BİR GÖRÜŞÜN
TARİXÇƏSİ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Avtobusda əyləşib
Sumqayıta gedirəm. Yol boyu artıq əzbərlədiyim
nömrədən telefonuma bir neçə dəfə zəng gəlir. Çox narahat adam olan bu
zənglərin sahibi Sumqayıtın
harasında avtobusdan düşəcəyimi,
hansı istiqamətə gedəcəyimi və yaxud hansı nömrəli marşrut
avtobusuna oturacağımı təkrar-təkrar
mənə izah edir.
Açıq-aydın görünür ki, görüşünə tələsdiyim bu adam qonağı üçün də narahatlıq hissi keçirir. İstəmir
ki, havanın nisbətən isti olduğu indiki vaxtda əziyyət
çəksin. Və mən də onun bu narahatçılıq duyğularını
anlaya-anlaya içimdə başqa
şeylər düşünürəm.
Düşündüklərimin ipucunu mənə
çox dəyərli ziyalımız, Qarabağda sözün bütöv mənasında bir
ziyalı haqqı olan Vasif
Quliyevin dedikləri vermişdi.
Yəni, Vasif müəllim
mənə yazılarından tanıdığım, barəsində
müəyyən söhbətlər eşitdiyim
Tahir Hacı Əzimin özündən,
yaradıcılığından, xüsusilə muğamın
hava, su qədər
özünə hopdurub, muğamla
nəfəs aldığından danışmışdı.
Və sözarası da demişdi ki, bu günlərdə Tahir
müəllimin yubileyi olacaq.
İmkanın olsa onunla
görüş...
Açığını
deyim ki, Vasif müəllimi yaxşı
tanıdığımdan onun
"imkanın olsa" deməyi artıq
mənə həm də bir böyük qardaş
tapşırığı idi. Necə deyərlər,
arifə bir işarə də bəs edir. Və mən də son
vaxtlar Şuşanın
sayılıb-seçilən insanları barəsində silsilə
yazılar yazdığımı, təbii ki,
həmin yazıların da Vasifdən
qaynaqlandığını bildiyimdən həvəslə bu işarəni də qəbul etdim.
Və Vasif Quliyev mənə
bildirdi ki, telefonunu Tahir müəllimə
verəcəm, hara gedəcəyini o, özü sənə
deyər...
Hə, bu da Bakı-Sumqayıt avtobusu. Vağzalda salonu tərk edəndə yol
boyu mənimlə yanaşı əyləşmiş
cavan oğlandan
Sumqayıtdakı məşhur "Pioner"ə necə getməli
olduğumu soruşuram.
Gözləmədiyim halda üz
tutduğum oğlan sakit şəkildə deyir:
- Müəllim,
mən də elə o tərəfə
gedirəm, - dedi.
Onunla
yanaşı addımlayıram. O telefonda
kiminləsə danışır, mənsə siqaretimi
tüstülədirəm. Bu vaxt yenə telefonuma zəng
gəlir. Tahir müəllimdi, bildirir ki, küçəyə
tərəf olan balkonda
dayanıb gözləyir. "Pioner"in yaxınlığındakı dayanacağa yaxınlaşanda
başımı qaldırıb yuxarı baxsam
onu balkonda görəcəm.
Dediyi kimi də edirəm.
O balkonda dayanıb və ona
baxdığımı görəndə çox
məmnun bir halda əli
ilə, - həyətə keçin, giriş ordandı, - deyir...
Bu
da görüşünə tələsdiyim
Tahir Hacı Əzim. İnanın ki, üz-gözündəki təbəssümə,
hərəkətlərindəki səmimiyyətə,
davranışına baxanda adam ona əlli yaş verməyə də tərəddüd edir. Əsl ziyalılıq nümunəsi, əsl
musiqi adamı dayanıb qarşımda. Son dərəcə sadə və son dərəcə də
çılğın. Elə qapının ağzındaca - Rahat gələ bildinmi... əziyyət
olmadı ki... Bağışla, zəhmət
verdim. Keç
içəri bir stəkan sərin su iç, sonra
söhbət edərik... kimi suallarla məni elə əhatə etdi ki, sanki
yüz ildi bir-birimizi tanıyırıq. Və həyatımda
ilk dəfə idi ki, ilk dəfə qonaq getdiyim ünvanda özümü
ev adamı kimi hiss edirdim. Ona
görə də sərbəst şəkildə vanna otağına keçib
əl-üzümü sərin suyla yudum. Tahir müəllimin təklif etdiyi və
özünün nübar
üzümdən sıxıb hazırladığı buz kimi şirədən (yeriniz məlum! - Ə.M.) içib, divanda əyləşdim.
Artıq rahatlandığımı hiss edən
Tahir müəllim:
-Sən bir az dincəl, mən
çayın altını da
yandırım, biz söhbət edənə
kimi isti qalsın, - dedi.
Təbii ki, mən evə göz gəzdirdim
və onun dediklərindən bir balaca təəccübləndiyimi
gizlədə bilmədim. Bu dəfə də
özü məni qabaqladı:
-Uşaqlar, yəni, oğlum
Anar və qızım Nurlanə ailəlidilər.
Yoldaşım Cəmilə xanım bizə mane olmamaq üçün
gərək olanları hazırlayıb, Bakıya
qızımgilə gedib, nəvələrini
görməyə. Özüm belə istədim.
İki qarabağlı oturub
söhbətləşək və sənə söz
verdiyim muğamları da
tarda sənin üçün
ifa edim...
Hə,
artıq hər şey mənə məlum
oldu. Tahir müəllim həqiqətən bir
musiqili görüş
süprizi hazırlamışdı.
