Danışan
barmaqlar
Mən onu Şuşadan tanıyırdım. Özü də təsadüfdən yox, sadəcə Şuşanın məşhur
istirahət evində keçən günlərimin birində
şuşalı qohumlarım, dostlarım məni bu işıqlı insanla
tanış etdi. Hətta məclislərimizin
birində o, ruhumuza mənəvi
qida vermək üçün
tarı da sinəsinə sıxdı. Mən
ilk dəfə tarın
danışdığını, özü
də üzbəüz mənimlə həmsöhbət olduğunu onda gördüm, onda şahidi oldum. Doğrudur, oxuduğum orta məktəbdə də İmran
adlı bir tar müəllimimiz
vardı. Daha doğrusu,
bizə musiqi dərsi keçirdi.
O da həmişə bizi
müxtəlif məktəbli mahnılarını ifa edəndə tarla
müşayiət edirdi. Amma
hərdənbir "Segah" da çalırdı. Bax,
həmin "Segah" nöqtəsində
sevirdik musiqi dərsini
(o vaxt nəğmə
dərsi deyirdilər - Ə.M.), İmran
müəllimi...
Ona görə yadımda qalmışdı tar...
ona görə mənə tanış idi tar... Amma
tarı ilk dəfə mənə o sevdirdi. Yəni
Gülağa müəllim sevdirdi. Özü də bütün varlığımla özümə,
ürəyimə hopdurdum o
tarı. Sonra illər keçdi,
mən tarı daha böyük
ifaçıların çalğılarında not-not, səhifə-səhifə dinləməyə
və böyük Müşfiqin
niyə tar üçün
üsyan etdiyini dərindən
anlamağa başladım. Günlərin
birində onunla dörd
divar arasında "Azərbaycan" nəşriyyatının
bir parça Şuşa ünvanı olan
Vasif Quliyevin iş otağında görüşdük.
Bir-birimizin əlini sıxdıq, amma bir-birimizə təzə heç
nə demədik. Çünki deyiləsi
təzə heç nə yox
idi. Əgər Şuşa
yoxdursa, Qarabağ yoxdursa, təzə nə ola
bilərdi ki? Susduq.
Üzbəüz əyləşib özümüzdən, uşaqlardan danışdıq. Hiss edirdim ki,
o da bu
görüşdən köklənib, havalanıb, mən də...
Hiss edirdim ki, onun barmaqları mizrab axtarır. Elə mən də o mizrabı görmək, onun
toxunacağı simləri öpmək istəyirdim. Köməyimizə
Vasif müəllim çatdı. Həmişə
iş otağında, kitab
rəfinin üstündə olan tarı
göstərib Gülağa müəllimə
bircə kəlmə dedi:
- Bəlkə çalasan?
Bu söz mənə hava
kimi gəldi... Bu söz məni elə bil ki, darıxmaqdan, partlamaqdan
xilas elədi. Özümdən
asılı olmadan mən də həmin sözü təkrar etdim.
Bir balaca dəyişikliklə:
- Gülağa müəllim,
bəlkə bir hava səsləndirəsən?
Vasif müəllimin və eləcə də mənim səsimdəki
nisgili, həm də ağrını tutdu Gülağa Zeynalov. Heç nə demədi.
Oturduğu yerdən qalxıb kitab rəfinə tərəf çevrildi.
Tarı götürüb öncə simləri
bir-bir gözdən keçirdi.
Sanki nə isə axtarırdı. Sonra tarın özünə məlum olan yerindən mizrabı çıxardı.
Kökləmək istədi. Bir-iki dəfə
simlərdə gəzişdi, amma kökləmədi.
Hiss etdim ki, elə bu cür, tarı kökləmədən, onu xam səsiylə, xam nəfəsiylə
danışdıracaqdı. Elə də etdi.
Amma nətəhər çaldısa, o tarın köklənmədiyi, o tarın bu dünyaya sığmayan böyüklüyü
içərisində əriyib getdi. Barmaqlar
tarı söz-söz
danışdırırdı. Barmaqlar
Şuşanın bütün
küçələrini, məhəllələrini, hətta
özünün doğulduğu
ünvanı da gəzib, dolaşıb dolamalardan üzü
aşağı Ağa körpüsünə
tərəf enib gəlməyə
başladı. İlahi, insan
öz barmaqlarının necə
danışdığını və bu
barmaqların cansız simləri necə oda,
alova çevirdiyini
görəsən hardan öyrənib?
Ümumiyyətlə, bunu necə
bacarır? Buna necə nail
olur? İnanın ki,
mən o ifaların dalğası
altında Şuşanı gəzə-gəzə həm də
o suala cavab
axtarırdım. Axtardım, axtardım və Gülağa
müəllim son pərdədən mizrabı
götürəndə tapdım. Gördüm
ki, sən demə, həmin o qeyri-adi istedada
malik olan adamlar barmaqlarla
çalmırlar tarı, ürəklə çalırlar.
