"QARABAĞ HEKAYƏLƏRİ" KİTABINA YAZILMIŞ ÖN SÖZ

 

Kəlbəcərli məcburi köçkün, yazıçı, publisist, şair Surxay Səlimlə xeyli vaxtdır ki, yaradıcılıq əlaqələri saxlayıram. O, qələmini müxtəlif ədəbi janrlarda sınayıb və ortaya uğurlu əsərlər qoyub. Müraciət etdiyi mövzular çeşidlidir. Lirika, təbiət təsviri, insan taleləri oxucu zövqünü oxşayan sahələrdir. Bununla belə, onun ədəbi-bədii təfəkkürünün mərkəzində hərbi-vətənpərvərlik duyğuları, işğalçı erməni vandalizminə qarşı mübarizə əzmi yaradıcılığının əsas leytmotividir. Qarşımda olan "Qarabağ hekayələri"nin əlyazmaları dediklərimizi bir daha təsdiq edir. Surxay Səlimin yazılarının məziyyətlərinə keçməzdən əvvəl yığcam şəkildə onun kimliyi barədə oxucuya, təkrar da olsa, məlumat verməyə ehtiyac duydum.

Surxay Səlim (Səlimov Surxay Məhəmməd oğlu) 1938-ci ildə Kəlbəcər rayonunun Çıraq kəndində anadan olub. Qəlbi kağızdan da ağ olan bu insanın ürəyinin təmizliyindəndir ki, yaşından (80-i çoxdan haqlayıb) çox-çox cavan görünür. O, istedadlı nasir, publisist və şairdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dövlət qulluğuna görə "Tərəqqi" medalı ilə təltif olunub. İxtisasca jurnalistdir. Uzun müddət (40 il) İstisu qəsəbə Sovetinin sədri vəzifəsində işləyib. Ailəlidir - beş oğlu, bir qızı var. Müxtəlif vəzifə daşıyan övladları ali təhsilli və ailə sahibidirlər. Oğlu Vüqar fəlsəfə doktorudur. 1993-cü ildən məcburi köçkün həyatı yaşayırlar.

Yazıçının 2017-ci ildə nəşr olunmuş "Qorxulu yollar" romanı erməni işğalçılarının vəhşi təbiətini, insani ləyaqətdən kənar olduqlarını, ibtidai icma dövrü insanlarının prototipi olduqlarını təkzibedilməz dəlillərlə aşkarlayır. Romanı oxuduqca ermənilərin olduqca riyakar, araqarışdıran və yalançı bir millət olduğu qənaətinə gəlirsən. 2012-ci ildə nəşr olunan "Dağlardan doğan günəş" müəllifin şair təbinin məhsuludur.

Surxay Səlimin "Qarabağ hekayələri"ni həyəcansız oxumaq olmur. Hadisələrin içində olmayan heç bir yazıçı erməni vandalizmini Surxay kimi təbii təsvir edə bilməz. Yeri düşmüşkən, mən bir neçə vacib məsələyə toxunmaq istəyirəm.

Azərbaycanın sovetləşməsindən sonra onun ədəbiyyatı da sovetləşməyə başladı. XIX əsrin sonu XX əsrin əvvəllərindəki gerçək ədəbiyyata son verildi. Yazıçı qələmi ancaq bolşevizmin təbliğinə yönəldi. Ədəbiyyat qollara ayrıldı. O qolların ən ağırını kəndistanı təsvir edən kənd nəsri təşkil edirdi. O dövrün S.Rəhimov, Ə.Vəliyev, H.Mehdi, Əbülhəsən kimi tanınmış yazıçılar kənddə, əyalətlərdə Qırmızı inqilabi ideyaları ön plana çəkirdilər. Stalinin ölümündən sonra bu proses səngidi. Bugünkü baxımdan belə əsərlər ideya-siyasi cəhətdən qüsurlu olsa da, Azərbaycan təbiətinin təsvirində (xüsusilə S.Rəhimovun) diqqəti cəlb edən uğurlar qazanılmışdı. Sonra şəhər ədəbiyyatı, belə demək mümkünsə, kənd ədəbiyyatının - nəsrini üstələdi. Yeni şəraitdə, müstəqilliyimizin verdiyi yeni - gerçək baxış bucağından kənddə baş verən hadisələri, erməni işğalına məruz qalmış xalqın qaçqın, köçkün taleyini əks etdirən romanlara, povestlərə, hekayələrə kəskin ehtiyac duyuldu. Surxay Səlimin nəsr yaradıcılığı bu boşluğun doldurulmasında mühüm rol oynadı.

