KAMRAN NƏZİRLİ- ALTMIŞDAN O YANA
Dövrümüz
lirika əsridir və kimsə inkar eləməz ki, bu
xalqın, millətin ürəyindən poeziyaya məhəbbəti
silib aparmaq mümkündü. Şeir yenə də
bütün ədəbi formaları
üstələməkdədir. Amma bu o demək deyil ki, nəsr, dramaturgiya, publisistika və
ədəbi tənqid oxunmur, sevilmir, təbliğ olunmur.
Nəsr
bu ədəbi formaların içərisində
son illərdə daha çox diqqəti cəlb etməyə
başlayıb və doğrudan da, artıq "roman
böhranı" aradan qalxmaqdadır, indi lap cavan
ədiblər də roman yazmağa
girişiblər, şairlər də, hətta qeyri
peşə sahibləri də roman "istehsal" etməklə məşğuldurlar.
Nəsrin digər formaları da kəmiyyət
mənasında heç də bizi darıxmağa qoymurlar.
Povestlər də yazılır, hekayələr də. Təbii
ki, kəmiyyət yaxşı şeydir, amma həddini aşanda pis. Ona görə də, yaxşı hekayənin,
povestin və romanın yaranması bizi sevindirməyə bilməz.
Bu xüsusda söhbəti uzatmaq
istəmirəm və bu yaxınlarda 60
yaşını qeyd etdiyimiz
istedadlı nasir Kamran
Nəzirlinin nəsr əsərləri haqqında söz demək istəyirəm. Onun nəsri-hekayələri, povestləri və
ilk romanı oxucularımızın, ədəbi
ictimaiyyətin diqqətindən yayınmır. Hərçənd
ki, Kamran Nəzirli bir neçə pyesin də
müəllifidir, bədii tərcümə ilə
ardıcıl məşğul olur, Gek Londondan, Ernest Heminqueydən, Oskar Uaylddan, Uilyam Folknerdən,
Con Qolsuorsidən Azərbaycan dilinə çevirdiyi gözəl tərcümələri
var. Amma bu yazıdan ömrünün
qırx ilini ədəbiyyata həsr eləmiş
bir yazarın bütün
yaradıcılığı haqqında söz
açmaq mümkün
deyil.
Kamran Nəzirli ədəbiyyata
hekayə ilə gəlib. Onun hekayələri
"Sevgi nağılı","Komada olan adam", "Miras", "Babalar
nağıl danışmırlar" və başqa
kitablarında özünə yer
tapıb. Bu hekayələr Amerika, Hollandiya, Türkiyə,
Koreya, Özbəkistan, Ukrayna
və s. ölkələrdə
çıxan müxtəlif almanax və jurnallarda da dərc edilib.
"Axtarış"
adlı bu hekayə 16 mart
2013-cü il "525-ci qəzet"də
dərc edilib.
"Axtarış"
hekayəsində biz Kamranı artıq yetkin, kifayət qədər təcrübəli
bir nasir kimi görürük və
məsələ burasındadır ki, bircə
hekayə ilə də yazıçının nəyə qadir olduğunu izləmək
mümkündür.
Hekayə nəsrin
"boyca balaca", amma "ağılca" ən yüyrək bir janrıdır. Deyirlər ki,
yaxşı bir hekayə ilə
romanın, yaxud povestin
əhatə etdiyi məzmunu ifadə etmək
olar. Zənnimcə, buna
heç ehtiyac yoxdur. Çünki hekayədə
əks olunan həyat həqiqətləri,
obrazlar və onların
qarşılıqlı münasibətləri, təsvir edilən
hadisələr məhz hekayə tipi üçün nəzərdə tutulur. Yalnız
yazıçı istedadı imkan verir ki, bir
hekayədə son dərəcə
aydın bir mətləb ifadə etsin, elə bir obraz yaratsın ki, o obraz həyatdakı prototipini ləyaqətlə təmsil eləsin
(Novruzəli, Qurbanəli bəy, Usta Zeynal, Şeyx Şəban,
Erkək Tükəzban və s. kimi), elə hadisə təsvir eləsin ki, o hadisədən oxucu təsirlənsin, sarsılsın, ya da ibrət dərsi götürsün.
