Qaraqoyunlu dövləti: Qara
Yusif
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
Teymuri qoşunun
Azərbaycandan çıxarılması,
qaraqoyunluların Azərbaycanın
cənubunda möhkəmlənməsi
Qara Yusiflə Sultan Əhməd arasındakı
münasibətləri pozdu. Qara Yusifin
siyasi və hərbi uğurları
Sultan Əhmədi qorxuya
saldı. O, Qara Yusiflə olan şərtini pozdu. Sultan Əhməd Qara Yusifin üzərinə
hücuma keçməyə
fürsət axtarırdı.
Bu fürsət 1410-cu ilin yayında ələ düşdü. 1410-cu ilin
yayında Sultan Əhməd
Qara Yusifin əsas qüvvələrinin
Ərizcana hücum edən Ağqoyunlu tayfa birliyinin başçısı Qara
Yuluq Osmana və Amid qalasının
hakiminə qarşı
vuruşmasından istifadə
edərək, Təbrizə
hücuma keçdi və şəhəri tutdu. Şirvanşah I İbrahimin oğlu
Kəyumərs də ona kömək edirdi. Bu, təbii
idi. Çünki bu vaxt Cəlairilər zəif idilər, Şirvan üçün təhlükəli
deyildilər. Şirvan qoşunu
Sultan Əhmədi müdafiə
etməklə Azərbaycanın
cənub vilayətlərində
möhkəmlənə bilərdi.
Bundan xəbər tutan Qara Yusif Şirvan
qoşunundan əvvəl
Təbrizə çatdı.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan
adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı.
Bu döyüşdə Cəlairi qoşunu darmadağın edilir,
Sultan Əhməd döyüş
meydanından qaçıb
gizlənməyə çalışarkən
Qara Yusifin əlinə keçir.
Azərbaycanda və İraqda hakimiyyətdən
əl çəkməsi
haqqında ondan yazılı iltizam alınaraq ertəsi gün edam edilir.
Bununla da Cəlairilərin Azərbaycandakı hakimiyyətinə
son qoyulur. Qara Yusif
oğlu Qiyasəddin şah Məhəmmədi
Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı.
Şimalda yerləşən Şirvanşahlar dövləti
istisna olmaqla qalan Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın
şərq hissəsi,
Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı
oldu. 1411-ci ildə Qara Yusif özünü yox, oğlu Pirbudağı sultan elan etdi. Çünki dövrün ənənəsinə
görə yalnız şah, sultan nəslinə
mənsub olanlar qanuni hökmdar hesab olunurdular. Uzaqgörən Qara Yusif bunu yaxşı bildiyindən, Pirbudağı
sultan Əhmədə oğulluğa
vermişdi (həbsxanada
olarkən). Ancaq yüksək
idarəçilik hüququ
Qara Yusifdə qalırdı. Qara Yusif
dövrünün böyük
şəxsiyyəti idi.
O, qüvvətli süvari
ordu yaratmışdı,
özü Azərbaycanın
cənub vilayətlərini,
oğlanları isə
dövlətin qalan hissəsini idarə edirdilər.
II Şənbi Qazan
döyüşündə Şirvanşahların Sultan Əhmədə
kömək etməsi
Qara Yusifin Şirvana hücum etməsinə səbəb
oldu. Bu zaman Şirvanşah I İbrahim
gürcü hökmdarı
və şəkili Seyid Əhməd Orlatla ittifaq bağlamışdır. 1412-ci
ildə Kür çayı sahilində baş verən döyüşdə Şirvanşahların
başçılıq etdiyi
müttəfiqlərin birləşmiş
qoşunu Qara Yusifin qoşunları tərəfindən məğlub
edildi. Şirvanşah I İbrahim başda
olmaqla müttəfiqlər
əsir götürüldü.
