AQİL ABBAS:
QİYAMƏT GECƏSİ - IX (DAVAMI)
(Povest)
əvvəli
- Mən
nə təhər yatım? İndi bu qiyamətdə
uşaq necə gedəcək Bakıya? Qudurub
sənin bu balaca oğlun.
Bu da bir az əvvəl analarının "bəs indi
uşaqlar harda oxuyacaq" dediyi yanmış məktəb. Həyət uşaqların hər qış həsrətlə
gözlədiyi, qartopu oynanılmaq üçün, gözəl-gözəl
qızlara atılmaq üçün ölən qarla doluydu,
amma nə qartopuya tutulmaqdan qorxan o gözəl qızlar
vardı, nə də o gözəl qızları qartopuna
tutacaq oğlanlar. Qartopuna tutulacaq o gözəl
qızlar ya qarıyıb evdə qalmışdılar, ya da bu
tufana tab gətirməyən çadırlarda
balalarını bu qiyamətdən qorumaq üçün
yığmışdılar kəfrəm yorğanın
altına. O gözəl qızları qartopuna tutacaq
oğlanlar isə ya müharibədə
qırılmışdılar, ya Moskvanın bazarlarında
çörəkpulu axtarırdılar, ya da kəfrəm
yorğanın altına yığılmış
balalarına baxmaqdan vərəmləyirdilər.
Dayanmışdı məktəbin qapıları
çıxarılmış darvazasının ağzında,
daha doğrusu dayanmadı, ayaqları özündən
asılı olmayaraq yerə mıxlandı. Bu məktəbin
sol tərəfdə ikinci mərtəbəsində bir sinif
vardı və O, ömrünün düz on ilini həmin
sinifdə keçirmişdi. Boyu gödək
olduğundan birinci partada otururdu, Səmaya adlı bir qızla.
Eynur ölürdü o qızdan ötrü.
... Qəbul otağında dörd-beş nəfər
vardı, biri də yaşlı qadın idi. O, içəri
girəndə qalxdılar ayağa. Başı ilə salam verdi və keçdi içəri, qəzetləri
tökdü stolun üstə və göz gəzdirə-gəzdirə
katibəni çağırdı:
- O
qadına deynən girsin içəri.
Qadın girdi içəri. O isə nəzərlərini qəzetdən
ayırmadan:
- Buyurun,
oturun, eşidirəm sizi.
Amma
qadın nə oturdu, nə də bir söz dedi.
Yenə
başını qaldırmadan:
- Buyurun,
ay bacı, dedim ki, eşidirəm sizi.
Sözünüzü deyin.
Yenə də qadından səs gəlmədi. Eynəyini
çıxarıb atdı stolun üstünə və
başını qaldırıb:
- Ay
bacı, dedim ki, oturun. Eşidirəm.
Qarşısında
gözləri çuxura düşmüş,
qaçqınlığı və kim səsizliyi
sir-sifətindən yağan, nimdaş, amma səliqəli
geyinmiş 50-55 yaşlarında bir qadın
dayanmışdı və əlində də nə isə
vardı.
Qadın yenə cavab vermədi, yaxınlaşdı
düz onun stoluna. Əlindəkini də açıb qoydu
stolun üstünə. İndi
gördü ki, bu ortadan cırılmış bir vinetkadı.
Eynəyini taxıb vinetkaya tərəf əyildi,
"Ağdam şəhər 2 nömrəli beynəlmiləl
məktəbin 1970-ci il buraxılışı",
ortada da rəhmətlik Əli müəllimin əzəmətli
şəkli.
- Aqil...
..."Aqil"
sözünü o qədər ilıq dedi ki...
... Bax gör burda kimi tanıyırsan?
- Bu sizdə
hardandı?
- Hələ
bax sonra deyərəm.
-
Hamısını tanıyıram. Bax bu Raufdu.
Bu Eynurdu. Bu Gülşəndi.
Bu Səmayadı.
Bu Fəridədi. Bu Vidadidi. Bu mənəm...
- İndi tap görüm mən o qızlardan hansıyam?
Fəridə... yox, Fəridə uzunboylu idi. Gülşən... Gülşəni yaxşı xatırlayırdı,
həm də qonşuydular. Əntiqə də
deyildi. Keçən qış Əntiqənin
qızının toyunda olmuşdu, neçə ildən sonra
olsa da görüşmüşdülər. Elza... əşi,
Elza çox kök idi...
- Sən
kiminlə bir partada otururdun?
- Səmaya
ilə.
Allah sən
saxla, bu ki...
Qadın:
- Hə,
Səmayayam,- dedi və başını
onun sinəsinə qoyub hönkürdü,- Səmayayam da, səninlə
on il bir partada oturan Səmaya.
O da
özünü saxlaya bilməyib kövrəldi.
- Səhər-səhər
televizorda danışırdın. Bir qız sual verdi ey, soruşdu ki, heç Ağdamdakı
iki nömrəli məktəb yadına düşür, mənim
qızım idi. Sən də dedin, Ağdam qayıdanda
Bakıdakı evimi satıb o məktəbi özüm təzədən
tikdirəcəm. Çox qocalmışam?
