İstedadı olmayanlar qədər zəhlətökən
adamlar yoxdu...
Söz İlahi işarədir. Sözün
gücü var. Bir də söz sahibləri var. O söz sahibləri
ki, sözün dəyərini bilir, onun üzərində zərgər
dəqiqliyi ilə işləyir. Belə
söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq
bizim "söz” haqqında anlayışımıza yeni bir məna
gətirir. "Söz adamı” layihəsinin
növbəti qonağı Təranə Vahiddir.
̶ Xəlil Cibranın belə bir
fikri var: "İçimizdə söz dalğası qalxanda
da dərinliklərimiz sükut içində olur...” Söz adamının sükut içində söz
dalğası necə görünür?
̶
Müsahibələrimin birində demişəm, "Dünya
tanrıları”, "İnsanoğlu İsa”, "Asi ruhlar”,
"Peyğəmbər” romanlarını yazan, üstəlik,
aforizmləri ilə dünya ədəbiyyatını
işıqlandıran Xəlil Cibranla sanki ruh qohumluğum var.
Onun yaradıcılığını çox sevirəm. Adətən təbiətdə tufanlar,
fırtınalar sükutdan sonra baş verir. Ancaq yaradıcı insanlarda bu fərqlidi. Söz adamının içindəki
fırtınalar sükutdan əvvəl baş verir. Sükuta təslim olmaq yazmaqdı. Yazar üçün sükut həm də daxili
çarpışma, daxili monoloqdu.
̶ Əzbərlənmiş,
artıq yorucu olan ədəbi imzalar hər gün
qarşımıza çıxır. Qəzetdə, saytda,
televiziyada... Belə bir deyim də var: "İstedadlı
adamlara dəstək olun, istedadsızlar onsuz da özlərinə
bir yol tapacaqlar...” Buna münasibətiniz necədi?
̶
Əslində, ədəbiyyatın sərhədləri o qədər
genişdir ki, heç kim heç kimə
mane olmur. Kim nə istəyir yazsın, necə
istəyir yazsın, əsas odur ki, çalışıb
özünü ifadə eləsin. Mənim
fikrimcə, ədəbiyyat ruhdan qopan hissəciklərdi,
yaşantılardı. Ruhdan qopur, amma sən
onu necə cilalayacaqsan, hansı formada təqdim edəcəksən,
bax bu yaradıcılıqdı. Hər
gün gözə görünən imzaları və ya
gözə görünmək üçün dəridən-qabıqdan
çıxan imzalara baxıb sadəcə gülümsəyirəm.
Populyar olmaq istəyirlər, olsunlar. Mənim heç vaxt belə bir istəyim olmayıb.
Populyarlıq bir anlıqdır, gəlir və
gedir.
̶ Sanki bu bir növ
reklamdı. Kimin ətrafında daha
çox dostu varsa, onun "istedad”ından ağız dolusu
danışır. Ədəbi qruplaşma demək
olarmı buna?
̶ Ədəbiyyatda qruplaşmalar həmişə
olub. Bu
gün də belədi, sabah da elə
olacaq. Sosial şəbəkələrdə
kiminsə yazısının altından "möhtəşəm”,
"dahiyanə” yazmaqla kimsə dahi olmur, qardaşım.
Həvəs keçici hissdi. Ədəbiyyat tək karyeralı sənətdi,
gec-tez hər kəsin içində eqosu baş
qaldırır və qruplar dağılıb yerlə yeksan
olur. Onu da deyim ki, özünü
istedadlı hesab edən, amma istedadı olmayanlar qədər zəhlətökən
adamlar yoxdu. Nə yazıq ki, belələrinin
sayı çoxdu.
̶ Kitab təbliğatı necə
qurulmalıdır ki, kitab satışından müəlliflər
qazana bilsinlər? Hər hansı bir mexanizm
mövcuddurmu?
̶ Bu sahənin mütəxəssisləri illərdi
bu suala cavab axtarırlar. Mən də hansısa mexanizmdən
danışa bilməyəcəm. Amma
öz fikirlərimi deyə bilərəm. Əvvəlcə
bütün cəmiyyətdə kitaba qayıdış
olmalıdır. Qayıdış
üçün kitaba sevgi yaranmalıdır.
Televiziyalarda saatlarla vaxt alan qiybət
verilişlərinin yerinə 2-3 dəqiqəlik reklam
çarxları hazırlanmalıdır. Kitab
bazarında sağlam rəqabət olmalıdı. Nəşriyyatlar kitab evləri və müəlliflərlə
birgə işləməlidi. Bu
yaxınlarda metroda "Metroda oxu” layihəsini gördüm.
