Şuşadan Bakıyacan...
"Şuşada balam qaldı" poemasının müəllifi
ustad Zəlimxanın ruhuna
Salam ustad! Xoş gördük, xalqımın böyük
şairi! Sizə məktub yazmaq
qərarına gəldim. Özü də
təkcə hal-xoş etmək üçün yox. Həm
də xeyli vaxtdı ürəyimi didib-parçalayan, necə deyərlər, məni
məndən alıb məni təkrar yaman
günə qoyan bir dərdin
dərmanı kimi oxuduğum
poemanıza münasibətimi bildirmək istəyirəm. Bu istək mənə rahatlıq vermir. Öncə telefon
açıb fikirlərimi söyləmək istədim. Amma gördüm ki, telefonda deyə bilməyəcəm.
Həm kövrələcəm, həm də nə dediyimi digər oxucular bilməyəcək.
Ona görə də fikrimi
qələmlə, sözlə deməyə üstünlük
verdim...
Hörmətli
Zəlimxan müəllim! Siz xalqın
sevilən bir şairi
kimi sevincli, qəmli,
ağrılı-acılı, toylu-düyünlü,
çal-çağırlı günlərində də onun yanında olmusunuz. Səsiniz,
sözünüz, ruhunuz,
sazınız, avazınız, qələminiz,
kağızınız bu xalqdan
yazıb, bu xalq üçün yazıb. Və
siz yaza-yaza həm
yaşamısınız, həm də
yaşatmısınız... həm sevmisiniz,
həm də sevdirmisiniz... həm
ağlamısınız, həm də
ağlatmısınız... həm döyüşmüsünüz,
həm də döyüşə səsləmisiniz. Çünki siz Zəlimxansınız!
Ona görə də sözünüz
təkcə qulaqlara yox,
həm də ürəklərə gedib
çatır.
Bax, bütün bu dediklərim,
iç dünyamdan ələyib
üzə çıxardıqlarım mənim inamım,
inancım olmaqla yanaşı, həm də
sizin sözə, sizin
şəxsiyyətə böyük sevginin bəhrəsidi. Mən odundan
qor aldığım, süfrəsindən
çörək kəsib nemət daddığım bir ustadın xeyir-duasını həmişə
hiss etmişəm və kürəyimdə
olan əlinin istisini də
canımda-qanımda yaşatmışam və yaşatmaqda
da davam edirəm. O əlin
istisi məni bu
yazıya tərəf bir az
da yaxınlaşdırır. Çünki bu yazı həm
də mənim içimin
yazısıdı, içimin
ağrısıdı, içimin səsidi.
Bilənlər bilir, bilməyənlər
də eşitsinlər: Zəlimxan Yaqub bu xalqın övladı, şairi
kimi, ziyalısı kimi,
aydını kimi həmişə dərdə
işıq salmağa, dərddən
çıxış yolu tapmağa,
dərdi qulaqlara, ürəklərə
çatdırmağa çalışıb. Onun hər misrasında
paralanmış vətənin harayını, faciəsini, həsrətini,
talanını o qədər yanğı
ilə, o qədər təşnəli bir şəkildə ortaya
qoyur ki, ona baş əyməmək,
o dərdi köynək kimi
əyinə geyinməmək mümkün
deyil. Üstəlik də o
dərd sənin içindədisə, deməli, geyindiyin köynək sənin çölünü
də yandırır, içinin
yanğısı çölünün
yanğısına qarışır. Mən bunu
təqribən ay yarım öncə, yəni
iyul ayının 4-də "Ədəbiyyat"
qəzetində ustadın "Şuşada
balam qaldı" poemasını oxuyandan sonra bir daha dərk etdim, bir daha
anladım...
Bəli, bu poemanı birnəfəsə oxudum və oxuya-oxuya da mən Şuşaya getdim... Qarabağı gəzib
dolaşdım... Cıdır düzündən üzü aşağı dərə uzunu boylandım... Hər tərəfdə qan gördüm... Xarı
bülbül də qan
içindəydi, İsa bulağı da... Vaqifin abidəsi də...