Sadəcə, biz barmaqları görürük. Amma
ifaçı onu ürəyiylə
çalır... mizrab ürəyi olur... ifa ürəyi olur... səs ürəyi olur...
Hətta simlər də ürəyin telləriylə əvəzlənir.
Ona görə də biz
doymuruq o ifadan, biz ayrıla bilmirik o səsin
aurasından...
Həyat elə gətirdi ki,
Gülağa müəllim mənim
qızlarımın müəllimi oldu.
Öncə musiqi məktəbində, sonra Şuşa Musiqi Texnikomunda
qızlarım onun təkcə müəllimliyinin
yox, həm də
insanlığının şahidi oldular. Gülağa müəllimin
vaxtsız ölüm xəbərini
eşidəndə onların necə kövrəldiyini, necə
heyfsiləndiklərini görüb həqiqətən
bir insan itirdiyimizin əhəmiyyətini bir də dərk etdim. Ona qədər isə...
Dəfələrlə görüşdük,
çay içdik,
çörək kəsdik... Dəfələrlə Vasif Quliyevin iş otağında onun
ifasını dinlədim, onunla fikir mübadiləsi edib
dağı arana, aranı dağa
çəkdim. Amma bir dəfə də olsun kimsənin qeybətini etmədi... kimsənin
haqqına göz yumduğunu
büruzə vermədi... kimsəni
aşağılamadı... və nəhayət, hansısa böyük vəzifədə oturan
dostunu, qohumunu işarə
verib öyünmədi. Çünki
o, əsl şuşalı idi,
əsl qarabağlı idi, əsl azərbaycanlı
idi və ən vacibi
isə o, əsl İnsan
idi. Biz bütün təmaslarımızda Şuşadan danışırdıq...
Şuşanın ziyalılarından söhbət
açırdıq. Şuşa üçün gücü
çatan hər hansı bir
işin qulpundan
yapışıb çaba göstərənlərdən
danışırdıq. Və bütün
sözlərimizin, söhbətlərimizin yekununda
"İnşallah, Şuşaya
qayıdaq, kimin kim olduğunu orda deyərik!"
məntiqiylə bir-birimizin əlini
sıxıb ayrılırdıq. Bu, Gülağa müəllimin insanlıq
missiyasının ən işıqlı bir
tərəfi idi. O, əyilmədiyi kimi, kimsənin də onun
önündə əyilməsini heç
vaxt nə istəməmişdi, nə də
buna yol verməmişdi.
Yeri gəlmişkən, əməkdar
artistlər Teyyub Aslanov,
tarzən Vamiq Məmmədəliyev, kamança çalan Mirnazim Əsədullayevin və aşıq
Əhliman Rəhimovun xatirələri yaddaşımda dərin
iz buraxdı. Gülağa
müəllimin tələbə yoldaşı Mirnazim
Əsədullayevin söylədiyi fikirlər isə təkcə
dinləyənləri kövrəltdi.
Gülağa Zeynalov əsl
şuşalı idi. Təkcə
şuşada doğulduğuna
görə, Şuşada
yaşadığına görə yox, həm
də ona görə ki,
o, bütün həyatını,
bütün fəaliyyətini Şuşaya, Şuşanı tanıdıb
sevdirməyə, Şuşa musiqisini dünyaya
çatdırmağa həsr etmişdi.
O, Şuşa üçün
yaşadı və bu gün
də ruhu Şuşadadı,
Şuşanın səmasında dolaşır.
Gülağa Zeynalov özəl xarakteri, əyilməz, heç
kimin minnətini götürməyən, heç kimi
sındırmayan və heç kimin qarşısında sınmayan cüssəli,
dəyanətli, məğrur və bütöv
bir kişi idi. O, özünü
Şuşasız təsəvvür etmirdi
və Şuşa adı gələn, Şuşa sorağı verən hər yer üçün, hər
kəs üçün canından
keçməyə hazır idi. Bütün arzusu, istəyi
Şuşaya qovuşmaq,
Şuşaya dönmək olan
Gülağa müəllim
Şuşasız dözə bilmədi...
Bir dəfə, daha dəqiq desəm,
söhbətlərimizin birində dostum Salman müəllim dedi ki, Gülağa Zeynalov mənim ilk musiqi müəllimim olub.
O, müəllim kimi də, ziyalı kimi də, tarzən kimi də,
şuşalı kimi də qeyri-adi insan idi. Onunla yoldaşlıq
edəndə bütün dərd-sərini
unudub sanki bir məktəb keçirdin.
Öyrənmək və Şuşaya
qayıdışa hazır olmaq məktəbi...
P.S. Bu, Gülağa müəllim
haqqında eşitdiyim isti
xatirələrdən yalnız bir
neçəsidi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2018.-4 iyul.-S.7.