Ədaləti həyat
kredosuna çevirən adam
Azərbaycan Prokurorluğu - 100
Əvvəlki
yazılarımda qeyd etdiyim kimi, 29 dekabr 1989-cu ildə Cəlilabadda
böyük qarşıdurma və ixtişaşlar baş verdi. Qan töküldü. Yüzdən artıq insan xəsarət aldı.
50-60 maşın yandırıldı və bir
neçə inzibati bina dağıdıldı. Həmin günü axşam Puşkin rayon (indiki Biləsuvar)
DTK-nın yerli şöbəsinin binasında MK katibi T.Orucov
respublika hüquq-mühafizə orqan rəhbərlərinin
iştirakı ilə müşavirə keçirirdi. O,
məni dinləmək istəməyib, otaqdan
çıxaranda, İlyas müəllim sərt şəkildə
reaksiya verdi və dedi: - "Telman Xəliloviç,
bəsdirin! Sizin "bezdarnı" partiya
işçilərinizin hesabına bu oğlan 4 aydır səngərdədi".
Səhərisi
günü, 30 dekabr 1989-cu il tarixdə
İlyas müəllim mühüm işlər üzrə
müstəntiq Oqtay Qasımovla Cəlilabad rayon
prokurorluğuna gəldi. Masallı rayon prokuroru
Əzizağa Həsənovla birlikdə hər
üçü hadisə yerinə - yandırılmış
və dağıdılmış RPK-nın binasına getdi.
Həmin vaxtı raykomun binası
qarşısında, 20 min adamın iştirakı ilə
mitinq geçirilirdi. Raykomun binasından
çıxıb, prokurorluğa qayıdan İlyas müəllimi
və onu müşahidə edən şəxsləri
mitinqçilər görürdülər. Bu zaman mitinqi
idarə edən şəxs aksiyaçılara müraciətlə
dedi:
-Görürsünüz,
qanunların keşiyində dayanan, ədalət
carçısı Respublika Prokuroru İlyas İsmayılov da
mafiyanı müdafiə edir, gələn kimi raykomun
binasına getdi.O da xalqdan qaçır, xalqın içərisinə
gəlmir. Bu zaman İlyas müəllim tribunaya
tərəf vüqarlı addımlarla irəlilədi.
O, yaxınlaşdıqca insanlar dəhliz açır və
ona yol verirdilər. İlyas müəllim
tribunaya qalxıb, əlini mikrofona uzatdı. Mitinqi idarə
edən mikrofonu ona verdi. İlyas müəllim
soruşdu:
- Sənin
adın nədir?
- Səxavət.
İlyas
müəllim üzünü camaata tərəf çevirərək
dedi:
-Səxavətin
danışdıqlarının hamısı yalandır.
Mitinqdə uğultu əmələ gəldi. Sonra İlyas müəllim
çoxsaylı suallara cavab verdi. Bütün cavablar qanun çərçivəsində
və normasında idi. Bundan sonra yenə
mitinqçilər dəhliz açdılar və İlyas
müəllim prokurorluğa gəldi. (Video
görüntü qalır).
Həmin gündən sonra mən Cəlilabadı tərk
etdim. Bir müddət məzuniyyətdə, bir müddət
mülki şöbədə ezamiyyətdə oldum.Mənim Cəlilabad
rayon prokuroru vəzifəsində 5 illik Konstitutsiya müddətim
tamam olurdu. Mövcud şəraitlə əlaqədar
rayona yoxlama komissiyası getmədi. Daxil
olmuş sənədlər əsasında arayış
yazıldı və fevral ayında SSRİ Baş Prokurorunun
müavini Abramovun iştirakı ilə keçirilən
kollegiya iclasında fəaliyyətim müzakirə edildi.
Abramov kollegiyada dedi:- Yoldaş Məmmədovu
müzakirə etmək yox, mükafatlandırmaq
lazımdır. Mart ayının əvvəllərində
İlyas müəllim məni dəvət etdi və təxminən
aşağıdakıları dedi:
-Sənin Cəlilabadda əziyyətin çox olub. Daha
böyük rayona göndərmək istəyirdim. Lakin öz vəziyyətim qeyri-müəyyəndir.
(Respublikanın yeni rəhbərlyi təbii ki,
İlyas müəllimlə işləmək istəmirdi).
Başqa rayona göndərsəm iş ləngiyə bilər.
Sonra səni MK-da incidərlər. Ona görə də ikinci müddətə Cəlilabad
rayon prokuroru təyin edilmə təklifi ilə sənədlərini
MK-ya göndərirəm.