Kamran Nəzirlinin
"Axtarış" hekayəsi (sonradar
"Manana və Tokay"
adı ilə dəyişildi) bir neçə
aspektdən diqqəti cəlb edir. Birincisi, hekayənin oxunaqlı olması önəmli
faktdır.
Oxucu
üçün maraqlı səhnələr,
təsvirlər, dialoqlar təqdim edilir və müəllif bütün
bunları səliqə ilə, bir xətt
boyunca yerləşdirə bilir.
İkincisi, sona qədər
həm müəllif təhkiyəsində, həm də
obrazların bir-biri ilə münasibətində
dil aydınlığı, səlisliyi ilə
qarşılaşırsan.
Kamran Nəzirlinin nəsri məhz elə bu xüsusiyyətinə görə də
seçilə bilir. Onun
nəsrində dil canlıdır, necə
deyərlər, insan kimi
nəfəs alır, nəfəs verir, koloritli və şirəlidir.
Bizim
çağımızda - ədəbiyyat dərgilərində,
nəşr olunan nəsr kitablarında
hekayə qıtlığı ilə üzləşmirik. Hər
il, hər ay, hətta
hər gün hekayə oxuyuruq.
Amma gəlin etiraf edək
ki, bu hekayə çoxluğunda bədii keyfiyyəti ilə
seçilən hekayələrin sayı o
qədər də üstünlük təşkil
eləmir. Kamran Nəzirlinin hekayələri içərisində
oxunmalı, yadda həkk olunmalı hekayələr
az deyil. Əsas odur ki, bu
hekayələr janrın tələbləri ilə səsləşir,
müasirlərimizin həyatını, gerçəkliyin
hadisə və olaylarını doğru-düzgün
əks etdirir, təsvir olunan
qəhrəmanlar həyatidir, bədii təxəyyül
burada həlledici rol oynasa da, o
qəhrəmanlar həyatdan gəlir. İlk
növbədə müəllifin "Axtarış" hekayəsindən
söz açmaq istəyirəm.
Hekayədə
təsvir olunan hadisələr Azərbaycandan
kənarda-Sarpi qəsəbəsində (Batumidə), turistlərlə
dolu olan "Kameo" hotelində cərəyan edir. "Sarpi qəsəbəsindəki
turistlərlə dolu olan
"Kameo" hotelinin
vestibülündə sakitlik hökm sürürdü;
yay səhərinin gözü
açılmamışdı, alatoranlıq idi;
arabir magistral yoldan ötən minik və yük
maşınlarının səsi gəlirdi, amma
bu, bütün günü yaxındakı çimərlikdə
özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çimən,
gecələr isə gürcü mətbəxi
və şərabının ləzzətindən yorğunluq çıxaran hotel
sakinlərinin şirin yuxusuna
mane olmurdu. Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq
tünd mavi
şüşəli açıq qapıdan isəri dolurdu". Hekayə hadisələrin cərəyan
edəcəyi məkanın təsviri ilə başlayır və
təbii ki, burada hələ
başlanacaq münasibətlərdən,
konfliktdən xəbər verilmir. Deməli,
Kamran Nəzirli əksər hekayələrə
xas olan "tədrici
inkişaf" sxeminə sadiq
qalır. Bəli, bu təsvirlərdən
sonra əsərin qəhrəmanlarının
təqdimatı gəlir: "Vestibülün
baş tərəfində
pardaqlanmış lövhənin üstündə "hotel inzibatçısı" sözləri
yazılmışdı; üstü
şüşəli enli arakəsmədən
səliqə ilə daranmış qısa, şabalıdı
qız saçları görünürdü;
qızın başı aşağı əyilmişdi,
o da nəsə
hesablayır, yazıb-pozur, sonra gərgin
və narahat halda
başını qaldırıb qapıya tərəf, hotelin qabağındakı baxçada
üstüörtülü çardaqda oturub
dalğın-dalğın xəyallar quran
nimdaş köynəkli oğlana
göz qoyurdu, sonra başını yenə
aşağı sallayıb kompüterdə nəsə
yazırdı". Az sonra
məlum olacaq ki, oğlan və qız bir-birilərini sevirlər
və nişanlıdırlar. Qız-Manana gürcü,
oğlan-Tokay-azərbaycanlıdıdır. Yox,
müəllif yeni "Şeyx
Sənan-Xumar", ya da
"Əsli-Kərəm" faciəsini qələmə almaq fikrində olmayıb. İndi
XXI əsrdir.