Xalq yazıçısı Anarın "Təhminə
və Zaur” kitabı yüksək zövqlə təqdim olunub.
Gün ərzində on minlərlə insanın
gözü bu kitaba sataşır. Əla
bir təbliğatdı. Belə layihələr
davamlı olmalıdır. Kitab təbliğ
olunmalıdır.
̶ Unutmaq, bağışlamaq, tərk
etmək... Bu sözlər arasında bir ortaq məxrəcə
gəlmək mümkündürmü?
̶ Mümkündü. Ən çətini
unutmaq, ən mümkünü bağışlamaq, ən
asanı tərk etməkdir. Bu sözlərin
ortaq məxrəci sevməkdi.
̶ "Mən toz dənəsiyəm”
hekayəsi IV Beynəlxalq Mahmud Kaşğari hekayə
müsabiqəsinin ölkə (Azərbaycan) üzrə
birinci, Türk dünyasında 4-cü yerə layiq
görüldü. Bu hekayənin
yazılma tarixi və səbəbi haqqında nə deyə
bilərsiniz?
̶ Qəribə adətim var, ürəyim istəyən
yazını yazanda belə heç vaxt çapına tələsmirəm. Yalan
olmasın, bu hekayə bir müddət əlyazma şəklində
hekayələrimin arasında dolaşdı. Oxuyurdum, baxırdım və bir kənara qoyurdum.
Həqiqəti deyəcəm, əsərlərin
qəbul müddətinin sonuncu günü hekayəmi
müsabiqəyə apardım. Hava
çox isti idi, üstəlik, həmin ünvanı da
çox çətinliklə tapdım. Arada
istədim ki, hekayəni vermədən geri dönüm. Yoluma nağıllardakı kimi nurani bir qoca
çıxıb axtardığım ünvanı uzaqdan mənə
göstərdi. Hansı səbəbdən
yazdığımı deyə bilməyəcəm. Yazdıqlarımı heç vaxt əvvəldən
planlaşdırmıram, süjet xətti cızmıram,
hansı mövzuda yazacağım belə yazının əvvəlindən
sonuna qədər sirri-xuda olur. Əksər
hekayələrimi birnəfəsə yazmışam. Bu yaxşıdı, pisdi, deyə bilmərəm,
amma mənim yazı üsulum belədi. Vladimir Nabokov
yazı prosesi barədə belə deyirdi:
"Romanlarımın ideyası gözlənilmədən
doğulur. Bir dəqiqənin içində.
Qələmi alıram əlimə, hər şey
başlayır vərəqə axmağa...”.
Özümü Nabokovla müqayisə eləmirəm ha, həddimizi
bilirik... (gülür).Bu hekayə mənə
uğur gətirdi. Avrasiya Yazarlar Birliyi
2016-cı ilin dekabrında məni Almatıya ̶
Kaşğari mükafatının təqdimatına dəvət
eləsə də, təəssüf ki, gedə bilmədim.
Ötən il 12-14 sentyabr tarixində
Avrasiya Yazarlar Birliyi Qazaxıstanın Türküstan şəhərində
"VIII Türk dünyası ədəbiyyat dərgiləri
konqresi” keçirirdi. O konqresdə "Ulduz” jurnalını təmsil
edirdim. Bu mükafatı təkrar o torpaqda ̶
Türk dünyasının hikmət xəzinəsi sayılan
Xoca Əhməd Yəsəvinin vətənində ̶
Türküstanda mənə təqdim edəndə qəribə
duyğular yaşadım.
̶ Müsahibələrinizin birində
qeyd etmisiniz ki, ümidsiz anlarımda söz məni xilas edir. Sözün həyatınızda rolu bu qədərmi
böyükdür?
̶ Mənim dünyam sözdən ibarətdi. Bu dünyada hər
sözün öz rəngi, öz ətri, öz çəkisi,
öz yeri var. "Avesta”ya görə "hər şeydə
ruh var”. Sözün də ruhu var. Bir
sözə sığınıb illərlə yaşamaq olar,
bir sözə güvənib dünyanın o başına getmək
olar, bir sözlə intiharı seçən adamı saxlamaq
olar. Sözü sevmək, əslində, ədəbiyyatı
sevməkdi.
̶ Həmişə
oxumaq istədiyiniz və axtardığınız əbədi
mövzular...
̶
Ədəbiyyatın üç əbədi mövzusu var: məhəbbət,
ölüm və pul ̶ bu sözləri Qorki deyirdi. Bütün əsərlər bu mövzulardan
qaynaqlanır. Hansı mövzu olursa-olsun, əsas
odur ki, istedadla yazılsın, ruhu qidalandırsın, heyrətləndirsin,
düşündürsün.
