Çağırış
Arzu Əsədin
(Əsədov) kitabı barəsində düşüncələrim
(əvvəli ötən sayımızda)
İnsan təbii ki, bir nöqtədə dayanıb
durmur. Əgər dayanıb dursa, bu sükunət olar, bu fəaliyyətsizlik
olar. Amma insan onda dəyərli və
önəmli olur ki, o hərəkət edir. Özü də təkcə fiziki anlamda yox. Bu hərəkət ağılda da,
düşüncədə də, hətta ürək
çırpıntısında da özünü göstərə
bilir. Bax, onda məntiqin bir yozumu, bir ifadəsi
də çıxır ortaya. O da hərəkətin
istiqamətidir, yəni bu hərəkətin nəyə xidmət
etməsidir. Barəsində söz açdığım
kitabda da müəllif məhz bu incə məqama toxunur və
yazır ki:
Zaman bir
başqa zaman -
dünya
kürəsəlləşir,
İnsan
oğlu dayanmır,
yerlə,
göylə əlləşir.
Siyasətlər,
baxışlar,
şimşək kimi dəyişir,
Ağlım,
cəsarətimlə
ram et bu
şimşəkləri,
Ver, ver
bizə zəfəri!
Doğrudan da təbiətin hadisələri fonunda
dünyanın yeniləşməsi, insan oğlunun əvvəldə
söylədiyim kimi bir nöqtədə dayanmadan
çarpışması, vuruşması yeni iqtisadi-siyasi
uğurlara imza atması, elmin dərinliklərinə baş
vurması məhz sonda təbiəti də, cəmiyyəti də
idarə etmək imkanına gətirib çıxarır. Elə
şair də şimşəklərin idarə edilməsini,
ram olunmasını "ver" deyəndə, həm də
onu almaq üçün özünün bir vətəndaş
borcunu ortaya qoymağa hazır olduğunu da xatırladır.
Və vurğulayır ki:
Dünyanın
iki üzü -
ikili
standartlar!
Yolumuza
daş kimi
dikili
standartlar!
Neçə
ki, bu sevdası,
bu ruhu,
bu haqqı var,
Bu
xalqın əlindədi
bu
torpağın qədəri!
Ver, ver
bizə zəfəri!
Gördünüzmü,
necə poetik, məntiqi və bir az fəlsəfi
keçid oldu. Müəllif hardasa hamının hay-küylə,
bəzən də çəkinə-çəkinə
söylədiyini ruhu oxşayan bir şəkildə,
özü də bu ruh oxşaması qətiyyət
formasında dilə gətirilməklə vurğulayır ki,
dünyanın ikili standartlarının at oynatdığı
siyasi arenada bu xalqın haqqını tapdamaq, bu xalqın
öz torpağına olan səlahiyyətini, tələbatını,
ehtiyacını və qorumaq missiyasını əldən
almaq olmaz. Onu geri almaq və bunun üçün can vermək
hər kəsin borcudur. Bu həm də o deməkdir
ki, bunu geri almaq üçün əmr vermək, öndə
getmək və yol göstərmək məqamında şair
də, onun qələmi də, onun sözü də
sıradadır. Axı, bizim zaman-zaman sadəlöhvcəsinə
baxdığımız və sonda da
unutqanlığımıza çevrilən tarixi hadisələr
bizim baş bəlamız olubdu. Biz
qonşunu evə buraxmaqla insanlıq parametrlərinin ən həssas
nöqtələrini də bəzən o münasibətlərin
içərisində yaddan çıxarmışıq.
Hər kəsin nəyə və nə qədər
layiq olduğunu deməkdən abırlanmışıq, həya
etmişik. Nəticəsində də sadəlöhvlüyümüzün
qubanına, girovuna çevrilmişik. Ona görə də
müəllif yazır ki:
Biz
baş olduq, bilmədik,
ayaqlara
baş dedik,
Canımıza
qıyana
"can" dedik, "qardaş" dedik.