Hər əlinə qələm alan müəllif imperiya arxalı ermənilərin millətimizin başına açdığı oyunları, o ağrı-acıları tam gerçəkliyilə yaza bilərmi? Şəxsən mən buna inanmıram. Təsəvvürlə təsvir olunan müharibə lövhələrinə ağıllı, tələbkar oxucu inanmaz. Bunun üçün qələm sahibi müharibənin iştirakçısı olmalıdır - Surxay Səlim kimi. Bax, buna görə oxucu Surxay müəllimin təsvirinə inanır, təsirlənir, düşmənə nifrətlə silahlanır. Bu təcrübə dünya ədəbiyyatında da var. Tolstoy da belə yazmışdı, Soloxov da, Əbülhəsən də, İsmayıl Şıxlı da.

Haşiyə. Bir dəfə Moskvada Azərbaycan ədəbiyyatının təmsilçilərindən biri İbrahim Kəbirli Gəncəyə gəlmişdi. O, məndən tərcümə olunub SSRİ paytaxtında dərc edilmək üçün münasib bir hekayə istədi. Mən çox fikirləşəndən sonra ona təsəvvürlə müharibə mövzusunda yazdığım hekayəmi təqdim etdim. O, yazını oxuyub narazı halda başını buladı:

- Düz seçim eləməyibsən. Sən müharibənin əziyyətini çəksən də, odunu, alovunu görməmisən. Görmədiyin, şahidi olmadığın hadisənin təsiri az olar. Ruslar isə beş il müharibənin içində olub. Sən bu yazında nə deyə bilərsən ki, rus oxucusunu təəccübləndirə biləsən. Yaxşı olar ki, başqa hekayə verəsən.

İmtinadan incimədim. Çünki müsahibim haqlı söz deyirdi.

Surxay Səlimin yeni kitabında ermənilərin ağlagəlməz, tükürpərdən cinayətlərini oxuyacaqsınız. Bunları yazmaq da müəllif üçün asan olmayıb. O, daxili hazırlıqdan sonra işə başlayıb. Surxay müəllim bu anı belə təsvir edir: "Şahidi olduğum bu dəhşətli qırğınların silinməz mənzərələri, gözlərimdə donub əbədiləşir, ürəyimdən daş kimi sallanaraq, içimdə amansız kədər yükünə çevrilirdi. Qəlbimdə qövr eləmiş bu sağalmaz yaraları qələmimin iti ucu ilə deşib, ürək qanım ilə xalqımın başına gətirilən fəlakətləri gələcək nəsillərə çatdırmaq üçün ağ kağız üzərinə köçürdüm".

