MAYORUN İŞ GÜNLƏRİ

 

Povestdən bir parça

 

Tanınmış yazıçı-hüquqşünas Əlisəfa Azayevin "Mayorun iş günləri" povestində polis işçilərinin cinayətkarlığa qarşı mübarizə fəaliyyətindən bəhs edilir.

Povestdə polis sahə müvəkkili Bəşir öz fəaliyyəti ilə maraq doğurur, polis şərəfini qorumağa çalışır, andına sadiqdir. Çoxları bu səbəbdən onu özünə yaxın, doğma bilir.

Oxucu bir daha əmin olur ki, açılmayan cinayət işi yoxdur. Yersiz hərəkətlər bağışlanmır. Bir sözlə "oğurluq həmişə əlcəklə başlayıb qandalla qurtarır".

 

NAMUSLU VƏD

 

(I fəsil)

 

Münaqişəli günlərin birində bir neçə erməni tutub gətirmişdilər. Onda Əkbər könüllü özünü müdafiə dəstəsinin tərkibində idi. Birdən qulağına inilti bir səs dəydi... Səs ona tanış gəldi. Yaxınlaşanda sözə baxmayan əsirlərdən birini gördü. Bu, bir başqası yox, vaxtilə onun evinin tikintisi ilə məşğul olmuş, sonra da dostlaşdıqları Xoren idi. Onu görcək şillə-qapazdan canı qurtardı, sevincdən gözləri güldü. Dilləndi:

-Akpercan, salam... Görürsan də, manim bir taqsırım yox... Azişdirirlar...

Münsibliyim bildirib onunla görüşməsə də, bir azdan Xorenin canını bu hiddətli insanların əlindən qurtarıb, onu dağlara tərəf apardı. Yol boyu Xoren razılıq edə-edə deyirdi:

-Ara, mana bu münaqişa, mühariba na lazım?... Kişi kimi yaşayırıq da. Aziz xalaf qonşular idik...

-Hə də... Düz deyirsən.

Yol boyu xeyli dərdləşsələr də, belə vədələşdilər ki, bir daha bu yersiz münaqişəyə qoşulmayacaq, müharibədə iştirak etməyəcəklər. Hətta bir-birilərini qucaqlayıb, əllərini sıxdılar, namuslarına and içdilər.

Ancaq həmin vaxtdan bir müddət keçmişdi, Əkbərə çatdırdılar ki, Xoreni yenə də əli silahlı cəbhədə görüblər. Bu gözlənilməz xəbər kişini elə sarsıtdı ki, özünü saxlaya bilməyib, onun ünvanına o ki var deyib-danışdı, söyləndi:

-Alçağın bir hərəkətinə bax da... -Sonra isə nə düşündüsə əlavə etdi: -Bəlkə o deyilmiş... O mənə kişi kimi söz - namuslu vəd verdi axı...

Bu xəbəri gətirən həmkəndlisi Seymur gülümsədi:

-A kişi, özünə xaşın getməsin, erməni də namuslu vəd hardadı ki, verdiyi sözün üstündə dura?

-Yox belə ola bilməz... Belə isə o mənə cavab verməlidir. Həmin axşam dəliqanlı gənclər onu it tək gəbərdəcəklər... Onla-bunla danışılıb, var-yoxundan keçib, onu azad elədim... Yaxşı deyildi axı, kişi ilə çörək kəsmişdim. İndi bunun naxələfliyinə bax da...

Əkbər çox ciddi adam olduğu üçün hamını özü kimi bilirdi. Hirsindən o gecə yata bilmədi. Elə səhər, sonrakı günlər də fikirli halda gəzib-dolandı. Soruşduğu adamlar da Seymurun dediklərini təkrar edirdilər:

-Hə... O əclafı yenə də cəbhə xəttində gördük... Özü də silahlı-avtomatla idi...

-Bəlkə yanlış başa düşmüsünüz, o deyilmiş?

-Usta Xoreni tanımırıq. Köstəbək tək törə bir adamdı da.

-Saqqallı idi...

-Yamanca kefli idi... Mahnı oxuyurdu... Arada da it tək vəkkildəyir, deyirdi ki, Qarabağ bizimdi...

Kişi qeyzləndi:

-Yalansa de, atana lənət!

-Nə deyək, deyir də... Sən də ona inandın, dedin ki, qaçdı...

Bəli, əslində belə olmamışdı. Xoren qaçmamış, onu Əkbər özü yola salmışdı. Bu barədə kimsənin yanında danışmasa da, hər şeyi başa düşmüşdülər... İndi bu səbəbdən çox ağrınır, əzab çəkirdi:

-Axı bu əclaf mənə söz verdi ki, bir daha əlinə silah almayacaq.

-Ay almada ha...

-Alacaq, kimə pislik edəcək ki... Özünə...

O gündən sonra Əkbər xəcalətindən camaat içinə çıxa, xeyir-şər məclislərinə gedə bilmirdi. Gedəndə də onu sancır, xoşagəlməz sözlər deyərdilər:

-Hamısını edən sapı özümüzdən olan baltaladı.

