Kommunistlərə görə demokrat, cəbhəçilərə görə partokrat...

(Murad Babayev haqqında xatirələr)

Azərbaycan Prokurorluğu - 100

 (əvvəli ötən sayımızda)

Qanunsuz da olsa, dostumun səyi ilə həmin danışığa qulaq asa bildim. Prokuror mənim haqqımda olmazın iftiralar danışdıqdan sonra, onların arasında belə dialoq baş vermişdi:

Murad müəllim:

- Sənə deyəsən bir rayon bəs etmir. Göndər məlumatı Ələmdar özü yoxlasın.

Prokuror:

- Sən də elə Ələmdar kimi danışırsan.

Murad müəllim:

- "Filankəs"! Mən sənin üçün Ələmdar deyiləm! Kimsən, kimin adamısan mənə dəxli yoxdur. Qanun Ələmdarın tərəfindədir!

Murad müəllim bunu deyib dəstəyi asdı. İki dəqiqə keçməmiş Murad müəllim mənə zəng etdi. Danışığın təfərrüatını açmadan məsləhət bildi ki, qərarla zavodun mal qalığını özüm yoxlayım. Mən belə də etdim və onlar Cəlilabad rayonunda yoxlama apara bilmədilər. Murad müəllim Baş Prokuror təyin olunduqdan sonra həmin şəxsi işdən çıxartdı...

1991-ci ildə Respublikamızda ilk dəfə İcra Hakimiyyəti institutu təsis olundu. Cəlilabad kimi mürəkkəb rayona bir gün də idarəçilik təcrübəsi olmayan, institutu eyni ildə qurtardığım və həmişə hörmətim keçmiş bir tələbə yoldaşımı başçı göndərdilər. Həmin vaxt məzuniyyətdə olduğumdan Moskva şəhərindən zəng edib onu təbrik etdim. Təxminən bir aydan sonra məzuniyyətimi tamamlayıb rayona qayıtdım və işə başlamağım barədə telefonla başçıya məlumat verdim. On gün müddətində məni dəvət etmədi. On gündən sonra köməkçisi zəng edərək başçının məni dəvət etdiyi bildirdi. İçəri girəndə gözlərimə inanmadım. Uzun illər ərzində tanıdığım adamdan əsər-əlamət qalmamışdı. Sanki boyu da uzanmışdı. Çox rəsmi şəkildə görüşüb yer göstərdi. Sonra qarşıma bir qovluq qoyaraq dedi:

- Üstünə qırmızı karandaşla işarə qoyduğum adamların fəaliyyətini yoxlayıb həbsə alarsan. Yaşıl karandaşla işarə qoyduğum adamları çağırıb işdən çıxması barədə göstəriş verərsən.

Cəlilabadda işlədiyim 7 il ərzində 3-cü dəfə idi ki, belə "sifariş" eşidirdim. Odur ki, cavabım sərt oldu:

- Mən prokuroram, "zakroyşik" deyiləm!