Əslində day heç bundan artıq qocalmaq
mümkün deyildi.
- Yox, yox,
yaxşısan! Unamadım.
- Qorxma,
bilirəm, hamısı sənin yanına nədən
ötrüsə gəlir. Amma mən heç nədən
ötrü gəlməmişəm, elə səni görməyə
gəlmişəm. Televizorda dedilər ki,
bu gün sənin ad günündür. Mən də bu
venetkanı götürüb sənə hədiyyə gətirdim...
Dayanmışdı məktəbin qapıları
çıxarılmış darvazasının ağzında.
Bax bu
darvazanın ağzında Qaz Qubadın qardaşı Nizami
heç vaxt Onu sevməyəcək, heç Nizamini də sevməyəcək
o Cincilim Qızın üstündə Ona babat bir şillə
qoymuşdu. Düzdü, Balaca Qardaşı dostları ilə
gedib
Nizamini
evlərindən çıxarıb gətirmişdilər, bu
darvazanın qabağında dərs növbəsi dəyişilən
o gurhagur vaxtda, hamının gözü önündə o ki
var çırpmışdılar, O da Nizamini
qardaşıgilin əlindən güc-bəla ilə
almışdı, hətta qardaşına da bir şillə
vurmuşdu. Qardaşı da pərtolmuşdu və axşam
evdə demişdi:
- Bir də
məni uşaqların içində vursan, səni o Nizamidən
pis günə salaram. Duxun çatırdı
Nizamini vurardın da.
Bu söz də Ona bərk dəymişdi. Səhər
bütün sinif getmişdilər Qullar bağına,
hamının gözünün qabağında Nizami ilə təkbətək
dalaşmışdı və Nizamini döymüşdü.
Sonra da təzədən
öpüşüb-barışmışdılar və
hamısı bir yerdə qayıdıb gəlmişdilər
şəhərə, getmişdilər "Sanqam"a
baxmağa.
Dayanmışdı və ölmüş həyətin
ortasında böyük bir başdaşısız qəbirə
oxşayan, daş yığnağına çevrilmiş
ölmüş məktəbə baxırdı. Gün gələcəkdi
O,
televiziyada verdiyi vədə əməl edib Bakıdakı
evini satacaqdı və bu ölmüş məktəbi dirildəcəkdi,
əvvəl necə var elə də tikdirəcəkdi. Və onda daş yığnağını
müharibədə sağ qalmış sinif yoldaşları
ilə birlikdə öz əlləri ilə təmizləyəcəkdi
və bu daşları təmizləyəndə altından
"Şərəf lövhəsi" tapacaqdı. Və o "Şərəf lövhəsi"ndəki
bir şəklin gözlərindən biləcəkdi ki, bu elə
Onun şəklidi. Bax o "Şərəf lövhəsi"ni necə tapmışdısa, əl vurmadan bir
müharibə xatirəsi kimi eləcə də vuracaqdılar
əvvəlki yerinə, nəvələri də o "Şərəf
lövhəsi"nin qarşısında dayanıb
hamının yanında fors edəcəkdilər:
- Bax, o
bizim babamızın şəklidi.
Çox istəyəcəkdilər bu məktəbə
Onun adını versinlər, razı olmayacaqdı.
Onun xahişi ilə məktəbə müharibədə
şəhid olmuş Xosrovun adını verəcəkdilər
və bu həyətin ortasında da Xosrovun büstünü
qoyacaqdılar.
Amma indi qarşısında dayandığı, Qaz Qubadın
qardaşı Nizaminin o Cincilim Qızın üstündə
ona şillə vurduğu darvazaya belə bir lövhə
vuracaqdılar: "Yazıçı Aqil Abbas bu məktəbi
bitirib".
O günə
hələ vardı. Hələ bu gün idi.
Dayanmışdı, daha doğrusu,
mıxlanmışdı darvazanın ağzına, Nizaminin Onu
vurduğu yerə. İstədi keçsin içəri,
qardaşı qolundan dartdı:
- Hara, ə?
- Məktəbə.
- Gəl,
qaqa, gəl, gecikirik.
Amma O,
yerindən tərpənmədi, tərpənə bilmədi.
Bir ölmüş məktəbə baxdı, bir
ölmüş həyətə baxdı, ürəyi necə
sıxıldısa havası çatmadı, qorxduğu
öskürək yapışdı boğazından və az
qaldı çəkib içini çıxarsın,
ağzını geniş açıb bu donmuş havanı
ciyərlərinə çəkmək istədi, gücü
çatmadı, darvazanın ağzındakı neçə
ildi işığa həsrət qalmış İşıq
Dirəyinə söykəndi, yavaş-yavaş oturdu yerə,
rəngi o daş yığnağının altında qalan
"Şərəf lövhəsi"ndəki şəklin rəngi
kimi soldu.
Balaca
Qardaşı Onu qucaqlayıb qaldırmaq istədi,
ağırlaşmışdı, birtəhər qaldırsa da
saxlamağa gücü çatmadı və hər ikisi
yıxıldı, sürüyüb söykədi neçə
illərdi yanmayan İşıq Dirəyinə:
- Qaqa,
eşidirsən, qaqa? Nə oldu sənə?
