"Bu gün fırça mənim
üçün bir silahdır"
Rəssam İntiqam Ağayev Azərbaycan Rəssamlar
İttifaqının üzvü, Qarabağ müharibəsinin
iştirakçısıdır. Onun müharibə
mövzusunda çəkdiyi əsərlər daha çox diqqəti
cəlb edir. Söhbət zamanı İntiqam Ağayevin
həm döyüş, həm də yaradıcılıq
yolları ilə yaxından tanış olmaq
imkanı qazandıq.
Qısa
arayış: İntiqam Ağayev 1966-cı ildə Sumqayıt
şəhərində anadan olub. 1983-cü ildə orta təhsilini
bitirdikdən sonra Əzim Əzimzadə adına
rəssamlıq məktəbinə üz tutub. Gənc
yaşlarından milli-azadlıq hərəkatına
qoşulub. Müstəqil dövlətimizin
ordusu yarananda onun ilk əsgərlərindən biri kimi
Qarabağın müdafiəsinə yollanıb.
Şuşa, Ağdam, Tərtər, Goranboy, Füzuli və
başqa bölgələrdə vuruşub. 1993-cü
ildə zabitlik kursu keçərək kiçik leytenant
rütbəsi alıb. Tərtər
rayonunun ərazisi uğrunda gedən döyüşlərdə
başından yaralanan İntiqam sağalandan sonra yenə də
səngərə qayıdıb. Baş
leytenant rütbəsi ilə ordu sıralarından tərxis
olunub. 2-ci qrup Qarabağ müharibəsi əlilidir.
- İntiqam müəllim,
siz ordumuzun ilk əsgərlərindən olmusunuz. Sizə bu addımı atmağa hansı hisslər təkan
verdi, xidmətə nə vaxt
başladınız?
- Mən
vətənimə, torpağıma ürəkdən
bağlı vətənpərvər bir insanam. Bu
ülvi hiss və duyğu 1992-ci ilin fevral ayında məni
yenicə yaranmağa başlayan ordumuzun sıralarına
apardı. O vaxtlar bütün vətənpərvər
oğullar silaha sarılıb vuruşmaq üçün yeni
yaranmaqda olan hərbi hissələrə
axışırdılar.
- Cəbhə
bölgəsinə ilk dəfə nə vaxt getdiniz?
- 1992-ci il fevral ayının 26-da bizi Xocalıya
göndərdilər. Həmin vaxt artıq
dünyanı sarsıdan Xocalı faciəsi baş
vermişdi. Erməni qəsbkarları
şəhəri yerlə-yeksan etmiş, dinc sakinlərini isə
güllələmişdilər. Bizi
yaralıları və meyitləri çıxarmağa cəlb
etdilər. Vertalyota minən kimi o havaya
qalxdı. Gördüklərimdən dəhşətə
gəldim. Şəhər sakinlərinin
meyitləri qarlı meşələrə, dağlara səpələnmişdi.
Ermənilər dinc adamlara da aman verməyərək
onları güllələmişdilər. Hər
tərəf meyitlərlə dolu idi. İlk
cəhdimiz uğurlu alındı. İki
qocanın və bələkdə olan bir körpənin
meyitini çıxara bildik. Onları
Ağdam rayonundakı məscidə gətirdik. Bu müqəddəs məkana çatanda
gördük ki, uşaq tərpənir, sağdır. O,
bələkdə olduğuna görə şaxta onu tam dondurub
öldürə bilməmişdi. Bir körpə
həyatını xilas etdiyimə görə çox
sevinirdim, çox xoşbəxt idim. Sonra
vertolyotların uçuşu üçün təhlükə
yarandığından gözləməli olduq. Bir neçə gündən sonra bizi Ağdam və
Ağdərənin müdafiəsinə göndərdilər.
Döyüşlər zamanı bir əsgər,
bir zabit kimi üzərimə düşən
tapşırıqların öhdəsindən bacarıqla gəlməyə
çalışırdım.
