UCALIQ

 

 (Ətraf Sərrafın - Allah aşiqinin şeirləri haqqında)

 

Qəşəm Nəcəfzadə

 

Demək olar ki, həftədə iki-üç dəfə görüşürük. Hər dəfə özü ayrılır məndən, namazın vaxtıdır, - deyir. Beşinci gün isə onun ibadət vaxtıdır, məscidə gedir, ona görə həmin gün heç görüşə bilmirik.

Göyçayda anadan olub. İxtisasca rus dili müəllimidir. İndiyə kimi bir neçə kitabı çap olunub. Heç vaxt bəziləri kimi özünü irəli verən deyil. Arxa oturacaqlar onun yeridir. Sakit təmkinlidir. Səsi şeirinin ritminə uyğundur.

İmzasını çoxdan tanıyırdım. Əslində götürəndə bir dövrün, bir nəslin yetirməsiyik. Daxilən yaxın olan adamlar şəxsən tanış olmasalar da, üzlərində o qədər tanış cizgilər var ki, baxan kimi o saat düşünürsən: mən bu adamı hardasa görmüşəm. Əslində görməmisən. Daxilən tanışlıq, ümumi bir dərdin qulu olmaq duyğusu insanları bir-biri ilə tanış edir baxırsan ki, sən uzun illərdir bu adamı tanıyırsanmış. Ətraf Sərraf mənim üçün belə insandır.

Görüşümüz poeziya gecəsində oldu. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda. Aparıcısı olduğum bir tədbirdə şeir oxumaq üçün ona söz verdim, ilk misradan, ilk səsdən bildim ki, mən Ətraf Sərrafı min illərdir tanıyırammış.

Əslində biz şeirə eyni yerdən gəlmişik, mən Qərbə o, Şərqə üz tutub.

Mən Şərqdən Qərbə gedirəm, o, qədim Şərqdən yeni Şərqə gedir. Nəticədə Allahın sözə nicat verdiyi yerdə axır ki, görüşdük. Onun da üzünə qapılar bağlanıb. Dünya qəmi onun da çiyinlərini aşağı basıb, qaşlarını xırda vergüllər kimi əyib. Yaxşı ki, qapılar bağlı olur, hərdən döymək üçün... Yaxşı ki, dünya qəmi onun çiyinlərini əyib, çünki dünya qəmi Allaha qovuşmaq eşqidir.

 

İntizarlı baxışlarnan

Bir ömür oxlanan qapı.

Zamanın sərt küləyiynən,

Döyülən, yoxlanan qapı.

 

Bu hikməti duydum mən -

Dünyaların sirri səndə.

Hər açılıb - örtüləndə,

Önündə ağlanan qapı.

 

Çox uzandı səfərim çox,

Bu üzündə kədərim çox,

O üzündən xəbərim yox,

Açıl, ay bağlanan qapı.

 

İlk baxışda bu qapı hər gün döymək istədiyimiz qapılardı. Alt qatda isə axirət qapısıdır. Bir sözlə, Ətraf Sərraf axirət adamdır, sözün qədim adamdır. Onun şeirlərində bağlı qapılardan söhbət getsə , üzünə bəzən qapılar bağlansa da, onun əlindən qapı bağlamaq gəlməz, ancaq qapıları açar. Ətraf Sərraf çox kövrək adamdır, Allah ona böyük təmkin, səbr verib, hər atılan daşın arxasınca getməz, kövrələndə səsi çıxmaz, sakit pıçıltı ilə şeir oxuyar. Onun ibadəti xarakterində, dünyasında bir səliqə sahman yaradıb. Baş verən hadisələrin içində çox rahatdı, bir çətin, düzəlməyən işə rast gələndə "Allah bilən məsləhətdir"-deyir. Aşağıdakı bəndə baxaq.

 

Dünyanı pəncərə bilib

Biz bir baxıb gedirik.

Gəlmişik, qala bilmərik,

Gəlmişik, çıxıb gedirik.

 

Min illərdi ölüm haqqında yazılıb, kimi deyir ölüm yerdəyişmədi, kimi deyir ölüm bir haldan başqa bir hala keçməkdi. Aşıq Alı deyirdi ki, "Ölüm haqdı, çıxmaq olmaz əmrdən" Amma onun - ölümün kiçik bir düsturunu da, yaradanın əmrinin icrasını şair qardaşımız belə yazıb. Gəlmişiksə, qala bilmərik, gəlmişiksə, çıxıb getməliyik. Bu haqdır. Burda mənə ən çox maraqlı gələn şairin "gəlmək" feilinin üzərinə "qalmaq" "getmək" fikirlərinin yerləşdirməklə ölümdə həyatın, həyatda ölümün olmasını oxuculara obrazlı şəkildə çatdırmasıdır.

 

Telefonum susub qalıb,

Qapımı da döyən yox.

Bu gün gərəksiz olmuşam,

Sən hardasan deyən yox.

 

Daha dözə bilmirəm,

Mənim elə səbrim hanı?

Dünya uçulur başıma,

Ölmüşəmsə qəbrim hanı?