O, cavabında bildirdi ki, bizim bir yerdə işləməyimiz baş tutmayacaq. Görüşmədən ayrıldıq və bundan sonra onunla bir daha görüşmədik. Üç gündən sonra çox çirkin iş gördülər. Xalq Cəbhəsinin yatmış radikal qanadını qaldırıb, prokurorluğun qarşısında mənim istefa tələbimlə əlaqədar piket təşkil etdilər. Bu əməli ona görə çirkin hesab edirəm ki, rayonda sabitliyi qorumalı olan şəxslərin siyasi rəqiblərinə qarşı camaatı küçələrə tökməsinə başqa ad tapa bilmirəm. Cəlilabad camaatı yığışıb piketçilərin plakatlarını əllərindən alıb qovladılar. Rayon rəhbəri yaşlı adam olan milis rəisini 40 gün öncə aramızda baş vermiş münaqişə ilə əlaqədar Respublika Baş Prokurorluğuna şikayətə göndərdi. Artıq bütün körpülər yandırılmışdı. İki gündən sonra Murad müəllim məni dəvət etdi. Mən rəis haqqında DİN-nə təqdimat verilməsi ilə əlaqədar arayışı və icra hakimiyyətinin başçısı haqqında cinayət işi başlamağa əsas verən materialları götürüb Murad müəllimin qəbuluna getdim. Başçının haqqında cinayət işi başlamağa əsas verən çoxlu fakt var idi. Məsələn, işə başladığı günün səhərisi seçkili orqan olmasına baxmayaraq, 1 ¹-li fərmanla Raykopittifaqın idarə heyətinin sədrini işdən çıxarıb, 2¹-li fərmanla yerinə adam təyin etmişdi. Bu qəbildən olan 6-7 fərman vermişdi və bütün fərmanlar yerli qəzetdə çap olunmuşdu (Aydın məsələdir ki, rayon icra hakimiyyətinin başçısı fərman yox, sərəncam verə bilərdi.). Murad müəllim məni qəbul edərkən əvvəlcə milis rəisi ilə əlaqədar baş vermiş hadisəni soruşdu. Mən hər şeyi olduğu kimi danışıb onu da əlavə etdim ki, mənim leksikonumda söyüş yoxdur. Həm də nəzərə alın ki, bu hadisə 40 gün bundan qabaq olub. Sonra təqdimat verilməsi üçün arayışı təqdim etdim (Rəis həmin təqdimat əsasında sonradan işdən çıxarıldı.). İcra hakimiyyəti başçısı haqqında cinayət işi başlayıb, həbs-qəti imkan tədbiri seçmək barədə materialları Murad müəllimə təqdim etdim. Murad müəllim başçının hərəkətinə təəccübləndi. Sonra prezidentin onun şikayətinə əlavə edilmiş dərkənarını mənə göstərdi. (Yoldaş Babayev, xahiş edirəm yoxlayın və mənimlə danışın). Murad müəllim dedi ki, prezident mənə tapşırıq verdi ki, səni ya işdən çıxarım, ya da iş yerini dəyişim. O, həmçinin bildirdi ki, hazırda boş rayon olmadığına görə səni mülki şöbəyə rəis müavini təyin edirəm. Boş yer olan kimi yenə rayon prokuroru vəzifəsinə təyin edəcəyəm. Mən razılığımı bildirdim. Lakin axşamüstü Murad müəllim məni kollegiya üzvləri ilə qəbul edərək dedi:

- Biz İcra hakimiyyətinin başçısının sözü ilə rayon prokurorunun yerini dəyişə bilmərik. Get, öz işinə davam et.

Mən rayona qayıtdım. Lakin Cəlilabadda sakitlik olmadı. Başda RİK-in sədri işləmiş Tofiq Bağırov və RPK-nın 2-ci katibi olmuş Surə xanım Ağayeva olmaqla, rayon ictimaiyyəti mənim müdafiəmə qalxmışdı. Rayon DİŞ-nin 70 əməkdaşının imzası ilə mənim müdafiəm üçün Prezident Aparatına müraciət göndərilmişdi. Həmin müraciət "Ədalət" qəzetində dərc olunmuşdu. Mənim təşkilatçılığım və dəstəyim ilə deputatlar yığışıb, Prezident Aparatının və icra başçısının iradəsinin əleyhinə olaraq Tofiq Bağırovu Rayon Sovetinin sədri seçdilər (Sonralar Tofiq Bağırov uzun müddət Cəlilabad rayon İH-nin başçısı vəzifəsində işlədi). Nəhayət, Prezident Aparatının Ərazi İdarəetmə şöbəsinin müdiri Samur Novruzov rayona gəldi. Bütün tərəflərlə təkbətək görüşdü. Mənimlə bir saata yaxın davam edən söhbətimizdə heç kimin adını çəkmədən ümumi problemlərdən danışdım. Söhbətin yekununda Samur müəllim bildirdi ki, prezidentin tapşırığı ilə Siz bu rayondan getməlisiniz. Səhərisi günü mən Murad müəllimin qəbuluna gəlib, daha Cəlilabadda işləməyəcəyimi bildirdim. Murad müəllim Baş Prokurorun müavinləri Mirağa Cəfərquliyevi, Vaqif Nəzərovu və idarə rəisi İdris Əsgərovu dəvət etdi və qərarını açıqladı: "Ələmdar Cəlilabaddan getməlidir. Lakin onu daha böyük Lənkəran rayon prokuroru vəzifəsinə təyin etmək istəyirəm". İnanılması zor olsa da, mən bu təklifi 2 gün qəbul etmədim. Arqumentim bundan ibarət idi ki, mənim Lənkəran rayon prokuroru vəzifəsinə təyin olunmağım dövlət başçısına meydan oxumaq kimi görünərdi. Nəhayət, Murad müəllim mənim yanımda dövlət müşaviri Sabir Hacıyevə zəng edərək dedi:

- Sabir müəllim, Ələmdar Lənkərana getmək istəmir. Onu Zaqatalaya, Nazim Tağıyevi Lənkərana göndərirəm.

