MUĞAM DA QURANİ-KƏRİM
KİMİ SİRLİDİR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
- Dədə, mən bayaq dava sualını
elə-belə vermədim
e. Yəni mənim də içimdə öyrənmək istədiyim
bir mətləb var idi. Onu səndən
öyrənmək istəyirəm.
- Kol-kos doğrama, sözün nədi onu de. Soruş görüm.
- Dədə, indi oxuyanlar çoxu yaddan çıxmasın deyə dava salır, bir-birinin saçını yolur, bir-birinin paxırını
açır...
- Yox, bildim
nə deyirsən. Bunların heç biri mənilik deyil. Ümumiyyətlə, səsi, istedadı,
əxlaqı, dinləyiciyə,
tamaşaçıya hörməti
olan heç bir oxuyan bu
yolu tutmaz. Mən belə görmüşəm.
Bizi belə tərbiyələndiriblər,
belə böyüdüblər.
Tam səmimiyyətimlə deyirəm, vallah, ürəklə deyirəm.
Dünyanın tanıdığı böyük Seyid Şuşinski mənə
dərs verib. Mən ondan dava-dalaş dərsi almamışam.
1959-cu ildən, yəni Bakıya gəldiyim gündən (yəqin bilirsən də məni Seyid gətirmişdi -
Ə.M.) böyük sənətkarlarla
bir yerdə olmuşam. Mən İslamı görmüşəm,
Zeynəb Xanlarovanı
görmüşəm, Əlibaba
Məmmədovu görmüşəm,
Əbülfət Əliyevi
görmüşəm, Şövkət
xanımı görmüşəm,
Qulu Əsgərovu görmüşəm, Yaqub
Məmmədovu görmüşəm.
Yəni elə istedadları, elə sənətkarları
görmüşəm ki,
mən ancaq tərbiyələnmişəm, öyrənmişəm. Rəhmətlik Seyid Zeynəb xanıma, İslama, Quluya, mənə və bir neçə
digər sənətkarlarımıza
bir yerdə dərs keçirdi.
O həm də bizə həyatı öyrədirdi, tamaşaçıya,
dinləyiciyə ehtiramı
öyrədirdi. İnan Allaha
ki, bu yaşıma
qədər bir tar çalanla, bir kamança çalanla, ümumiyyətlə, heç
bir sənət adamıyla narazılığım
olmayıb. Heç kimin
xətrinə dəyməmişəm.
Hamıyla mehriban yola getmişəm, hörmət
etmişəm, hörmət
görmüşəm. İndiki oxuyanlar bir az ayrı yolu tutublar. Amma düz eləmirlər.
O ki, qaldı musiqimizə...
- Hə, Dədə, musiqimizdə nə baş verir?
- Gəl etiraf eliyək ki, hörmətli Mehriban xanımın diqqəti sayəsində Azərbaycan muğamı ayağa qalxdı, bir daha özünü
dünyaya göstərdi.
Onun sayəsində müsabiqələr
keçirildi və bu gün Babək,
İlkin, Qoçaq, Təyyar, Elşad, Elçin, o biriləri muğamın inkişafında
öz sözlərini
deməyə başladılar,
muğama yeni nəfəslər gətirdilər.
Aydınca göründü ki, böyük sənətkarların ardınca
böyük də istedadlar gəlir. Düzdü,
bəzən hətta tanınmış xanəndə
də nəyi isə düz oxumaya bilər, oxuyur da. Amma mən heç vaxt birbaşa kiminsə qəlbinə dəymirəm, irad tutmuram. Sadəcə onun qəlbinə
dəymədən deyirəm
ki, deyəsən səsin yerində deyil. O da səhvini başa düşür. Amma cavanlar belə
eləmir. Birinin bir
balaca səhvi oldu, aləmi qatırlar bir-birinə.
Dava-dalaş da belə şeylərdən başlayır.
Bilmək lazımdır
ki, heç kim bu dünyanı tutub getməyəcək. Cabbar,
Xan, Seyid gəlif-gedif. Onların ardınca Şövkət,
Əbülfət, Qulu,
Yaqub, İslam gəlif-gedif. Onların dalınca
da biz gedəjiyik.
Bizim dalımızca da başqaları gələjək.
Yəni hər şey mərhələ-mərəhələdi.
Odur ki, gərək ürək sındırmayasan,
əl tutasan, yol göstərəsən.
Özü də ürəklə, adam balası kimi, xətirə, şəxsiyyətə toxunmadan.
Bizdən əvvəlkilər muğamı qoruyub, indi biz qoruyurux, bizdən sonra da gələnlər qoruyajax. Bu gün
həmin o cavan muğam oxuyanlar məni görən kimi yığışır
başıma. Soruşur, məsləhət
alır, sual-cavab edirlər. Maa ləzzət verir,
mən də bildiyimi öyrədirəm.
Ümumiyyətlə, qəvliyyəti olan, səsi olan heç bir oxuyanı danmaq olmaz. Mən lap elə qadın oxuyanları da deyirəm. Aygünü, Nəzakət
Teymurovanı, o birilərini
nə təhər danmaq olar. Muğam oxuyan
qadınlarımız çox
mükəmməl bilir
öz sənətin.
Adlarını unutduqlarım məni
bağışlasınnar. Mənim estradayla işim yoxdu. Ancaq onlar da muğamı bilsələr,
işlərinin xeyrinə
olar. Çünki
estrada özü
də muğam üstündədir. İstənilən musiqini səsləndir, deyim hansı muğamın üstündədi.