Hotel sahibi Nodar Canidze
oğlanı qızın yanında görəndə çox təəccüblənir, amma Manana söyləyir ki, "Biz Tokayla
nişanlı kimiyik. Bir
az pul toplayan
kimi toyumuzu edəcəyik!".
Hekayənin
başlanğıc mərhələsi burada
tamamlanır və oxucu gözləyir ki, bundan sonra
əsl "həngamə" necə olacaq.
Budur, hekayədə üçüncü
obraz peyda olur, Almaniyadan gələn
turist qadın-xanım Şrayner
gəlib çıxır. Məlum olur ki, o,
gürcüdür, adı da
Manana, iyirmi beş il əvvəl bir almana ərə getmiş və xasiyyətcə tamamilə dəyişmişdir.
Əvvəla, gürcü
qızğınlığını alman
soyuqluğu ilə əvəz etmişdir, qupquru, soyuq təbiətli bir insana dönmüşdür.
İkincisi, öz doğma dilində də
danışmağı yadırğamışdır, çünki uşaqları alman
dilində danışır. Xanım Şrayner
bircə ona sevinir ki, Gürcüstanı tanıya bilmir, "Gürcü
xalqı axır ki ağ
günə çıxdı" deyir.
Hekayədə
hadisələrin əsas nüvəsini müəyyənləşdirən
bir olay baş verir. Hotel sahibi onu
işə götürür, hələlik
həyətdəki bağçaya
baxmağı tapşırır. Bu şad xəbəri sevgilisinə
çatdırmaq üçün hotelə
tələsir. Yolu sahildən keçir və bu zaman baxıb görür ki, xanım Şrayner suyun üzündə uzanıb sakitcə
göyləri seyr edir.
Və bu zaman gözlənilməz
bir hadisə baş verir; havanın üzü
birdən-birə dönür, xanım Şrayner güclü dalğa nəticəsində dənizdə batmaq üzrədir. Onu xilas etmək üçün
Tokay ölüm-dirim
savaşına girişir: "Tokay bir əli ilə Şraynerin saçlarından tutub
dartır, o biri əli
ilə amansız dalğaların caynaqları arasında sahilə
can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni
turistləri bu səhnəni təşvişlə
izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini
sahilə dartan oğlanı göstərib
deyirdilər:
-Uşaqda cəsarətə bax
e!"
Əlbəttə,
müəllif öz qəhrəmanını-həyata
yenicə atılmış, amma kifayət
qədər müsbət enerciyə malik
azərbaycanlı Tokayı oxucuya sevdirə
bilir. Hiss olunur ki, K.Nəzirli təsvir
etdiyi obrazın düşüncə tərzi
ilə hərəkətləri arasında bir
vəhdət yaratmağa
çalışır.
Bəli, alman turisti
xanım Şrayner boğulmaqdan xilas olur. Əvvəlcə alman səfirliyi
ölkəsinin vətəndaşını
ölümdən xilas
etdiyi üçün
Tokaya təşəkkürünü
bildirir, sonra xanım Şrayner bu igidliyinə görə Tokaya minnətdarlıq edir.
Amma hekayədə yeni bir olay üzə
çıxır. Məlum olur
ki, xanım Şraynerin üzüyü
dənizdə itib.