Otaqdakı pianinodan tutmuş,
tar, saz, eləcə də
küncdəki yaraşıqlı dolabın üstündəki
valları səsləndirən qammafon...
divardakı musiqimizin qibləsi olan dahi şəxslərin
fotoları... hə, burda hər şey, elə bu
otağın özü musiqi
demək idi.
KİÇİK ARAYIŞ
Tahir
Şamil oğlu
Əzimov 1940-cı il oktyabr
ayının 7-də bu gün
həsrətlə adını dilimizə gətirəndə
dodaqlarımız çat-çat olan Şuşada dünyaya gəlib. İstər atası Şamil kişinin, istər
anası Sudabə xanımın nəsil şəcərəsi
çox böyük bir tarixi özündə
əks etdirir. Hətta bu qan, nəsil qohumluğundan, yəni Firudin
bəy Köçərli, Fikrət Əmirov, Şükür
bəy Köçərli və digər ünlü
simalardan Tahir müəllim
böyük fəxarət hissi
ilə danışır və bildirir ki, babam Əfrasiyab
Hacı Əzim oğlu öz
adını tarixə həkk etmiş
simalardandı. Sübut
üçün təkcə Mir Mövsüm Nəvvabın
"1905-1906-cı illərdə Şuşada
erməni-müsəlman davası" kitabına baxmaq kifayətdi. Burada Əfrasiyab Hacı
Əzim oğlu əsl xalq
qəhrəmanı kimi təqdim olunub, eləcə də, Pənahi Makulunun "Səttərxan" romanında
Əzimzadə kimi təqdim olunan həmin şəxs Tahir
müəllimin babasıdır. Ümumiyyətlə, Tahir müəllimin Azərbaycan tarixində,
xüsusilə aydınlar tarixində çox
sayılıb-seçilən və artıq tarixləşən
doğmaları olub və bu
gün də var. Yeri gəlmişkən onu
da əlavə edim ki, Tahir müəllimin həyat
yolu da məhz Azərbaycanın
çox böyük
şəxsiyyətlərinin yolu ilə kəsişib
və bəzən də onlarla paralelləşib,
yəni çiyin-çiynə işləyiblər...
Bəli,
Şuşada oktyabr
ayının 7-də dünyaya gələn
Tahir adlı bu
oğlanın elə kiçik
yaşlarından qeyri-adiliyi ilə,
xüsusilə hər səsə, hər ritmə
yaşından böyük bir anlayışla yanaşması
doğmalarının diqqətindən yayınmırdı. Hətta
yaşıdları
ilə birlikdə Şuşanın müxtəlif məhəllələrini
dolaşanda, Üçmıxda qoyun otaranda onun tütəkdə çaldığı havalar hamını ayaq saxlamağa məcbur edirdi.
Hətta bir dəfə
qarğıdan düzəltdiyi tütəklə ifa etdiyi həzin "Çoban Bayatı" elə bil
ki, yaşıl otlara hücum çəkmiş qoyun-quzunun
da sakitcə dayanıb onu
dinləməsinə və bunu kənardan
seyr edənlərin heyranlığına,
təəccübünə səbəb olmuşdu.
Onun barmaqlarında, nəfəsində
daşı da dindirmək, quşları da ram etmək möcüzəsi
var idi. Artıq
hamı bilirdi ki, bu, əl boyda uşaq mütləq həyatda nəyəsə
nail olacaq,
tay-tuşlarından önə keçəcək. Heç də təsadüfi deyildi
ki, iki oğul,
bir qız payı olan
bu evdə hər gün
musiqi səslənirdi. Bacısı Sara xanım da,
qardaşı Tariyel müəllim də musiqini duyur, qardaşı
tütəyi dilləndirəndə, yaxud
tarı əlinə götürəndə onlar
da müxtəlif alətlərdə bir üçlük
yaradırdılar. Doğrudu, illər
ötəndən sonra Tariyel
müəllim riyaziyyatçı alim kimi, Sara xanım geoloq kimi özlərini təsdiq
etdilər və bu gün
də öz elmi
yaradıcılıqları ilə məşğuldular. Ancaq Tahir müəllim on beş yaşında olanda Bakıya gəlib Asəf Zeynallı
adına Musiqi Texnikumuna
daxil oldu. O, Şuşada ilk
musiqi təhsilini alsa da və bu gün
də adını hörmətlə xatırladığı
Əlikram Hüseynovun pedaqoq
kimi ona
aşıladıqlarını həyatının ilk musiqi uğuru
saysa da, onu da etiraf
edir ki, musiqi dünyasına açılan qapı
1955-ci ilə təsadüf edir və
onu da əlavə edir ki, artıq 18 yaşım olanda
müəllimim Əlağa Quliyev məni
özünün
çalışdığı Dövlət Opera
Simfonik Orkestrində işə qəbul
olunmağım üçün köməklik
göstərmiş və mən ilk dəfə
olaraq orkestrdə ikinci
tarçalan kimi
müəllimimlə yanaşı əyləşib Azərbaycanın
ən böyük
ifaçılarını müşayiət etmişəm.
Moskvada Azərbaycan
günlərində Xalq artistləri
Əbülfət Əliyev və Sara Qədimovanı,
unudulmaz Bakir
Haşımovu və Rübabə Muradovanı müşayiət
etmişəm. Böyük Niyazinin drijorluğu ilə
orkestrin ikinci
tarçalanı kimi tamaşaçı
qarşısına çıxmışam və elə bu məqamda səsi bir az titrəyən Tahir
müəllim masanın üstündəki nəfis tərtibatlı
bir kitabı - "Musiqi...
Poeziya..." xatirələr, məqalələr,
şərhlər - kitabını mənə göstərir.
(ardı gələn sayımızda)
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2018.-5
iyul.- S.7.