Respublika
Prokuroru İlyas İsmayılovun 11 iyun 1990-cı il tarixli əmri ilə yenidən Cəlilabad
rayon prokuroru vəzifəsinə təyin edildim. İki aydan sonra İlyas müəllim Respublika
Prokuroru vəzifəsindən çıxıb, SSRİ
Baş Prokurorluğunda şöbə müdiri vəzifəsinə
təyin edildi.
Sual oluna bilər. Nə üçün yeni respublika rəhbərliyi
İlyas müəllimlə işləmək istəmədi?
Mən geniş araşdırma aparmadan və təfərrüatlara
varmadan bir neçə hadisəni danışmaq istəyirəm.
Hələ Respublika Prokurorunun müavini olarkən
İlyas müəllimin yüksək ranqlı bədxahları
əmələ gəlmişdi. 1984-cü ilin əvvəllərində
İlyas müəllimin kurasiyasında olan cəzaçəkmə
müəssisələrində qanunların icra vəziyyəti
SSRİ Baş Prokurorluğu tərəfindən
yoxlanılır. Yoxlamanın nəticəsi
SSRİ Baş Prokuroru Rekunkovun yanında müzakirə olunur.
Qərəzli tərtib olunmuş arayışda bütün
çatışmazlıqlar İlyas müəllimin adına yazılmışdı. İlyas müəllim faktlarla və məntiqin
gücü ilə bu sahədə prokurorun yeri və vəzifələri
barədə danışır, arayışdakı qərəzli
fikirləri alt-üst edir. SSRİ Baş Prokuroru Rekunkov
deyir: - İlyas İsmayılovu cəzalandırmaq lazım
deyil. (Məqsəd İlyas müəllimə cəza
verilməsi və gələcək inkişafına mane olmaq
idi).
Bir neçə aydan sonra Voronej şəhərində
SSRİ Baş Prokuroru Rekunkovun iştirakı ilə müttəfiq
və muxtar respublika prokurorları müavinlərinin
müaşavirəsi keçirilir. Rekunkov müşavirədə
çıxış edənlərin demək olar ki,
hamısına iradını bildirir və kəskin formada tənqid
edir. Çıxışçılar
siyahısında olmasa da, Baş Prokuror İlyas müəllimi
tribunaya dəvət edir. İlyas müəllimin
çıxışından sonra ona heç bir irad tutulmur.
Bu onu göstərirdi ki, Rekunkov yüksək səviyyəli
hüquqşünas kimi İlyas müəllimə böyük
rəğbət bəsləyirdi.Həmin ilin sonunda İlyas
müəllim ehtiyatda olan respublika prokurorlarının bir
aylıq kursuna dəvət olunur. Kursda
olarkən Rekunkov iki dəfə onu qəbul edir və nəhayət,
1985-ci ilin yanvar ayında İlyas İsmayılov Respublika
Prokuroru vəzifəsinə təyin edilir. İlyas
müəllimin partiya orqanlarını qane etməyən ilk hərəkəti
"təhkimçiliy"-in aradan qaldırılması
oldu.Prokuror kolxoz və yaxud sovxoza təhkim edilir,iclaslarda təsərrüfat
işlərinin gedişi barədə sorğulanırdı.Bu
da prokuror nüfuzuna büyük zərbə vururdu.Nüfuzu
olmayan prokuror başqalarının hüquqlarını necə
qoruuya bilərdi?Ona görə də İlyas müəllim
"təhkimçiliy"-in ləğv olunması barədə
Mərkəzi Komitə qarşısında məsələ
qaldırır və çətinliklərə baxmayaraq istəyinə
nail olur.
Respublika Prokuroru vəzifəsində işlədiyi ilk
aylarda MK-nin 1-ci katibi K.Bağırovla yüngülvari
narazılıqları olur. Belə ki,
K.Bağırov büro iclasında İlyas müəllimlə
danışarkən səsini qaldırır. Səhərisi günü İlyas müəllim
Kamran Bağırova işdən çıxması barədə
raportla müraciət edir. Bundan sonra
işlədikləri müddətdə Kamran Bağırov
etik davranış qaydalarına həmişə əməl
etməyə məcbur olur.
