İlk məhəbbətin üç göy qurşağı

 

Hekayə

 

Vaqif Nəsib

 

(əvvəli ötən saylarımızda)

 

- Hansı instituta gedəcəksən?

- Jurnalist olmaq istəyirəm.

- Mən də atam kimi mühəndis. Anam həkim olub, xalat geyməyimi istəyir.

Rauf həmin yolun bitməməsini arzulayırdı. Və yolboyu Süsəni siniflərində görəndən, gözlərinə baxa biləndən sonra, qızın boyuna biçilmiş hesab etdiyi bir mahnının zümzüməsinə başlamışdı:

Süsən, sünbül bitirmişəm.

- Ceyrançölün də gözəl yerləri varmış, elə bilirdim yurdumuz bir tək Göygöl səmtiylə tovuz quşuna bənzəyir.

- İstəyirsən asfalt yoldan çıxaq, sənə ətrafın mənzərəli yerlərini göstərim.

Süsənin razılığı, yollarını təbiətin süsənli, sünbüllü yerlərinə saldı. Rauf əvvəl onu Gilə bulağı üstə gətirdi. Və qızın bulağın duruluğuna heyrətini görüb, sözlərini çeşmə sularına döndərmək istədi.

- Duruluğuna görə elat bu çeşmənin adını Gilə qoyub, üstəlik əfsanəsini də yaradıb. Həmin çeşmənin suyunu sifətinə çarpanların gözlərinin duruluğu artır, eynən onunkuna bənzəyir.

Onlar həmin çeşmədə üz-gözlərini yudu. Raufun sözləri yenə qaynadı.

- Hələlik gözlərimizin durulmağına ehtiyacı yoxdur. Mən günahlarımı gözlərimi bulanlandıranda onun üstünə gələcəyəm.

İkinci dayanacaqları Ağköynək kəndi səmtindəki nəhəng dağdağan oldu.

- Bunu bütün Ceyrançöl ocaq ağac hesab eləyir. Bu həndəvərdə üstündə onun budağından bir parça olmayan bəndə tapa bilməzsən. Camaatımız illərdi bəd-nəzərdən bu ağacın hesabına qorunur.

- Onda ikimiz də onlara qoşulaq.

Sonra payızlıq taxıl zəmiləri boyunca cığırla Otuz-tayfa çayı sahilinə endilər. Özlərindən xəbərsiz hər ikisi səyahətləri boyu təbiətin ən təbii rənglərinə boyanırdı. Yollarını dupduru çayın gümüşünə çəkilmək gözləyirdi. Bu dəfə Süsən dillənməli oldu:

- Bəs bu çay Ceyrançöllüləri nədən qoruyur?

- Rəhmətlik Hüseynqulu babam deyirdi ki, paxır tutmuş qab-qacaqları qaleyləyib qoruyurlar. Adamların da paxırını bu çayın suları yuyub aparır. İldə bir dəfə yazın sonlarında adamlarımızın çoxu özünün qış ağırlığı, uğurluğunu yumaq üçün Oğuz çayının sularında paklığına çəkilir.

- Demək, paxır bağlasan, sən də özünü bura verəcəksən.

Sonra yağışa düşəsi oldular. Təkrar yolüstə çıxıb bir ağacaltdı daldalandılar. Rauf qıza ürək-dirək vermək istədi:

- Qamçıları iridi, tez kəsəcək bu yağış, beləsinə çoban aldadan deyirlər.

- Tez kəsib bizi aldatmasın.

Yağış Süsənin səsini eşidib, onları ağacaltdan çıxardı. Damlalardan bir-ikisi onun kipriklərinə qonub sevincinin parıltısına (əyyarına) çevrilmişdi. Həmin gün iki yeniyetmə öz ilk məhəbbətlərinin qəlblərinə əbədi həkk olacaq yolunun içinə düşmüşdü. Ətraflarındakı təbiət sanki onlar üçün süslənib tovuzquşu kimi cilvələnirdi. Və quşlar da teleqraf tellərinə qonub təbiətin yeniyetmələr üçün oxuduğu (yalnız onlara eşitdirə biləcəyi) nəğmənin canlı notlarına çevrilmək istəyirdi.

