Belə cəmiyyətdə
düşüncəsinə görə adamı yandırarlar...
Azərbaycan
televiziyasını izləyən bütün
tamaşaçılar demək olar ki, Ləman Ələşrəfqızını
tanıyır. Xüsusilə də, ANS-də efirə gedən
"İç xəbər" və "Xəbərçi"
verilişlərindən. Ləman xanımla bugünkü
televizyadan, jurnalistikadan, unudulmaz televizya reportajlarından, ədəbi
mühitdən və digər məsələlərdən
söhbət açdıq.
Adalet.az
jurnalsit Ləman Ələşrəfqızı ilə
müsahibəni təqdim edir:
- Ləman
xanım, biz sizi səsinizlə xatırlayırdıq. Üzünüzü görməmişdik, ancaq səsiniz
bizə xoş gələrdi. Hazırladığınız
reportajlarda fikirləriniz səlis, nitqiniz aydın və
özünəməxsus olurdu. İndi təəssüf
ki, Ləman Ələşrəfqızı kimi jurnalsitləri
görmürük. Sizdən sonra bu estafeti
kimlər davam etdirəcək? Ümidiniz
varmı indiki televiziya jurnalistlərinə?
- 2005-ci
ildə mən ANS-ə gəldim - "İç xəbər”
proqramına. "İç xəbər” də
bildiyiniz kimi çox məşhur veriliş idi və mən
burda qısa zaman içində özümü tapdım və
tanıtdım. Amma jurnalistikada 90-cı illərdənəm.
Onda da sevənlərim çox idi. Məsələn, xatırlayıram ki,
"Hürriyyət” qəzetində işləyəndə qəzetə
gələn oxucu məktublarının çoxu mənim
adıma yazılırdı. Hərçənd
mən o qəzetdə sadəcə parlament müxbiri idim, yəni
nə baş redaktordum, nə təsisçi-filan. Sadəcə adamların çoxu istəyirdi ki, onun
problemini məhz mən işıqlandırım. ANS-də
bu daha çox özünü biruzə verdi.
Çünki televiziya qəzet deyil,
auditoriyası çox genişdir,
çağırılmamış qonaq kimi hər kəsin
evinin içindədir. Qaldı, bizdən
sonra estafeti kimlər davam etdirəcək? Məncə
hər zamanın öz qəhrəmanları olur, bu mənada
narahatlığa əsas yoxdur. Bir də
ki, biz estafeti hələ əldən verməmişik, bəlkə
də öz zamanımızı gözləyirik.
- O günləri necə
xatırlayırsınız? Reportajlara necə
hazırlaşırdınız?
- Çətin
günlər idi, xüsusilə evli bir qadın
üçün televiziyada, üstəgəl xəbər
proqramında işləmək asan deyil. Məsələn,
mən televiziyaya işə çıxanda oğlum cəmi
bir yaş iki aylıq idi. "İç xəbər”
isə o vaxtlar gecə 00:30-da başlayırdı. Canlı efir bitəndən sonra maşın
hamımızı bir-bir evə gətirirdi. Mən onda Bakıxanov qəsəbəsində
qalırdım, evə 2-nin yarısı, 2-də çatırdım.
Əvvəl-əvvəl həyat yoldaşım
bunu həzm eləmirdi, amma görəndə ki, mənim
süjetlərim "İç xəbər”də daha
çox sevilir, mən öz işimi hər şeydən
çox sevirəm, əlinin dalını yerə qoydu. Razılaşdı. Yəni ailənin
yükü verilişin yükünə adekvat idi. Əlbəttə, zamanla yoluna düşdü hər
şey.
- Müxtəlif illərdə
"İç xəbər"in redaktoru, rəhbəri,
"Xəbərlər"in xüsusi müxbiri olmusuz. Hansı maraqlı hadisələr
yaddaşınızda iz buraxıb?
- Hər
çəkilişimiz bir hadisəydi əslində. O illərdə
şəhərdə tikinti bumu yaşanırdı. Gah görürdün qaldırıcı kran
aşdı, gah görürdün evindən çıxmaq istəməyən
biri özünü yandırdı. Yadımdadır,
müxbirimiz Lalə Əsgərova əynindən gödəkçəsini
çıxarıb özünü yandıran qadının
alovunu söndürmüşdü. Səbinə
Heydərova rüşvət verən qaz idarəsi rəisinin əlini
geri itələmişdi. Mən şəxsiyyət
vəsiqəsi özəl taksi şirkəti tərəfindən
girov saxlanan, bu səbəbdən üç körpəsi evdə
nikahdankənar kimi doğulan, balalarına doğum şəhadətnaməsi
ala bilməyən adamın sənədini alıb özünə
qaytarmışdım. Bilirsiz, bu həm də
insanların inamını özünə qaytarmaq idi və
belə faktlar yüzlərlə idi.