Beləliklə Baş Prokuror Murad Babayevin 26 mart 1992-ci il tarixli əmri ilə Zaqatala rayon prokuroru vəzifəsinə təyin edildim. RİH-nin başçısını aprel ayının əvvəllərində işdən çıxartdılar...

Murad müəllim qətiyyətini Moskva qarşısında da göstərə bilirdi. 1983-cü ildən SSRİ hərbi prokurorluğu sistemində əmək fəaliyyətinə başlayan Rauf Kişiyev 1990-ci ildə Bakı Qarnizon Hərbi Prokurorunun müavini vəzifəsinə təyin edilir. "20 Yanvar"-la əlaqədar Zaqafqaziya Dairə Hərbi Prokurorluğu tərəfindən istintaq edilmiş cinayət işinin bir çox materialları Bakı Qarnizon Hərbi Prokurorluğunda saxlanılırdı. Azərbaycan Respublikası Baş Prokurorluğu həmin cinayət işlərini tələb edərkən Zaqafqaziya Dairə Hərbi Prokurorluğundan gələn tapşırığa əsasən cinayət işləri prokuror Quşşin tərəfindən Moskvaya göndərilir. Quşşinin qısa müddətli ezamiyyətdə olmasından istifadə edən Rauf Kişiyev bir hissəsi Bakı Qarnizon Hərbi Prokurorluğunda qalmış 30-40 cildlik cinayət işini və maddi sübutları Respublika Baş Prokurorluğuna göndərir. Bu hadisə Moskvanı qıcıqlandırır. SSRİ Baş Hərbi Prokurorunun müavini Kişiyevə zəng edərək onu həbsə almaqla hədələyir. Rauf Kişiyev təzəcə Baş Prokuror vəzifəsinə təyin edilmiş Murad müəllimin yanına gəlir. Murad müəllim telefonu götürüb SSRİ Baş Hərbi Prokuroru Stepankovla danışır. Təkzibedilməz faktlarla Raufun təqsirsiz olmasını sübut edir. Bir müddətdən sonra Murad müəllimin dəstəyi ilə Rauf Kişiyev Bakı Qarnizon Hərbi Prokuroru vəzifəsinə təyin edilir.

Haşiyə: Bu həmin Rauf Kişiyevdir ki, 1996-cı ildə Rusiyanın Ermənistana 1 milyard dollar həcmində silah-sursat verməsi barədə sənədləri əldə edə bilmişdi. Həmin vaxt Ermənistanın dövlət büdcəsi 400 milyon dollara çatmırdı.

1991-ci ilin axırlarında Murad müəllimin atası Sosialist Əməyi Qəhrəmanı, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, respublikada tanınmış adlı-sanlı şəxslərdən olan Köçəri Babayev vəfat etdi. Baş Prokurorluqdan yerlərə zəng edərək bildirdilər ki, Murad müəllimin şəxsi tapşırığıdır, heç kim hüzür yerinə gedə bilməz. Zəng edən yoldaşa dedim ki, mən Murad müəllimə görə deyil, Köçəri əmiyə görə gedəcəyəm. Biz hələ uşaq olarkən təsərrüfat rəhbəri olmuş atam və dayımla Köçəri kişinin münasibəti olmuşdu. Azərbaycanın ən böyük din alimi Şeyx Məhəmməd Cəlilabadlını maşına otuzdurub hüzür yerinə getdim. Şeyx içəri girəndə hamı ayağa qalxdı. Ölkənin Baş Prokuroru olsa da, Murad müəllim şeyxi böyük hörmətlə qəbul edib yola saldı. Ümumiyyətlə, sadəlik bu ailə üçün xarakterik xüsusiyyət olub.

Uzun illər Cəbrayıl rayon prokuroru işləmiş Şamil Bağırov deyirdi ki, Murad Mingəçevir şəhər prokuroru, Respublika Prokurorunun I müavini işləyəndə, hətta Baş Prokuror olanda da Köçəri kişi ilə prokuror-kolxoz sədri münasibətimiz dəyişmədi.

