Dost gəlişi
"Müstəqillik və quruculuq"
silsiləsindən
(Hekayə)
Cahangir Kəngərlinin "mobilinə"
mesaj gəldi. Tənbəllik
etmədən cəld açıb oxudu: "Yaxın günlərdə
Naxçıvanda olacayam. Sənlə görüşmək,
şəhərinizi doyunca gəzib-dolaşmaq arzusundayam. Bu
arzunu məndə tanış-bilişlər yaradıb. O qədər
tərif ediblər ki, sizin tərəfləri. Nə isə...
Gələrəm, görərəm! Hələlik. Tələbəlik
dostun Turan". Əslində Cahangir müəllim belə
mesaj xəbərdarlıqlarına və yaxud zənglərinə
artıq neçə illərdi adətkarda olub. Təkcə "adətkarda olub" yox, elə
Bakıdan, Gəncədən, Lənkərandan, nə bilim
daha haralardan, hətta xaricdən də təşrif buyuran
neçə dost-tanışını telefon xəbərdarlıqlarının
ardınca doğma şəhəri Naxçıvanda əziz
qonağı kimi qarşılamış, duz-çörəyi
təzələmiş, olmazın hörmət-izzətlə
yola salmışdır. Gələnlərin heç biri də
bugünkü muxtar dövlətimizə olan məftunluqlarını
gizlətməmişdi. Qonaqların bir çoxu yazı-pozu
adamı olduğundan səfər təəssüratlarını
müxtəlif qəzet və jurnal səhifələrində əks
etdirmiş, radio dalğalarında, telekanallarda dilə gətirmişlər.
Əslən
Ağdam əhli olan, Bakıda, universitetdə oxuyarkən 4 il
bir yataqxanada, bir otaqda qaldığı ürək, dilək
dostu Turanın da gəlişi görünür eyni məqsəd
daşıyır. Cahangir müəllim Turanın mesajından
da bunu hiss etmişdi. Bir də ki 15-20 ildir Azərbaycandan
uzaqlarda Rusiyanın paytaxtında yaşayan Turanın hansı
məqsədlə gələcəyinin fərqində deyildi.
Təki gəlsin, görüşsünlər. Turanın cəmisi
bircə dəfə ayağı Naxçıvana dəymişdi.
O da Cahangir Kəngərlinin toyunda. Ondan bu yana
yazışsalar, zəngləşsələr də, heç
əməlli-başlı görüşə bilməmişlər.
Cahangir müəllim
üçün göydəndüşmə bir şad xəbər
oldu bu. - Gəlsin, gəlsin... gözüm üstə yeri var,
- deyə ürəyindən keçirdiyi sözləri ucadan
dilinə gətirdi. - Hər nə üçün gəlir-gəlsin,
təki onu görüm, boynuna sarılım. Ürəyim bir
tikədir ondan ötəri. Yenə necə olsa acılı-şirinli
tələbəlik illərini doludoyunca xatırlayarıq
birlikdə.
Aradan
heç onca gün adlamamışdı ki, Cahangir müəllimin
telefonu səsləndi. Açdı. Turan idi. Moskvadan
danışırdı. Uzun-uzadı xoş-beşdən
sonra-Qardaşım, filan gün, filan saatda
Naxçıvan-Moskva təyyarəsini qarşılarsan.
Allahın köməyi ilə ordayam...
Cahangir
müəllimin ürək çırpıntıları ilə
gözlədiyi filan gün, filan saat gəlib
çatmışdı. O öz maşınında
Naxçıvanın hava qapısına yollandı. Təyyarə
vaxtında gəlib çıxdı. Çox çəkmədi
ki, köhnə dostlar ətrafdakıların da nəzərini
cəlb edəcək qədər mehribanlıqla
görüşdülər. Dönə-dönə
qucaqlaşdılar. Elə qoşaca da maşına tərəf
getdilər. Fürsət edib sağına, soluna heyrətlə
nəzər salan Turan:
- Hə,
dostum, deyəsən mənə səhv anlatmayıblar.