-Aha
-Üstəgəl
və ən əsası biz bu işləri heç bir təmənna
güdmədən, peşə borcumuz olaraq yerinə yetirirdik.
Lap əvvəllər adamlar mütləq çəkilişə
görə bizə nə qədər pul verəcəklərini
soruşurdular. Bizim - heç nə, can
sağlığı, biz buna görə maaş
alırıq - cavabımıza da qəribə
baxırdılar. Onların aləmində,
çəkiliş gəlibsə, mütləq jurnalistə,
operatora pul verilməli idi. Bax, biz bu
düşüncəni yox elədik. Adamlar
bizi görəndə sanki öz xilaskarlarını
görürdülər. Bu şəxsən
mənə çox zövq verirdi. Amma
düşünürəm daha çox zövq verən
süjetlərim "Xəbərçi”də olub. Və bu sırada mən ən yadda qalan süjetim
kimi Milli Məclisdə operator Akifin deputatların yerinə səsverməsini
xatırlayıram. (gülür) Nəticə olaraq sonradan məni parlamentə
buraxmadılar.
- Jurnalistin də,
aparıcının əsas missiyası xalqı maarifləndirmək
olmalıdır, deyirik. Bəs bu gün
xalqımız maariflənirmi?
- Maarifləndirici
proqramlar da olmamış deyil. Məsələn,
mən vaxtım olanda dövlət televiziyasında, İctimai
TV-də, Mədəniyyət kanalında, CBC-də bəzi
verilişləri izləyirəm. Amma
ümumi mənzərə ürəkaçan deyil əlbəttə.
Televiziyanın imkanları çox genişdir,
istəsələr o qədər gözəl verilişlər
hazırlamaq olar ki. Təəssüf ki,
maraq göstərmirlər.
- Səbəb nədir sizcə?
-
Televiziya rəhbərlərinin əlində bir bəhanə
var. Ciddi, ağıllı verilişin
tamaşaçısı olmur, hamı əyləncəyə
baxmaq istəyir. Yəni günah keçisi onların təbirincə , tamaşaçılardır. Amma unuduruq ki, tamaşaçını da televiziyalar
yetişdirir. Siz siyasətinizi dəyişin,
imkan verin tamaşaçı da zövqünü dəyişsin.
Yox, olmaz. Ortada reklam məsələləri
var, pul məsələləri var. Pul varsa, milləti-filanı
boş ver. Qoy ürəyi istəyən qədər
çalıb oynasın. Daha yaxşı,
onlardan pul istəmir ki, çalıb oynamaq istəyir. Ona görə də, hansısa televiziya rəhbəri
işdən kənarlaşdırılanda əmlakları ilə
bağlı uzun bir siyahı hazırlanır. Hansı ki, dəyəri milyon manatlarla
ölçülən. Hardandır bu pul?
Heç bu sualı verən var? Yoxdur, hamının başı hind filmlərinə,
başqa əyləncələrə qarışıb.
- Aparıcı özünü
gündəmdə saxlamaq üçün nələr etməlidir?
- İndiki vaxtda sadəcə burun kəsdirmək və
botox elətdirmək kifayət edir. Hamı ondan
danışacaq (gülür). Yəni
düşünürsüzsə ki, mütaliə-filan, səhv
düşünürsüz. Bizə
ağıllı aparıcı lazım deyil.
- Siz dediyiniz aparcılar efirdə
kifayət qədərdi. Bəlkə
ağıllı aparıcı olmadığından
insanlarımız televiziyadan uzaq düşüb?
-Ola bilər.
Ağıllı aparıcı problemi də var
Azərbaycanda. Amma olmamış da deyil.