Surxay Səlim heyranedici təbiət təsvirlərinə başlayanda qələmi heç nəyi gözdən yayındırmayan həssas fotoaparata çevrilir. Biz nələri itirmişik? Cavabı Surxay Səlimdə: "Kiçik Qafqaz sıra dağlarının cənub-qərb qolu üzərində qarşı-qarşıya durmuş, hündürlükləri 3700 metrə çatan Murovdağ və Dəlidağ zirvələri qar örtüklü, ağ yapıncıya bürünmüş çobanlar kimi, onlardan aşağılarda, saysız-hesabsız şiş uclu nəhəng piramidaları xatırladan yatmış "dağ sürüləri"nin keşiyini çəkirlər. Nabələd adamlar bu azmanlar arasında iynə suda batan kimi itib yox ola bilərlər. Bu yerlər yolçunu heyrətləndirə biləcək dərəcədə təkrarolunmaz gözəlliklər diyarıdır. Burada dağların zirvələri qar örtüyünə büründüyü halda, aşağılarda, çay vadilərində, novruzgülü, yasəmən çiçəyi zərif və incə ləçəklərini açıb yazın gəlişini müjdələyirlər. Sığallanmış, şumal daşlara çırpılan yallı şəlalələrin həzin nəğmələri ruhu ehtizaza gətirir. Bu gözəl diyar azərbaycanlıların lap qədimdən qalma ata-baba yurdlarıdır. Qafqazın bu dilbər guşəsini ələ keçirmək üçün ermənilər tarix boyu əlləşərək dəridən-qabıqdan çıxmış, min bir hiyləyə əl atmışlar".

Kəlbəcərqarışıq bu cənnət-məkanlardan keçən canından keçməlidir. Surxay Səlimin əsərlərini oxuyandan sonra bu qənaətə gəlirsən: can qurbanı vermişik. Amma bütövlükdə canımızdan keçməmişik. Biz yenidən o yerlərə qayıdacaq, öz halal torpaqlarımızın sahibi olacaq, yaralarımızı sağaldacağıq.

Kitaba daxil edilmiş ən maraqlı yazılardan biri də "Müəllifdən" başlığı altında erməni faşizmini əks etdirən iri həcmli (30 səhifədən artıq) ensiklopedik - elmi-tarixi, bədii-publisistik bilgidir. Yazıda ermənilərin Rusiyanın dəstəyi ilə "Böyük Ermənistan" dövlətini reallıqlaşdırılmağa çalışdıqları "Dənizdən-dənizə" xəstə xülyaları dəlillərlə ifşa edilmişdir. Onlar rusların dəstəyi ilə türk-müsəlman dünyasına qarşı zaman-zaman günahsız qanlar tökmüşlər. Yazıda erməni kimliyi tarixi şəxsiyyətlərin, alimlərin, politoloqların təkzibedilməz faktlar ilə göz önünə gətirilir. Hadisələrin baş verdiyi əsrlər, illər də öz sözünü deyir. Qəribə də olsa, bu söz sahiblərinin əksəriyyəti haqqa göz yuma bilməyən xristian dinli görkəmli şəxslərdir.

Bəs ermənilərin özləri necə? Doğrudanmı bu xalq bütövlükdə tarixi gerçəkliyə arxa çevirmişdir? Yox. Az da olsa, reallığı qəbul edənlər var. İşğal altında olan Kəlbəcərə zorla köçürülmüş, orada yaşayıb binalanmağa tapşırıq almış Manvelin timsalında bunu görürük. Manvel vicdan ağrısı ilə etiraf edir: "Təsəvvür edirsinizmi kimsəsiz dağların dəhmanında, evləri sökülüb dağıdılan, ölü sükunət içində uyuyan qəribsəmiş divarlar əhatəsində yaşamaq nə qədər üzüntülü və əzabverici idi. Çardağı, qapı-pəncərəsi, döşəmə və tavanı sökülüb divarları salamat qalan altı türk evini yenidən təmir edib bizi içinə yığmışdılar. Həyət-bacadan, evin divarlarından, ətraf mühitdən türklərin hənirtisi, inilti səsləri gəlirdi. Bəlkə də, bu, belə deyildi, bəlkə də, bu, bir mistik duyğuların, düşüncələrin, təsəvvürlərin əsəb tellərinə təsir edən zərbələrindən yaranırdı. Hər necə olursa-olsun, hər hansı daşa, hansı ağac kötüyünə yaxınlaşdıqda, burada türklərin oturduqarını, bu ağaclar arxasında onların uşaqlarının "gizlən-paç" oynadıqlarını təsəvvürə gətirdikcə, başımın içindəki uğultunun təsirindən dəli olmaq dərəcəsinə gəlirdim". ("Dağlarda xəyal var" hekayəsindən).

