MƏLƏKLƏR MƏZARLIĞI
Onlar bizim dünyanın adamları olmaq
istəmədilər
Yəqin ki, yazının adını
oxuyanda təəccüblənəcəksiniz və yaxud da
dodağınıza ironik bir təbəssüm gələcək. Düşünəcəksiniz
ki, yayın bu cırhacırı ağlımı
çaşdırıb. Axı, mələklər
ölmürlər. Bir halda ki, ölmürlərsə,
deməli, mələklərin məzarlığı da ola bilməz. Amma siz necə
düşünürsünüz düşünün, mən
bu yazını mələklər məzarlığı
haqqında yazacam... mələklərin məzarından
yazacam... ölümüylə yaşayan mələklərdən
yazacam. Və sonda sizin söylədiyiniz həqiqəti
mən də etiraf edəcəm. Deyəcəm ki, bəli,
mələklər ölmür!..
Həyatın insana bir dəfə verildiyi
sübuta ehtiyacı olmayan bir gerçəklikdi. Həqiqətən də
insan, yəni Allahın yaratdığı biz bəndələr
cismani olaraq bir dəfə doğuluruq və bir dəfə də
ölürük. Böyük şəxsiyyətlər,
dahilər, dühalar, müqəddəslər ruhən
yaşayırlar. Hər zaman aid
olduqları millətin və bütünlükdə bəşəriyyətin
yaddaşında öz əməlləriylə, öz xidmətləriylə
var olurlar. Və insanlar da bu ruhən
yaşayanların xatirəsini ehtiramla anır, onlardan
yararlandıqları üçün onlara minnətdarlıqlarını
duaları ilə dilə gətirirlər, rəhmətlərilə
qeyd edirlər. Bu da bir gerçək...
Bir gerçək də var. O da mələklərin
ölümüdü... Bu mələklər
dünyaya gəlişləriylə dünyadan gedişləri
arasında zaman məsafəsini o qədər
qısaldırlar ki, qaşla göz arsında olur, olumla
ölüm arası qədər olur, varla yox arası qədər
olur. Deməli, çəkilən
"ah"la bitir hər şey. Dodaqdakı,
qəlbdəki, ruhdakı açılan təbəssümlə
açılan çiçək əllərini
başına, dizinə çırpmaqla solur və donub
qalırsan yerində. İstəyir yay
olsun, istəyir qış, fərqi yoxdu, donursan. İçin üşüyür, əllərin,
dodaqların titrəyir, dilin sözünə baxmır. Sadəcə kirpiklərindən aşağı
yaş süzülür. Bu yaş da
başqa göz yaşlarına bənzəmir. Bu da digər göz yaşlarından o qədər
duru olur ki, onu barmağının ucuyla yanağından
götürəndə, ya kirpiyindən siləndə o göz
yaşında öz şəklini də görə bilirsən.
Axı sən mələklər
üçün ağlayırsan. Ölən,
öldürülən mələklər üçün...
Nə qədər istəyirəm ki,
yazımın kədər notu az olsun, amma
bacarmıram. Qəmli, ağrılı sözlər
fırlanır içimdə. Ürəyimdən
ağlıma, ağlımdan da ruhuma tərəf
qaçır o sözlər. Çünki
gözümün önündə öldü bir mələk.
Daha doğrusu, öldürdülər o mələyi
- savadsızlıqları ilə, laqeydlikləri ilə,
insanlığa yaraşmayan əxlaqlarıyla, mənəviyyatsızlıqlarıyla.
Mən onu bircə dəfə gördüm.
Və bircə dəfə gördüyüm o mələyin
çöhrəsi nə gözlərim önündən
gedir, nə yuxumdan çəkilir, nə də ruhuma
rahatlıq verir. Onu qoruya bilmədiyim üçün,
onun yanında ola bilmədiyim
üçün vicdan əzabı çəkirəm. İndinin özündə də içimdəki
sıxıntı ürəyimi ox kimi dəlib keçir.
Doğrudur, mən təbib deyiləm, loğman
deyiləm, həkim deyiləm, adicə bir söz adamıyam.
Adidən adi. Gücüm
sözə çatır, rica etməyə, təvəqqe etməyə,
hətta o mələyin xatirinə yalvarmağa da. Amma bu ricalar, bu yalvarmalar maddiyyat deyil, heç nəyə
yaramır. Üstəlik, hardansa, kimdənsə
pul da tapmaq mümkündür. Amma
savadsız, biganə, insan taleyinə qarşı
acımasız olan saxta həkimin, loğmanın, təbibin
qapısını döymək, ondan ümid ummaq, ondan
uzadılan ələ ümid əli almaq mümkün deyil.
