ŞAİRİN İLK NƏSR KİTABI
İstedadlı gənc şair kimi
tanıdığım Ələmdar Cabbarlının yeni
kitabı - "Qızıl" çapdan çıxıb.
Amma bu kitabda onun
şeirləri ilə deyil, bir povesti və doqquz hekayəsiylə tanış oldum.
Bədii
yaradıcılıq ilk növbədə,
istedad amili ilə
bağlıdır. Bir şairin
nəsr əsərləri yazması, yaxud
bir nasirin lirikaya üz tutması ədəbi
aləmdə heç də gözlənilməz
hadisə kimi qarşılanmır. Lakin şairin nəsrində, yaxud
nasirin lirikasında çox
az hallarda ədəbi
uğur müşahidə olunur.
Ələmdar Cabbarlı bu ilk nəsr kitabında məhz bir
nasir kimi də diqqəti
cəlb edir. Əlbəttə, tam qətiyyətdə hökm
vermək olmur ki, onun povesti və hekayələri
müasir nəsrin tələbləri
ilə bütünlüklə səsləşir, necə deyərlər,
bu əsərlər üçün
yalnız yaşıl işıq yanır, qırmızı
işıq təhlükəsi yoxdur. Təbii
ki, Ələmdarın nəsrində də
bəzi məqamlar var ki,
gələcək hekayələrində bunlar
aradan qaldırıla bilər. Amma indi mən bu kitabın nəzərə çarpan
məziyyətlərindən söz açmaq istəyirəm.
Ələmdarın
"Qızıl" kitabında toplanan nəsr
əsərlərini Zaman və Məkan
prinsipiylə səciyyələndirməli olsaq,
Zaman çox da uzaqlara gedib
çıxmır. Elə Ələmdarın öz
yaşadığı dövrü-səksəninci illərdən
ta bu günə qədər
olan bir zamanı əhatə
edir. Sovet dövrü və müstəqillik illəri
Ələmdar hər iki zamanın maddi-mənəvi
prinsiplərinə yaxşı bələddir. Məkan isə
əsasən Kənddir, bu kənd tipik Azərbaycan kəndidir, onun
öz yaşadığı kənddir-bunun
elə bir əhəmiyyəti yoxlur. Məsələ ondadır ki, onun qəhrəmanları
şəhər mühitində də öz
mənəvi keyfiyyətlərini itirmirlər.
Ələmdar
bütün yazılarında əsl kənd
adamıdır, kəndin bütün etnik, milli-məişət səviyyəsini
özündə, varlığında əks etdirən bir ziyalıdır, belə olmasaydı, o, son dərəcə koloritli, bütün
kökü-köməci ilə torpağa
bağlı obrazlar yarada bilməzdi.
Söhbətimizə
"Kino" povestindən başlayaq.
"Kəndə
hay düşdü ki, Qulu təzə kino gətirir. Yox, qoy lap başdan danışım. Səhər saat doqquzda onuncu
siniflərin valideyn iclasına toplaşanların
arasında Qulunu görməyən direktor Sabir müəllim Qulunun oğlundan "a bala, sənin atan niyə gəlməyib" soruşanda
Həmid dilləndi:
- Müəllim, atam bu gün
qoyun nobatındadı.
- Bala, atan
dünən də nobatdaydı, axşam xırmanda qoyun otarmağa gedəndə özüm görmüşəm,
bu nobat ayda bir dəfə
olmur?
- Müəllim, atam nobatı dəyişib iki gün dalbadal gedir. Birisigündə-zadda rayona gedib kəndə kino gətirəcək. Deyir, Bakıdan
qəşəng kino gətiriblər, o biri kənddən qabaq özüm gətirəcəm,
qoy birinci bizim camaat baxsın.
Povestdən gətirdiyim
bu kiçik parçada Ə.Cabbarlının
səliqəli-səhmanlı yazı tərzi ilə tanış
olduq. Kənd koloritinə məxsus
sözlərin, ifadələrin,
danışıq tərzinin
ahəngi xoş bir ovqat yaradır.