-Erməni şeyi şirindi axı...

-Beləsi üçün Vətənin, torpağın düşmən tapdağı altında olması az fərq edər.

-Xoren də üzə çıxıb da...

-Axı o namuslu vəd vermişdi.

-Çətin... Yenə silahlı, cəbhədə görüblər.

Əkbər nə qədər çalışsa da Xorenlə telefon əlaqəsi saxlaya bilmədi. Əlacsız qalıb Moskvaya, Tiflisə gedən adamlardan ona məktub göndərəsi oldu. Bu məktublarda dişinin dibindən çıxanı yazmışdı ona: "Ay səni çörək tutmasın... Biz çörək kəsmişdik axı. O çörəyə qurban edib səni ölümdən qurtardım. İndi məni niyə belə xəcalətli, başıaşağı etmisən?! Axı sən and içdin, namuslu vəd verdin ki, mənə bir daha bu münaqişəyə, müharibəyə qoşulmayacaqsan?!"

Xorenin bu etibarsızlığı Əkbərə elə yer eləmişdi ki, heç cür özünə gələ bilmirdi. Bu səbəbdən yuxusu, iştahası pozulmuşdu. Nə doyunca yata, nə də yeyib-içə bilirdi. Günü-gündən saralıb-solmaqda, arıqlamaqda idi. Arvadı Bəyim hey onu töhmətləyirdi:

-İş tapmırsan da. Gör kimdən etibar gözləyir... Xorendən... Ermənidə sədaqət, etibar olsaydı torpaqlarımıza hücum etməzdilər. Sən də onun sözünə aldanıb silahı qoydun da yerə?!

-Yaxşı, kiri...

-Düzünü deyirəm də...

-Məni hirsləndirmə... Durub əngərləyərəm səni.

-Hə... Bunu bacararsan.

Elə həmin axşam evlərinə sahə müvəkkili gəldi. Deməsinə görə təhlükəsizlik idarəsindən idi. Ərini xeyli söhbətə tutandan sonra soruşdu:

-Xorenin dostu sizsiz?

-Belə demək mümkünsə, - hə...

-Onunla telefon söhbətin baş tutdumu?

-...

-Hansı məsələlərdən danışdınız?

Kişi səhvini başa düşüb, kövrək bi səslə dilləndi:

-Hirsli olmuşam... Ağlım başımdan çıxmışdı... Axı o əclaf köpəkoğlu mənə söz vermişdi ki, bir daha əlinə silah alıb bu münaqişədə, müharibədə iştirak etməyəcək?

-Çoxdan bir-birinizi tanıyırdınız?

-Hə... Bu evi də o tikib... Kərpic, taxta işlərini də... Elə üstünü də o vurub.

Təhlükəsizlik müfəttişi ciddi halda dilləndi:

-Bəli, bunlar vaxtında ola bilərdi... İndi isə münaqişə, müharibə hələ yekunlaşmayıb. Siz isə düşmənlə sövdələşməyə girir, onunla şərt kəsirsiniz?! Bu, bağışlanmaz bir hərəkətdi...

Əkbər yerində sanki yaralı bir adam kimi qovruldu, inildədi:

-Onu düz deyirsiniz... Səhvimdi... Ancaq mən də onu adam bilmişdim də... Qardaş tək inanırdım ona. O əclaf belə etməməli idi. Özüm də hərəkətlərimə görə xəcalət çəkirəm... O gün onun asinin suyunu verəcəkdilər. Qızmış əsgərlərin əlindən güclə aldım. Bu da axırı, nəticəsi... Deyirlər ki, yenə də onu cəbhədə, səngərdə silahlı görüblər...

-Siz isə hər şeydən üz döndərmisiniz.... Cəbhəyə getmirsiniz...

-Xəstəyəm...

-Yox, de ki... Namuslu vədinə əməl edirsən... Bu isə indiki halda bağışlanmaz bir hərəkətdi. Məktubları kimlərlə göndərmisən?!

Əkbər bu sözlərdən lap çaş qaldı. Özünü bilməməzliyə vurmaq istədi:

-Nə məktub?!

-Xorenə göndərdiyin...

-Bunu kim deyib?

-Yerin də qulağı var.

Bir azdan tutulub qaldı, lap uşaq kimi kövrəldi:

-İstəyirsiz məni lap mühakimə edin, cəzalandırın... Mən o məktubları başqa mənada yox, elə onun alçaqlığına, sözünə əməl etməməsinə görə yazmışam... Axı o mənə namuslu vəd vermişdi ki, bir daha əlinə silah alıb o quldurlara qoşulmayacaq...

Müfəttiş təəssüf içində başını bulayaraq dilləndi:

-Gördük elə... Qoşulmadı...

-Qoşulub... Cəzasını da alar... Mənə andınız yoxdur, onu yerin altında da olsa axtarıb tapacağam... Kişi kişiyə söz verəndə ona əməl edər...

