QAX: ÜZÜ BAHARA DOĞRU

 

 (əvvəli ötən sayımızda)

 

Mənzil fondunun əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına 5 ədəd kommunal yaşayış binasında təmir işləri, Ü.Hacıbəyov küçəsində yerləşən 3 ədəd kommunal yaşayış binasının həyətindəki xeyir-şər binası əsaslı təmir olunmuşdur. S.Vurğun küçəsində yerləşən 4 ədəd kommunal yaşayış binasının həyətinə isə asfalt örtüyü salınmışdır.

Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhərdə 22 ədəd kommunal yaşayış binasının fasad hissələrində rəngləmə, bloklarında isə təmir işləri aparılmışdır. Heydər Əliyev prospektində 105 və 107 saylı kommunal yaşayış binalarının həyətlərində yerləşən köməkçi tikililərin dam örtükləri əsaslı təmir olunmuş, fasad divarları çay daşı ilə üzlənmişdir.

Hesabat dövründə Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında və poliklinika binasında, Ləkit kənd həkim məntəqəsinin 8 otağında təmir işləri aparılmış, İ.Dağıstanlının ev-muzeyinin dam örtüyü əsaslı təmir olunmuşdur. Həmçinin Rayon Uşaq Şahmat məktəbinin dam örtüyündə və otaqlarında əsaslı təmir işləri aparılmış, Qaxbaş kənd 1 nömrəli tam orta məktəbinin dam örtüyü əsaslı təmir olunmuşfasad hissəsi rənglənmişdir. Şəhər 3 nömrəli tam orta məktəbinin 5 sinif otağı təmir olunmuş, Fıstıqlı kənd əsas məktəbinin isə dam örtüyü əsaslı təmir olunmuşdur. Ağyazı kənd uşaq bağçasının dam örtüyündə və otaqlarında təmir işləri aparılmışdır. Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilmişdir. Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisində son tamamlama işləri aparılmışdır.

Hesabat ilində İlisu kəndində 3 ulduzlu otelin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının tikintisi işləri davam etdirilmiş, Qax Elektrik Şəbəkəsinin yeni inzibati binasının və Heydər Əliyev Fondu tərəfindən Tasmalı və Lələpaşa kəndlərində iki aztəminatlı ailəyə tikilən fərdi yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, İlisu kəndində 65 yerlik otelin, Ağçay kəndində isə "Bergs" otelində yeni korpusun tikintisinə başlanılmışdır. İl ərzində rayonda 45 ədəd fərdi yaşayış evi və 9 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 54 fərdi tikinti aparılmışdır. Kənd İnvestisiya layihəsi çərçivəsində hesabat ilində Ağçayİlisu kəndlərində abadlıq işləri aparılmışdır.

Yığıncaqda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı aidiyyəti dövlət qurumlarına bir sıra tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların rayonda icrası ilə bağlı geniş "Tədbirlər Planı" tərtib olunmuşdur. "Tədbirlər Planı"nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində 2017-ci ildə rayonda aqrar sahədə bir sıra işlər görülmüşdür.

Belə ki, 2017-ci ilin məhsulu üçün əkilmiş 13868 hektar payızlıq taxıl, o cümlədən 10795 hektar buğda, 3073 hektar arpa sahələrindən rayonun tarixində ilk dəfə rekord miqdarda - 43.2 min ton payızlıq dənlilər istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 6.8 min ton çoxdur. Təsərrüfat ilində aqrotexniki tədbirlərin aparılmasına daha ciddi yanaşıldığından payızlıq dənlilərin məhsuldarlığı ötən illə müqayisədə 3.0 sentner artaraq 31.2 sentner təşkil etmişdir. Hər hektardan 31.7 sentner buğda məhsulu, 29.4 sentner arpa məhsulu götürülmüşdür. 2018-ci ilin məhsulu üçün 10568 hektar sahədə buğda, 3189 hektar sahədə arpa məhsulu olmaqla cəmi 13757 hektar sahədə səpin işləri aparılmışdır. Hesabat ilində 1725 hektar qarğıdalı sahəsindən 9505 ton məhsul yığılmışdır.

Rayon üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişafına xüsusi diqqət verilməsi nəticəsində hesabat ilində 2016-cı illə müqayisədə tütün əkini 274.8 hektar artırılaraq 605.8 hektara çatdırılmış və sahələrdən 6573.4 ton yaşıl tütün yarpağı tədarük olunmuşdur. Həmçinin il ərzində 810.3 ton quru tütün yarpağı istehsal olunmuşdur ki, bu da 2016-cı ilə nisbətdə 2.5 dəfə çox olmuşdur. Tütün satışından daxil olmuş 1 milyon 300 min manata yaxın vəsait rayon əhalisinin sosial rifahının və yaşayış şəraitinin daha da yaxşılaşmasına təsir göstərəcəkdir.