Naxçıvan artıq başqa aləmdir, - deyə
gördüklərindən vəcdə gələrək dilləndi:
- Elədir, Turan, indi hər şey dəyişib,
yeniləşib.
Sonra yarı zarafat, yarı gerçək:
- Elə biz özümüz də az dəyişməmişik.
Sovetin şinelindən çıxsaq da, yeni
ab-havaya əlüstü öyrəşmişik.
Turan gülümsədi və dedi:
- Hiss edirəm, qardaşım, hiss edirəm... düz deyirsən. Hər şey dəyişib. Amma sən,
maşallah, o vaxt necəydin, eləcə də qalmısan: həm
cavan, həm də gümrah.
- Heç sən də pis deyilsən ha,
Turan.
- Yox Cahangir, meqa polis mühiti
darıxdırıcı olmasa da, o şəhərin də
özünə xas dərd-səri var. Əsası da odu ki,
yurd, vətən həsrətindən yaxanı qurtara bilmirsən.
Qəribçilik necə olsa öz işini
görür. Yad adam
olmağının ağrı-acısını
yaşayırsan. Heyf deyil doğma el-obamız.
Qoy bir Qarabağ azad olunsun, Moskvada qalası deyiləm.
Birbaşa Ağdama, doğma kəndimizə gələcəyəm...
Heç olmasa orada kiçik bir könərcə
yaradıb yay aylarını kəndimizdə keçirəcəm.
- Yaralı yerimizə toxundun ay Turan... Allah arzularını çin etsin.
- İnsan, doğru sözümdür
Cahangir, yaşım ötməsəydi gəlib
könüllü olaraq orduya gedərdim. Əslində bir neçə
dəfə cəht etdim. Alınmadı.
Daha doğrusu, dedilər yaşına uyğun işlərlə
məşğuı ol... Ordumuza nə gəlib ki...
- Turan, başımız söhbətə
qarışdı.. artıq
evə çatmışıq. Bax, bu
gördüyün həyət evi, ikimərtəbəli bina
bizimkidir.
Həyət-bacanı təəccüblə
süzən Turan:
- Nə gözəl, nə gözəl,
sağlığınıza qismət olsun, xeyir işlər
edəsiniz...Bəs ata eviniz? Sənin toyunda
qaldığımız ev, o hardadır?
Unutmuşam yerini...
- Ata ocağında kiçik
qardaşım yaşayır. Özü də sən
gördüyün evdə yox ha... O da yaxşı bir imarət
saldırıb. Bir də ki, Turan, o vaxtlar
gördüyün, qaldığın darısqal,
cansıxıcı evlər "arxivə" verilib artıq.
Hamısının yerində iki, üç qatlı şəxsi
binalar salınıb... Elə bilirsən sənə nahaqdan tərif
ediblər... Bu yerlərin hər daşı, hər
kərpici təzələnib, iki göz istəyir ki,
tamaşasına dura. Naxçıvanı Avropanın
şəhərləriylə yanaşı tuturlar ee... Deyəsən qabağadüşənlik edirəm.
Onsuz da gəzib görəcəksən hər şeyi... İzahat verməyim artıqdır.
İndisə keçək içəri,
bilirəm, yol gəlib yorulmusan, bir yuyun, rahatlan, yemək-içmək
də hazırdır. Sonrasına baxarıq.
- Evə yox, ay Cahangir, evə yox! Mehmanxanaya apar məni. Uşaqlara niyə əziyyət
verək axı... Mehmanxana yoxdu bəyəm?