Onun digər hekayələrində
də belə şirəli dil faktoru ilə qarşılaşırıq.
Povestin süjeti ilk baxışda ciddi əhəmiyyət daşımayan
bir hadisə üzərində qurulub. Köhnə bolşevik Nuru kişi kino
göstərən Qulu
ilə "konfliktə"
girir. "Oğul,
sənə neçə
dəfə demişəm
biçin vaxtı kəndə kino gətirmə, camaatı işdən-gücdən aralama.
Mən icazə vermərəm o kino kəndə gəlsin". Amma Qulu
inadkardır, istəyir
ki, kənd camaatına mədəni xidmət göstərsin.
Məsələ o yerə çatır
ki, bu sərt
və köntöy kolxoz sədri Qulunun məsələsini
partiya iclasına çıxarır. İclas
qərara alır ki: "Kənd sakini Qulu Mahmud oğlu partiya nizamnaməsinə zidd olaraq sovet zəhmətkeşlərini
işdən yayındırdığına
görə, onun kənd klubunun müdiri vəzifəsindən
azad olunması və partiya sıralarından çıxarılması
əlaqədar təşkilatlardan
xahiş edilsin". Bu, sovet dövrünün
həqiqəti ilə
tam səsləşir. Nuru kişi
öz "qələbəsinə"
sevinir. Amma Qulu da dediyindən dönmür,
klubda gətirdiyi kinonu nümayiş etdirir. Sədrin qorxusundan isə
bir-iki nəfərdən
savayı heç kimi kinoya baxmağa
gəlmir. Nuru kişi öz
"qələbəsinə" tam arxayın halda kənd klubuna-kino göstərən yerə
daxil olur, burada isə gürcü filmi - "Əsgər atası" nümayiş etdirilir. Və bu zaman gözlənilməz
bir hadisə baş verir. Vaxtilə Nuru kişinin beş
oğlundan ikincisi - Həsən müharibəyə
gedib, amma qayıtmayıb, Nuru kişi onun həsrətiylə yanıb-yaxılır,
çox yerə müraciət edib, amma oğlunun öldü-qaldısından xəbər
yox. Filmə baxandan sonra Nuru kişi
kövrəlir: "Kaş
ki, mən də o vaxt Həsənimin dalınca axıra kimi gedəydim, son kəlməsini
eşidəydim". Və Nuru
kişi bir cərgə arxada əyləşən buxalterə,
ferma müdirinə və anbardara çevrilib deyir ki, gedin, camaatı
tökün gətirin
bura". Beləliklə, "konflikt" həll olunur. Amma burada təkcə
Qulunun qələbəsi
əsas deyil, həm də sənətin təsiredici
gücüdür ki, sərt və köntöy kolxoz sədrinin qəlbini yumşaldır. Bu hadisə, öncə qeyd etdiyim kimi,
sırf sovet dövrü zamanına aiddir və o dövrün səciyyəvi
qüsurlarını üzə
çıxarır, eyni
zamanda iki bir-birinə zidd xarakterin təcəssümünə
çevrilir.
Ələmdar Cabbarlının povestində və hekayələrində ikinci
uğurlu cəhət
həyati obrazlar yaratmaq cəhdidir və o, bir çox hallarda buna nail olur. "Mirzə
əfsanəsi" hekayəsində
Ələmdar çox
mürəkkəb səciyyəli
bir obraz yaradır. Hekayə-portret
adlandırdığı bu
yazıda Ələmdar
bir insanın - Mirzə müəllimin - əslində, bir az Anarın
Feyzulla Kəbirlinski obrazını xatırladan
bu insanı bütün səciyyəvi
xüsusiyyətləri ilə
"rəsm" edir.