- Rəssamlığa həvəs
sizdə nə vaxtdan yaranıb? Belə bir
bacarığınızın olduğunu nə zaman hiss
etdiniz?
- Bu
bacarığı hələ kiçik yaşlarımdan hiss
etmişdim. İlk "əsərlərimi"
də divarlara və asfalta çəkirdim. Zaman keçdikcə bu sahəyə marağım
daha da artırdı. Çəkdiyim şəkillər
ildən-ilə bir-birindən yaxşı alınırdı.
Daim ürəyimi döyəcləyən arzular sonda əlimdən
tutub məni məqsədimə doğru - Əzim Əzimzadə
adına rəssamlıq məktəbinə
apardı. Sanki çeşmə çaya
qovuşdu.
-
Müharibə mövzusunda çəkdiyiniz əsərlər
daha çox diqqət çəkir. Onların
üzərində işləyərkən hansı hisslər
keçirirsiniz? Ümumiyyətlə,
müharibədən çəkmək başqa mövzulardan
fərqlidirmi?
- Mənim
üçün müharibə mövzusunda əsər
yaratmaq ağrılı və əzablıdır. Bu iş mənə
çox çətinliklə başa gəlir. Bu,
bəlkə də döyüşlərdə iştirak
etdiyimdən, gördüyüm qan-qada və göz
yaşlarından irəli gəlir. Müharibə
bütün kiçik detalları mənə
tanışdır. Döyüşdüyüm
müddət ərzində qanlı hadisələrlə
çox rastlaşmışam. Axı,
müharibə qan-qada, ölüm-itim və göz
yaşı deməkdir. İnsan müharibədə
doğmalarını, əzizlərini itirir, xoş gələcəyə
olan inamı azalır, həyat gözündən
düşür.
-
Doğrudan da, əsərlərinizə baxanda bu ağrılar
açıq-aydın hiss olunur. Əgər siz
döyüşlərdə iştirak etməsəydiniz,
müharibə mövzusunda əsərlər çəkərdinzmi?
Xahiş edirəm suala səmimi cavab verəsiniz.
- Yəqin
ki, çəkməzdim. Əgər çəkməli
olsaydım da bu cür canlı və təbii alınmazdı.
- Belə
çıxır ki, müharibə sizə mövzu verib,
qarşınızda yeni yaradıcılıq
cığırları açıb.
- Bəli,
elədir. Müharibə dağıdıcı
və məhvedici olsa da, o həm ədəbiyyata, həm də
incəsənətə yeni mövzular verir. İncəsənət və ədəbiyyat
adamları isə bundan bəhrələnərək insanlara
müharibələr əleyhinə bənzərsiz və dəyərli
əsərlər yaradırlar.
- Necə
fikirləşirsiniz, soyuq rənglərlə
isti tablolar yaratmaq mümkündürmü?
- Əlbəttə, mümkündür. O baxır sənətkara, sənətkarın
sənətkarlığına. Bilirsinizmi, hər
hansı bir əsər kətan üzərinə
köçməzdən əvvəl o rəssamın ürəyində
yaranmalıdır. Belə tabloların
ömrü həmişə uzun olur. Mənim
"İsti qar" adlı bir əsərim var. Bax, mən
orada soyuq rənglərdən isti tablo yaratmağa
çalışmışam. Həmin əsərim
də müharibə mövzusundadır. Tabloya
baxanda görürük ki, əsgərlər qarın
üstündə ocaq qalayıb isinmək istəyirlər.
Buna görə də mən əsərimə
"İsti qar" adı vermişəm. İstəmişəm ki, əsgərlərimiz
qarın üstündə də olsa yerləri və ürəkləri
isti olsun. Bu, həm əsgərlərin, həm
də rəssamın istəyidir. İstəklər
üst-üstə düşdüyündən elə bilirəm
ki, əsər çox real və təsirli alınıb.
- Yəqin
ki, ordumuzun uğurla həyata keçirdiyi aprel
döyüşlərinə həsr etdiyiniz əsərləriniz
var?