- Ay mənim ürəyim, o nə
sualdır - "Mehmanxana yoxdu bəyəm?" Necə
yəni yoxdur?! Saysız-hesabsız
mehmanxanalarımız, qonaq evlərimiz var. Hər biri də
yalan olmasın, sizin şəhərlərinizdəkindən
geri qalmayan. Ancaq qardaşım, belə
rahat, geniş ev-eşiyi qoyub səni mehmanxanaya götürsəm,
əsla özümü bağışlamaram. O fikri bir
yolluq başından at. Nə qədər istəsən
boş otağımız var. Hansını bəyənsən,
öz evin kimi də qalacaqsan.
Turan dostunun qırımını
görüb və bir də tələbəlik dövründə
müşahidə etdiyi inadkarlığını yadına
salıb, onunla razılaşmaq zorunda qaldı. Və birlikdə evə
daxil oldular.
***
Düz on gün tamam olurdu ki, Turan
Naxçıvanın saf, təmiz havasını udur, suyunu
içir, çörəyini kəsirdi. Cahangir müəllim istəkli
dostunun gəlişinə görə
çalışdığı universitet rəhbərliyindən
izin də almışdı. Başqa
mühüm özəl işlərini isə etibar etdiyi
yaxınlarına tapşırmışdı. Və beləliklə, bütün vaxtını
Bakıda oxuduğu illərdə bir nömrəli dostu
saydığı Turana ayırmışdı. Bu müddətdə Turanın muxtar dövlətimizin
Qərbindən Şərqinə, Cənubundan Şimalınadək
gəzmədiyi, görmədiyi kənd, şəhər, demək
olar ki, qalmamışdı. Onun hər
addımda rast gəldiyi yeniliklərə təəccübü,
heyrəti Cahangir müəllimi sözün əsl mənasında
qürurlandırırdı. Qürurlandırırdı
ki, bu gözəl diyarın sakinlərindən biri də məhz
odur. Yaxından, uzaqdan gələn qonaqlar
da ona qibtə hissi ilə yanaşırlar. Və həm də qürurlanırdı ki, hər
bir müsafir bu yerlərdən böyük təəssüratla
ayrılır, gördüklərini, bildiklərini ölkəmizlə,
dünya ilə paylaşırlar. Bu isə o anlama gəlir
ki, Naxçıvanın şöhrət coğrafiyası
getdikcə genişlənir... Bundan da fəxarət duymalı
nə ola bilər?
Turan gəldiyi gündən Cahangir müəllimlə
birgə şəhərin mərkəzindəki
"Zümrüd" kafe-restoranında bir neçə dəfə
əyləşib istirahət etmiş, dincəlmişlər. Yola düşəcəyi
günün öncəsi də Turanın istəyi ilə həmin
ünvanı seçdilər. Burada
söz-söhbətləri elə alındı ki, ətraflarındakı
oturacaqların da nə zaman dolub boşaldıqlarının fərqində
olmadılar. Moskvalı qonaq gəzdikləri,
gördükləri barədə sanki dostuna hesabat verir, ürəyindən
keçənləri danışıb bitirməyə tələsirmiş
kimi görünürdü.
- Ay Turan, ay mənim əziz qardaşım,
gəl bu daşı ətəyindən tök. Sabah uçma, biletini qaytaraq. Heç
olmasa bir həftə də qal, istədiyin kimi gəzib-dolanaq.
Turan:
- Düz deyirsən Cahangir, buralardan
ayrılmağa heç ürəyim gəlmir. Ancaq nə
edim, orada da vacib işlərim tökülüb qalıb... İşə bir bax, gəlməmişdən mən
düşünürdüm ki, on günü necə
qalacağam Naxçıvanda. Sən demə...
heç bilmədim bu on gün nə vaxt gəldi, nə vaxt
ötüb keçdi. Amma getsəm də,
təəssüratlarım məni illər uzunu tərk etməyəcək.
Turan sonra söhbətini zarafatyana davam
etdi:
- Bikef olma, qardaşım, qəbul etsən,
gələn il də vaxt ayırıb
qonağın olaram... Nə deyirsən? Etirazın yoxdur ki?