Yağış sonrası budəfəki göy qurşağını da bu dəfə dünya sanki bu iki yeniyetmənin ilk məhəbbətinə həsr eləmək istəmişdi. Və həmin göy qurşağının rəngi özünə qədərkilərdən parlaq və əsrarəngiz idi. Həm də həmin çələng yol aldıqları Dideban qalası səmtindən başlayır, Ceyrançöldə enişini edirdi.

Göy qurşağı enən məkana qızın yaşadığı qırmızı kərpicdən tikilmiş evə çatdılar. Və səyahətləri sonuncu təbiətin yeddinci rənginə boyandılar. Hər ikisinin yanağına lalələrinkindən də al rəng qonmuşdu. Təbiət onları ilk məhəbbətin əsl rənginə çəkmişdi. Və bu rəngi dünyanın heç bir qarı, yağışı poza bilməməli idi.

...Faiqin dediyi kimi, Ceyrançölün həmin ilinin onuncuları da gül ləçəkləri kimi dağılası oldu. Süsən atasına çəkib, Gəncə Texnoloji Universitetinə, Rauf Bakı Dövlət Universitetinə (jurnalistiyə) qəbul oldu. Yay tətilində Ceyrançöldə görüşə bilib, yenidən ülvi yollarının içinə düşmək arzusuyla yaşadılar.

...Həmin gün Bakının Rauf qaldığı səmtində qarğalar qarıldaşırdı. Kirayədə qaldığı evin qonşuluğunda tənha yaşayan qoca kişi həmişəki yerini tutub (ümumi həyətin qarşısındakı oturacağını) payız günəşindən özünün qış ehtiyatı tutmağını davam etdiriridi. Bəlkə də qarğalar qədər üç yüz il yaşaya biləcəyindən əlini üzdüyündən onların qarıltısına deyinirdi.

- Bilmirəm gül kimi çölləri qoyub bu şəhərin zibilliklərinə niyə daraşıblar. Əlim-ayağım gürnəşib məni səfər atından salmasaydı, çoxdan özümü Muğangəncəliyə verib küründən balıq tutan, çölündən quş ovlayardım.

Qarğa qarıltısının artığı həmin gün Rauf ömrünün ikinci, ən qara xəbərini eşitdi. Onu qarğa burun yerliləri Mürşüd gətirmişdi.

- Bakıdan yoxlama gedib Rüfəti dolaşdırıb. Çox elə ürəyinə salma, heç kəsi ələ verməyib. Dostları maya qoyub buraxdıracaqlar.

Bu sözlər qarğa dimdikləri ilə Raufun gücünü-taqətini canından dənləyə bilmişdi. Əlini qaldırıb həmin qarğaları qarıltıları ilə bərabər uçurtmağa-qaçırtmağa taqəti qalmamışdı.

- Sənə bir ismarici var. Azərittifaqda Süleymanova xəbər verib, kömək istəməlisən. Süleymanov Ceyrançölün əvvəlki birinci katibi, atasının da dostu idi. Sədaqətini də Bakıdan atasının dəfninə gəlib, bir ovuc da olsa torpaq atmağıyla sübut etmişdi.

İş yerində Raufa Muxtar Süleymanovun evində qızdırma içində yandığını söylədilər. Qardaşının nicatı xatirinə onun evinə (əlbəttə, üzünə abır-həyanın görünməz ələyini tuta-tuta) yolunu salası oldu. Elə ömrünün-gününün yanğını da həmin səfəri sonrası başladı. Muxtar müəllim rəhbərliyi dövründəe vəzifə köhləninin yalmanında qalmış prokurora onu atlı, özünü piyada hiss eləmədən az qala amiranə ahənglə xahişini elədi.

- Rəhmətlik Soltanla Ceyrançölün bütün bulaqları başında özündə quzu kababı yemisən. Onun balasını türmə canavarlarının əlinə keçməsinə imkan verməməliyik. Kişiliyin özünün yazılmamış qanunları var. Elə elə ki, onun baxtının qarası atasının dostunun əliylə yazılmasın.

- İş Respublika prokurorunun nəzarətində idi. Uşaq da istintaqa kömək eləməyib günahı təkbaşına üzərinə götürür. Əlimdən gələn qədər kömək eləyərəm. Bu da onun əlini-qolunu açıb buraxmaq demək olmayacaq - işi yarıya qədər endirməyə çalışacağam.