Yəni oturub axtarsaq o qədər adlar çəkə
bilərik ki. hamısı köhnənin
jurnalistləridir, ağıllı adamlardır. Məsələn Nadir Bədəlov. Mən onun verilişlərinə həmişə
maraqla baxmışam, məncə bu gün o yoxdur
televiziyalarda. Qulu Məhərrəmli, səhv etmirəmsə
heç bir televiziyada deyil. Nadejda
İsmayılova. O "Dalğa”nı aparanda ürəyimiz
gedirdi. İndi bəlkə də çox
yaşlıdır, efirlik deyil. Amma qoy olsun
da. Qonşu dövlətlərin təcrübəsinə
baxın, əksəriyyəti yaşlı
aparıcılardır. Bizdə qocalan
aktyora rol vermədikləri kimi, yaşlı aparıcılara
da efir vermirlər. İradə Tuncay, mən
uşaq idim, qara, iri gözlü, gözəl səsli bu
xanıma həmişə həsədlə baxırdım.
Necə olur, bu adamları televiziyalara ekspert kimi,
qonaq kimi çağırırlar, amma aparıcı kimi dəvət
eləmirlər?
- Ləman
xanım siz və sizin dövrünüzdəki jurnalistlərdə
populist çıxışlar olub. İndi də
sizin yazılarınızda populist çıxışlarla
rastlaşırıq. Hansısa yazar
kütlə tərəfindən hədəfə alınanda
sizin mövqeyiniz kütlə mövqeyinə yaxın olur.
Ləman Ələşrəfqızı kimi
yox, sanki kütlənin hər hansı bir nümayəndəsi
kimi görünürsünüz?
- Yəqin Ayxan Ayvazın Mirzə Ələkbər Sabir
haqqında yazısına verdiyim cavabdan belə qənaətə
gəlmisiz? Bəli, belə məsələlərdə mən
daha çox kütlənin yanındayam. Sabir
bizim milli dəyərimizdir. Mirzə Ələkbər
Sabirin Ləmanın müdafiəsinə heç ehtiyacı
da yoxdur. Amma onu müdafiə etmək və
bunu kifayət qədər əsaslandırmağa niyə
populistlik deyilsin ki?
-Xəlil
Rzada tənqid olunmuşdu...
-Ayxandan
qabaq Kəramət Böyükçöl Xəlil Rzaya
sataşmışdı. Mən bir "Xəlil
heyy” yazısı yazdım, orda Kəramətə
hücumları pislədim. Baxmayaraq ki, əlinə
versəydilər kütlə o günlərdə Kəraməti
parçalayardı. Yəni
düşünmürəm ki, mütləq kütlənin və
yaxud mütləq hansısa yazarın tərəfində
olmalıyam. Mənim bir devizim var. Həqiqətin
yanında ol. Nə qədər bunu bacara
bilirəm, bunu artıq tamaşaçı, oxucu bilir.
- Həqiqətin
yanında olmaq sizə görə nədir? Bu
gün posmodern erada hərənin bir həqiqəti olduğunu
söyləyirlər. Və hər kəs özünə
görə bir həqiqət
daşıyıcısıdır...
- Bəli,
düz deyirsiz. Bu yaxınlarda özünə toy edən və
həyat yoldaşının şəklinin çəkilməsinə,
sosial şəbəkədə yayılmasına qadağa
qoyan, amma buna rəğmən bütün günü elə
həmin sosial şəbəkələrdə Azərbaycan
qadınlarını məsxərəyə qoyan, onların
bakirəliyinə gülən postmodernist yazarın da öz həqiqətləri
var. O zaman qoy hər kəs öz həqiqətləri ilə
baş-başa qalsın.
- Gənc yazarları, ədəbi
mühiti izləyirsizmi? Kimləri daha çox bəyənirsiz?
- Kifayət
qədər izləyirəm. Bəyəndiklərim
də var, bəyənmədiklərim də. Ad çəkmək istəmirəm. Hamısı yaxşı uşaqlardır. Hamısı da istedadlıdır. Zamanla ən yaxşı əsərlər, şeirlər
yazacaqlarına da inanıram. Və ona da
inanıram ki, gün gələcək Azərbaycandan
böyük yazıçımız, şairimiz də olacaq.
Hələ ki, bizim yetirdiklərimiz Azərbaycan
boyda yazıçıdılar, Azərbaycan boyda şairdilər.
Bilirsiz, mən indiki yazarlarda nəyi bəyənmirəm?
-Aha
-Onlar
tutaq ki, Sabiri, və yaxud Anarı bəyənmirlər, hə?
Amma onların əlində bu gün Sabirdən, Anardan
böyük olmaq imkanları var. Bəs niyə ola
bilmirlər? Sabir öz dilində yazırdı,
siz dünyanın dilində yazın. Sabirin
yaşadığı mühit onu böyük dünyadan təcrid
edirdi. İndi dünya bizim
ayağımızın altındadır. Niyə
dünyaya çıxmırsız? Hələ
üstəlik Sabiri, Anarı-filanı da bəyənmirsiz.