- Aprel
döyüşləri ordumuzun qüdrətini, zabit və əsgərlərimizinsə
gücünü və hünərini dünyaya göstərdi.
Cəbhədə qazanılmış uğurlar
həm bir rəssam, həm də bir keçmiş
döyüşçü kimi məni çox sevindirdi.
Sevincimi bu mövzuda çəkdiyim
"Hücum" adlı əsərə də səpələdim.
Elə buna görə də əsər
çox güclü alınıb. Deyəsən,
ürəyimdən keçənləri fırçanın
dili ilə deyə bilmişəm. Düşünürəm
ki, "Hücum" tablosunda böyük qələbə
ovqatı var.
- Qələbə demişkən,
İntiqam müəllim, sizə belə bir sual da vermək istəyirəm.
Silahlı Qüvələrimiz düşmən üzərində
qələbə çaldıqdan, Qarabağ düşməndən
azad edildikdən sonra siz bu mövzuda necə bir əsər
çəkərdiniz? "Qələbə"
tablosunu necə təsəvvür edirsiniz?
-
Hamımız intizarla o günü və o anı gözləyirik.
Xalqımızın gündən-günə
güclənən ordusundan gözləntizi yalnız Qələbədir.
İnşallah, çox keçməz
qapılarımızı xoş xəbərlər döyər.
Düşünürəm ki, Qələbə
mövzusunda çəkilmiş əsərlər adi yox,
möhtəşəm və çox qeyri-adi olmalıdır.
Burada həm qələbə, həm
mübarizlik, həm də sevinc vəhdət təşkil etməlidir.
Bu, bütün zamanlara meydan oxuyan bir əsər
olmalıdır. Elə bir əsər ki,
ona baxanda həm öyünək, həm sevinək, həm də
qürur hissləri keçirək. Qələbə
mövzusunda çəkilmiş əsərlər hər
birimizin arzu və istəklərimizin çələnginə
çevrilməlidir.
-
Hansı rənglərlə işləməyə
üstünlük verirsiniz?
- Mənim
üçün rənglərin hamısı əziz və
doğmadır. Amma sarı, qırmızı və
narıncı rənglərə sevgim daha böyükdür.
- Son vaxtlar zabit və əsgərlərlə
görüşləriniz olubmu?
- Ötən
ilin noyabr ayında rəssamlıq həftəsi çərçivəsində
C.Naxçıvanski adına Hərbi Liseydə
zabit və kursantlarla görüşüm oldu. Çox
yaddaqalan bir gün yaşadım. Ordumuzun gələcək
zabitləri qarşısında danışmaq, əsərlərini
nümayiş etdirmək mənim üçün çox
qürurverici idi. Hərbi təhsilə
böyük maraq göstərən kursantları görəndə
ürəyim dağa döndü, gözlərimi sevinc hissləri
yaşartdı. Bu tədbir məndə
xoş təəssüratlar oyatdı. Belə
görüşlər yaradıcılığıma müsbət
təsir göstərir.
-
Böyük fikir adamı Plutarx deyirdi ki, şəkil çəkmək
səssiz poeziyadır, poeziya isə danışan şəkildir.
-
Çox müdrik və düzgün deyilmiş fikir olduğundan
müəllifinə hörmətlə yanaşıram. Bu səssiz poeziya rəssamı sehirləyən, ona
ilham verən güclü bir qüvvədir. Rəssam bu
səssiz poeziyanın içində özünü çox
rahat hiss edir və yeni-yeni əsərlər yaratmağa
köklənir.
- Sizdən əvvəl bu
mövzusunda əsərlər çəkən rəssamlarımız
olubmu?
- Bəli,
olub. Bu keçilməyən, iz salınmayan bir
yol deyil. Görkəmli Azərbaycan rəssamı
Vidadi Nərimanbəyov Böyük Vətən müharibəsi
mövzusunda maraqlı və yaddaqalan əsərlər çəkib.