Heç
biri muğamdan kənara çıxa bilmir. Bu, Üzeyirin
böyük xidmətinin
nəticəsidir. Üzeyir də
deyib, Seyid də deyib ki,
muğama əlavələr
olar, amma ağıllı əlavələr.
Səndən bir şey soruşum.
- Buyur, Dədə.
- Yaqub "Mənsuriyyə"ni oxuyub. Pisdi? Lap elə Qədiri
deyim. Qədir Rüstəmovu yaddan
çıxarmaq olar?
- Yox, mümkün deyil.
- Ay sağ
ol. Bu kişilər
öz qəvliyətinə
görə oxuyub, möhürünü vuruf,
çıxıf - gedif.
Mən Əbülfət Əliyevi,
Zülfü əmini,
Mütəllim Mütəllimovu
nə təhər yaddan çıxarım.
Mütəllimin "Segah"ını
kim oxuya
bilər? Bir yadına sal:
Hər bağın, hər bağçanın
Öz bülbülü
şeydası var
- bu dəqiqə də qulaqlarımda səslənir.
Bu kişilər öyrənə-öyrənə,
sevə-sevə oxuyublar. Biz
də elə, bizdən sonra gələnlər
də elə olacaq. Ələsgərin, Segah İslamın, Keçəçioğlunun
valları var. Onlara saatlarla qulaq asıram. Bu yaşımda da öyrənirəm.
Ayə, mənim 73 yaşım var e, amma öyrənirəm.
Çünki muğam
başdan-ayağa sirdi.
Öyrəndikcə öyrənirsən, bitif
qurtarmır. Sağ olsun
cavanları, görürəm onlar da muğamı həvəslə öyrənirlər.
Bu heç də pis deyil. Əksinə, pis odur ki,
oxuyanın özü özünə qiymət
verə bilməsin. Niyə oxuduğunu, nədən
ötrü oxuduğunu
dərk eləməsin. Əgər dərk eləsə, bu sənətdən qorxmayajax.
Hara qədər oxuya
biləcəyini müəyyənləşdirəjək və
oxuya bilməyəndə də yavaşca öz işinin ardınca gedəjək. Amma dərk eləməyənlər ömrü boyu
ortalıqda qalajax. Bax, dad bu yarımçıqların əlindən. İndinin özündə də bir az yekəlik
çıxmasın, camaat məni məclisinə
dəvət eliyir. Çünki
mən camaata da
hörmət etməyi bacarıram, sənətə də qiymət
verməyi bacarıram. İndiki cavanlar özündən böyüklərin yoluna baxsalar, öz yollarını vaxtında müəyyənləşdirəjəklər.
Dikbaşlıq eləyənlər uzaq gedə
bilməzlər. Ağıllı oxuyan həmişə
öz yerini bilir. Bir də yeri olmasa da
deyim. Mən
açılmamışam e, heç açılmaq da
istəmirəm. Çünki... (bir anlıq susur). İndi bəzi ağzıgöyçəklər
deyir ki, bu yaşda bu
nə addı sənə verdilər? (söhbət "Əməkdar
artist" adından gedir
- Ə.M) Mən də kəsəcə cavab
verirəm ki, mənə hansı ad layiqdir, xalq
verif. Hökumət də bu
adı layiq bildi, bu adı verdi. Sağ olsunlar,
görürlər ki, yaşımın
çiçəkləyən vaxtıdı, səsimin
açılan vaxtıdı, bir az da həvəsləndirdilər.
İnşallah, o biri adları da verərlər.
Mən bir şeyi
bilirəm: - xanəndə Allahın ona verdiyi səsi xalqın xidmətinə yönəltməlidir.
Elin-obanın məclislərində gücü
çatdığı kimi iştirak etməlidi. Rəhmətlik Rüstəm
Səfərəliyevi tanıyırdın?
- Əlbəttə
ki, tanıyırdım.
- Bax, Rüstəm
əmi mənim ana qohumum idi.
Bərdədə birinci katib işləyirdi. Rəhmətlik Heydər Əliyev onun xətrini lap çox istəyirdi.
1969-cu ildə Bərdəyə konsert verməyə getmişdim.
Gecə rəhmətliklə oturub
söhbət eliyirdim.
Maa dedi ki, istəyirsən Heydər Əliyevə deyim saa ad da
versin, ev
də. Mən də gəlib
bunu rəhmətlik anama danışdım.
Anam da savadsız arvadıydı. Özün
Qoçəhmədliləri tanıyırsan dana.
Maa qayıtdı ki, bala, Urustama
denən Heydər Əliyevə desin ki, qoy Süleyman
oxumağın oxusun. İndi Allah ölənlərin hamısına
rəhmət eləsin,
mən belə söhbətlərin də
şahidi olmuşam.
Tay ayrı nə deyim. Onda mənim qara
"24"üm var idi.
Rüstəm əmi deyirdi
ki, katibin də "24"ü var,
sənin də. Mən də "24"-ü kosmosa
uçandan almışdım.
Zarafatla deyirdim ki, sizə
hökumət verib, maa göyə çıxan. Görünür Rüstəm əmi o söhbəti Heydər Əliyevə demişdi.
Çünki Ulu Öndər hakimiyyətə
qayıdandan sonra mənə Prezident təqaüdü verdi.
(ardı gələn sayımızda)
Ədalət.-2018.-21
iyul.- S.4.