-
Düşünürsünüz ki, birini bəyənməmək
olmaz? Hər halda hər yeni nəsil özündən əvvəlkini
inkarla təsdiqləyir…
-Əlbəttə olar. Amma baxır kim
kimi tənqid edir, necə tənqid edir. Hər
şey əsaslandırılmış, arqumentli olanda
yaxşıdır. Amma bəzən
görürsən ki, tənqid edən heç o yazarın
yaradıcılığını düz-əməlli bilmir.
Sadəcə "mən də varam” xatirinə
tənqid nəyə lazımdır ki?
- Səsləndirdiyiniz
bəzi fikirlər birmənalı qarşılanmayıb. Mövlud Mövlud haqqında yazı
yazmışdız. Yazı da qeyd
etmişdiz ki, gənc yazar intihar etməkdənsə gedib cəbhədə
ermənilərlə vuruşub ölərdi. Ümumiyyətlə bu cür fikirləriniz çox
tənqid olunub. Siz sonradan bu fikirləri
oxuyanda təəssüf hissi keçirmisiz ki, fikirlərimi
başqa formada izah edərdim?
- Xeyr. Heç bir təəssüf hissi keçirmədim. Əksinə, təəssüf edirəm ki, bu cəmiyyətdə adamı düşüncəsinə görə tonqala atarlar, yandırarlar, dərisini soyarlar. Və bunu da ən çox söz azadlığından, plüralizmdən ağzı köpüklənə-köpüklənə danışanlar edər. Mövlud məsələsində mən bunu gördüm. Onda mənə hücum çəkənlərin çoxu heç o yazının mahiyyətini başa düşməmişdi. Çoxu küyə düşmüşdü. Oxumadan hücuma keçmişdilər. Mən də başa düşürəm ki, intihar insanın psixikası ilə birbaşa bağlı məsələdir. Və bu qərar bir saatın, bir günün qərarı deyil. Bəlkə də daha uzun zamanın qərarıdır. Məsələn, mən özünü dənizə atan bir gənc şairin səhifəsinə girib baxdım onun ölümündən sonra. Adam az qala bir aydır ölüm anonsu verirdi. Deməli, bu qərarı bir ay əvvəldən verib artıq. Hətta saatına, dəqiqəsinə qədər. Anlaşılır ki, ölüm bu adam üçün qaçılmazdır, bunu edəcək və çox maraqlıdır ki, şüurlu şəkildə edəcək. Onda niyə gedib özünü dənizə atır ki? Get səni bu vəziyyətə gətirən sosial problemin üstünə də. Ölümünlə, diqqəti o sferaya yönəlt. Yaxşı, öldürmə o ermənini, öldür başqa ermənini. Nə isə. Məncə siz yenə məni ağızlara saqqız eləmək istəyirsiz, Allah ölənlərə rəhmət eləsin. Və Allah heç kimi intihar qərarı ilə üz-üzə qoymasın.
- Ləman xanım
düşünmüsüz ki, 90-cı illər
jurnalistikası haqda memuar xarakterli kitab yazasınız. Bu
haqda heç düşünmüsüz?
- Bəli, haçansa memuarlarımı yazacam. Məncə maraqlı kitab olacaq.
- Ailənizdən danışaq bir
az da mümkünsə… Uşaqlarla daha çox kim məşğul
olur?
- Uşaqlarla mən də, atası da məşğul
oluruq. Zamanla
dayə də məşğul olub. Oğlum 10-cu sinifdədir,
səhər məktəbdə, günortadan sonra da
hazırlıqda olur. Ondan arxayınam, yəni
bütün günü başı dərsə
qarışıb. Qızım hələ
birinci sinifdədir, mənə çox bağlıdır.
Demək olar ki, hər gün "mama, bu gün
sənin üçün ağladım” sözünü
eşidirəm. Sonra məni başa
salır ki, hansısa paltarımı ortalıqda görəndə
məni xatırlayıb ağlayır. Uşaqlardır
da... Hərdən düşünürəm ki,
kənd uşaqları şəhər uşaqlarından daha bəxtiyar
böyüyürlər. Uşağa
heç nə vermə, ana nəvazişi yetər.
Söhbətləşdi: Oğuz
Ayvaz
Ədalət 2018.- 28 fevral.-
S.6.