İnandıq,
parçalandıq,
sonra
dönüb kaş dedik
Etməyədi
bu qansız,
bu
amansız səhvləri,
Ver, ver
bizə zəfəri!
Görürsünüzmü, hər birimizin zaman-zaman
etiraf etdiyimiz KAŞlar necə də poetik təqdimatda
özünü ifadə edir. Axı, həmin o
KAŞların hər biri bizim ağlımızdan, ürəyimizdən
gəlib keçibdi. Ona görə də
itirdiklərimiz o KAŞların fonunda bizi daha çox
ağrıdır, daha çox göynədir.
Hanı o
qartalların
yurd
saldığı zirvələr,
Vürsət
qapdı tarixdən
yenə
namərd "kirvələr".
Fəryad
edir Qarabağ
Şuşa,
Laçın, Kəlbəcər
Yurdun
talan edilmiş
obaları, elləri
Ver, ver
bizə zəfəri!
Budur
dediyim o KAŞlardan doğub törəyən fəsadlar, budur
o laqeydliyimizin, sadəlöhvlüyümüzün və həm
də həmrəy ola bilməməyimizin
gerçək görüntüsü. Bir az
da dərinə getsək, onda bir də görəcəyik ki:
İndi
yenə qar yağır
Şuşanın
dağlarına,
Bu qar
yağmazmı ola
sinəmin dağlarına?!
Qaytar o
yerlərinə,
qaytar o
çağlarına,
Qubardan
çat-çat olmuş
ürəkləri, qəlbləri,
Ver, ver
bizə zəfəri!
Çünki burda dağ təkcə təbiətin əlçatmaz,
quşqonmaz ucalığı deyil. Burda dağ həm də
bizim ürəyimizi, varlığımızı öz
ağırlığı altında xıncalayan, yerlə-yeksan
edən ağrılardı, kədərdi, yurd həsrətdi,
torpaq nisgilidi. Onun ifadəsi bu sözlərdə
göyərir, işıq saçır, özünü
gözümüzə təpir.
Baxdıqca
bax dağ-dərə,
hər
tərəf sol-sağ dərə,
Əllərdə
girov Murov,
Cıdır
düzü, Ağdərə,
İndi
xatirələrdə,
ürəklərdə dağ, dərə;
Bir
QƏLƏBƏ həsrəti -
sinələrin göynəri!
Ver, ver
bizə zəfəri!
Yəqin ki, təkcə sadalanan, göstərilən yer
adları özü-özlüyündə oxucunun təkcə
yaddaşına, daha doğrusu, unutqan yaddaşına daş
atmır. Ona həm də ayağa qalxmağı, qələbə
naminə dağı, dərəni aşıb keçməyi,
özüylə birlikdə solu-sağı çəkib,
haylayıb aparmağı və QƏLƏBƏ
bayrağını Vaqifin gözlərinin yol çəkdiyi
bir ünvana sancmağı söyləyir, diqtə edir. Çünki söhbət namusumuzdan gedir.
Axı torpaq namusdu!
Dəydi
namusumuza
düşmənin pis əlləri,
Atıldı
qayalardan
Vaqifin
gözəlləri,
Oğlu,
qızı, qadını,
əcdadı, nəsilləri
"İntiqam"
- hayqırmada
bu
xalqın hər nəfəri!
Ver, ver
bizə zəfəri!
Bu
xalqın taleyində
hikmətə bax, sözə bax:
"Aləm
cənnətə dönsə,
yaddan
çıxmaz Qarabağ!"
And olsun
ki, düşmənin
cəhənnəmi olacaq
Vətənimin,
elimin
o cənnət
güşələri!
Ver, ver
bizə zəfəri!
Hə, bax, elə o cənnət guşələri
özümüzə qaytarmaq, öz haqqımız olanları
özümüzdə saxlamaq və onun qədrini bilmək
üçün hər şeyi göz altına almaq məqamı
gəlib çatıbdı.