Atası ilə kəsdiyi çörəkdən keçməyən prokuror Rüfətin cəzasını dörd ilə kimi endirə bildi. Bu da türməyə onun arxasınca dörd il çörək daşımaqdan ibarət olacaqdı. Və həmin müddətdə Rauf təhsilini başa vura biləcəkdi.

Raufun yaraşığı, qabiliyyəti xəstə Muxtar müəllimin başqa bir sahədə iştahlandıra bilmişdi. Əri avtomobil qəzasında həlak olmuş qızını belə bir oğlanla evləndirmək fikrinə düşmüşdü. Elə həmin gün onları görüşdürə bilmişdi.

- A Sünbül, bəs mənim qardaş oğluma sənin mürəbbəli çayın harda qaldı.

Sünbül çay süfrəsi açdığı zaman Raufla göz-gözə gələ bildi ki, bu da öz cəryani hesabı oğlanı diksindirə bildi. Qarşısındakı həsrətini çəkdiyi Süsənə bənzəyirdi (onun böyük bacısı ola bilməsi ehtimalı yaradırdı).

Qardaşının xilası səbəbiylə Raufun ayağı ilk dəfədən üzünə xoş baxıldığı ocağa ayağı açıldı. Bir müddət sonrasa Muxtar müəllimin ailə həyatı ilə yaxından tanış oldu: İlk evliliyi faciəli başa çatmış qızına Sünbülün atası namuslu bir namizəd axtarırdı. Həmin alamı oğulluğa keçirmək istəyirdi. Evi də, eşiyi də, maşını da qızın namizədinə peşkəş ediləcəkdi. Üstəlik Muxtar Süleymanov kürəkəninin əlinin çörəyə çatması qayğısına da qalacaqdı.

İlk vaxtlar, bir an belə Süsəni unuda bilməyən Rauf belə bir namizədin özü ola biləcəyini ağlına belə gətirmirdi. Amma qardaşının dörd illik cəza alması yavaş-yavaş onu həmin məqsədə doğru addımladırdı.

- Qardaşını Bakı türmələrinin birinə gətirdəcəyəm. Rəislərdən birinə tanışlıq tapıb, gözünün üstə olmasını tapşırtdıracağam. Yoxsa türmədən hər oğulun təmiz çıxması mümkün olmur. Üstəlik yaxınlığımızda olanda çörəyini, çayını apara bilərik.

Rüfən Süsənə bənzər dul qadını həbsdə olan qardaşına yaraşdırırdı. Amma Muxtar müəllimsə qızının böyründə türməyə düşmüş bir ticarətçini deyil, gələcəyi olan bir jurnalisti görmək istəyirdi. Öz səxavətini, mərhəmətini əsirgəməyib oğlanı məqsədinə yaxınlaşdırmağa çalışırdı. Axır ki, Raufu son təklifinə razılaşdırması həmin məsələdə dönüş yarada bildi.

- Daha qardaşından da kömək olmayacaq, kirayədə qalmağın çətinləşəcək...

- Gecə növbəsində iş axtarıram.

- Özünü üzməyin lazım deyil, elə iş səni Əli aşından da, Vəli aşından da eləyər, köç bizim evə. Sənə qardaşoğlu gözü ilə baxacağam.

Həyat, təhsilinə özünü qanadı, at üstə gəlmiş hesab eləyən oğlanı arzu köhlənindən çoxdan salmışdı. Atla "əlaqəsi" son günlər tez-tez aclıq çəkən oğlanın qarnının "kişnəməsi" olurdu. Və həmin kişnərtisi yaxın dostu Nicat da eşidə bilmişdi, eşitdirmişdi.

- Dahilərdən biri deyib ki, mən qüruru hesabı aclıq çəkənlərin yüyənindən çəkərdim.

Qarnının və həmin sözlərin kişnərtisi Raufun gözünü Gəncə səmtindən çəkdirdi. Sünbülə doğru çevirdi. Həm də ona Süsənin böyük bacısı kimi deyil, özü kimi nəzər saldırmağı bacardı.

Rauf Sünbül adlı bir qızın böyründə ona ikinci bəy həyatını yaşatmalı oldu. Həmin Sünbül türmədəki qardaşının, ehtiyac məngənəsindəki özün çörəyi üçün taxıl zəmisinə çevrilə bildi.

