SƏNGƏR POEZİYASI
Onu həmişə şeirimizin səngərində görmüşəm. Ramiz Duyğunun böyük vətənpərvərlik coşqusu ilə Azərbaycan ordusunu, onun qəhrəmanlıq və hünər dastanını yazmağa hazır olan oğullarını döyüşə səsləyən çağırışlarını eşitmişəm. Son iyirmi beş ildə Ramiz Duyğunun bütün şeirləri, poemaları yalnız vətənpərvərlik ruhuna köklənib. Hətta mənə elə gəlir ki, bu adam - bu səksən yaşlı polkovnik Ramiz Məlikov rahat və isti otağında deyil, səngərdə, döyüş bölgələrində yaşayır. Ramiz Duyğun elə bu amalla yaşayır ki, bir gün vətən oğulları ilə bir sırada gözəl Şuşamızın düşməndən geri alınmasında iştirak eləsin. "Qələbəyə gedən yol qarlı, şaxtalı, palçıqlı, tozlu, bürkülüdür. Bu yol dağların başından, dərələrin dibindən keçir. Bu yol Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan, Laçından, Kəlbəcərdən keçib qədim Azərbaycan məskənləri Şuşada və Xankəndində qurtarmalıdır. Bu şəhərlərin üstünə üçrəngli qələbə bayrağını sən sancmalısan" - Ramiz Duyğun bu arzuyla yaşayır və təkcə onun arzusu deyil bu, qələbə sorağına müntəzir olan milyonların arzusudur Çünki:
Yad əllərdə çabalayır
qandanlanmış zəncirlənmiş Kəlbəcərim.
Ürəyimdən ağrı qopur, ürəyimdə ağrı yanır,
Qubadlımın, Laçınımın tapdaq altda bağrı yanır.
Yer yarılıb, yeri itib Kirs dağında
dağ damımın,
Meydanları, küçələri kül
altında Ağdamımın.
Kədər, qüssə ürəyimdə
şiş gətirib,
təpələnib,
Füzulinin, Cəbrayılın övladları
çölə, düzə
səpələnib.
Zülmət geyib don əvəzi
bu torpağın gəlinləri, türbələri.
Ramiz Duyğun 27 il
SSRİ Silahlı Qüvvələrində,
16 il müstəqil Azərbaycan ordusunda xidmət etmiş, tibb xidməti polkovnikliyinə qədər
yüksəlmişdir. Adətən,
çiyinlərində ulduz
daşıyan hərbçilərin
sinələrində poeziya
odu, alovu şölələnmir deyirlər,
amma Ramiz Duyğun zorla, Tibb İnstitutunu bitirən kimi SSRİ Silahlı Qüvvələrinin
sərəncamına verilib
Belarusiyanın Qomel vilayətində xidmət
etdiyi, çox çətinliklə Vətənə
qayıdıb Neftçalanın
Bankə qəsəbəsində
hərbi hissədə
çalışdığı illərdə də heç vaxt poeziyadan ayrılmayıb.
İnsana
şairlik təkcə
təbii istedaddan gəlmir, burada o insanın yaşadığı
mühitin, ailəsinin,
oxuduğu məktəbin
də rolu var. Böyük Vətən müharibəsinin iştirakçıları
olmuş atası Məşədi Məmməd
və böyük qardaşı Əhməd
şeir-sənət həvəskarı
olublar.
Qardaşı tez-tez qonşu uşaqlarını toplayar,
şeir müsabiqələri
keçirər, balaca
Ramiz də bu müsabiqələrin qalibi olardı. Yaşadıqları Güdəcühür kəndinin
mədəniyyət evində
keçirilən bütün
tədbirlərin, tamaşaya
qoyulan bütün əsərlərin təşkilatçısı
o idi - qardaşı Əhməd.
O, universitetin filologiya fakültəsinə daxil olmuşdu. Amma amansız tale atasını
da, qardaşını
da əlindən aldı, 45 yaşında atası, 24 yaşında qardaşı ağır xəstəlikdən dünyalarını
dəyişdilər.
Onda Ramiz dördüncü sinifdə oxuyurdu: "Mən birdən-birə sanki qocaldım, yaşlaşdım, ağıllandım
və qərara aldım ki, Əhməddər sonra yaşaya bilməyəcəyəm.
Qərara aldım ki,
Kür çayında,
Axmazı üzə-üzə
keçim və orada boğulub ölüm. Lakin batmadım.
Dincimi almadan yenidən özümü
çaya atdım... Lakin yenə batmadım".
