"CANDAN
ÇIXA BİLMƏZ CAN QARABAĞSIZ"
Tahir Rzanın yeni kitabı barəsində dost sözü
Öncədən deyim ki,
Tahir Rza bir söz adamı,
bir şair, bir ziyalı kimi son dərəcə özünə çəkilən,
öz dünyasında
sözünün çətiri
altında yeni söz sorağıyla fikrə dalan, qələmlə baş-başa
qalan dostlarımdandı.
Onun az-az çap olunmasının bir səbəbi cəmiyyətdə
tutduğu siyasi mövqedisə, ikinci bir səbəbi sözə qarşı hədsiz dərəcədə
diqqətli olmasıdı.
Necə deyərlər, söz onun yaxasından tutmasa, onun ürəyini
ovcunun içində vərəqləməsə qələmə
yaxın getmir. Elə bu səbəbdəndir ki, kağıza köçürülən, sonra
kitablarda işıq üzü görən sözlərinin çəkisi
də, sanbalı da yetərincədir.
Çünki o sözlər "qaçaq" sözlər
deyil, o sözlər qoçaq sözlərdi.
O sözlər ürəyin,
düşüncənin bəhrəsidi.
Ona görə də ürəklər yol tapır... Bax, bu mənada dəyərli şair qardaşım, çox hörmətli Tahir Rzanın sizə təqdim etmək istədiyi kitabının
adı özü-özlüyündə
söylədiklərimi təsdiq
edir. Həqiqətən
torpağını sevən,
yurdunu özünün
canı, ruhu sayan hər bir kəsin iç dünyasına
hakim kəsilmiş bir
məntiq var. Bizim hamımız, yəni o məntiqlə yaşayıb
düşünənlərin hamısı Allahdan bir təmənnadadılar:
- Şuşanı, Xankəndini, Laçını,
Kəlbəcəri və
bütövlükdə işğal
olunmuş torpaqlarımızı
ziyarət etmək nəsibimiz olsun.
Ondan sonra Allah verdiyi ömrü necə istəyir elə də tamamlasın!
Şəxsən mən həmin nisgili içimdə keçirə-keçirə min dəfələrlə yazmışam,
demişəm ki, istənilən an Cıdır düzündə,
doğulduğum Tuğ
kəndində ölümü
qarşılamağa hazıram.
Təki
o torpağı öpə
bilim... təki o yerin səmasına, göy üzünə, sularının aynasına
son dəfə baxmaq imkanım olsun. Nə isə...g
Bəli,
bütün bu söylədiklərimin söykəndiyi
yer Tahir müəllimin kitabının
adıdı. Və yəqin ki, siz də hiss etdiniz ki, Tahir
Rza da mənim
və mənim kimilərin içindən
keçən arzuyla yaşayır. Və
o, qətiyyətlə, əminliklə
vurğulayır ki, Qarabağsız ruh bədənimizi tərk etməyəcək! Qarabağsız
canımızdan can çıxmayacaq!
Çünki:
Ay
Allah, dadıma, köməyimə
çat
Yatmış vicdanları silkələ,
oyat!
Tahirə torpaqsız zillətdi həyat,
Candan çıxa
bilməz can Qarabağsız!
Bəli,
bu əminlik elə-belə şair düşüncəsinin, şair
xəyallarının diktəsi
deyil. Bu əminliyin kökündə
bir Azərbaycan sevdası var. Bu elə bir sevdadır ki, onu ancaq
müqəddəs ünvanlarla
bərabər tutmaq olar. Necə ki, şair yazır:
Azərbaycan - qibləgahım, Məkkəm
Mədinə
Azərbaycan - hər qarışın əziz müqəddəs.
Azərbaycan - parçalanmış, oxlanmış
sinəm,
Məni
səndən ölüm
belə ayıra bilməz.
Düşünürəm ki, bu
misralar öncə söylədiym fikrin səmimiyyətinə, müqəddəsliyinə
heç bir şübhə yeri qoymur. Mən bir
oxucu kimi bu şeirlərin ovqatında ancaq ona inanıb ona əmin oldum
ki, Tahir Rza sözünü həm ürəyində,
həm də çiyninə qaldırdığı
vətən torpağında
göyərdir. Ona görə
də sözün ayağı yerə, başı buludlara toxunur. Bu isə
şairliyin danılmazlığı,
şairliyin ilahi vergisi olduğunu sübut edir. Axı:
Var-dövlət yolunda əyilən, ölən,
İnsanın, dünyanın qədrin nə bilər.