Məişət Xidməti Nazirinin əmri bir nəfər
işdən çıxarılır. Həmin şəxs
Respublika Prokuroluğuna müraciət edir. Yoxlama
zamanı şəxsin qanunsuz olaraq işdən
çıxarılması müəyyən olunur və işə
bərpa edilməsi barədə protest verilir. Lakin
protestin baxılması gecikdirilir. Bir
neçə gündən sonra MK-nin 2-ci katibi Y.Konovalov
İlyas müəllimi yanına dəvət edir. İlyas müəllim içəri girəndə
nazir B.Alekseyenkonu da orada görür. Y.Konovalov yarı
zarafat, yarı ciddi deyir:
- İlyas Abasoviç, nazir Sizdən narazılıq
edir. İlyas
müəllim sərt şəkildə cavab verir:
-"Mən bu naziri qanunlara hörmət etməyə
vadar edəcəyəm". Y.Konovalov, gedə bilərsiniz,
İlyas Abasoviç,- deyə onu yola
salır. Səhəri günü protest təmin edilir və həmin
şəxs əvvəllki işinə bərpa olunur.
Bakı
şəhər prokuroru Əliş Əliyevin prokurorluq
müddəti 1989-cu ilin may ayında tamam olur. Əliş
müəllimin xahişinə əsasən İlyas müəllim
onu sentyabr ayına kimi vəzifədə saxlamaq qərarına
gəlir. MK-nin 1-ci katibi Ə.Vəzirov
büro iclasında bu məsələyə sərt reaksiya
verir. İlyas müəllimlə yüksək
səslə danışır. İlyas
müəllim ona kəskin cavab qaytararaq, iclas zalını tərk
edir.
1990-cı
ilin fevral ayında keçirilən kollegiya iclasında
MK-nın inzibati orqanlarla iş şöbəsinin müdiri
Yasif Nəsirli çıxışında çoxlu sayda
mitinqçilərin həbsdən azad olunması barədə
İlyas müəllimə birbaşa ittiham irəli sürərkən
o, özünəməxsus ötkəm formada dedi:
- Biz
hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə
alıb, mühakimə etməliyik?! (Kollegiyanın
işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak
etdiyi üçün onlar rus dilində
danışırdılar).
Bu misallarla hesab edirəm ki, yeni rəhbərlik
üçün İlyas müəllimin, necə deyərlər,
arzu olunmaz şəxs olmasının səbəblərini
oxucuya izah edə bildim.
İlyas İsmayılovun respublikanın yeni rəhbərliyi
tərəfindən haqsız təzyiqə məruz
qalmasını görən azərbaycan ziyalıları və
hüquq ictimaiyyəti onun müdafiəsinə qalxmışdı. Mətni
undulmaz müəllimimiz Məmməd Xələfov tərəfindən
yazılmış bir teleqramı oxucuların nəzərinə
çatdırıram.
Azərbaycan
KP MK-nin
bürosuna
"Hörmətli yoldaşlar! Bağban
bağının ətirli meyvəsi ilə
öyündüyü kimi, müəllim də savadlı, ləyaqətli
tələbələri ilə fəxr edir. Bunlar çox təbii və pak hisslərdir. Respublikamızın prokuroru İlyas İsmaylov bizim
gərgin, uğurlu əməyimizin parlaq ulduzudur. O,
xalqımızın savadlı ,
ağıllı, obyektiv, insaflı, büllur kimi təmiz,
ortalığa çıxarıla bilən işgüzar
övladıdır. Xalqımızın belə
övladları, təəssüf ki, çoz azdır. Onların taleyinə diqqətlə
yanaşılmalıdır, əks halı zaman bizə
bağışlamaz.
Xalqımızın düçar olduğu bu bəlada
hamımızın - həm bizim hər birimizin və həm də
böyük umur sahiblərinin günahı vardır. Zaman hər kəsin
payını verəcəkdir, buna şübhə
olmamalıdır. İlyas İsmayılov haqqı
müdafiə olunmağa layiq övladdır, onun barəsində
ədalətsizliyə yol verilməməlidir"
Hörmətlə:
Məmməd
Xələfov - h.e.d professor
Murtuz
Ələsgərov - h.e.d. professor
Məsumə
Məlikova - h.e.d. professor
Qasım
Manayev - h.e.d. professor
Əziz
Əsədov - h.e.d. professor
Tofiq
Qafarov - h.e.d. professor
Əyyub
Əsgərov - h.e.d. professor
Cəfər
Mövsümov - h.e.d. professor
Kəmalə
Sarıcalinskaya - h.e.n.
dosent
Məmmədxan
Rəsulov - h.e.n.
