlı at belində yollanmağı arzulayırdı.

Amma günlərini onlar üçün kösövdən qara birində onların övladlarına sahib olaraq istəklərini söndürən tapıldı. Atalarının anasını işdən çıxardığı bir cavan bıçağını içdiyi araqla bütövləyib onların evinə soxulmuşdu. Anası bəlkə ərinə qurban getmişdi. Gözü dönmüş oğlanla, gözü qorxmuş ərinin arasına girib əli bıçaqlının qəzəbini korşatmağa çalışmışdı.

- Ay Məmiş, əlindən xata çıxarma. Gün sabah anan Hürmələyi yerinə, mağazaya qaytaracaq.

- Sən yana dur, bir onun kişi sifətini görüm.

- Onda öldürürsən ikinizi ...

Arvadın sözü ikisinin həyatı bax beləcə kəsilmişdi. Ölümləri övladlarının birini maşından, o birini atdan salmalı olmuşdu.

Rüfət həmin faciəyə yanıb-yaxılan atasının dostlarının köməyiylə işə düzəlib qardaşını oxutmaq fikrinə düşmüşdü. bir-birlərinə qardaş andına bənzər ürək-dirəklərini vermişdilər. Rüfətinki Rauf üçün qanadlı ata bənzəmişdi.

- Səni özüm oxudub, gorlarını yanmağa qoymayacağam. Heç kəsdən əskikməyin başın, dolanışığın olacaq.

- Mən sənə arzuladığın maşının ən yaxşısını gətirəcəyəm.

...Həmin ilin payızında, hər il olduğu kimi məktəbliləri yenə pambıq yığmağa aparmışdılar (yeni katib bu il buraxılış siniflərinə güzəştə getməmişdi). Həmin il Rüfətgilin sinifinə Süsən adlı bir qız da gəlmişdi (tale ata-anasını əlindən alandan sonra sanki ona ilk məhəbbət ərmağan göndərmişdi).

...Onuncular növbəti pambıq yığımından dönürdü. Bu dəfə nədənsə onları rayon mərkəzinə aparmağa maşın göndərməmişdilər (bəlkə elə bundada ürəyi ata-ana Raufa görə taleyinin barmağı vardı).

Sinifin ən ürəkli cavanı Faiq sinəsini sözünü qabağa verəsi oldu.

- Bu gün-sabah məktəbi bitirib Ceyrançölün Aveyini, yeli ilə gül ləçəklərivari hərəmiz bir yerə dağılacağıq. Gəlin hərəmiz bir qız yoldaşınızla əl-ələşə, piyada yol alaq. Həmin cür yolumuzu kəsəliyəcək, Ceyrançölə necə satıldığımızı bilməyəcəyik.

Sonra da əlini özü kimi ucaboy Leylana tutdu (onsuz da sinif uşaqları bir-birinin gizli baxış yollarından xəbərdar idi).

Faiqin arxasınca Yaşarla Mirvari, Əhmədlə Sənəm, Zahidlə Pəri əl-ələşə verəsi oldu. Bircə Raufla Süsənin əl-ələşə verə biləcəyi hamısı üün müəmmalı qalmışdı. Və nəhayət, onlar da yola düzələsi oldu. Bir xeyli sonra hətta əl-ələ də verdilər ürəklərdən əllərə, ordan da dillərə ülvi atəşli tellər uzandı.

Ceyrançöl su idarəsinə atası müdir gələnə kimi Süsəngilin ailəsi Gəncədə yaşamışdı. Ceyrançöllə müqayisədə qız şəhərli sayılırdı. Böyründəki oğlanın yol boyunun ağacları kimi susacağını yəqinləyib körpünü özü saldı.

 

(ardı gələn sayımızda)

 

Ədalət.-2018.-23 fevral.-S.6.