Özü də bu üzük dəyərinə görə
çox qiymətlidir
Əgər bu üzük
əhvalatı olmasaydı,
hekayəni həmin məqamdaca bitirmək olardı. Onda hekayə sovet
dövründə yazılan
bəzi hekayələr
kimi "müsbət
qəhrəman"ın "qələbəsi" ilə
bitərdi. Amma oxucu da hiss edir
ki, hekayəni burada bitirmək olmaz. Ona görə də
intizarla hadisələrin
sonrakı gedişatını
izləyir.
Xanım Şrayner Almaniyaya yola düşür və gedəndə Tokayla, Manana ilə səmimi görüşür,
onları toydan sonra "bal ayına"
- Almaniyaya dəvət
edir.
Tokayla Manananın toyu olur və
bir ildən sonra onlar Almaniyaya
- xanım Şraynerin
yaşadığı Frankfurt şəhərinə yola
düşürlər. Məqsəd həm Manananı
həkimə göstərmək,
həm də xanım Şrayneri görməkdir.
Oxucunu intizarda saxlayan elə bu görüşdür. Doğrudan da, fikirləşməyə
dəyər, görəsən,
bu görüş baş tutacaqmı?
Budur, Manana hoteldən
xanım Şraynergilə
zəng vurur. Və gözlənilməz bir hadisə baş verir, xanım Şraynerin əri onları tanımır, bu Tokayı və Mananı çox pərişan edir. Amma onlar Frankfurtdan təyyarə ilə Tbilisiyə qayıdanda
"uzaqdan adamları
yara-yara onların uçuş qapısına
tərəf tələsən
xanım Şrayneri və uşaqlarını"
görürlər. "Tokay
başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü
vuran boylu qadınını dümsüklədi.
-Ora bax,
gör bizə tərəf kimlər gəlir?"
Doğrudan da bu sonuncu
səhnə oxucunu
nigarançılıqdan qurtarır və o,
rahat nəfəs alır. Heç
ola bilərdimi dənizdə az qala boğulan
bir qadın öz
xilaskarına doğru yüyürməsin?
İnandırıcıdır.
Kamran Nəzirlinin
"Axtarış" hekayəsi bir daha göstərir ki, bugünkü nəsrdə hekayə yenə
keçən əsrdə olduğu kimi maraqlı, orijinal
nümunələrlə diqqəti cəlb edə bilər.
Kamran Nəzirlinin
"Qoca uşaq",
"Xalq artisti",
"Lidiya İvanovanın qəyyumları",
"Qorxulu sevgi",
"Ağlaya bilməyən adam", "Gülə bilməyən adam" və s. hekayələri
də sübut edir ki, "kiçik" janrda da uğur
qazanmaq mümkündür.
Kamranın bu hekayələrin bir çoxu "portret"
hekayələrdir. Yəni həmin hekayələrdə təsvir
olunan obrazlar daha çox diqqəti cəlb
edir, nəinki hadisələr, olaylar. "Qorxulu sevgi" artıq həyatda başı çox bəlalar çəkmiş bir insanı-on beş il həbsdə yatıb öz
doğma kəndinə qayıdan Dəmir
Adamın hekayəsidir. O, sevdiyi
qızın nişanlısını bıçaqlayıb, onu qətlə yetirib, indi eşidir ki, həmin qızı - Zahiməni öldürdüyü oğlanın
qardaşı İlyasa veriblər və iki uşaqları da var. Öz
çılğın təbiətinə sadiq
qalan Dəmir Adam (bu ləqəbi ona türmədə veriblər) İlyasgilə yüyürür,
onu öldürəcəyi ilə hədələyir
və doğrudan da, qəflətən
işıqlar keçməsəydi, qəfildən sönməsəydi
və evdə yanğın baş verməsəydi,
o, istədiyini həyata keçirəcəkdi.
