Yerində olan adam

 

Ucalıq.... Ucalıq deyəndə ilk dəfə göz önünə həqiqi coğrafi yüksəklik-dağlar, zirvələr gəlir. Günəşi ilk görən sonuncu vidalaşan da uca yerlər, uca nöqtələrdir. Ancaq bu ifadəni təkcə coğrafi mənada düşünmək olmaz. Dilimizdə bir insan ucalığı deyilən məna da var. Hər insana ucalmaq nəsib olmur. Bu bir tərəfdən Allahın yazısı olsa da, digər tərəfdən insanın özündən zəhmət tələb edir. Bu yazı da haqqında söhbət açacağım Aydın Tapdıq oğlu Abbasov da məhz öz zəhməti hesabına bu ucalığı fəth edib.

 

Ürəyimə yazılan yazı

 

Hörmətli oxucu, bilmirəm onu sizlərə necə təqdim edim? Elinin-obasının xeyrinə-şərinə yarıyan bir məclis əhli kimi? Sədaqətli-səxavətli dost kimi? Ləyaqətli-cəfakeş bir ailə başçısı kimi? Məncə, fərq etməz. Aydın Abbasovu tanıyanlar ilk növbədə onun insanlığına böyük hörmətlə yanaşırlar.

Mən Aydın Abbasovu çoxdan tanıyıram. Elə ilk baxışdan səmimiyyəti, alicənablığı ilə diqqəti cəlb edir. Ötən bu illər ərzində onun insani keyfiyyətlərini daha yaxından duymuşam.

Fikir vermişəm danışanda, televiziyadakı çıxışlarında, müsahibələrində etik normaları həmişə gözləyir, bir kəlmə artıq, yersiz söz danışmır.

Nəyə görəsə biz jurnalistlər yazı üçün həmişə vəzifəli adamlar axtarırıq. İllər ötəndən sonra məlum olur ki, o insanların, o vəzifə sahiblərinin bəzilərinin mənəviyyatı da, qəhrəmanlığı da saxta imiş (Bu haqda çoxlu misal çəkmək olar). Halbuki gözlərimiz önündə neçə-neçə tanıdığımız, qonşumuz, oturub-durduğumuz insanlar vicdanla yaşayır, vətən, cəmiyyət, ailə qarşısında öz borclarını ləyaqətlə yerinə yetirirlər. Belə insanlar hökumətdən, yerindən onlara layiq olan haqqı umurlar. Aydın Abbasov da məhz belə adamdır. Yaxşı tanıdığımız belələrindən yazmaq, onları başqalarına tanıtmaq niyə qəbahət sayılmalıdır ki?

 

 

Qibtə ediləsi ömür

 

Aydın Abbasovun kabinetində oturub çox səmimi söhbət edirik. Bura sanki Heydər Əliyev muzeyini xatırladır. Ulu Öndərin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin portretləri, H.Əliyevin cilid-cilid kitabları s. Bütün bunlar milli liderimizə, onun layiqli davamçısı İlham Əliyevə olan sevgidən, məhəbbətdən irəli gəlir.

Aramla danışmağa başlayır:

-Çox-çox əvvəl biz özümüzü cavanların sırasında sayırdıq. Amma əlahəzrət zaman öz işini gördü - saçlarımıza əl gəzdirdi, yavaş-yavaş gözlərimizin işığını almağa başladı bu təbiidir. Buna da şükür. Biz onda ayıldıq ki, daha gənclik qatarında yerimiz yoxdur. Artıq indi küçədə, dükanda, iclasda bizə ünvanlanan "ağsaqqal, dayı", sözlərindən narahat olmuruq.

Bir vaxt illərin sürətlə ötüb keçməsinə məhəl qoymazdıq. İndi isə ömür kitabımızdan sildiyi hər səhifənin haqq-hesabını aparırıq. Görünür ömür deyilən şey belə olurmuş. Yadımdan çıxmamış onu deyim ki, mənim fikrimcə insan əsasən iki şeyə görə xoşbəxt olur: ya ailəsinə, ya da çalışdığı kollektivdə səmimi atmosferə, orada əməyinə verilən qiymətə görə. Mən hər ikisindən yarımışam. Ona görə xoşbəxtəm. Hər yaşanan ömür, ömür sayılmır. Ömrü elə yaşamalısan ki, daima xatırlanasan.

Aydın Abbasov heç bir təqdimatsız, heç bir mübaliğəsiz nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb bu adı qoruyub saxlayır. Ona hamı yaxşı adam deyir. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər asan deyil. Ancaq Aydın Abbasov bunu bacarıb. Aydın Abbasov bacarıqlı mühəndis olmaqla yanaşı həm yaxşı yoldaş, sədaqətli dost gözəl ailə başçısıdır. Ləyaqətli övladlar böyüdüb ərsəyə çatdıran atadır. Əlindən gəlib əsirgəməyib. Biliyini, varını, ürəyini Hatəm süfrəsi kimi açıb. Övladlar da dönük çıxmayıblar. Üstlərinə düşən övladlıq vəzifəsini həmişə hiss ediblər. Ali təhsil alıblar. Hərəsi bir işin qulpundan tutub işləyir, atalarının başını uca edirlər. Aytən həkim, Nofəl iqtisadçı, Murad isə su üzrə mühəndisdir.

