SÖZ DƏRGAHINA XOŞ GƏLDİN "YENİ DƏBİSTAN"

 

Jurnal haqqında danışmazdan əvvəl çox vacib bir faktı qeyd etmək istərdim. Yaxın günlərdə "Kaspi"- Şəhər Liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirə dəvət edilmişdim. Tədbirə tez gəldiyim üçün liseyin həyətində dəhlizində gəzib dolaşdım. Diqqətimi liseydəki səliqə-sahmandan da çox çəlb edən əsas fakt liseydəki nizam-intizam oldu bu məni çox məmnun etdi. Çünki təhsil-təlim güclü nizam-intizama bağlıdır. O, olan yerdə, hörmət, səmimiyyət, qayğı, sayğı var.

Bu il 143 yaşı tamam olan milli mətbuatımızın sıralarına yeni bir mətbu orqanı da qədəm qoydu. Yüksək poliqrafik keyfiyyətdə, nəfis şəkildə çap edilən "Yeni Dəbistan". Müdriklərimizin, söz səltənətinin sahiblərinin hər an ehtiramla yanaşdığı söz dərgahına xoş gəldin "Yeni Dəbistan". Əslində yeni deyil. Müxtəlif vaxtlarda nəşr olunsa da amal, məfkurə eynidir. Yaxşı deyiblər: "Öz kimliyini bilməyən, öz tarixindən xəbərsiz olan millət azad, xoşbəxt ola bilməz". Bəlidir ki, kimliyin bünövrəsi uşaq yaşlarından qoyulur formalaşır. Ona görə Əli bəy Hüseynzadə milli kimliyin öyrənilməsini qorunub saxlanmasını "yalnız maariflənməkdə" görürdü.

112 il bundan əvvəl 1906-cı ildə "irticanın gücləndiyi zülmət səltənətində" ilk dəfə məktəblərimizdə maarifi, elmi, əbəbi-əxlaqı təlğin edən bir jurnal zühur etdi. Maarifpərvər yazarımız, dövrünün görkəmli pedaqoqu Əlisgəndər Cəfərzadənin rəhbərliyi ilə nəşrə başlayan "Dəbistan" uşaqlarımızın qəlbində bir məşəl yandırdı. Bu elm, məktəb, tərbiyə məşəli idi. Bu gün, bu məşəl "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyevanın xeyir-duası ilə yenidən alovlandı. Gəlişi uğurlu, amalı aydın, düşüncələri işıq saçsın. "Dəbistan"ın o müqəddəs sevgi dolu yolunu ülviyyətlə davam etdirsin. Milli ruhda, kökümüzə-soyumuza yaraşan bir nəsilin formalaşmasına örnəy olsun. Elə buna inanan baş redaktor Asif Əzizov "Birlikdə yola çıxaq..." sərlövhəli məqaləsində uğurlu varis olacaqlarını bəyan edir: "Məqsəd "Kaspi" liseyində təhsil alan şagirdlər, onların valideynləri müəllimlərimiz üçün maraqlı faydalı informasiya ilə zəngin bir mənbə yaratmaqdır. Azərbaycan maarifçilərinin qoyduğu yolla gedərək çağdaş cəmiyyətimizin maariflənməsi işini bu gün davam etdirmək istəyimizdən doğuldu "Yeni Dəbistan".

Jurnalın ilk sayının titul vərəqində "Kaspi-Ağ Şəhər" liseyinin 2017-2018-ci tədris ili ərzində bütün sınaq imtahanlarından ən yüksək nəticələr göstərmiş şagirdlərdən Ülkər Həsənova, Fərzalı Abbasov Nərgiz Bəşirovanın şəkilləri verilib. Azərbaycan bayrağını qürurla əllərində tutaraq bu şərəfə layiq olduqlarını bəyan edən qaliblərin üz-gözündən fərəh hissi duyulur.