Amma yanğın baş
verir və bu anda biz Dəmir Adamın evin içindən yananları xilas
etdiyini görürük.
Bəlkə də bu hekayə kiməsə
macəra tipli bir hekayə
təsiri bağışlayacaq. Amma
çılğın xarakterli, özü də əvvəli qatil
olan bir insanın belə
bir hərəkəti İNSANIN
İÇİNDƏ İNSANLIQ MEYARININ
ÖLMƏDİYİNƏ bir sübutdur.
Kamran Nəzirlinin
on bir əvvəl
yazdığı "Qoca uşaq"
hekayəsi isə "hadisə, vəziyyət"
("Axtarış" hekayəsində olduğu
kimi) hekayə tipinə aiddir.
Hekayəni oxuyursan və doğrudan
da, təsirlənir, həyəcanlanırsan.
Yurddaşlarımızı çadırlarda yaşamağa,
səfil, sərgərdan həyat keçirməyə məcbur
edən hadisələr, vəziyyətlər səni də düşündürür.
Başqa bir hekayə - "Lidiya
İvanovnanın qəyyumları" - bir
az gülməli, bir az ciddi, bir
az da ağlamalı
hekayədir. Amma müəllifin ən
başlıca uğuru həmin o rus qadının xarakterik obrazını yaratmasındadır.
Kamran Nəzirli bir il öncə ilk romanını də bitirdi,
"Dördüncü möhür"
adlanan bu roman onun nəsrin daha vüsətli, epik səciyyəli
bir janrda da qələmini sınamaq səyindən doğdu. Bu 430 səhifəlik
roman janr etibarilə ədəbi
ənənəyə sadiqliyi sübut edir-Kamran S.Rəhimovun,
Ə.Vəliyevin, İ.Əfəndiyevin, S.Əhmədlinin, B.Bayramovun, İ.Hüseynovun
epik janr ənənəsini
davam etdirir. Onun bu romanında geniş və
təfərrüatlı süjet xətti,
bitkin kompozisiya, böyük həyat yolu
keçən insanlar (obrazlar),
cəmiyyətdə, Azərbaycanın bu
yaxın tarixində iz buraxan
hadisələr, həm lirik, həm publisistik təsvirlər diqqəti cəlb edir. Və əlbəttə, ənənə
heç də yazılmışları təkrar
etmək deyil, o ənənəni
yeni bədii düşüncə tərzi
ilə davam etdirməkdir. "Dördüncü möhür"
romanında bir ailənin həyat
tarixçəsi nəql edilir. Bu ailənin yaşadığı yurd yeri qədim Azərbaycanın
Sisyan ərazisi, Ağüdi
kəndidir. Məlum hadisələr baş
verir və ailə öz
doğma torpağından ayrı düşür. Ailənin kiçik
qızı Banu universitet
bitirir, psixoparatiya elm sahəsini seçir, təkcə
Azərbaycanda deyil, xaricdə də məşhurlaşır.
Və əlbəttə, onun mənəvi
aləmi, ailə həyatı, müəyyən uğursuzluqlar da yaddan çıxmır. Romanda
işıqla zülmət, xeyirlə şər qüvvələri
arasında amansız mübarizə gedir.
Və ən başlıcası budur ki, təsvir olunan
obrazların (istər aparıcı, istərsə də epizodik) hər bir-biri fərdi
cizgiləri ilə diqqəti cəlb edir,
həm də müəllif onları tipikləşdirir.
Kamran Nəzirlinin 60 yaşı tamam olur. O, yaradıcılığının ən məhsuldar və qızğın dövrünü yaşayır.
V.Q.Belinsiki yazırdı ki,
ədəbiyyatın əsas
vəzifəsi həqiqət
axtarışıdır. K.Nəzirli də bu axtarışlara
ömür həsr eləyən bir dostumuz, həmkarımız
və tanınmış
yazıçımızdır.
Vaqif Yusifli,
Filologiya elmləri doktoru
Ədalət.- 2018.- 7 iyul.- S.15.