Toy sonrası qayınatası Raufa maşın hədiyyə etdi.

- Yayda səyahətə öz maşınınızla çıxarsınız.

Qardaşının maşın arzusunu bir an belə unutmayan Rauf onun sükanı arxasına keçmədi. Günlərin bir günü (qardaşı türmədən çıxan zaman) qayınatasının razılığı ilə həmin maşını Rüfətə bağışlamaq istəyirdi. Qızıyla yeni kürəkənini maşınla yola salmaq istəyən Muxtar müəllim isə tutarlı sözləriylə fikrindən döndərə bilmişdi:

- Biz maşınla getməsək yaxşı olar. Qorxuram ki, yeni bir faciə baş verə bilər...

İlk günlər Sünbülə meyl də sala bildi. Onu böyründə xeyli müddət Süsən kimi gördü. Amma ilk qadın təması hesabı yaranmış şirinlik yavaş-yavaş soğulmağa başladı. Hər gecə öz ilk məhəbbətinə xəyanət elədiyi içini güvə kimi yeməyə başladı. Əslində xoşbəxt ailə görkəmi yarada bilmişdilər. Kənardan baxanlar bunun xoşbəxtliyin özü deyil, görkəmi olduğunu heç cür sezə bilməzdi. Bircə Raufun özündən savayı. Və ona elə gəlirdi ki, belə ailə həyatının hər günü onun günahına çevrilir. Gözlərini bulandırmağa başlayır. Və nəhayət, gözlərinin durultmaq üçün yolunu Ceyrançölə salmağı qərarlaşdırdı. Məqsədi Dideban səmtinin bir uysam sonrası yeniyetmə dövrünün göy qurşağı cığırıyla səyahət etməkdi. Ən çoxsa ümidi Gilə bulağına idi. Raufa elə gəlirdi ki, həmin çeşmənin dupduru suları gözlərini yeniyetməlik dövründəkinə qaytarar (axı onun dönüklüyünə qəddar zaman səbəb olmuşdu. Özünün ən çətin bir yolayrıcı başına gətirib çıxarmışdf. İki yoldan birini seçməli olmuşdu. Ya Muxtar müəllimiq qapısını çırpıb üzünü Süsənə doğru çevirməli, ya da Rüfətin xətrinə Sünbülə doğru yol almalı idi. O, ikincini seçmişdi. Fədakar qardaşı üçün ilk məhəbbətini qurban vermişdi. Nəyə görə belə etdiyindən xəbər tutsaydı, bəlkə də Süsənin özü də ona bəraət qazandırardı. Süsəni onunkundan da parlaq bir məhəbbət gözləyə bilərdi. Nə etmişdisə Rauf özünə etmişdi. Öz ülvi məhəbbətini söndürüb, içində bir ocaq yeri qoymuşdu).

...Rüfət türmədən çıxdı. Həmin gün qardaşının görüşünə getmədi. Qapalı illəri onun bütün şuxluğunu alıb ədəbi baharından əbədi payızına döndərmişdi. Həmin görkəmdə qardaşına, onun ailəsinə görünmək istəmədi. Rüfətin Ceyrançölə qayıtdığından həftələr sonra xəbər tutdular. Bu dəfə uzunmüddətli yatağa düşmüş Muxtar müəllimin göstərəcəyi olu gözlədilər. Öz yolunu, çarpayısını məzarlığa sürməklə yekunlaşdırmağa hazırlaşan kişi Raufun evlilik fədakarlığını qızından mükəmməl başa düşdüyündən səxavətli qərarını səsləndirdi (Rauf nəhayət özünü zorlayıb qardaşına maşın bağışlamaq istəyini söyləyə bilmişdi).

- Külfətini də götür qardaşının görüşünə get...

Onun səsinə sanki qürub rəngi çəkilirdi. Sözlərini deyə-deyə kişi sanki vəsiyyət məşqi eləyirdi. Həm də qızı Sünbülün iştirakıyla. Dediklərinin madar balası üçün qanun olacağını başa düşürdü. Söylədiklərinə əməl elətdirməyə yalnız o, bacarardı. Qadınların əksəriyyəti kimi verən əli olmayan qızı da atasının səxavət selinin qabağını kəsməyə cəsarət eləməzdi.

