İftixarımız
Teatr və kinomuzda
maraqlı obrazlar yaradan
Əjdər Zeynalovun doğum
gününə
Ömrünü sənətə,
yaradıcılığa həsr edən istedadlı insanlar bizim
iftixarımızdır. Onların teatr səhnəsində,
filmlərdə böyük fədakarlıqla
ərsəyə gətirdikləri obrazlara
dəfələrlə baxır, əldə etdikləri uğurlara sevinirik. Geniş tamaşaçı rəğbəti
qazanan belə aktyorlarımızdan biri də Əjdər Zeynalovdur.
İrəvanda xal
qalmadı,
İrəvanda nə qaldı ki...
Tanınmış
aktyor Əjdər Zeynalov
1964-cü il iyulun 4-də
dünyaya gəlib. Onun
doğulduğu, boya-başa
çatdığı qədim yurd yerlərimiz
indiki Ermənistanın ərazisində
qalıb. Teatra, aktyor sənətinə
marağı, öz istedadı ilə
yaşıdlarından seçilməsi Cəfər
Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı rəhbərliyinin diqqətini
çəkdiyindən gənc Əjdəri truppaya
qəbul edirlər. Əjdər Zeynalov ona bəslənən ümidləri tez bir zamanda
doğruldur və
böyük yaradıcılıq yolu keçən bu sənət
ocağının səhnəsində İsi
Məlikzadənin "Gəl qohum olaq" tamaşasındakı Ədalət rolu ilə uğurlu debüt edir.
Həmin
dövrdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru
vəzifəsində çalışan tanınmış
yazıçı-dramaturq Hidayət Orucov
istedadına inandığı gənc aktyoru
ali təhsil almaq üçün Bakıya göndərir və
Əjdər Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsinə qəbul edilir. Bir neçə il öncə qəzetimizə verdiyi
müsahibədə Əjdər Zeynalov o günləri belə xatırlayır:
"...Nəsir Sadıqzadə, Böyükağa
Kazımov kimi görkəmli pedaqoqlardan dərs aldım. O dövrdə
İncəsənət İnstitutu adlanan ali məktəbi bitirib doğma kollektivə
qayıtmaq üçün İrəvana
getmək istəyirdim. Lakin 1988-ci ildə baş verən məlum hadisələr bu arzumu ürəyimdə
qoydu. Təyinat məsələsi ortaya çıxanda Ermənistanda yaşayan azərbaycanlılar artıq öz dədə-baba yurdlarından
çıxarılmağa başlamışdı..."
Ali təhsilli
mütəxəssis kimi doğma
İrəvana qayıtmaq, səhnəyə çıxıb obrazlar yaratmaq Əjdərə
nəsib olmur. Lakin
Tanrı ona başqa tale yazır. Erməni ekstremistlərinin
qurduğu min bir hiylədən, yamanlıqdan bezən, demək
olar ki, hər gün ölümlə üz-üzə qalan kollektiv İrəvanı
tərk etməyə məcbur olur. İrəvan
Dövlət Azərbaycan Dram
Teatrının köçkünlük dövrü başlayır. İstedadlı aktyor və bacarıqlı
təşkilatçı Vidadi Əliyev bütün çətinliklərə baxmayaraq teatr kollektivini bir araya yığa bilir,
truppanı dağılmağa qoymur.
Əjdər Zeynalov məhz belə bir ağır zamanda doğma kollektivin
sıralarına qoşulur, min bir əziyyət bahasına
başa gələn tamaşalarda
rol alır. Müxtəlif rayonlara qastrol səfərlərinə
çıxır, yaratdığı rollarla
tamaşaçıların rəğbətini
qazanmağı bacarır. İstedadlı aktyorun
həmin dövrdə oynadığı Abbasqulu
bəy Şadlinski obrazı maraqla qarşılanır, mətbuatda müsbət
rəylər dərc olunur.
İllər
ötdükcə Əjdər Zeynalov
şərəfini həmişə uca tutduğu İrəvan Dövlət Azərbaycan
Teatrının ən aparıcı aktyorlarından birinə çevrilir. Jan Batist Molyerin
"Zorən təbib" pyesi əsasında
hazırlanan "Məcburən doktor"
tamaşasında Luka, Hidayətin
"İrəvanda xal qalmadı" əsərində
yazıçı Sultan Oğuz,
"Burdan min atlı keçdi" tamaşasında Katib, İftixarın "Qurtuluş"
pyesində Qorbaçov kimi
bir-birindən fərqli obrazlar təqdim
etməyi bacarır. Teatrın Türkiyə Cümhuriyyətinin
müxtəlif şəhərlərinə qastrollarında yerli tamaşaçıların, tənqidçilərin
diqqətini çəkir.