Görünür, dəli Kür
də bilirmiş ki, gələcəyin şairini belə erkən itirmək olmaz. Kürdə batmayan Ramiz qərara alır ki, qardaşı Əhmədin yarımçıq
qalmış arzularını
davam etdirəcək:
"Həyatımın məqsədi
yalnız bu idl: şair olmaq". Amma sən saydığını
say, gör fələk nə sayır. Anası Tükəzban "Sən
Əhməd gedən yolla getməyəcəksən.
Getsən, sən də
o yoldan qayıtmayacaqsan!"
deyib, onu bu yoldan çəkindirir.
Anasınıdan keçə bilmir
Ramiz və 1956-cı ildə Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil
olur. Şeirdən isə ayrıla
bilmir, 3-cü kürs
tələbəsi ikən
"yaşa, Azərbaycanım!"
adlı ilk şeiri
"Gəncliyin səsi"
almanaxında çap
olunur.
Ədəbiyyata gələn hər bir gəncin qarşısında əgər
bir işıq yanırsa, hansı bir ustad şairsə
o işığa dönüb
cavan şairi ruhlandırırsa (belə
İşıq-İnsanlar bizim
ədəbiyyat tariximizdə
azmı olmayıb?), bir istedadın yazmaq-yaratmaq həvəsi sönmür.
Xəlil
Rza və Ramiz Duyğun... İllər keçəcək, Xəlil
Rza sözün əsl mənasında Ramiz Duyğunun poeziya müəlliminə,
ustadına çevriləcək.
Və ustad öz yetirməsinin altmış yaşı tamam olanda, sanki
bütün ədəbi
ictimaiyyətin fikrini təsdiq edəcək ki: "Ramiz Duyğun şairliyi fitridir. O, özünün
bədii istedadını
bir əsrə yaxın ömür sürmüş anası Tükəzban xanımın
halal südündən
əmmişdir.
Ancaq aydındır
ki, Ana və Allah vergisinə özün həyatda nə isə əlavə edə bilməsən, istedad parlamaz, qol-qanad aça bilməz. Bu halda
sənətkarın şəxsi
fəzilətləri, vətəndaş
reallığı, müşahidə
və mütaliə əzmi, zəhmətsevərliyi,
iradə gücü, Vətənə, dünyaya
məhəbbəti, fədakarlığı
olduqca mühüm rol oynayır və nəticə etibarilə sənətkarın
taleyini həll edir. Xoşbəxtlikdən saydığımız keyfiyyətlərin hamısı
Ramiz Duyğunda var".
Ramiz Duyğunun bütün şeirlərində, poemalarında
Xəlil Rza poeziyasında səslənən
sözü cəsarətlə,
çəkinmədən söyləmək,
haqqın, ədalətin,
vicdanın hökmü
ilə pislikləri, rəzilliyi, xainliyi lənətləmək ehtirası,
döyüş, qəhrəmanlıq
çağırışları və əlbəttə, bütün bunların fövqündə azərbaycançılıq
ruhu yaşayır. Elə sovet dönəmində yazdığı şeirlərdə
də baş qəhrəman, baş mövzu, əsas xətt Azərbaycanın şanlı tarixi keçmişi, azadlıq
uğrunda mübarizələri,
başına gələn
qovğalar, faciələr
idi. Azərbaycançılıq, milli-mənəvi dəyərlərimizin təbliği
bu şeirlərin havası, suyu, torpağıydı. Keçən əsrin səksəninci illərinin sonlarından başlayaraq yurdumuzda baş verən bütün ictimai-siyasi hadisələrin inikasını
siz Ramiz Duyğunun şeir və poemalarında görə bilərsiniz.
Sovet dönəmində
televiziyada "Hünər"
vətənpərvərlik proqramının əsas müəlliflərindən biri
olan, İkinci Dünya müharibəsində
Azərbaycan oğullarının
qəhrəmanlığını bu verilişlər vasitəsilə milyonlara çatdıran Ramiz Duyğun müstəqillik
illərində uzun müddət Müdafiə
Nazirliyində mətbuat
xidmətinin rəisi kimi eyni missiyanı
şərəflə yerinə
yetirdi. İllər keçəcək, Xalq şairi Söhrab Tahir "Sevgi, qeyrət və qəzəb poeziyası"
məqaləsində yazacaq:
"Bir zamanlar sovet
imperiyasının, rus
şovinizminin qaş-qabaqlı
kin-küdurətini təzə-təzə
püxtələşən şeirləri ilə atəşə tutan Ramiz Duyğun bu gün Prezidentimizə
yazdığı, mən
deyərdim, poeziyamızda
ilk dəfə ən güclü və ən səmimi şeiri səviyyəsində
Qarabağın azadlığını,
xilasını tərənnüm
edir. Bu, eyni
zamanda, tərənnüm
deyil, həm də alovlu çağırışlardır. Bu poetik çağırışlar,
fəryad və haraylar oxucunu Qarabağı sanki girov saxlayan, əsir edib onun adı ilə
əylənmək istəyən
düşmənə qarşı
istiqamətləndirir. Ramiz Duyğunun poeziyası səngər, qeyrət, döyüş poeziyasıdır".