Çünki altı-üstü həm zəngin, həm
də cənnət olan bu məmləkətin hər bir
sıra nəfəri cənnətinə əl uzadanın əlini
kəsməyə hazır olmalıdır. Düşmənin
oturduğu yeri elə düşmənin özü
üçün bir cəhənnəmə çevirməlidir.
Onda həm haqq yerini alacaq, həm də
düşmən dərsini. Və biləcək ki:
Biz bir
taleyə məhkum,
biz bir Vətənə
şərik,
Bütün
varlığımızla,
millətcə səfərbərik.
Əmr et! Bu torpaq üçün
canımızı verərik!
Vətəni
qorumaqdır
ömürlərin dəyəri!
Ver, ver
bizə zəfəri!
Gördünüzmü, burdakı sözün
qatlarını, fikrin laylarını, mənanın təkcə
dərinliyini yox, həm də onun zərurətdən
doğan ifadələrini. O zərurətdən ki, bizim olan Vətənə
doğru atları yəhərləməyə hazır olan ərənlər
əmr gözləyir, "əmr ver!" deyir! Sən əmr
ver ki, mən də canımı verim o torpaqları qaytarmaq
üçün, o torpaqdakı halal haqqıma sahib olmaq
üçün!.. Və bir də bu əmri:
Azərbaycan
gözləyir
hər
an sənin əmrini,
Qoşdur
qələbələrə
bu yurdun
ərlərini,
Qaldır
dalğa və dalğa
insan
kütlələrini,
Aşsın,
daşsın, daşırsın
sərhədləri, sədləri!
Ver, ver
bizə zəfəri!
Zənnimcə, gerçəyin birbaşa söylənməsi
bəlkə də kiməsə xoş gəlməyə bilər,
kimisə gözlənilməz duruma sala bilər.
Bunu mən də, elə yəqin ki, oxucular da bilirlər, duyurlar. Şair özü həm də yaxşı bir oxucu olduğundan sözü ruha, qəlbə toxuna biləcək, onu silkələyəcək bir şəkildə həm həssaslıqla, həm də cəsarətlə deyir! Zənnimcə, bu həssaslıq və cəsarət elə onun özünün də canını qurban verməyə, bu canı Vətənə fəda etməyə hazır olmasından qaynaqlanır. Axı, bizim ömrümüzün mənası, dəyəri Vətənə fəda olmağımızdan keçir. Ona görə də:
Yaşın o yaşa çatır,
damalarında o qan -
Dönüb keçən yüzilin
yetmişlərinə baxsan.
Bundan
sonra sən daha
tarix
yaradacaqsan!
QƏLƏBƏ
- bu möhtəşəm
Tarixin
şah əsəri!
Ver, ver
bizə zəfəri!
İdrakın
ən dərini,
sözlərin ən sadəsi
Haqq və
xalq - bir varlığın
və
ruhun ifadəsi!
Önündə
haqq, arxanda
bu
xalqın iradəsi,
Kim
durduracaq səni
haqq
yolunda irəli!
Ver, ver
bizə zəfəri!
Bax, budu
sözün mayası da, ifadəsi də, tələbi də,
diləyi də, içi də, çölü də, yəni
bütün varlığı! Bax elə budu oxucunun da, onun
qaçqınının da, köçkününün də,
əlilinin də, imkanlı-imkansızının da,
bütövlükdə xalqın demək istədiyi, ürəyindən
keçirdiyi və şair oxucusunun adından dediyi!
Bəli,
bu həm də xalqın öz Komandanına, öz rəhbərinə
güvəncinin ifadəsidi! Eyni zamanda bu,
xalqın öz Prezidenti ilə, öz Ali Baş Komandanı ilə
bir bayraq altında dayanmaq, vuruşmaq, qalib gəlmək əzmidi.
Bunun üçün birlikdən keçən
inamlı Aprel zəfərləri gərəkdi. O zəfərləri
ifadə edənlər həm də elə bu
Çağırışda öz əksini tapıbdı.
Ədalət 2018.- 28 fevral.- S.6.