- Süsəni də aparın, Sultanı da. Əmiləri qoy onları Xanlıqlarda Dilboz atlarına mindirsin. Uşaq murazlarına çatsınlar. Həm də əmi qayğısı görüb qohumcanlı böyüsünlər.

Sonra üzünü qızına tutmuşdu:

- Bu əmanət kitabçasını da sən ona ver, içindəki pulu Rüfətin adına qoymuşam. Ceyrançöldəki dost-tanışım, onun qardaşı üstə tutulduğunu mənə söyləyiblər. Gürcüstandan gətirilən qanunsuz malları satıb qazanmağa qardaşının təhsili üçün razılıq veribmiş. Həm də kişi kimi bir adamı özlərinə qoşub türməlik eləmədi. Həmin pulla özünə bir obyekt aça bilər.

Sonra qürub rəngli üz (onların rəngi elə hey sözlərinə də qarışırdı) Raufa tərəf çevrilmişdi.

- Sən də öz növbəndə maşının açarını ona verərsən...

Həmin sözlərə Sünbülün içindəyi həyat cərəyanını maşın sürəti kimi az qala söndürmüşdü. Amma səsini içinə salmalı olmuşdu. Həmin səs Ceyrançöl yolunda çıxmağa başlamışdı.

- Qağam da yaxşı ki, ev-eşiyimizi qardaşına bağışlamadı. Uşaqları məktəbə, bağçaya nəynən aparacağıq...

Son zamanlar tez-tez toqquşan baxışlar, bu dəfə də qılınca dönmüşdü. Raufun qılınc zərbəsi belə səslənməli olmuşdu:

- İstəsən verməyib maşınla qayıdarıq.

Qızın qılıncından avaz məğlubvari səslənmişdi.

- Atamın gözünə görünə bilmərəm.

...Rüfətə, ələ vermədiyi dostları məclis qurub əl tutmağa çalışmışdı. Əyin-başını düzəldib mərəkə içinə çıxmağa başlamışdı. Artıq, şəhərdən yan keçib gəldiyi qardaşı tərəfə də baxmağa başlamışdı. Yolunu şəhərə salıb onunla görüşməyə hazırlaşırdı. Hələliksə köhnə ticarətçi günü-günə satmaqla məşğul olurdu.

İnsanları həyatda bəlkə də boyatlaşmış arzuları qocaldır. Baharından, xəzanına köç etmiş Rüfət arzularını türmə həyatı boyu yaşıl yarpaqlar kimi soldurub yellərin ağzına vermişdi.

Rauf qardaşını görəndə işindən bir sim qırılan kimi oldu. Halbuki türmə görüşlərində özünü ta tutan, ona gülümsəyən Rüfətin qabağına bütün yarpaqlarını tökmüş ağac kii çıxacağını ağlına gətirməmişdi. Maşının açarını verərkən onun yarpaq bitirə biləcəyindən əlini üzdü. Və o da başa düşdü ki, qardaşının həmin arzusu boyatlar bayatına dönüb. Həmin maşınla Rüfət ilk məhəbbəti Nərgizin evləri önündən keçmək istəyirdi. O, həbsdə olarkən qız vağzalı havasıyla öz məhəbbət karvanını çəkib keçmişdi.

Əvvəl Sünbül əmanət kitabçasını verib Rüfətə atasının sözlərini söylədi:

- Atam Muxtarın atanız Sultana borcu varmış. Ölməmişdən verib yüngülləşmək istəyir.

Sonra qardaşı öz rolunun içinə yerləşməyə çalışdı:

- Bu maşın da mənim hədiyyəm, öz kitabımın puluyla almışam.

Rüfət qardaşı uşaqlarını Dilboz atlarına mindirdi. Bircə onların sevinci bu həndəvərin yaz çiçəkləri kimi təzətər oldu.

Raufun da, Rüfətin də içindən taleləri payız yelləri əsdirirdi...

 

***

Hər səyahətində Gilə bulağı Raufun gözlərini (ona elə gəldi) sillələdi. Yağış sonrası Didebandan Ceyrançölə bir yeni göy qurşağı uzantısı görmədi. Həyatı ona öz nəğməsini diqtə etdirdi:

 

Süsənimi itirmişəm,

Sünbülümü bitirmişəm...

 

Ədalət 2018.- 27 fevral.- S.6.