Hesabat ilində əvvəlki illə müqayisədə 8.7 ton çox olmaqla 12.5 ton miqdarında yüksək keyfiyyətli barama istehsal olunmuşdur. İstehsal olunmuş baramaya görə barama istehsalçılarına 112.5 min manat vəsaitin ödənilməsi təmin olunmuşdur. Yaxın gələcəkdə barama istehsalı sahəsində daha uğurlu nəticələr əldə olunması üçün rayonun daxili imkanları hesabına yetişdirilmiş 119200 ədəd yerli tut toxmaçar və tinglərin, həmçinin Çin Xalq Respublikasından gətirilmiş 60 min ədəd yüksək məhsuldar tut tinglərinin əkini təmin olunmuşdur. Məlum olduğu kimi, ölkə başçısının 19 may 2017-ci il tarixli sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4.5 milyon manat ayrılmışdır. Hesabat ilində Damazlıq İpəkçilik Stansiyasının bərpası ilə bağlı işlərə başlanılmış, işlər hazırda davam etdirilir.

Ölkədə qeyri neft sektorunun inkişaf etdirilməsi, regionların təbii-iqlim şəraiti və istehsal ənənələri nəzərə alınmaqla ixrac yönümlü məhsul istehsalının artırılması məqsədilə dövlət başçısı tərəfindən verilmiş tapşırıq və tövsiyələrin icrası ilə əlaqədar hesabat ilində rayon ərazisində 1214 hektar sahədə yeni fındıq bağları salınmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq rayonda 2044 hektar ərazidə payızlıq dənlilər, paxlalılar və digər yem bitkiləri istehsalı üzrə ixtisaslaşan Aqroparkın yaradılması nəzərdə tutulmuşdur. Hesabat ilində Aqropark ərazisinin suvarma suyu ilə təmin olunması məqsədilə 4.5 km uzunluğunda 1200 mm-lik daşıyıcı su xətti çəkilmişdir. Aqroparkın Daşüz adlanan ərazisində 15 ədəd dairəvi suvarma sistemi quraşdırılmışdır. Yeni salınacaq meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması işləri hazırda davam etdirilir. Aqroparkın maddi-texniki bazasının yaradılması məqsədi ilə 23 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası alınmışdır. Aqropark ərazisində 6 ədəd yataqxana, 2 ədəd yeməkxana və 2 ədəd ofis binası quraşdırılmış, 4 ədəd anbar binasının tikintisi başa çatdırılmış, 1 ədəd tərəzi quraşdırılmış və idarəetmə mərkəzinin bünövrəsi qoyulmuşdur. Yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılmış, texnikaların saxlanılması üçün 1 ədəd maşın parkı tikilmiş, digərinin isə tikintisi davam etdirilmişdir. Rayonun Şıxlar kəndi ərazisində yerləşən paylayıcı yarımstansiyadan Aqropark ərazisinə 16 km uzunluğunda yüksək gərginlikli elektrik xəttinin çəkilişi davam etdirilmişdir.

Aqropark ərazisində 2017-ci ilin məhsulu üçün buğda əkini aparılmış 244 hektar sahədən 922 ton, 43 hektar günəbaxan sahəsindən 82 ton, 33 hektar dən qarğıdalı sahəsindən 132 ton, 50 hektar soya sahəsindən isə 71,7 ton məhsul istehsal olunmuşdur. 2018-ci ilin məhsulu üçün 200 hektar sahədə arpa, 1353 hektar sahədə buğda səpini və 100 hektar sahədə don şumu aparılmışdır. Aqropark ərazisində əkilməsi üçün yüksək məhsuldarlıqlı 45190 ədəd müxtəlif növ meyvə tingləri gətirilmişdir.

Hesabat ilində rayon ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 228.02 min m3 həcmdə lildən təmizləmə, 1478 m3 beton kanallarda və 11 ədəd hidropostlarda, 14 ədəd hidroqurğuda təmir işləri aparılmışdır.

Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 792.4 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 1492 m3 qabyon, 4022 m3 daş-beton və 88.3 m3 beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri aparılmışdır.

"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq hesabat ilində rayonun Qaradolaq kəndində 2 ədəd olmaqla, Almalı, Zəyəm, Lələpaşa və İngiloy-Kötüklü kəndlərində ümumilikdə 6 ədəd subartezian quyusu qazılmışdır.

 

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ

 

Ədalət.-2018.-23 feval.-S.4.