̶ Yazmaq istədiyiniz, amma hələ
yaza bilmədikləriniz haqqında nə deyə bilərsiniz?
̶
Yazmaq istədiyim o qədər mövzular var ki… Hərdən düşünürəm ki,
dünyada eynən bir-birini təkrar edən iki yarpaq yoxdusa,
eynən bir-birini təkrarlayan yazı da yoxdu. Heç kim sənin yazmaq istədiyini yaza bilməyəcək,
sən də eynən başqasının
yazdığını onun istədiyi kimi tamamlaya bilməyəcəksən.
Özümə və başqalarına tövsiyəm: yazmaq,
həm də çox yazmaq lazımdı. Kimsə
səni oxuyacaq, ya oxumayacaq, bunu düşünmədən
ürəyinin səsinə qulaq asıb yazmalısan.
̶ Müasir dövr Azərbaycan
ədəbiyyatında kimləri oxuyursunuz?
̶ Dədə
Qorquddan bugünəcən ədəbiyyatımız adına nə yazılıbsa,
hamısını oxumağa çalışıram. İstər klassika olsun, istərsə də
müasir əsərlər. Öz ədəbiyyatımızı
sevirəm. Çünki bu ədəbiyyat
bizim ruhumuzun daşıyıcısıdır. Hər kəs ədəbiyyat dünyamızın bir
kərpicini daşıyır, hər kəs
bacardığını yazır. Oxuduğum
kitablar çoxdu. Elə kitablar var ki, bu gün oxuyuram, sabah unuduram. Unuduramsa, demək, o
kitablar yaddaşımda iz salmayıb, ruhuma toxunmayıb.
Son illər ədəbiyyatımızda Xalq
yazıçısı Anarın Nazim Hikmətin həyat və
yaradıcılığından bəhs edən "Kərəm
kimi…” romanı, Əli Əmirlinin "Ağdamda nəyim
qaldı?” avtobioqrafik romanı, Nəriman Əbdürrəhmanlının
"Qurban” roman-xronikası, Aydın Talıbzadənin
"Əbuhübb” romanı mənə görə son illərin
ən uğurlu əsərlərindəndir. Çox
güman ki, başqa uğurlu əsərlər də var, ancaq
mən oxuduğum əsərlərdən danışdım.
Gənclərimiz arasında da istedadlı
yazarlar var. Və düşünürəm ki, ədəbiyyatmız
yeni bir mərhələdə, yeni bir ərəfədədir.
̶
Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...
̶
Migel de Servantesin "Don Kixot”, Viktor Hüqonun
"Büq-Jarqal”, Taqorun bütün
yaradıcılığı, Lev Tolstoyun "Hacı Murad”,
Dostoyevskinin "Karamazov qardaşları”,Çexovun hekayələri,
Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə”, Markesin və
Folknerin əsərləri. Bu siyahını
çox uzada bilərəm. Miniatür yapon ədəbiyyatını
və təbii ki, Xəlil Cibranın əsərlərini
yaddan çıxarmamaqla…
̶ "Üç balığın nağılı” hekayəsində belə bir məqam var: "Biri vardı, biri yoxdu. Gecə-gündüz heyvan haqlarından danışan bir ailədə üç talesiz balıq yaşayırdı... Nağılınızın sonunda yazırsınız: "Göydən üç tilov düşdü. Tilovların ucunda üç ümid çırpınırdı...” Formal olaraq hansısa haqlardan danışanlar çoxdu, deyəsən...
̶ Bir məsəl var, "Başını yarıb, ətəyinə qoz tökmək”. Dünyanın lider dövlətləri gecələr şəhərləri bombaladıb səhəri gün viran qoyduqları yerə humanitar yardım göndərirlər. Suriya, Əfqanıstan, Fələstin, İraq... İnsan haqlarından danışıb insan haqlarını pozanlar, heyvan haqlarından danışıb heyvanları ovlayanlar... "Üç balığın nağılı” belə yarandı. Nə yazıq ki, üç balıq balasının taleyi dəyişməyəcək, insan haqlarından danışanlar sonda balıqları qızardıb yeyəcək.
̶ Ədəbi mükafatlara münasibətiniz...
̶ Bütün axtarışlar, tapıntılar, cəhdlər gec-tez ya Allah, ya da bəndələr tərəfindən qiymətləndirilir. Mükafatın başqa adı stimuldu. Yaradıcı adamların buna ehtiyacı var. Haqqı çatanlara nəsib olsun.
̶
Son olaraq "söz” haqqında sözünüz...
̶
Sözümüz kəsərdən düşməsin,
sözümüz utanmasın, sözümüz bitməsin...
Söhbətləşdi:
Tural Cəfərli
Ədalət 2018.- 24 fevral.- S.13.