Qəlbini, sözünü, andını
bölən
Vətəni, torpağı, xalqı da bölər.
Görürsünüzmü, fikirləri bir-birini necə təsdiqləyir, bir-birinə
söykənib necə
xan çinar kimi şah dayanıb.
Bunun görünməyən bir
tərəfi də
var. O da çətinliyə
dözüm, mübarizliyə
qadir olmaqdı. Əgər dözümün, iradən,
mübarizə əzmin
varsa, onda bax, həmin o söylədiyin fikirlərin
işığı hər
tərəfə düşəcəkdi.
Görəcəksən ki:
Özünü duymadan özgələrinin
Dərdinə, qeydinə qalmaq çətindir.
Vətəndaş olmadan xalqın, millətin,
Alimi,
şairi olmaq çətindi.
İndi
gördünüzmü, Tahir
Rza mənim yazımın əvvəlində
söylədiym fikirləri
poetik fikir kimi necə mükəmməl bir şəkildə şeirləşdirib.
Həmin
şeirlərin də
şah damarında bir özəllik, bir özü olmaq, bir özünü
təsdiq yaşayır.
Axı, şair yazır ki:
Andına, sözünə qadir insan ol,
Kiminsə
dalınca qalmasın gözün.
Kişi ol, qadın, kim olursan
ol,
Ancaq
bu həyatda özün ol, özün.
Həqiqətən həyatda özü olmaq, özünü təsdiqdən
keçir. Özünü təsdiq isə
mübarizə deməkdir,
qətiyyət deməkdir,
ədalətli olmaq deməkdir. Ədalətin yanında Allahın
sevilən bəndəsi
olmaq deməkdir.
Bunu isə etiraf edək ki, hamı
bacarmır. Çünki
nəfis var, özəl maraqlar var, xəbislik var, nadanlıq var və s. və ilaxır. Bax, bunlar qana hopanda,
ağıla hakim kəsiləndə
Tahir Rzanın söylədiyi özün
olmaq fikri ya şikəst olur, ya da
ümumiyyətlə insanları
həmin məxluqa qarşı diksindirir.
Hər kəs onu görməməyə,
ondan uzaq durmağa çalışır.
Və onda istər-istəməz sən
də, mən də, elə hamımız birlikdə deyirik ki, "belə olsa", "belə görünsə",
"belə yaşasa"
əsl insan olardı. Təəssüf ki, o əsl
insan olmaq missiyasını qavoraya bilmədi. Şair qəlbi də
bunun üçün
sızladı. Və o sızıltının
özü də təkcə ağrının
ifadəsi deyil, həm də o ağrının mahiyyətini
açıb göstərməkdi.
Çünki:
Zillətə, zülmətə bürünər
cahan,
Vicdan
lal, arzu kor, ürək daş olsa.
Tanrı əlin üzər yaratdığından,
İnsan bəd əməllə
dost, sirdaş olsa!
Bəli, mən Tahir Rzanın hələ mətbəə qoxusu canından çəkilməmiş
kitabını bir dost
sevgisiylə gözdən
keçirərkən tam şəkildə
inandım ki, "Candan çıxa bilməz can Qarabağsız"
həqiqətən bugünkü
ədəbi nümunələrimizin
içərisində, bugünkü
poeziya dünyamızda
tər sözlərdi,
tər fikirlərdi! Və bu sözün
müəllifi də Tahir Rzadı! Ona görə də Tahir müəllimi yeni kitabı münasibəti ilə təbrik edir, onun "Candan çıxa bilməz can Qarabağsız!" kitabı
haqqında isti-isti atüstü fikirlərimi
ilk təbrik kimi qəbul etməyini rica edirəm.
İnşallah, mən də, eləcə də ədəbi ictimaiyyət də, yəqin ki, bu kitab barəsində
öz sanballı sözünü deyəcəkdi.
Həmin
günə qədər
isə mən fikirlərimi elə Tahir müəllimin bir qəzəlinin iki beyti ilə
bitirirəm.
Könlümü ruhlandıran xalqın, elin qüdrətidir,
Tahiri şair
edən eşiqdir, məhəbbətdir, gülüm.
Əbülfət Mədətoğlu
Ədalət.-2018.-3
iyul.-S.5.