Xan qızı Natəvanın
ocağı da... Bülbülün
ruhu da... Müqəddəs
məscidlərimiz də... Demək olar ki, hər daş qan içindəydi, hər kol
qandan qurumuşdu. Elə bil daşın da, kolun da,
ağacın da qanı vurub
üzünə çıxmışdı. Bunu
mən ustadın poemasını oxuya-oxuya
gördüm. Çünki
Şuşada hər şey
qalmışdı və qalan hər şeyi, bütün
canlı və cansız nə varsa
hamısını o torpaq
qarışıq ustadım "balam!"
deyə təqdim etmişdi. Mən
poemanın oxucuya təqdimatı üçün ustadın yazdığı beş-on cümləlik "Əziz oxucu" müraciətindən sonra poemanın nədən
qaynaqlandığını, nədən
yazıldığını çox
gözəl başa düşdüm,
gözəl anladım. Amma tam səmimiyyətimlə, içimdən gələn
bir ərklə deyirəm ki,
Zəlimxan Yaqub bu
poemanı təkcə ona edilən müraciət
əsasında yazmayıb. Bu poemanı o həm də balası saydığı Şuşa üçün
yazıb. Çünki onun
Şuşa adlı balası qalıb əsirlikdə,
işğal altında. Elə
hamımızın Şuşa adlı
atamız, anamız, övladımız qalıbdı girovluqda. Ona görə də
ustad adamın içini
göynədən nalə ilə, bir fəryadla
deyir:
Ay ellər, ay obalar,
Mənə bir məktub
gəlib.
Ayrılığın, həsrətin
Yolunu tutub, gəlib.
Şuşadan Bakıyacan
Nə qədər dərdimiz
var,
Hamısın udub gəlib.
Bu məktub - hıçqırıqla,
Dərd ilə dolub gəlib.
Hə, oxuyuram bu məktubu. Hər söz, hər
işarə açılan
güllədi, ürəyə
işləyən oxdu,
iynədi, nizədi, daha nə bilim
ağrı verən, ağrı yaşadan hər şeydi. Oğul istəyirəm, daha doğrusu, ürək istəyirəm ki, bu ağrıya dözsün. Elə burdaca
onu əlavə edim ki, Zəlimxan
Yaqub ona görə ağrıyır
ki, ona görə
müalicəsi tam şəkildə
yekunlaşmır ki,
o, Şuşada balam qaldı - deyir. O, bu cür ağrını
ürəyində sözə
çevirir. Vallah, o ürək çox
dözümlüdü. Ustadın ürəyini deyirəm.
Başqa
ürək bu poemanın yaşatdığı,
göstərdiyi, misraladığı
dərdi çəkə
bilməz, ona dözə bilməz.
Var olsun ürəyin, ustad!
Oxuyuram poemanı:
Mənə bir məktub gəlib
Ay obalar, ay ellər.
Yazısı kömürdəndi,
Qapısı dəmirdəndi.
Açmaq da xatalıdı,
Bağlamaq da xatalı.
Əllərim əsir mənim
O məktubu götürüb
Əllərimdə tutalı.
Oğlu ölmüş analar,
Əri ölmüş sonalar
Bu məktubun mənası,
Nə kitaba sığandı,
Nə dəftərə, varağa.
Gördünüzmü, fikir verdinizmi,
ustad özü də etiraf etdi o dərdin ağırlığını, ölçüsüzlüyünü... O dərdin yerin-göyün
cəm halında tutumundan dəfələrlə
böyük olduğunu.
Mən poemanı oxuduqca yenidən qayıdıram Qarabağa - kəndimə
gedirəm. Şəhidlərimizi,
qan qohumlarımı, doğmalarımı yenidən
göz yaşları içində torpağa tapşırıram... Yenidən torpağa
tapşırdığım əzizlərim üçün
saçını yolan,
üzünü dırnaqlarında
didik-didik edən, fəryadı ilə hər kəsi havalandıran anaların, bacıların, qızların
səsini eşidirəm.
Və mənə elə gəlir ki, lap bu dəqiqə,
bu an bilgisayarda bu yazını, bu diktəni yazıya çevirən Gülər xanım da o səsləri eşidir, o fəryadları
duyur. Çünki bu poemanı
oxuyub o nalələri
duymamaq, o nalələrin
içində əriyib
yox olmamaq mümkün deyil. Var ol, ustad!
