İSMAYIL İMANZADƏNİN
YARADICILIĞINDA EKOLOJİ FİKİRLƏR
YUSİF DİRİLİ
"Dirili Qurbani" ədəbi məclisinin sədri, şair-publisist, tədqiqatçı-ekoloq
(əvvəli ötən
saylarımızda)
Şair
İ.İmanzadə haqlı olaraq,
canlı orqanizmlərin vaxtsız ölümünü
torpağın, suyun və havanın zəhərlənməsində
görür. Bu problemi o, "Təlaş"
şeirində belə təqdim edir:
Yarpaq
saralmamış budaqdan düşür.
Bulanıb
dünyanın suyu, havası...
Bilinmir
torpağın dərdi, davası.
Əlbəttə,
bu, bir vətəndaş
şairin mövcud problemin yaratdığı
çıxılmaz durumdan təlaş
keçirməsidir.
Hazırda işğal altında olan
Cəbrayıl rayonu özünəxas təbii
sərvətlərlə zəngin olmuşdur.
Ölkəmizin ən yaşlı çinar
ağacları bu rayonda
idi. Akademik V.Tutayuq 1960-cı illərin sonunda Respublika üzrə
apardığı tədqiqatlar zamanı müəyyən etmişdir ki, Azərbaycanın
iki ən yaşlı ağacı
(2800-3000 il) Fuğanlı və Karxulu ərazisindəki Şərq
Çinarlarıdır (buna Barmaqvari yarpaq Çinar, el arasında isə
"Xan Çinar"
da deyirlər. Azərbaycanda
yalnız qeyd olunan bir növü bitir). Ümumiyyətlə, Cəbrayıl çinar və kəhrizləri ilə bol olmuşdur. Biz şairin əsərlərində
bu fakta tez-tez rast gəlirik. Yeri gəlmişkən, Respublikada
bol sulu və sayca daha çox
kəhrizlər də Cəbrayılda idi.
Salam Bülur Kəhrz, "Çoban bulağı",
Xan Çınar, gözümün
ağı, qarası.
("Cəbrayılda qalan dünyam")
Cəbrayıl şəhərindəki
500-dən çox yaşı
olan (hazırda 600 ilə yaxın) məşhur çinar ağacı çoxlarının
yadında xoş xatirə kimi qalıb. Ağacın
gövdəsinə bənd
edilmiş üç
mərtəbəli restoran-kafe
həm yerli sakinlərin, həm də qonaqların dilinin əzəbərinə
çevrilmişdi. Əla istirahət
üçün gözəl
məkan olan "Çinar" kafesi gerçəkdən bənzərsiz
idi. Bu nəhəng,
qollu-budaqlı şahanə
ağacın altından
axan buz kimi bolsulu büllur
kəhriz "Çinar-Kafe"yə
daha bir möhtəşəmlik qatırdı.
Bununla belə, təbiət abidəsi kimi bu çoxyaşlı ağac ona restoran-kafedən
dəyən ziyandan
"əziyyət çəkirdi".
Səhərdən axşamadək tüstülənən
samovar və manqallardan
ayrılan tullantılar,
maraq yaratsin deyə birbaşa müştərilərin əyləşdiyi
otaqlardan keçib bayıra çıxarılan
budaqlar və ağacın gövdəsi
həqiqətən bizim
çox da əhəmiyyət vermədiyimiz
zərərli maddələrlə
üz-üzə qalmışdı,
bu mənzərə kənardan nə qədər gözəl görünsə də belə. Baxın, şair İmanzadə hələ o vaxtlar bu nəhəng təbiət abidəsinə
vurulan zərbəni necə də real təsvir edirdi:
...Yenə manqal qəlyanından
Tüstü qalxar səhər-səhər.
Babam çinar,
Elə bircə sənə
görə
Yüz illərdir bu oymağa
Qibtə edir neçə
şəhər.
Sinəndəki o zədələr
Nadanların hədəsimi,
Əsrlərin cizgisimi?!
("Salam, çinar",
1980)
Yadımdadır ki, 1976-cı ildə
Azərbaycan Təbiəti
Mühafizə Cəmiyyətinin
sədri, mərhum akademik Həsən Əliyevin göstərişi
ilə restoran Çinarın gövdəsindən
söküldü və
havasızlıqdan boğulan
Çinarın sanki qol-qanadı açıldı,
daha sərbəst tənəffüs etməyə
başladı. İnkişafı
intensivləşdi, görkəmi
bir az
da artdı. Qeyd edək ki, söküntüdən
əvvəl Çinara
münasibətlə bağlı
"Kirpi" jurnalı
bir satirik məqalə çap etmişdi. Bu, söküntü
işlərinə bir
təkan oldu...