112 il sonra yenidən "Yeni Dəbistan"ın zühur etməsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider H.Əliyevin isə 95 illik yubileyinə təsadüf edir. Bu tariximizdə layemizdə silinməz izlər buraxan böyük şərəfli bayrama "Kaspi"çilərin ən böyük töhfəsidir. İlk say da çap olunan yazılar da əsasən bu mövzulara həsr edilib. "Həyatını xalqının maariflənməsinə həsr etmiş adam" sərlövhəli məqalə "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfinə" yüksələn Nəsib bəy Yusifbəyliyə həsr edilib. Məqalə müəllifi Liseyinin tarix müəllimi Roland Məmmədov N.Yusifbəylini Azərbaycan Xalq Cümhuriyyəti dövrünün "qurucu-şəxsiyyətlərindən, dəyərli ziyalılarından" biri kimi təqdim edir.

Bu məqalədən sonra diqqətimi cəlb edən ikinci bir yazı "Valideyn universiteti", və ya gəlin faydalı valideyn olaq" adlı məqalə oldu. Müəllif Məlahət Kazibekova 27 illik müəllim-psixoloq təcrübəsindən bəhs edərək yazır ki: "uşaqlarımızı narahat edən məsələlərin kökündə hansısa formada bir valideyn mövqeyi dayanır. Ona görə də bizim səhifədəki yazılar şagirdlərdən daha çox onların valideynlərinə ünvanlanacaq". Psixoloq xanım məqaləsinin sonunda üzünü valideynlərə tutaraq çox dəyərli bir məsləhət verir: "Övladımızı ən mükəmməl, qabaqcıl təhsil ocağında təhsil almağa göndərə bilərik. Ancaq onların tərbiyəsinin, dünyagörüşünün, mənəvi dəyərlərinin formalaşdığı əsas məkan ailədir. Gəlin bu məkanı onların əlindən almayaq!". Bəli müəllimə tamamilə haqlıdır. Çox təəssüf ki, bəzi valideynlərimiz bunu unudur ki, uşaq əvvəl ailədə böyüyür, tərbiyə alır, sonra cəmiyyətə çıxır.

Liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aqil Səfanın "Arzularımızdakı 28 Mayya Cəngili Şuşa" başlıqlı düşüncələrini sakit oxumaq mümkün deyil. Oxuduqca özümdən asılı olmadan məni qəhər boğdu, həyəcanlandım. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik bayramını Şuşada qeyd etmək arzusunun çin olacağına inanan müəllif Şuşadan bir Cəngi səsinin gələcəyinə inandırdı məni.

Təbii hər bir mətbu orqanını əlimizə alarkən onun məzmunu ilə tanış olmazdan əvvəl tərtibatı diqqətimizi çəkir. Əgər bu tərtibat yüksək səviyyədə olarsa oxucunu onu oxumağa "vadar" edəcək. "Yeni Dəbistan"ın ilk sayını gözdən kecirərkən bir daha bunun şahidi oldum. Odur ki, həm də bir oxucu kimi jurnalın dizaynerləri Aydın Əliyev, Həmid MahmudovElvi Cemaliyə dərin minnətdarlığımı bildirirəm. Yazılar, fotolar, şəkillər yüksək səviyyədə məzmununa uyğun yerləşdirilib. Jurnal bütövlükdə yaradıcı əməkdaşların intellektual səviyyəsinin, klassik irsə məhəbbətinin, milli-mənəvi dəyərlərə qayğısının çox yüksək səviyyədə olduğunu bəyan edir. Odur ki, "Yeni Dəbistan"ın milli ruhumuzu qoruyanyaşadan, sabahımıza, yurdumuza varis olan sağlam, gənc nəslin yetişməsində böyük rolu oynayacağına inanırıq.

H.Zərdabinin, A.Səhhətin, A.Şaiqin, Ə.Cəfərzadənin və daha necə maarifçi ziyalılarımızın ruhu uyuyan, dəsti-xətti duyulan "Dəbistan"ın layiqli varisi olmaq nəsibiniz olsun, "Yeni Dəbistan"çılar.

 

Qərənfil Dünyamin qızı,

Əməkdar jurnalist

 

Ədalət.- 2018.- 5 iyul.- S.8.