Zənnimizcə, bu səpkili yazılar ayrıca kitab halına gətirilməli, ifşaedici şəkillərlə zənginləşdirilməli, daha çox işlək olan xarici dillərə tərcümə olunmalı, vaxtında lazımi yerlərə, uluslararası tədbirlərə çatdırılmalıdır. Qana həris erməni kimliyi daha uca, daha mötəbər kürsülərdən səsləndirilməlidir. Bunun üçün əlaqəli təşkilatlar təvazö səddindən çətinliklə keçən müəllifə dəstək göstərməlidirlər. Nə vaxtacan özümüz deyib, özümüz eşitməliyik?! Onu da deyək ki, bu qiymətli əsər günümüzə qədər davam etdirilməyib. Yenidən əsər üzərinə qayıtmağa ehtiyac var. Ən azı, əsəri ordumuzun Lələtəpə qələbəsinə (4 aprel 2016) qədər davam etdirmək vacibdir.

Surxay Səlim həm də folklordan qidalanan, yeni fikirlər deyə-deyə yazılı ədəbiyyatın yenilikçi poeziya ustalarının cərgəsinə qoşulan şairdir. Lirikaya müraciət etməyən şair çətin tapılar. Surxay müəllim də poeziyanın bütün janrlarında gücünü sınamaqdan çəkinmir. Bulaqdan tutmuş buxağa qədər təriflər yağdırsa da, insan taleyi, yurd qayğısı qələmini çimir eləməyə qoymur:

 

Qəriblər gec yatar, erkən oyanar,

Üz çevirər Vətən sarı dayanar.

Məzarım sızıldar, məzarım yanar,

Belə çəkilibdi o dağlar mənə.

 

("Mənə")

 

Dərd vəfalı dost kimi həmişə onu daşıyanın yanındadır. Üz yumşaq olanda görürsən ki, dərd də həyasızlaşır. Bu psixoloji halı şair qədərincə gözəl və təsirli deyib:

 

Ömür yollarının keşməkeşində,

Hər kəsin baxtına bir dövran düşür.

Dərd elə bilir ki, atası mənəm,

Qapıdan qovuram, bacadan düşür.

 

Dənizin tamını bilmək üçün onu axıracan içməyə ehtiyac yoxdur. Elə gətirdiyimiz bu misallardan, nümunələrdən də bilinir ki, Surxay Səlim necə şairdir...

Surxay Səlim yaradıcılığının bir tərəfi yaxşıdır ki, yazır, o biri tərəfi pisdir ki, yazdıqlarının təbliği ilə məşğul olmur. Aztirajlı məhəlli qəzetlərin birində dərc olunmaq onu qane edir. Bu ona görə belədir ki, şair bədii sözə şöhrət kimi yox, mənəvi ehtiyac kimi baxır.

Bəli, Surxay Səlim sözünün həm ağası (hələ deyilməmiş), həm də qulu (deyiləndən sonra) olan insanlardandır. Bu yol adamları şəxsiyyət səviyyəsinə qaldırır. Qələm dostumun necə şəxsiyyət olması barədə başqa kitabımda ətraflı yazmışam. Ona görə də bu barədə təkrara yol verməyə lüzum görmədim.

Dostum, yeni yazılarınızın həsrətindəyik. Üçlüyün - vicdanın, qələmin, yazı masan həmişə iş başında olsun. Tarixi düzgün yazılar yönləndirir.

 

Qərib MEHDİ,

Əməkdar jurnalist,

Həsən bəy Zərdabi və Məmməd

Araz mükafatları laureatı, fəxri professor.

 

Ədalət.- 2018.- 11 iyul.- S. 6.