1982-ci ilin qiymətləndirilməsinə əsasən respublikanın
ən yaşlı ağalarının siyahısı
tərtib edilərkən,
qorunan təbiət abidəsi kimi həmin Çinar ağacı da siyahıya daxil olunmuşdu. Nə yazıq ki,
sonradan o yaşlı ağac işğalçı
ermənilər tərəfindən
dinamitlə kökündən
partladılaraq məhv
edildi.
İnsanın ətraf mühitə təsiri, tarixi baxımdan ibtidai icma dövründən
ovçuluqla başlayır. Ovçuluğun təbiətə neqativ təsiri bu gün də
aktualdır. Dövlətimizin ovçuluğu tənzimləyən
qanun və qəraları mövcuddur.
Məsələn, hər növdən
olan ov heyvanlarının
ovlanması düzgün
deyildir. Müvafiq dövlət
qurumu məhz hansı heyvanı, nə vaxt, hansı
yaşda ovlamağı
müəyyən edir,
əks təqdirdə
cəza tətbiq olunur. Qanunların hakim olmadığı dövrlərdə bu
problem xalq qınağı
yolu ilə həllni tapıb, xüsusilə, folklor burda böyük və təsirli rol oynayıb. Məsələn, bəzi heyvanlar
müqəddəsləşdirilərək
ovlanması qadağan
edilib. Çoxalma vaxtı hər
hansı canlını
öldürmək yasaqlanıb.
Belə münasibət
daha çox sayı az
olan nadir növlərə
tətbiq edilb. Uzun illərin müşahidələrinə
söykənib ondan əməli nəticə çıxaran babalarımız
bunu bizdən yaxşı biliblər.
Göyərçin alabaxta
Qanadı taxta-taxta.
Onu vuran bəy oğlu,
Qan qussun laxta-laxta.
Doğrudur, indi çətin
ki, maddi cəhətdən böyük
imkanı olan, yaxud vəzifəli şəxs və ya onun oğlu,
qohumu haqqında bu cür sərt
ittiham irəli sürülsün. Ancaq onu poetik üsullarla tərbiyə etmək, hərəkətlərindəki
naqislikləri ona anlatmaq, belə halların ziyan gətirə biləcəyini
başa salamaq uzun çəksə də, fayda verə bilər. Şairin
"Ovçu Məmməd"
şeiri ovçuluğun
ətraf mühitə,
canlı təbiətə
təsirini öyrənmək
cəhətdən mükəmməl
nümunə sayılmalıdır.
Yaşıl tala ceyran, cüyür soraqlı
Yanma görüm tənhalığın oduna.
Yamaclarda turac, kəklik nə gəzir,
İndi necə ovçu
deyim adına?
Niyə qıydın gözəllyə,
niyə sən
Perik düşüb torağaylar örüşdən.
Boz sərçələr ağlar
qalıb deyəsən,
Söylə görək heç bezdinmi bu işdən?
Bu şeirin mahiyyətində xalq qınağı dayanır. Onun bədii
şəkildə çatdırılması,
hər kəsin əzbərində şifahi
yolla sonrakı nəsillərə ötürülməsi
təbiətə zərərli
münasibətin aradan
qalxmasında faydalı
ola bilər.
"Ovçu keçmə bərədən"
şeirində də şair yuxarıdakı fikirlərini davam etdirməklə, təbiətin
nadir incilərinə qarşı
çıxanları, onlara
güllə atanları
sərt qınaqla üz-üzə qoyur.
Anladır ki, çəmən-çiçək
min dərdin əlacı
ikən, hələ səhərin gözü açılmamış, "hələ
çiçəklərin yuxulu, yamacların gül qoxulu" çağında kəkliyi,
turacı hədəfə
götürmək nəyə
gərəkdir? Axı insanın
dərdi, əlacı
təbiətdədir. Təbiət Loğmandır,
şəfa mənbəyidir,
gözəllik məskənidir.