- Turan, bilirəm şuxluq edirsən...
Ancaq mən ciddi söyləyirəm: biz
naxçıvanlılar qonaq-qaradan qorxan deyilik. Qapımız
hər zaman üzünüzə açıqdır. Gözləyəcəyəm.
- Elədirsə, mən də zarafatla
dediyimi gərçəkləşdirəcəyəm. İndisə, gəl bayaqkı söhbətimizə
qayıdaq. Harada qalmışdım?
- Şəhərimizdən
danışırdın.
- Hə, elədir. Naxçıvan haqda nəsə
deyirdim... Super şəhəriniz var, Cahangir.
Həqiqətən də fəxr etməli,
qürur duymalı gözəl, həm də çox təmiz
şəhərdir. Eyni zamanda qədimlik və
müasirlik bir-birini tamamlayır. Ayrıca
ad çəkib söhbəti uzatmaq istəmirəm. Hər şey əladır, hər şey yerli-yerindədir.
Meqa şəhərlərdə belə gözə
dəyməyən səliqə-sahmanı burada gördüm.
Təkcə şəhərinizdə yox ha, hər yerdə,
ucqar dağ kəndlərində belə... Yadındadır,
Cahangir, rayonların hansı birinin kəndindəsə əlimdəki
kiçik kağız kəsiyini bükmələyib yerə
atmağıma razı olmadın:
- Görmürsən hər yan necə
gül kimidir? Saxla, "Təmizlik qutusuna" at, dedin. Lap
yerində çatdırdın.. Ətrafıma nəzər salanda artıq hər
şey aydın oldu mənə. Yollarınıza
da düzü heyran qaldım. Böyük-kiçikliyindən
asılı olmayaraq sonuncu yaşayış məntəqələrinədək
asfat döşənib. Hələ kəndlərinizdə
ucaldılan binaları, bərpa edilən tarixi, dini abidələri
demirəm.. Cahangir, bil ki,
indi Naxçıvan, ümumilikdə muxtar respublika haqqında
ürəyimdə nə qədər bitib-tükənməyən
sözlər yatır. Saatlarla
danışsam qurtarmaz. Kaş ki şair,
yazıçı olardım və sinəmin
altındakıları nəzmə çəkəydim, yaxud,
hekayəyə, romana çevirəydim. Amma
nə etmək olar. Mən də öz
növbəmdə boş dayanmayacağam. Hər
yerdə hər kəsə danışacağam. "Gedin, görün" deyəcəyəm.
Bir də Cahangir, bilirsən, Naxçıvan
haqqında əsas qənaətim necədir? Yəni deməyim odur ki, bu yerlərdə araya, ərsəyə
gətirilən misilsiz quruculuq işləri ilə uyarlı
olan, həmahəng səsləşən təbiətində
- dağında, daşında, çölündə, meşəsində
də bir əzəmət, vüqar gördüm. Əlincə qalasının, Elanlı
dağının qüdrəti, möhtəşəmliyi
insanlarınızın canına, qanına hopub elə bil.
Bunu açıqca hiss etdim... Necə saf, dəyanətli,
eyni zamanda mehriban və üzügülər camaatınız
var. Bunlar hamısı birlikdə Naxçıvanın bu
günü ilə, dillərə düşən
adı-sanı ilə bahəm səsləşir, bir
tamlıq, bütünlük yaradır.
Sözümün canı odur ki, indi daha
çox qibtə edirəm naxçıvanlılara.
- Çayın soyuyur, iç, yenə
süzüm, - deyə Cahangir gülə-gülə və həm
də daxili bir sevinclə dillənir.
- Eyb etməz,
Cahangir, təki soyuyan çay olsun... Bir də axı, gözəl
el deyimi var: çay bəhanədir, söhbət şəhanə!..