Mən bunun şahidi oldum və bu dünyada
yeddi gün yaşayan bir körpənin özünün də,
anasının da nələr çəkdiyini ömrümə
yazdım, daha doğrusu, yazdılar. Özü də qələmlə
yox, xəncərlə... oxla... iynə-sancaqla... bizlə... ucu
zəhərli neştərlə...
Gözümün önündən getməyən
mələk Azərbaycan tibbinin yerində olmayan həkiminin
günahından bu dünyada yeddicə gün yaşadı. Özü də süni nəfəslə...
özü də dava-dərmanla. Valideynlərin cani dildən
od qiymətinə tapıb gətirdiyi dərmanlarla.
Hansı ki, o dərmanların bu mələyə heç bir
faydası olmadı və ola da bilməzdi.
Həkim isə özünü
sığortalamaq üçün dərmanlar yazırdı.
Mən indinin özündə də başa
düşə bilmirəm ki, bir mələyin və
bütövlükdə mələklərin qatilləri öz
günahlarını və onları nələr gözlədiyini
niyə anlamırlar? Niyə bilmirlər ki, hər gecənin
səhəri olduğu kimi, hər işin də, lap elə hər
bir ömrün də sonu var. Son isə hesabat deməkdir,
suallara cavab vermək deməkdir. Bəs onda nə
olacaq? Onların əvəzinə kim
cavab verəcək? Ünvanlanan suallar dünyanın, yerin,
göyün, ərşi-aləmin ən pak məxluqları ilə
bağlıdır, mələklərdən gedir söhbət...
Bəli, cəmi yeddi gün yaşadı. Elə yeddinci günün axşamında
da, daha doğrusu, səkkizinci günə bir neçə saat
yol gedib "əlvida" dedi bəyənmədiyi bu
dünyaya. Gördü ki, insanları xilas etməli
olanlar özləri qatildilər... gördü ki, insanların
sağlamlığı keşiyində durmaq üçün
seçilən kəs insanların cibiylə nəfəs
alır... gözü xəstədə yox, əllərdədi...
gördü ki, bu dünya rüşvətə,
harınlığa, biganəliyə, arsızlığa, bir
sözlə, o qədər çirkablara batıb ki,
dünyada qalmaq olmaz. Ona görə də heç nə
demədən uçub getdi... Və onda onun
arxasınca baxa-baxa donub qaldığım anın misraları
göyərdi ürəyimdə. Yazdım ki:
Sən bir günlük kəpənək
İşıq kimi doğuldun...
Səni sevmədi fələk -
Qara əllə boğuldun-
mələk...
Doqquz ayın hər anı
Oxunulmayan kitab...
Uzanan əllərimiz -
Toxunulmayan kitab
mələk...
Ana hıçqırtısını
Kirpiyinə köçürən...
Ata pıçıltısını
Sükutuyla keçirən
mələk...
Sən möcüzə, sən bir sirr
Ən müqəddəs bir dilək...
Sənin ovuc boyda yer -
Yuvanı cənnət bilək
mələk!
***
O, köçdü! Əvvəlcə
mən elə bildim ki, harasa gedib qayıdacaq. O,
keçdi... elə bildim ki, işıqdı, sönüb təzədən
yanacaq. Amma bunların heç biri olmadı.
O, sadəcə getdi - ruh kimi, mələk kimi. Biz
onun cismini mələklər məzarlığında dəfn
etdik. İlk dəfə gördüm bu məzarlığı.
Bakıda, daha doğrusu, Bakı ətrafında
bir məzarlıq var. Orda uşaqları, dünyanın ən
pak bəndələrini torpağa tapşırırlar. Bu dünyaya erkən "əlvida" deyən həmin
o körpə mələklərin məzarlıqları mənə
dünyanın hələ də anlaya bilmədiyim bir yerini xatırladır.
Orda təmtəraqlı başdaşları da
yoxdu, sinə daşları da yoxdu. Ordakı
uşaqlar o qədər məsumdular ki, sanki onlar həmin o ərazidə
yığışıb eyni cür düşündüklərindən,
eyni cür danışıb güldüklərindən eyni
oyunu oynayırlar, eyni musiqini eşidirlər. Hamısı bir-birindən gözəl,
hamısı bir-birindən yaraşıqlı və
hamısı da ürək parçaları. Bu yerdə ən çox məni
düşündürən fələyin
amansızlığı, nə boyda iyrənclikləri oldu.
Necə qıyır bu məsumlara, bu mələklərə?
Çox ağrılı, çox çətin
bir sualdı. Sadəcə, özümə
təsəlli üçün cavab uydururam ki, onlar cənnətdədir.