Amma Mirzə müəllim Kəbirlinskidən
fərqli olaraq heç də istedadsız adam deyil, məclislərdə
şeir deyir, nitq söyləyir, hər bir məsələyə
öz münasibətini
bildirir və s. Amma onun "istedadı" dərinliklərə
vara bilmir, hamısında yarımçıqdır.
Bununla belə, Mirzə müəllim həm də kövrək adamdır, məsələn,
restoranda öz yemək payını ofisianta verir ki, aparıb evdə arvad-uşağına
yedirsin. Beləliklə, Ələmdar bu günün bir çox insanlarını xatırladan maraqlı bir obraz yaradır.
Onun təsvir etdiyi obrazlar adi insanlardır - bu insanlar heç
bir qeyri-adiliyi ilə seçilmirlər,
lakin onların düşdükləri hal-qəziyyə
bəzən qeyri-adi təsir bağışlayır. Ya da onlar gözləmədikləri bir
hadisə ilə üzləşirlər.
"Zurnaçı"
hekayəsinin qəhrəmanı
Möhübbət uzun
illərdir ki nazirlikdə işləyir,
amma nə qədər bacarıqlı
və işgüzar olsa da, vəzifə
pilləsini aşa bilmir, buna ehtiyacı
da var, çünki
maddi cəhətdən
sıxıntılı halda
yaşayır. Neçə dəfə
nazirə müraciət
edir, amma... Axırda nazir onu yanına
çağırır, Möhübbət
sevinir ki, bəlkə bu çağırışda dərdinə
dərman tapıla.
Nazir isə ona deyir
ki, uşağının
toyuna bir zurnaçı tapsın.
Komik situasiya faciəvi "dona" girir. Möhübbət müəllim suyu
süzülə-süzülə nazirin otağını tərk edir. Bu hekayə, əslində,
novelladır. Yeri gəlmişkən,
qeyd edim ki, Ələmdar Cabbarlı öz povestində və bir neçə hekayəsində novella janrına
xas olan - gözlənilməz hadisə
sonluğuna müraciət
edir, bu, onun yazılarına xas olan bir
üsul kimi maraqlı təsir bağışlayır. Bunu "Aptekçi"
və "Portret"
hekayələri haqqında
da söyləyə bilərik.
Ə.Cabbarlı həyatın, yaşadığı mühitin
neqativ, nöqsanlı
cəhətlərini, bürokratiyanın,
mənəm-mənəmliyin, gözə görünən
qüsurlarını da
hekayələrində yeri
gəldikcə əks
etdirir. Burada o, satira üsuluna
müraciət edir.
Məsələn, "Qol" hekayəsində
Mirzə Cəlil satirasından gələn
bir təsiri hiss edirsən. Adi bir göndərişə
qol çəkmək
üstündə dava-dalaş
gedir, kim
birinci, kim ikinci, kim axırıncı
qol çəkmədir
- az qala bu məsələ "beynəlxalq müstəviyə"
çıxarıla.
Nəhayət, "Qızıl"
hekayəsi haqqında. Bu hekayədə
bir itin erməni zabitini necə parçalayıb öldürməsi yaddan çıxmır. Əlbəttə, burada təəssüfləndirici
məqamlar çoxdur.
Niyə belə oldu? - suallar bir-birini
əvəz edir.
İlk nəsr kitabı heç də pis təəssürat
oyatmır. Əksinə, hiss edirsən ki,
şair Ələmdar
Cabbarlı şeirdə
deyə bilmədiklərini
nəsr əsərlərində
deyə bilər.
Amma Ələmdar Cabbarlı həyatı, insanlararası
münasibətləri daha
dərindən öyrənməli,
reallıqlara can atmalıdır.
Ələmdar
Cabbarlı ilk nəsr kitabıyla
maraqlı bir nasir
olacağına ümid yaradır və bu yolda ona
uğurlar arzulayaq!
Vaqif
Yusifli,
Filologiya elmləri
doktoru
Ədalət.-2018.-4
iyul.-S.7.