Təhlükəsizlik müfəttişi getsə də, kişi hələ də özünə gəlməmişdi. Arvadı içəri girib ağlar bir səslə dilləndi:

-Ay evin yıxılmasın, bu nə hərəkətlərdi sən etmisən?! İndi də erməniyə telefon açar, ona məktub yazarlar?! Bu axıdılan qanlardan, şəhidlərdən, onların ailələrindən utanmırsan?! Bu ağır faciələrə kim dözər? Elə sənin azmıdı şəhid olanın, yaralananın?!..

Əkbər bir müddət sonra özünə gəlib, ayaq üstə dursa da, qarşılaşdığı adamlarla bu barədə söhbət edir, deyirdi:

-İndi görərsiniz... Mənə də Əkbər deyərlər... O bicin doğduğu Xoreni tapıb dərsini verməsəm atamın oğlu deyiləm. Qanına qəltan edəcəyəm onun...

Bəzən belə hallarda Əkbər üzünü uca dağlara, sal qayalara tutub səslənərdi:

-Ey!... Alçaq oğlu Xoren, haradasan?! Bir dillən, mənə cavab ver!.. Axı mən səni yaşatdım, azad elədim!.. Öldürülməyinə imkan vermədim! Sən də kişi tək mənə namuslu vəd verdin!... Dedin ki, bir daha əlinə silah almayacaq, cəbhəyə gəlməyəcək, bu tərəflərə ayaq basmayacaqsan?! Bəs hara getdi sənin bu namuslu vədin?! Deyirlər ki, bu xəbəri Xoren çox məyusluqla dinləyib. Hətta əlindəki silahı tullayıb, cəbhədən getmək istəyəndə, onu o ki var çırpıb, əzişdiriblər. Üz-gözü əzilmiş, səfil günündə gəzib-dolaşan Xorenə dostunun narahatçılığı çox pis təsir edibmiş. Hətta arada onunla telefonla danışmaq istəsə də, söhbətləri baş tutmamış, xətdə nasazlıq varıymış. Yazıq Xoren gözləri dolmuş halda ilan-qurbağaya oxşayan xətti ilə ona məktub da yazmışdı: "Azizim Akpercan, har deyilana inanma... İndi insanlar çox pis olublar. Sandan da mana qalib elə sozlar deyirlar ki, adam heç inanmaq istamir. Karabağ demirsiniz, qoy sizin olsun. Ancaq, san manim canım, bu muharibanı qurtarın. Daha qırıldıq, ölürüq, son nafasdayıq"...

Əlbəttə, məktub ünvanına çatmamışdı. Onsuz da hamı bilirdi ki, qonşu ölkədə həyat şəraiti çox aşağıdı. İnsanlar ehtiyac içində yaşayırlar. Bir gün televiziyada belə bir mənzərə göstərəndə Əkbər lap gileyləndi:

-Ə, utanım da... Müharibə aparmaq sizə yaraşmır axı. Rus qoşunu aradan çıxandan sonra nə edəcəksiniz?!

Badam ərini qınadı:

-Sağ olsun sənin kimilər... Xorenin dostları... Nefti, benzini, yayı ötürmürlər, bunu da yoluna qoyarlar...

-Sən az danış...

-Elə dinmirik, danışmırıq ki, bu işlər düzəlmir də.

-Arvad, sus!

-Elə yaxşı deyirlər...

-Nəyi?!

-Kişidi bu...

Əlacsız qalan kişi hirsli əlini ora-bura atdı. Stəkan-nəlbəkidən başqa əlinə heç nə gəlmədi. Ona tərəf tolarladı ha. O ki var qab-qacaq sındırsa da, hirsi soyumurdu.

Əlində çomaq tutmuş halda lap sərhəd zonasına gəldi. Üzünü o sərt qayalıqlara tutaraq hündürdən səsləndi:

-Ə, Xoren!... A bicin doğduğu! Sən mənə söz - namuslu vəd vermişdin axı!... Niyə sözünə, vədinə əməl eləmədin?!.

-...

-Mənə də Məşədi oğlu Əkbər deyərlər! İnan ki, lap dünyanın o başında olsan da səni axtarıb tapacağam!... A vicdansız, qeyrətsiz!... O gün səni öldürmək, doğramaq istəyirdilər! Pislik etdim sənə açıb buraxdım?!...

-...

-Axı, mən də insanam! Niyə məni başa düşmürsən, camaat içinə də çıxa bilmirəm!... Öldürümmü özümü!...

Deyirlər ki, bu sözləri eşidən Xoren əvvəl xəcalətindən gözləri dolmuş halda susub qalıb, bir söz deyə bilməyib. Sonradan vicdanı oyanan kimi olub, təsirlənərək dillənib:

-Akbercan!... Sana qurban olum, oldurma, halak etma özunu!.. Man cabhaya gəlməmişəm... Buralarda ela-bela fırlanıram, dovşan ovlayıram... Namuslu vad... Albatta ki, biz kişiyik, sozumuza kişi kimi də amal etmaliyik! Qurban olum sana, özundan muğayat ol! Har deyilana inanma!...

 

(ardı olacaq)

 

Əlisəfa Azayev

 

Ədalət.-2018.- 4 iyul.- S.6.