Aydın müəllim övladlarından tutmuş, dostlarına, qohumlarına qədər öz ömrünə qıyıb, bu yolda bütün əziyyətlərə tab gətirib, Allahın xeyirxah bəndəsi olub. Ona görə Aydın müəllimin özü kimi övladları da xoşbəxt olmalıdır. Onlar bu xoşbəxtliyə layiqdirlər.

Aydın müəllim deyir ki, ən əsəbi, ən yorğun vaxtlarımda nəvələrimi görəndə dünya mənim gözümdə dəyişir. Allaha həmişə şükür edirəm.

Həyatını insanlara xidmətə Allahın neməti həyatın özü olan suya həsr etdiyi üçün altı nəvəsinin üçünün adını su ilə bağlı qoymuşdur - Aysu, Duyğu, Araz. Qoy bütün nəvələr adlarına layiq xoşbəxt olsunlar. Dədə Qorqud demişkən: Adını mən qoydum, bəxtini, taleyini Yaradan versin!

Aydın müəllim söz sərrafı olduğundan sözə, söz adamına münasibəti başqadır. "İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlər yaratdıqlarıdır" - deyən Aydın müəllim haqqında yazarkən həm məhəbbətlə, həm məsuliyyətlə yazmalı olursan.

 

Dön geri bax

 

İllər insana çox şey öyrədir. İnsan formasıdır, püxtələşir nəhayət müdrikləşir. Öz təcrübəmdən deyə bilərəm ki, vəzifə insana hörmət gətirmir. İnsana hörmət gətirən onun illərlə cəmiyyətdə qazandığı nüfuzudur.

Aydın Abbasov həyatın mütləq həqiqətlərini dərk etmiş, dünyanın hər üzünü görmüş, yaxşını-pisdən, ağı-qaradan ayırmağı bacaran bir insandır. Aydın müəllim Ulu Tanrının sevdiyi, gözü tox, nəfsi yox, ürəyi yumşaq, qəlbi açıq olduqca xeyirxah adamdır. Aydın müəllim dörd mühüm keyfiyyəti özündə birləşdirib.

Birincisi - O, alovlu vətənpərvərdir. Dost-tanış, qohum-əqrəba üçün əlindən gələni edir.

İkincisi - Xalq üçün, onun mənəvi-zehni inkişafı, iqtisadi dirçəlişi üçün bacarırsa əsirgəmir.

Üçüncüsü - Dövlətə dövlətçiliyə olduqca sadiq şəxsdir.

Dördüncüsü - O, mərhəmətli imanlı adamdır. Zəngin mənəviyyat, geniş qəlb sahibidir. Sadaladığım bu dörd amil Aydın müəllimin xarakterində, dünyagörüşündə fəaliyyətində mühüm yer tutur.

Belə adamların bir adı var.

 

Bütöv adam

 

Aydın Abbasov sözün həqiqi mənasında bütöv adamdır. Rastlaşdığım, təmasda olduğum adamlarda görmədiyim bir çox keyfiyyətlər var ki, mən bunları Aydın müəllimdə kəşf etmişəm. O, çox səbirli təmkinlidir. Atalar belə insanlar haqqında deyiblər - "Dərin sular bulanmaz".

Aydın müəllim sanki dərin dəryadır.

Hər dalğa onu bulandırmağa qadir deyil. Aydın Abbasov xoşbəxt taleli adamdır. Xoşbəxt taleli adam olmağın bəlkə düsturları çoxdur. Ancaq yəqin ki, onların ən ümdələrindən biri "həmişə sevilən adam" olmaqdır. Aydın Abbasov həmişə sevilib, bu gündə sevilir, bundan sonra da qədər ömür yaşayacaq yenə seviləcək.

P.S. Aydın Abbasov 1955-ci il iyulun 28-də Tərtərdə doğulub. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

Əmək fəaliyyətinə AMEA-nın "Xəzər" elmi mərkəzində başlayıb. Burada on il müddətində müxtəlif vasitələrdə işləyib. 1988-ci ildən taleyini Sumqayıtla bağlayıb xoşbəxtliyini burada tapıb.

Sumqayıt Kimya-Sənaye İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləyib, 11 ildən çox Sumqayıt Su-Kanalizasiya İdarəsinin rəisi olub. Sonra Bakı Su Kəmərləri İdarəsində rəis, Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda direktor işləyib. Onlarla elmi məqalənin, 20-dən çox səmərəliləşdirici təkliflərin müəllifidir.

2011-ci ildə yenidən "Azərsu Açıq Səhmdar Cəmiyyəti"nə qayıdıb. Hazırda orada texniki istehsalat departamentinin rəisidir. 2014-cü ildə "Tərəqqi Medalı" ilə təltif olunub. Cari ilin iyun ayında Su Təsərrüfatı Meliorasiya işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə " Üçüncü Dərəcəli Əmək Ordeni" ilə təltif olunub.

Aydın Abbasov yerində olan adamdır. Biz Aydın müəllimi həm doğum günü, həm orden alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

 

 

İbrahim Abdullayev

 

Ədalət.- 2018.- 20 iyul.- S.7.