ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?
Camaatımız yavaş-yavaş çıxıb gedir Qarabağa. Yorulurlar, bezirlər, usanırlar,
ATƏT-in, BMT-nin bəyanatlarından
çərləyirlər və
çıxıb gedirlər.
Dəfn çox, yas çox. O qədər
yasa gedirik ki, evdə arvad
da çayı verəndə deyirik, Allah qəbul eləsin. Nə isə.
Fikrim başqadı. Adətən, dəfnlərdə molla
«Quran» oxuyur, sonra bir «Fatihə» verir , üzünü də tutur camaata deyir:
- Haqqınızı halal edin!
Camaat da xorla:
- Halalı olsun!
Yaşlı adamların, həyatını
sürmüş adamların
üstündə qohum-əqrəbasından
kiminsə haqqı ola bilər,
o da haqqını halal edər. Yaxşı.
Amma həmişə bir şey məni
bir qədər hövsələdən çıxarır. Nədir məsələ?
18-20 yaşlarında gənclər bu millətin yolunda, bu Vətənin yolunda, sizlərin, bizlərin yolunda şəhid olurlar ki, Vətən yaşasın, bizlər yaşayaq. Barmağımız qanayanda bilmirik
canımızı hara
qoyaq. Amma bu gənclərin
barmaqları qanamayıb
ey, bağırları
qanayıb, sinələrini
bu millət, bu Vətən yolunda, yuxarıda dediyim kimi, düşmən
gülləsinə sipər
ediblər, canlarını
qurban veriblər.
Və dəfnləridi. Molla da
üzünü tutur camaata və deyir:
- Haqqınızı halal edin!
Camaat da xorla:
- Halalı olsun!
Sizin, bizim o şəhidlərin üstündə
hansı haqqımız
var ki, halal
edirik? Heç bir haqqımız
yoxdu. Onların bizim üstümüzdə
haqqı var, özü də əvəzolunmaz haqları
var. Onlar bizim üçün şəhid
olublar, biz onlar üçün yox.
Onların üstündə olmayan haqqımızı halal edirik. Vay dədəm, vay. Əslində molla şəhiddən soruşmalıdı:
- Haqqını halal edirsənmi?
Ayın 3-də Fred Asifin qəbrini ziyarət etdik. Həmin Fəxri Xiyabanda yüzlərlə şəhid
yatır. Nazim Hikmət demiş, şəhidlərimizi bərəkət
toxumu tək basdırmışıq torpağa,
gah Bakıda, gah Naxçıvanda, gah Lənkəranda, gah Qazaxda, Tovuzda,
Gəncədə, gah
da Ağdamda… Azərbaycanın elə bir şəhəri, qəsəbəsi
yoxdur ki, orda şəhid qəbri çiçəkləməsin.
Şəhidlər Xiyabanında Fred Asifin qəbri üstündəydik. Fred Asif haqqını bizə halal edibmi?! İmam Hüseyndən şəhidlik dərsi almış, İmam Hüseyn məktəbinin yetirmələri olan Allahverdi Bağırov, Şirin Mirzəyev, Ramiz Qəmbərov, Əlif Hacıyev, Vəzir Orucov, Raquf Orucov, Murad
Mirzəyev, Mübariz
İbrahimov… 20 minə yaxın şəhidimiz
görən, haqlarını bizə halal
ediblərmi?!
İnanmıram!
Aqil ABBAS
Ədalət.-2018.-
4 iyul.- S.1-2.