İstəyirəm bizim də söhbətimiz şəhanə
olsun. Deyək, danışaq... yeni arzular, yeni ideyalar, fikirlər
ortaya çıxsın. Bu günkü Naxçıvan da elə-belə
yüksəlməyib ki. Bunlar hamısı zərgər dəqiqliyi
ilə düşünülmüş ideyaların, layihələrin
məcmusudur... Cahangir, sən xoşbəxtsən!
Çünki belə bir yüksəlişli, şöhrətli
diyarın sakinisən. Atam rəhmətlik hələ
Ağdamda yaşayanda tez-tez dilinə gətirərdi ki, hər
adam doğulduğu ocağı, yurdu ilə fəxr etməli,
öyünməlidir. Axı bu, onun İlahidən verilmiş
payı, qismətidir. O qismətə cavabdek olmaq, qoruyub
saxlamaq, necə deyərlər, bəzək-düzək vurmaq,
şöhrətləndirmək onun borcu, vəzifəsidir. Di
gəl ki, şərəf verəcək o missiyanı yerinə
yetirmək bizim taleyimizə yazılmadı. Kimlərinsə,
nələrinsə ucbatından itirdik mərdləri, igidləri
ilə ad qazanmış yurd yerimizi.
- Fikir çəkmə,
qardaşım, bu gün dövlətimiz elə bir siyasi xətt
götürüb ki, o yerlər yenə də bizim olacaq.
Mütləq olacaq... Orda da burdakı kimi möhtəşəm
işlər görüləcək. Sən də, mən də
yeni Ağdamımızla, Şuşamızla öyünəcəyik.
Qəm çəkməyə dəyməz.
Çalışmaq, iş görmək gərəkdi. Axı
hər bir layihə, hər bir siyasi, iqtisadi uğur bizi
artıq işartıları aydın görünən qələbəyə
yaxınlaşdırır.
- Cahangir,
söhbətə başımız elə qarışıb
ki, gör bir kimsə qalıb burda..
- Düz deyirsən, Turan, gedək. Sən də yorğunsan. Səhər tez
durmalıyıq...
- Cahangir, kitablar yaddan çıxar ha.
- Muxtar respublika haqqında olan son statistik
kitabları deyirsən?
- Elədir, elədir, onları deyirəm.
- Niyə çıxır ki, o
kitabları ayrı qoymuşam. Aparıb diqqətlə
oxuyarsan. Və onda bu on gündə burada
öyrənib bildiklərinin üstünə nə qədər
də bilmədiklərin gələcək. Naxçıvanı sanki yenidən kəşf edəcəksən.
***
Turanın Naxçıvan gəzintisindən
aylar ötmüşdü. Buna baxmayaraq dostların arasındakı
münasibət daha da istiləşmiş, telefon əlaqələri,
sifarişlər siyasi dillə desək, intensiv xarakter
almışdır. Turan hər telefon zəngində
Naxçıvanla bağlı apardığı təbliğat
işlərini dilə gətirir, vaxt ayırıb hərarətini
hələ itirməmiş xatirələri çözələyirdi.
Son zənglərin birində Turan sevinc
hissi ilə dedi:
- Əziz qardaşım, xəbərin
olsun ki, Qərbin ən nüfuzlu telekanallarından birinin MDB
ölkələri üzrə təmsilçisi ilə
görüşüb danışmışam... Yaxın dostumdur mənim, çox maraqlanıb
Naxçıvanla. Tammetrajlı film çəkmək
istəyirlər. Aid qurumlarınızla
razılaşıblar. Məni də çəkilişə
qoşmaq istəyirlər... "Duzdağ"
otelində yerlərimiz bronlanıb. Qismət
olsa yaxın günlərdə görüşəcəyik.
- Nə yaxşı xəbər oldu bu.. Çox sağ ol, çox sağ ol, Turan, fəxr
edirəm səninlə.
Fərəc Fərəcov
Ədalət.-
2018.- 7 iyul.- S. 12-16.