Gürcüstanın Siqnaki rayonunda uzun illər kolxoz sədri işləmiş, hamının Arsen dayı deyə müraciət etdiyi hörmətli bir insan var idi. O, 25 il SSRİ Ali Sovetinin deputatı, Gürcüstan KP MK-nın üzvü olmuşdu. Bir dəfə mənim yanıma gələrək dedi:

- Mənim köhnə bir dostum var Azərbaycanda. Oğlu Prokurorluqda işləyirdi. 10 il olar ki, xəbərim yoxdur.

Ondan dostunun adını soruşduqda, bu adamın Köçəri Babayev olduğunu bildirdi. Cavab verdim ki, Köçəri kişi rəhmətə gedib, amma oğlu ilə danışdıra bilərəm. Həmin vaxt Murad müəllim Bakı şəhər Nəqliyyat Prokuroru vəzifəsində işləyirdi. Mən iki dəfə onları telefonla danışdırdım...

Murad müəllim çox çətin dövrdə Baş Prokuror oldu. Müstəqillik aktı qəbul edilsə də, hələ SSRİ dövləti var idi. Hətta SSRİ Dövləti dağıldıqdan sonra da müstəqilliyimizi tam əldə etsək də, SSRİ qanunları ilə işləyirdik. Ona görə də məsuliyyətlə demək olar ki,Murad Babayev sovet dövrünün sonuncu, müstəqillik dövrünün ilk Baş Prokurorudur. Xalq Cəbhəsi hakimiyyətə gələrkən kütləvi kadr dəyişikliyi etdilər. Baş Prokurorun 3 müavini, bir çox idarə rəisləri, Bakı şəhər prokuroru dərhal dəyişdirildi və onların yerinə əsasən meydandan qaçaraq gəlib nəfəslərini dərməmiş kreslo həvəskarları olan insanlar təyin edildi. Bakı şəhərində 11 rayon prokurorundan 10-u vəzifəsi ilə xudahafizləşməli oldu. Həmin dövrün xarakterik idarəçilik üsulu ilə əlaqədar bir hadisəni danışmaq istəyirəm. Zaqatalanın Car kəndində kolxoz idarə heyətinin inzibatı binasına girərək kassa pulları saxlanan kiçik həcmli seyfi oğurlamışdılar. Hadisə yeri müayinə olunmuş, cinayət işi başlanılmaqla istintaq-əməliyyat qrupu yaradılmışdı. Bir neçə gün keçmiş müstəntiq İlqar Əfəndiyev daxili telefonla Baş prokurorun adını çəkmək istəmədiyim müavininin mənimlə danışmaq istədiyini bildirdi. Tez birinci mərtəbəyə düşərək dəstəyi götürdüm. Müavin:

- Sizdə kolxozun seyfi oğurlanıb?!

Mən:

- Bəli, kolxozun inzibati binasından seyf oğurlanıb. CM-nin 88-1maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat qrupu təşkil edilib.

Müavin:

- Siz məsələnin siyasi mahiyyətini başa düşürsünüzmü? Bu hakimiyyətə meydan oxumaqdır. Odur ki, 72 saat ərzində cinayəti açıb, şəxsən mənə məruzə etməlisiniz!

Təbii ki, prokurorun əvəzinə müstəntiqə zəng edən, hüququ siyasiləşdirən müavinə zəng etmədim. Bütün bunlara baxmayaraq Murad müəllim panikaya düşmədi, radikal hərəkətlərə rəvac vermədi, prokurorluğun bel sütununu qoruya bildi. Xalq Cəbhəsində hakimiyyətin yuxarı mərtəbəsində oturanlar Murad müəllimi partokrat hesab edərək, onu Baş Prokuror vəzifəsindən kənarlaşdırdılar. Maraqlı burasıdır ki, 1988-1990-cı illərdə azadlıq hərəkatının bəzi üzvlərini müdafiə edib, cinayət təqibindən xilas etdiyinə görə, partiya rəhbərliyi onu demokrat hesab edirdi. Başqa sözlə, Murad müəllim kommunistlərə görə demokrat, cəbhəçilərə görə isə partokrat idi...

Ələmdar Məmmədov,

keçmiş prokuror

Ədalət.- 2018.- 21 iyul.- S.9.