dosent
Yusif Mehdiyev
- h.e.n. dosent
13 mart
1990-ci il
Oxucuya belə
görünə bilər ki, mən İlyas müəllimə
yaxın adam olmuşam. Xeyr!!! İlyas müəllim Respublika Prokuroru vəzifəsindən
çıxandan sonra SSRİ Baş Prokurorluğunda
şöbə rəisi işləyirdi. 1990-cı
ilin noyabr ayında Moskvada yaşayan yaxın dostum Yaşarla
İlyas müəllimin görüşünə getdim və
bir neçə gündən sonra onun xidməti bağında
məclis quruldu. Söz demək növbəsi mənə
çatanda dedim:
- "Mənə ilk dəfədir ki, İlyas müəllimlə
bir stolda oturmaq nəsib olub".
Məclisdə
iştirak edən İlyas müəllimin dostu
sözümü kəsərək, dedi:
-"Ay İlyas, sən bu oğlan haqqında o qədər
danışmısan ki, fikirləşirdim ki, yaxın dostsunuz. Bu isə deyir
ki, mən İlyas müəllimlə ilk dəfədir
çörək kəsirəm".
Cavabında
İlyas müəllim dedi:
- "Mən Respublika Prokuroru olmuşam. Ələmdar
mənim etimadımı doğruldan yaxşı prokurorlardan
biri olub".
Corc Cordan
adlı xristian bir yazar Həzrət Əli(ə)
haqqında bir tədqiqat əsərində qeyd edir ki, "Mən
Əlini İsadan üstün tutmaq istədim, dini təəssübkeşliyim
buna imkan vermədi. İsanı Əlidən
üstün tutmağı isə vicdanım rəva görmədi".
Yazar bu tərəddüdünün səbəbini Həzrət
Əlinin ədaləti və Allaha bağlılığı
ilə əsaslandıraraq, deyir: "Həzrət Əli ədalətinin
çoxluğu ucbatından ibadət mehrabında şəhid
oldu".
Mən hər
dəfə İlyas müəllim haqqında fikirləşəndə
Həzrət Əli(ə) haqqında deyilən
bu fikirləri xatırlayıram. Çünki,
İlyas müəllimdə də ədalət hissi həddindən
artıq güclüdür və onun hazırda cəmiyyətimizdə
layiq olduğu yerdə olmaması da, zaman-zaman qərəzli
ittihamlarla qarşılaşması da məhz bu məziyyətindən
irəli gəlir.
Bəziləri düşünə bilər ki, İlyas
İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi
üçün bu yazını qələmə
almışam.
Bəri başdan demək istəyirəm: Mən Çəlilabad
rayon prokuroru vəzifəsinə təyin ediləndə 4 il
idi ki, respublika prokuroru A.Zamanovun əmri ilə ehtiyatda olan
prokurorlar siyahısına salınmışdım.Il yarım
idi Lənkəran rayon prokurorunun müavini vəzifəsində
işləyirdim.Həmin vaxtlar respublikanın 3 və ya 4 kənd
rayonunda prokuror müavini ştatı var idi. İlyas müəllimin
yerinə kim Respublika Prokuroru vəzifəsinə
gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin
olunacaqdım. Bu mənada təyinatımı
İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək
olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə
hörmət edən bir şəxsiyyət kimi, vəzifəsindən
irəli gələn addımı atmışdı. O
başqa məsələdir ki, öz vəzifəsini layiqincə
yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli
davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət
hər kəsə nəsib olmur. İlyas müəllimdə
isə bu qabiliyyət fitridir.
Gənclik
illərindən dostluq münasibətində olduğum
böyük yazarlarımızdan biri mənə sual etdi:İlyas müəllimdən söhbət
düşəndə həmişə ağızdolusu tərifləyirsən.Özün
dediyin kimi, o qədər kimsəsizlərə,arxasızlara,yetimlərə
dayaq olub İlyas müəllim.Heç onlardan bu tərifləri
eşitmirik. Mən dostuma: -"Böyük Fransız
yazıçısı və sosialisti Anri Barbüss
N.Ostrovskinin "Polad necə bərkidi"əsərini
oxuduqdan sonra deyir:-Adam bu əsəri oxuyarkən insan
olmağı ilə fəxr edir".Mən də İlyas
müəllimin rəhbərliyi altında işləyərkən,Prokuror olmağımla fəxr etmişəm,-dedim.
Ələmdar Məmmədov,
keçmiş prokuror
(əvvəli
ötən saylarımızda)
Ədalət.-
2018.- 31 iyul.- S. 4.