 

Ətraf Sərrafın bütün şeirlərinin konteksdində fiziki dünya deyil, ruh dünyası dayanır. Əşyaların sadalanmasında, görünüşündə başqa mətləblər sərgilənir. Qapımı döyən yoxdur deyəndə söhbət heç şairin qapısını fiziki mənada döyəndən getmir, sirri-xudadan gedir, "bəlkə, bir günahım var" narahatlığından gedir. "Dünyanın yadından çıxmışam, yerimi bilən yoxdur" anlayışı dünyanı dərk eləmək cəhdidir. "Mən sağamsa, bəs niyə qapım döyülmür, niyə bir kimsə məni axtarmır, ölmüşəmsə, bəs qəbrim hanı" çırpıntısı onu göstərir ki, şair sirli göylərin tərpənişini gözləyir. Haqq dünyasına köçmək üçün can qapısının döyülməyinin intizarındadır.

 

Döyülürəm axşam-sabah,

Açılmayan qapı kimi.

Mən ömrümü yaşayıram,

Dünyanın əzabı kimi.

Kimsəyə çatmaz harayım,

Kimsə eşitməz ahımı.

Bir ayrılıq döyür məni,

Çırpır məndən günahımı...

 

Bəs, görəsən, dünyanın əzabı nədir? Dünyanın əzabı insanın haqdan qopub dünya adlı bir tələyə düşməsidir. Dünya evi Allahdan müvəqqəti ayrılıq yeridir. Aşiq isə qopub gəldiyi yerə tez qayıtmaq istəyir, ruhən haqdan-həqiqətdən ayrılmır, dua eləyir, gecə- gündüz ibadət imkanından qalmır.

Aşiq Allah-təaladan müvəqqəti ayrılıb deyə (doğulub), fiziki mənada ayrılıq küləyi onu döyür üstündən günahları çırpır. Çünki allah aşiqi həmişə yaradanın diqqətindədir.

Fikrimi bir daha təsdiqləmək üşün şairin "Yol" şeirini olduğu kimi deyirəm:

 

Demə bu yol elə yoldu,

Əvvəli, sonu bilinməz.

Gedər,

Uzanar gedər,

Gedər,

Uzunu bilinməz.

 

Burdan keçən hər var,

Zaman gözündən keçər.

Yolçusu olan İnsan,

Özü özündən keçər.

 

Atam, anam yolum olub,

Yol oldum balalarıma.

Gördüyümü belə gördüm,

Qul oldum balalarıma.

Məndən əvvəl, məndən sonra,

Bu yol elə həmən yoldu.

Bu yol Səndən gəlir , Allah,

Bu yol sənə gedən yoldu...

 

Demək, bütün ömür Allaha gedən yoldur. Özü şair deyir ki, "həmən yol"dur. "Həmən" sözünün sinonimində haqq dünyası yerləşir. Allaha aşiqlərin dilində "həmən" sözü müqəddəs, tez başa düşülən, ehtibar ehtiva edilən sözdür. Bəs niyə şair bir başa "həmən" sözünü işlədir? Çünki külli-kainat o yolu bilir, onun yenidən adının deyilməyinə ehtiyac yoxdur. "Həmən" sözü Sirri-Xudanın nişanlarından biridir.

 

Kədərim - özümün yüküm,

Göz yaşım - gözümün yükü.

Ağırdı sözümün yükü,

Yoza bilmir çox yozanım.

 

Ömürdən günlər tökülür,

Günəş qüruba çəkilir.

Dünya fani, bilən bilir,

Pozmaq olmur vaxt yazanı.

 

Gileylisən baxta bir az,

Küskün düşdün yoxsa bir az?

Dəli könlüm, toxta bir az,

Belə yazıb baxt yazanım.

 

Bu şeirdə Ətraf Sərraf öz ilahi eşqinə sadiqdir.

Ətraf Sərraf xalqın şairidir. O, şifahi xalq ədəbiyyatını, folkloru dərindən bilir. Ətraf Sərraf vətən şairidir, təbiət şairidir. Onun Qarabağla bağlı şeirləri, 20 yanvar faciəsinə həsr etdiyi eyni adda poeması xalqımızın mənəvi-psixoloji durumunu çox dəqiq ifadə edir. Qarabağa həsr etdiyi şeirlərdə şair gələcəyə ümidini itirmir.

Ətraf Sərraf klassik ədəbiyyatımızı daim təbliğ edir, xüsusən, Rəsul Rza ənənələrində öz şair ilhamını kökləyir.

İnsanlara məhəbbət, bir sözlə, o böyük Allahın yaratdıqlarına sonsuz sevgi Ətraf Sərrafın bütün şeirlərinin baş mövzusudur.

Şair şeirlərinin birində deyir ki, bütün ömrümü balalarıma, dostlarıma, şagirdlərimə, şeirlərimə payladım. İndi qocalığım gəlir:

 

Beləcə paylandı ömrüm - olanım

İndi salam,qocalığım,

özümə qalanım...

 

Ədalət.-2018.-23 fevral.-S.5.