Əjdər Zeynalov başqa
teatrları ilə də əməkdaşlıq edir. Xalq artisti
İranə Tağızadə Dövlət Akademik
Mili Dram Teatrında Xalq yazıçısı Elçinin
"Sənətkarın taleyi"
tamaşasına quruluş verərkən Qubernator roluna məhz
Əjdər Zeynalovu dəvət edir. Böyük uğur qazanan "Sənətkarın
taleyi"ndə o, qüdrətli
aktrisamız Xalq artisti
Şükufə Yusupova ilə eyni səhnəni bölüşür.
Sənətşünaslar, tanınmış teatr
tənqidçiləri ölkənin ən böyük
teatrının yeni tamaşanı təhlil
edərkən Əjdər Zeynalovun
özünəməxsus şəkildə yaratdığı
Qubernator rolunu xüsusi qeyd edirlər.
Əjdər bir, dubl iki...
Teatr səhnəsində
öz istedadını, aktyorluq
bacarığını hələ illər öncə sübut edən Əjdər Zeynalovun
kinorejissorların da diqqətini çəkəcəyi
gözlənilən idi. Son
illər o, tez-tez həm
Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında, həm də özəl kino
şirkətlərinin istehsal etdiyi filmlərə dəvət alır,
irili-xırdalı rollara çəkilir.
Və təbii ki, kino
tamaşaçılarının da rəğbətini
qazanır. Xalq artisti Oqtay Mirqasımov "Qisas
almadan ölmə", Əməkdar incəsənət
xadimi Yavər Rzayev
"Dronqo: Xeyirlə Şərin rəqsi"
filmlərində bu istedadlı aktyoru mürəkkəb xarakterli
rollara çəkiblər.
Əjdər
Zeynalovun kino
yaradıcılığından söhbət açarkən
"Dolu" filminin
adını xüsusi çəkmək
lazım gəlir. Əməkdar incəsənət xadimi, istedadlı kinorejissor
Elxan Cəfərovun quruluş
verdiyi "Dolu" bədii
filmində Əjdər vəhşi erməni terrorçusu
Levon obrazını özünəməxsus
şəkildə canlandıra bilir.
Tanınmış yazıçı Aqil
Abbasın eyniadlı əsəri əsasında çəkilən
"Dolu" bu
günə kimi dünyanın müxtəlif
ölkələrinin ekranlarında nümayiş
etdirilib və hər yerdə böyük maraqla
qarşılanıb. Filmin uğur
qazanmasında aktyor Əjdər Zeynalovun kiçik də olsa zəhməti var.
Aktyorun çəkildiyi
"Şollerin arxivi"
filmi bu günlərdə
kino ictimaiyyətinin müzakirəsinə
təqdim olundu.
Bacarıqlı
sənətçi kimi o,
milli teleseriallarımızda da tez-tez çəkilir. Onun "Toy gecəsi"ndəki
Aslan rolu böyük populyarlıq qazanıb. "Sirr", "Muradına çatan
Günəş", "Həyat varsa"
teleseriallarında müxtəlif rollara
çəkilib.
Təəssüf
ki, son vaxtlar
Əjdər Zeynalov illər uzunu birgə çalışdığı doğma kollektivdən ayrı düşməyə
məcbur olub. Amma inanırıq ki, gec-tez ədalət zəfər
çalacaq və bəzi xəbis, hiyləgər
adamların yaratdığı maneələr məhkəmə
yolu ilə aradan
qaldırılacaq. Əjdər Zeynalov
yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində
müxtəlif səpkili obrazlar yaradacaq. Tamaşaçılar istedadlı aktyorun həm teatrda, həm
də kinoda yeni
rollarını alqışlayacaq. Çünki
Əjdər Zeynalov kimi
aktyorlar bizim
iftixarımızdır.
Etibar Cəbrayıloğlu
Ədalət.-2018.-
4 iyul.-S.5.