O isə
heç nə eşitmirdi.
Bayaqdan bu zülmətə bələnmiş, sanki bir də
heç vaxt səhəri açılmayacaq bu
ölmüş şəhərin vaxtilə sevdiyi o Cincilim
Qızın yaşadığı bu kimsəsiz, bomboş
küçələrində sahibsiz it kimi ulaya-ulaya sülənən
çovğun elə bil küçələrdə sülənməkdən
yorulub şələ-küləsini
yığışdırıb soxuldu Onun beyninə və
qanına qarışıb axdı ürəyinə. Ürəyi
başladı bu çovğunla savaşa, amma Dilənçi
Uşağın nifrət dolu baxışlarının
yaraladığı və onsuz da ürəkliyini çoxdan
itirmiş ürəyi nə qədər edirdi çovğunu
içindən vurub çıxarda bilmirdi və get-gedə
heydən düşürdü.
Onu haylayıb-haylayıb yorulan və sonra ayıltmaq istəyi
ilə şillələyən qardaşını nə
görürdü, nə də o şillələri hiss eləyirdi.
- Qaqa, sənə
qurban olum, bəs yalvarmırdım ki, çıx get? Bəs
demirdim get? Niyə qulaq asmadın mənə?!-
Sonra bilə-bilə ki, onun harayını heç kim eşitməyəcək, amma baş verməyəcək
bir möcüzəyə ümidlə bağırdı, -
Ay camaat,
kömək eləyin! Allahı sevərsiz
kömək eləyin. Ay camaat...
Külək
onun bu harayını elə havadaca qapıb bircə anda şəhərə
yaysa da hayına hay verən olmadı. Neçə iliydi
haraylayıb-haraylayıb hayına heç kim
gəlmədiyindən ürəyi partlayıb
ölmüş bu şəhərin harayını eşidən
yoxuydu, onda ki ölmüş bir məktəbin darvazasında
ölməkdə olan qardaşını bağrına
basıb bağıran bu çarəsizi eşidən
tapılaydı.
Balaca Qardaş bağıra-bağıra və sonra
baş verməyəcək möcüzədən ümidini
tamamilə üzdü, Onun başını sinəsinə
sıxıb başladı zarımağa. Birdən
dayandı, yadına Rauf həkim düşdü.
Paltosunu çıxarıb bürmələdi qoydu
Onun
başı altına:
- Gözlə,
qaqa, gözlə! Bu dəqiqə gəlirəm!-
dedi və götürüldü Raufgilə.
Qapını təpiklə necə vurub açdısa-
lampa işığında nərd atan Raufla Eynur da diksindi, elə
lampanın işığı da.
- Həkim,
dur! Tez elə dur.
Rauf həkim
günlərin bir günündə gözlədiyi bir xəbərlə
Balaca Qardaşın onun yanına qaçacağını
çox gözəl bildiyindən bir həkim
soyuqqanlığı ilə soruşdu:
- Xala
keçindi?
- Anam yox,
həkim, Aqil ölür!
Rauf həkim
də, Eynur da dik qalxdılar və çaşqınlıqla
dilləndilər:
- Kim
ölür?
- Aqil
ölür, Aqil! Bizim Aqil dana!
Rauf həkim:
- Ə, nə boş-boş danışırsan, Aqil
burda nə gəzir?
Daha onlara cavab vermədi, əslində heç cavab verəcək
halı da yoxuydu, qapıdan çıxdı, Rauf həkim də,
Eynur da onun dalınca, nə paltolarını geydilər, nə
də papaqlarını qoydular. Balaca Qardaş qabaqda,
onlar da onun dalınca qara bata-bata yüyürürdülər.
O isə
ölmüş məktəbin ölmüş həyətinin
darvazasının ağzında Qaz Qubadın qardaşı
Nizaminin o Cincilim Qızın üstündə onu vurduğu
yerdə neçə illərdi işığa həsrət
qalmış İşıq Dirəyinin altında
ölürdü özüyçün- day nə bu
dünyanı donduran şaxta onun vecinəydi, nə də bu
dünyanın bashabasından, çəkiləsi
mümkün olmayan dərdləri çəkməkdən,
Dilənçi Uşağın nifrət dolu
baxışlarından çatdaq-çatdaq olmuş ürəyində
özünə isti yer tapıb kef eləyən
çovğun.
Dilənçi Uşaq da əlində bıçaq
gözləyirdi Əzrayıl öz işini görüb
qurtarsın və Əzrayıldan ona sədəqə payı
qalacaq ürəyi çıxarıb aparsın bazara. Və bu bədbəxt
Dilənçi Uşaq bilmirdi ki, içində dərddən-qəmdən
başqa heç nə olmayan və heç sahibinə
yaramayan bu ürəyin bazarda bir qara qəpiklik də qiyməti
yoxdu.
(ardı gələn
sayımızda)
Aqil ABBAS
Ədalət.-2018.-23 fevral.-S.5.