Qara Yusif əsirləri özü ilə bərabər Təbrizə
gətirdi. Təbrizdə Qara Yusif əsir
Şirvanşah İbrahimlə
danışıqlar aparmağa
başladı. O, İbrahimdən
1200 İraq tüməni,
Şeyx Bəhluldan
200 tümən, qazı
Mövlana Zahirəddindən
100 tümən məbləğində
can bahası tələb
etdi. Bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına
gələrək əgər
Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə,
Şirvanşahın can bahasını
dərhal ödəməyə
hazır olduqlarını
bildirdilər. Qara Yusif buna razı
oldu və təbrizlilər Şirvanşahın
azad edilməsi üçün Qara Yusifin divanına 1200 tümən məbləğində
mal verdilər, əvəzində
isə Şeyx İbrahim həmin məbləği Şirvan
divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları
verdi. Bundan sonra Qara Yusif
Şirvanşah I İbrahimi
azad edir (digər əsirlər başda Şəki hakimi Seyid Əhməd
Orlat və gürcü hökmdarı
olmaqla hamısı edam edilir). Kür döyüşü
nəticəsində Şirvanşahlar
qaraqoyunlulardan asılılığı
qəbul edirlər.
Qaraqoyunlu dövlətinin ən güclü düşməni
Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük
ticarət əhəmiyyəti
olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi
Şahruxu qəti tədbirlərə əl
atmağa sövq etdi. Sultan Şahrux Azərbaycanı, İraqı
Qara Yusifin əlindən almaq və onu asılı
bir hökmdar halına salmaq məqsədi ilə
1420-ci il avqustun 25-də Heratdan 200 minlik ordu ilə
Azərbaycana yürüşə
başlayır. Sultan Şahruxun
qaraqoyunlularla döyüşdən
qabaq qələbə
naminə Quranın Fəth surəsini 12 min dəfə əsgərlərinə
oxutdurması faktı
onun Qara Yusifə necə təhlükəli, ciddi bir rəqib kimi baxdığını
təsdiq edir. Teymuri hökmdarı Şahruxla savaşa qərar verən Qara Yusif xəstə olmasına baxmayaraq, ordusunun Təbrizdə toplanmasına qərar verir. O, döyüşə
getməzdən öncə
oğlanlarına yazdığı
məktublarda teymuri ordusundan çəkiniləcək
bir şeyin olmadığını güstərir.
Şübhəsiz, teymurilərin hərb
üsullarını, döyüş
qaydalarını, qüvvətli
və zəif tərəflərini onun qədər bilən olmamışdır. Mənbələr Qara Yusifin müəyyən
hərbi-taktiki planlar
(yeni ordu tipi) hazırlaması haqda da xəbər verirlər. Qaraqoyunlu qoşunu Təbrizdən
cənubda Ucan şəhərinin şimal-qərbində
yerləşən Səidabad
kəndinə gələn
zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşır.
O, 1420-ci il noyabrın 13-də 65 yaşında
vəfat edir. Beləliklə, sultan Şahruxla gözlənilən döyüş
baş tutur. Qara Yusifin cəsədi Ərcişə aparılaraq
dəfn edilir. Qara Yusifin ölümündən
sonra Qaraqoyunlu dövləti zəiflədi.
Azərbaycan Qaraqoyunlu dövlətinin
qurucusu Qara Yusif dövrünün görkəmli sərkərdələrindən
və tanınmış
simalarından biri olmuşdur. Onun çox mükəmməl
sərkərdə olmasını,
igidliyini başda teymurilər olmaqla bütün düşmənləri
də etiraf etmişlər. Qara Yusifin
qələbələri artıq
bütün Şərqdə
"Azərbaycan qoşununun
tüğyanı" kimi
qiymətləndirilirdi. Qara Yusif ölkəsində quruculuq işlərinə
xüsusi diqqət yetirmiş, əhaliyə xoş münasibət göstərərək onları
daim diqqətdə saxlamışdır.
Qara Yusif güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini
bir qədər zəiflətdi, əyanları
hakimiyyətlə hesablaşmağa
məcbur etdi. Tariximizin ən mühüm mərhələlərindən
olan bu dövr
haqqında ümumilikdə
Qaraqoyunlu tayfalarının
Azərbaycanda baş vermiş siyasi mübarizədə iştirakı,
Qaraqoyunlu-Teymuri münasibətləri,
Qaraqoyunlu-Ağqoyunlu münasibətləri,
Qara Yusif və onun cəsur
ordu başçısı,
hökmdar kimi zaman tunelində yeri və rolu
barədə Zeynəddin
bin Həmdullah Qəzvininin
"Zeyl-e tarix-e qoz de" ("Seçilmiş
tarixə"ə əlavə),
Nizaməddin Şaminin
"Zəfərnamə" və Əbubəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"
adlı əsərlərində
geniş və qiymətli mənbədir.
Babək
ƏBÜLFƏTOĞLU
Ədalət 2018.- 27 fevral.- S.7.