"BƏSİMİZDİ AY İŞIĞI"

 

Ramiz İsmayılın yeni kitabı belə adlanır

 

 

Onunla şəxsi tanışlığımın yaşı o qədər böyük deyil. Amma imzasını bir xeyli öncədən tanımışam. Bizim tanışlığımızın səbəbkarı isə dəyərli ziyalımız, gözəl şair-publisist İsmayıl İmanzadə olub. Bu gün Mingəçevirdə yaşayıb yaradan bölgənin ədəbi mühitinə rəhbərlik edən İsmayıl müəllim günlərin birində redaksiyamıza təşrif gətirmişdi. onunla birlikdə gəlmiş, bu gün barəsində, daha doğrusu, yeni kitabı barəsində fikirlərini diktə etdiyim Ramiz müəllimi özü ilə birlikdə gətirmişdi.

Bax, beləcə tanış olmuşuq Ramiz müəllimlə. Sözə sayğı diqqətlə yanaşan, sözün laylarını görməyi bacaran Ramiz İsmayıl bu günlərdə içdən gələn bir aftoqrafla özünün "Bəsimizdi ay işığı" adlı kitabını mənə bağışladı. Kitabdakı şeirlərin bəziləri qəzetimizin oxucularına tanışdı, yəni "Ədalət"də çap olunubdu. Bütövlükdə isə İsmayıl İmanzadənin redaktoruluğu ilə işıq üzü görmüş kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. bu şeirlərin hər birində müəllifin ovqatı, daha doğrusu, o şeirlərin yazıldığı anda kökləndiyi duyğular öz əksini tapıb. Məsələn:

 

Necə astar istəyim ki,

Fələk mənə üz vermədi?!

Çəkib ağır imtahana

Sualları düz vermədi.

Yönümü kol-kosa saldı

Dərdə doğru qisas aldı.

Bəlkə məndən qisas aldı?!

Yoxuş verdi, düz vermədi.

 

cür desən cövr elədi

Cövrünü hər tövr elədi.

Yaralarım qövr elədi

Bağlamağa buz vermədi.

 

Mən Ramizəm, küsmürəm ki,

Ümidimi üzmürəm ki?!

Bircə ona dözmürəm ki,

Çörəyimə duz vermədi!

 

Bu şeiri oxuduqca xalqdan gələn deyimlərin hər biri yaddaşımda təzələnir - istər üz-astar məsələsi, istər yaraların qövr eləməsi. yaxud da çörəyin (bəzi yerlərdə əlimin duzu yoxdu deyirlər - Ə.M.) duzsuz olması sairə ayrı-ayrılıqda özündə ifadə etdiyi mənaları şairin qələmində poetik fikrə çevrilibdi. bu özünəməxsusluq şeiri həm axıcı, həm oxunaqlı, həm düşündürücü edibdi. Kitabdakı şeirlərin demək olar ki, əksəriyyətində Ramiz İsmayıl folklorumuzda xalq deyimlərinə özünəməxsus yanaşmasını büruzə verib. Ona görə şeirləri oxuduqca adama elə gəlir ki, sanki bu misraları vaxtsa oxuyub, vaxtsa bu kitabla üz-üzə dayanıbdı. Zənnimcə, bax, bu cür düşünmənin özü göstərir ki, kitabın müəllifi istəyinə nail ola bilib. Elə ona görə oxucu kitabı qatlayıb bir kənara qoymur. Çünki:

 

Qayıtmışam doğma yurda

Güzarıma şükür, Allah!

Həsrət könlüm şəfa tapdı

Azarıma şükür, Allah!

El-obamla "alverim" var,

"Son qazanacım, son xeyrim var"

Bir qarış qəbir yerim var,

"Bazarıma" şükür, Allah!

 

Bir gözəlin göz yaşından,

Gül bitər sinə daşında.

Bu, "mənzilin" ağuşunda

Gülzarıma şükür, Allah!

 

Başdaşımı silən desin:

- "Bu Ramizdi" - bilən, desin.

Ziyarətə gələn desin:

Məzarıma şükür, Allah!

Adətən insanın həyatının elə anları olur ki, şükranlıq ona hakim kəsilir.

Bax, bu şeirdəki ovqat da Ramiz İsmayılın həmin o şükranlığının ifadəsidi.

Təbii ki, barəsində danışdığım kitabda yurd həsrəti, torpaq nisgili, məmləkətin qaçqın, köçkün acısı, eləcə də şairin özəl həyatının yaşantılarını ifadə edən şeirlər də, misralar da diqqət çəkir.

Mən bu kitabın əsas çəki yükü olan şeirlərdə Ramiz İsmayılın özünəməxsusluğunun şahidi oldum.

Elə o özünəməxsusluğun bir ifadəsi də kitabın adıdır. Şairin öz kitabına "Bəsimizid ay işığı" adını verməsi təkcə gözü toxluq yox, həm də öz şeirlərinin ay işığına bənzətməsi anlanımı da ortaya qoyur. Düşünürəm ki, bütün bunlar ədəbi ictimaiyyətə təqdim edilmiş kitabın uğurlu qarşılanacağına müəllif zəmanətidi. Şəxsən mən bir oxucu kimi Ramiz İsmayılın kitabından məmnun qaldım.

 

Ədalət.-2018.-23 fevral.-S.6.