Nifrət
vulkanları qopsun qanından,
Sən göz yaşlarını gülləyə
çevir.
Qara gözlərinin qara giləsi -
Qarabağ
yad yurda heç vaxt qarışmaz.
Götür, bu sətirlər
döyüş gülləsi,
Ağlama, ağlamaq bizə yaraşmaz.
Bu şeiri Ramiz Duyğun 1989-cu ildə qələmə alıb.
O zaman Azərbaycanın başı üstünü
qara buludlar almışdı. Belə bir
zamanda Ramiz Duyğun "Torpaq əldən getdi... qalx!", "Özünə
arxalan, özünə
güvən", "Qarabağımdan
əl çək"
deyirdi. İstər Atəşkəsdən öncə, müharibənin
qızğın çağlarında,
hər günü həm qələbə, həm də itkilərlə bitən illərdə, istərsə
də sonralar onun şeirləri səngər libasını
dəyişmədi. Ramiz Duyğunu
görəndə yadıma
düşən ilk iki
kəlmə məhz
"Döyüş və
Müharibə" olur.
Atəşkəs elan olunub, amma müharibə hələ bitməyib və içində qisas, intiqam hissi ilə alovlanan vətənpərvərlərdən
biri də Ramiz Duyğundur. Doxsanıncı illərdə
Xalq şairləri - Qabil, Məmməd Araz, Xəlil Rza Ulutürk və Zəlimxan Yaqub öz şeirlərində
yüksək vətənpərvərlik
nümunəsi ilə
xalqı, milləti mübarizəyə döyüşə
səsləyirdilər: "Qalx ayağa, məmləkətim", "Ayağa
dur, Azərbaycan",
"Ümid sənədir
ancaq, Azərbaycan əsgəri" çağırışları
şeirimizin canına,
qanına hopmuşdu və Ramiz Duyğun
da bu sırada
"Məni döyüşə
burax", "Qisas...
qisas" deyirdi. İndi o şairlərin heç biri həyatda yoxdur və onların missiyasını
Ramiz Duyğun yerinə yetirir.
Bu Vətənin hər elində səngər-
səngər dursaq əgər,
Bu yurdun hər qarışında
bir istehkam qursaq əgər.
Çəkicləri bir nəfərtək
bir zindana vursaq əgər -
Biz o günü görəcəyik,
Biz Şuşaya tank üstündə qalib kimi
girəcəyik.
Ramiz Duyğunun "Tarixin lənəti", "Kəllələrin fəryadı" poemaları isə onun müharibə və Qarabağ mövzusuna daha geniş planda - epik müstəvidə yanaşdığını nümayiş etdirir. Bu əsərlər Azərbaycan, ingilis və rus dillərində oxuculara təqdim edilib.
Hər iki poema Azərbaycanın başına gələn müsibətləri əks etdirir, bunlar təkcə poeziya faktı deyil, həm də ibrət dərsidir ki, cavan nəsil oxusun, faydalansın. Doğrudur, bunlar məlum qəziyyələdir, amma onları tarixi faktlar işığında, BİRLİK İDEYASI xətti ilə əks etdirmək vacibdir. "Kəllələrin fəryadı" poeması 1918-ci ili aprel-may aylarında erməni generalı Amazaspın rəhbərlik etdiyi iki cəza dəstəsinin Qubada törətdiyi vəhşiliklərdən söz açır. Həmin vandalizm nəticəsində 36782 nəfər dinc sakinlərimiz qətlə yetirilmişdi.
Qudyalçayın sahilində
açıq səma altında
açıq kəllə muzeyi,
açıq sümük muzeyi.
Kədər, qüssə,
qəzəb, nifrət
onun bircə bəzəyi.
Çox danışmaq olar Ramiz Duyğunun səngər poeziyasından. Onun ulu öndər Heydər Əliyev obrazından-xalqın qeyrət, milli vüqar və yeni Azərbaycanı yaratmaq missiyasından danışan şeirləri də ayrıca bir söhbətin mövzusudur. (Sən adi bir bəşər deyil, bir adın var: FÖVQƏLBƏŞƏR. Kim deyir ki, marşalım yox, Sən birinci marşalımsan!) Və Ramiz Duyğunun sevgi lirikasını əks etdirən, çox zərif məhəbbət şeirləri də var.
Onun səksən yaşını təbrik edirəm, Qələbəyə inamını alqışlayıram! Uzaq deyil o QƏLƏBƏ!
Ədalət 2018.- 28 fevral.-
S.7.