Aradan illər keçməsinə baxmayaraq, bu əsərlər
hələ də öz təsir gücünü itriməyib.
Ümumiyyətlə, dəyərli rəsm əsərlərinin
ömrü çox uzundur.
- Yəqin
ki, sizin çəkdiyiniz əsərlərin də
ömrü uzun olacaq.
- Sənətkarın
özü-özünü tərifləməsinə
yaxşı baxmıram. Kimin əsərinin
uzunömürlü yaxud qısaömürlü
olacağını zaman göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik.
- Müharibə mövzusunda çəkdiyiniz
əsərlər özünüzü qane edirmi? Sizcə bu əsərlər real döyüş səhnələrini
əks etdirirmi?
- Mən
daha çox şahidi olduğum və ağrılarını
yaşadığım anları tabloya köçürürəm.
Buna görə də, əsərlərimin real
həyat səhnələrini əks etdirdiyi gücündə
olduğunu düşünürəm.
- Sözlərinizə və
müşahidəmə əsaslanıb deyə bilərəm
ki, sizin üçün müharibə hələ bitməyib.
Dünən silahla döyüşürdünüz, bu
günsə fırça ilə. Deməli,
savaş davam edir. Sizin üçün bunların
hansı çətindir, silah, yoxsa fırça?
-
Doğrudan da, mənim üçün müharibə hələ
bitməyib. Dünən düşmənlə əsgər,
zabir kimi, bu günsə rəssam kimi döyüşürəm.
Bir vaxtlar silahla dediklərimi, indi fırça
ilə təkrar edirəm. Deməli, bu
gün fırça mənim üçün bir silahdır.
Ümumi götürəndə ikisi də
çətindir, ikisi də mürəkkəbdir. Döyüşdə fiziki cəhətdən
çox güclü və yüksək hazırlıqlı
olmalısan, rəssamlıqda isə mənəvi
dünyanın zənginliyindən qidalanmalısan,
idrakının ənginliklərində dolaşmalısan.
Düzdür, rəssamlıqda da fiziki gücə
ehtiyac var.
Çünki gücün olmasa səni silkələyib
qəlbini titrədən ideyaları tablolara köçürə
bilməzsən. Çəkdiyim əsərlərlə gənclərdə
torpaqlarımızı zəbt etmiş erməni qəsbkarlarına
nifrət oyatmaq istəyirəm. Qoy
böyüməkdə olan nəsillər dostumuzla,
düşmənimizi yaxşı tanısınlar. Məqsədimə çatmaq üçün
bütün bacarığımı ortalığa qoymağa
çalışıram.
- Yəqin
ki, hələ müharibədən yeni əsərlər
yaradacaqsınız. Bu mövzu sizin
üçün heç vaxt qapanayacaq.
- Əlbəttə, mənim üçün bu
mövzunun qapıları üzümə həmişə
geniş açıqdır. Düşünürəm
ki, pərəstişkarlarımı yeni əsərlərimlə
hələ çox sevindirəcəm.
- Yəqin
ki, bir rəssam, bir müharibə iştirakçısı
kimi zabit və əsgərlərimizə deməyə
sözünüz var.
- Söz
də rəsm əsərləri kimi qüvvətli və
qüdrətlidir, yenilməz və məğlubedilməzdir. Azərbaycan əsgərinə sözüm və
arzum bitib-tükənməzdir. Zabit və əsgərlərimizə
əzmkarlıq və xidmətlərində uğurlar
arzulayıram. Qoy onlar xalqımızı
daim Qələbə müjdəsi ilə sevindirsinlər.
Yaradıcı insanlar da onların qəhrəmanlığını
həm rəsm əsərlərində, həm nəsr əsərlərində,
həm də poeziya aləmində ədədiləşdirib gələcək
nəsillərə çatdırsınlar.
Söhbəti yazdı:
Vahid MƏHƏRRƏMOV
Ədalət 2018.- 28 fevral.-
S.8.