Onlar hamıdan öncə cənnətlə
mükafatlandırılanlardı, cənnətə layiq
görülənlərdi. Onlar valideynlərinin,
ata-analarının Tanrı yanında günahlarının
bağışlanması üçün getmiş elçilərdi.
Bu məsumlar, bu mələklər Tanrı dərgahında
bizlərin bağışlanmasını istəyənlərdi...
Eh, nə qədər fikirləşsəm də, nə qədər
təsəlliverici sözlər axtarsam da heç nə tapa
bilmirəm. Çünki aldığım zərbə,
tuş gəldiyim məqam və nəhayət, bu
dünyanın özünün ayaq-baş oyunları mənə
yaxşı heç nə vəd etmir. Ona görə də
öz-özümə pıçıldayıram:
Ruhum yatır sinəndə
Əlini günlük elə...
Ruhunu da ona qoş -
Yanını güllük elə...
Nə yuxumdan çıxıb get
Nə fikrimi sən tərk et...
Harayıma hər an yet -
Ömrümü tünlük elə!..
Qəlbim boşdu ev
kimi
Demirəm dön, sev kimi?!
Ona dəli sevgimi -
Allah, min illik elə...
***
Adətən deyirlər ki, dərd
dağa-daşa yox, insana alın yazısıdı. Yəni Tanrı dərdlərini
insanlar üçün yaradıb. Ona
görə də dağın, daşın, otun,
ağacın, bir sözlə, bəndədən başqa
gözə görünən nə varsa, guya heç nəyin
dərdi yoxdu, ağrıyan yeri yoxdu. Mən
bu fikirlə razılaşmıram. Barışmıram
bu deyilənlə. Çünki qanadı qırılan
ağacın necə sızıldadığını hiss
etmişəm. O qırılan yerdən daman
ağacın şirəsi deyil, ağacın göz
yaşıdı. Külünglə sındırdığımız
qayanın qopan qəlpəsi daş parçası deyil, o, həmin
qayanın bir əzasıdı, bir hissəsidi. Tapdaladığımız otun torpağa
yapışan hissəsi onun bədəninin ayaqlar altında
qalmasıdı. Bax, bu məntiqlə
yanaşanda onda aydın olur ki, dərd sadəcə olaraq
çəkənlərə verilir. Çəkməyənlər
üçün dünyanın od tutub
yanması da heç nədi. Necə deyərlər,
heç tükləri də tərpənməyəcək.
Ona görə də dərdin boyunu sevmək və
verilən dərdi son nəfəsə kimi çəkmək
istəyində qərarlıyam. Bilirəm
ki, mənə dərddən doğma, dərddən yaxın
bu dünyada heç nə yoxdu. İnansanız
da, inanmasanız da dərd təkcə mənim yox, elə
hamımızın can köynəyidi. Və:
Çıxıb getmək istəyirəm
Sıxıb getmək istəyirəm...
Yığıb getmək istəyirəm -
Dərdləri -
Dərd, sizdən...
Çıxıb gedə bilmirəm
Sıxıb gedə bilmirəm...
Yığıb gedə bilmirəm
Dərdləri -
Tərslikdən....
Çıxıb gedə bilməyən
Sıxıb gedə bilməyən...
Yığıb gedə bilməyən
Dərdlə qalır -
Fərsizlikdən!..
Bəli, bu dünyadan çıxıb
getmək bir hava kimi, bir su kimi gəlib keçir içimdən.
Elə istəyirəm ki, qopam, ayrılam
dayandığım nöqtədən. Amma gözümün
önündəki o mələk öz təbəssümüylə,
öz çöhrəsiylə sanki məni fikrimdən
daşındırmaq istəyir.
Onun bu istəyinə qarşı
çıxa bilmirəm, heç çıxmağa
gücüm də yoxdu. Axı bu
dünyanın ən məsumları, ən gözəlləri,
ən göyçəkləri, yəni mələkləri hər
şeyə qadirdilər. Onlar istəklərini istədikləri
an gerçəkləşdirə bilirlər. Həm də
onların özəl dünyaları var axı. Onlar mələklər
məzarlığında uyuyurlar. Bir az da obrazlı desəm,
onlar bu məzarlıqda öz dünyalarını gerçəkləşdirirlər,
öz dünyalarını...
Hə, indi "Azərbaycan" nəşriyyatının
6-cı mərtəbəsindən Yasamal qəbiristanlığına
baxıram. Elə
bu yazını yazdığım anda günorta azanı
oxunur. Mənə elə gəlir ki, o azan səsinin
dalğalarında mənim də mələyimin uçuşu
var. Hər azan səsiylə o mənə gəlir və məndən
də dönüb gedir. Çünki mənim
qaldığım dünyada o özünə yer tapa bilmir. Və
bu yer mələklər üçün deyil!
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2018.-
7 iyul.- S.8.