Ona necə qıymaq olar?! Ovçunu ədalətli olmağa, güllə atdığı
heyvanı yaxşı
tanımağa çağırır,
"əgər qan tökəcəksə, ov
etdiyi gədiklər, dağlar da üzünə baxmayacaq",
- deyə az
qala nadir təbiət
incilərini sərbəst
buraxmağın xətrinə
ovçuya yalvarır:
...Düşsən maral izinə,
Dağlar baxmaz üzünə.
Dönüm sənin gözünə
Ovçu keçmə bərədən.
Burada Məhəmməd Füzulinin qəhrəmanı
Məcnun obrazı yada düşür. Ovçunun əlindən ov
heyvanlarını alıb
azad buraxan Məcnunun bu yaxşılığının əvəzində vəhşi
heyvanlar ölüncə
onu tək qoymur, sədaqətli dostlarına çevrilirlər.
Şair-publisist İsmayıl İmanzadənin yalnız
şeirlərində yox,
həm də nəsr əsərlərində
ətraf mühitə
- torpağa, suya, bitkiyə, heyvana, digər amillərə dair nümunələr də diqqəti cəlb edir. "Yaxşılığın
əvəzi" hekayəsində
Ovçu Abdulla və
oğlu Əziz ov zamanı armud ağacının şaqqalanmış gövdəsində
sıxılıb qalan
və həyəcanla
nərə çəkən
ayını çətinliklə
də olsa xilas edirlər. Ancaq nə ayıya, nə də onun balalarına xətər yetirmirlər.
Hekayədə qeyd olunur
ki, ayı borclu qalmır və öz xilaskarlarını ardınca
getmələrinə işarə
edir. Məlum olur ki, ayı yaxşılığın
əvəzində onlara
ağacın koğuşundakı
balı sovqat vermək istəyir. Ümumiyyətlə, təbiətə qayğıkeş münasibət
heç vaxt unudulmur, nə zamansa əvəzi qaytarılır. Nağıllarımızda da, dastanlarda da, digər folklor nümunələrində
də bu bir arzu kimi,
istək kimi özünü qabarıq
göstərir. Fikrimizcə, məqsəd təbiət-insan
münasibətlərində bir harmoniya, bir kompleks görmək,
insanın yaranışından
əvvəlki təbiətin
tamlığını bərpa
etmək diləyidir.
Qeyd etmək yerinə düşər ki, ovçuluğu heç də tamamilə təbiətə
zərərli münasibət
kimi qiymətləndirmək
düzgün deyildir. Müvafiq qaydalar çərçivəsində
onun faydalı tərəfləri də vardır.
Ovçuluğa uyam hərdən,
Şehli çiçək ovum ola.
Şeirdən də göründüyü
kimi, ovçuluq həm də mənəvi tələbatı
ödəməkdir - istirahət
etmək, dincəlməkdir.
İdman vasitəsi kimi də faydalıdır. Heyvanları yaxından tanımaq,
davranış və həyat tərzini öyrənmək baxımından
da əhəmiyyətlidir.
Ovçuluq təsərrüfatlarının
yaradılması və
genişləndirilməsi bu
sahədə bir çox problemlərin həllinə yönəldilə
bilər: heyvanların
sayının tənzimlənməsi,
brakonyerlərə qarşı
mübarizə, ovçuluq
turizmi, ov əti ilə təmin etmə, xəstə heyvanların profilaktikası və s.
"Ömürdən
uzun gecə",
"Elat sovqatı",
"Tövbə qapısı"
kimi hekayələri,
"Xocalı notları"
və "Ağlayan göz yaşları" pyesləri, eləcə də br sıra
şeirləri, xüsusilə,
bayatıları şair
İsmayıl İmanzadənin
insanın ekologiyasına
tipik nümunədir. Bunların hər birində əhalinun milli-mənəvi
dəyərləri, xarakterik
cizgiləri öz əksini tapıb.
Şübhəsiz,
ekoloji fikirlərin inkişaf
etdirilməsi və təbiəti bədii üsullarla
öyrənmək cəhətdən Azərbaycan ədəbiyyatı
çərçivəsində sevimli şairimiz İsmayıl İmanzadənin dəsti-xətti
həmişə qalacaq, gənclərimiz üçün, ətraf mühitə
münasibət tarixini
araşdıranlardan ötrü
açıq mənbə
olacaqdır.
Ədalət.-2018.-3
iyul.-S.6.