Qələminin, sözünün
qüdrətini Allah qorusun!
Sizin misralar məni Qarabağda gəzdirir.
Hər tinini, hər kolunu, daşını, çeşməsini, ağacını,
yarpağını, tanıdığım
yerləri dolaşıram.
Qarşıma ruhlardan başqa
kimsə çıxmır.
Və onların hamısı da mənə incik, küskün və bir az da qəzəbli baxırlar. Mən onları başa
düşürəm. Daha doğrusu, onları başa düşməkdə mənə
sizin misralar kömək edir:
Kövrək duyğularım mənə
deyir ki,
Şuşanın, Şuşanın dərdindən danış.
Ölən qəhrəmanın, ölən igidin,
Qanlı tamaşanın dərdindən danış.
Hə, mən çox
gördüm doğranan
ağacları... Mən
çox gördüm
yandırılan evləri...
Mən çox gördüm partladılan yolları, körpüləri. Mən
çox gördüm
bığ yeri tərləməmiş, nişan üzüyü
taxmamış oğulların,
qızların şəhidliyini...
Mən çox gördüm bir anda evin-eşiyin
yağmalanmağını, kəndin-kəsəyin viran
qalmağını və
bir də mən çox gördüm torpağa güllə altında, mərmi altında tapşırılanları. Ona görə də Zəlimxan müəllim, sizin poemanı oxuduqca mən həmin o gördüklərimi
bir də təzədən görürəm.
Onda yaşadıqlarımı bir
də indi yaşayıram. Allah sizə
insaf versin!!!
Yuxuda gördüm ki, ağlayır balam,
Bizdən ayrı düşən bir qız ağlayır.
Atasız, anasız, qardaş-bacısız,
Yanında kimi yox, kimsənəsi yox,
Ağlayır, özü də yalqız ağlayır.
Mən bu poemanı
söz-söz, misra-misra
sizlərin düşüncənizə,
duyğularınıza təqdim
etmək fikrində deyiləm. Ola bilsin ki, mənim təqdimatım sizin umduğunuz, sizin görmək istədiyiniz
nəticəni vermədi.
Axı hər kəsin öz qavraması, öz dərk etməsi var və ora təsir,
təzyiq etmək günahdı. Amma inanın ki, bu poema Zəlimxan
Yaqubun bizim Şuşa dərdimizə,
bizim hamımızın
Şuşa ağrımıza
ağlayan bir abidədi. Misralardan, sözlərdən, durğu işarələrindən
qəzəb dolu göz yaşı tökülür. Mənə
elə gəlir ki, bu poema
yazıldığı gündən
oxunduğu günə
qədər hər kəs üçün ağlayan, hər kəsi ağladan və ən əsası hər kəsi Şuşa
deməyə səsləyən,
vadar edən, məcbur edən, coşduran bir ədəbiyyat nümunəsidi.
Özü də əvvəldə dediyim kimi, yəni mənim üçün qəbul olunan, ağlayan abidədi!
Poemanın bütün məziyyətlərini, bütün
ədəbi, elmi cizgilərini, onun yükünü, onun bir sənət nümunəsi kimi yerini yəqin ki, ədəbi tənqid, yəni sözlə məşğul
olanlar deyəcəklər. Amma mən bir oxucu kimi necə
deyərlər, içimdən
birbaşa bilgisayara tərəf qaçan fikirlərimi deməyə
bilməzdim. Onun necə
alındığının heç haqqında da düşünmək istəmirəm. Çünki o da mənim ürəyimin
səsidi. O səsi
məhz "Şuşada
balam qaldı" poeması oyatdı. O səsi həmin poema ayağa qaldırdı, eşidilməyə
tələsdirdi.
Məkkədən qayıdan nurlu hacılar,
Ciyəri dağlanmış qardaş, bacılar.
Eşəndə ürəyi ağrı,
acılar,
Ziyarət paltarı geyinin,
gedin,
Körpə məzarını ziyarət edin.
Və nəhayət, mən
ustadın qarşısında
baş əyib onun və hamımızın
arzusu olan və ifadəsini də bu misralarda
tapan istəyi dilə gətirirəm:
Nə yuxudan doymuşam,
Nə gördüyüm həyatdan.
Kim doyub, mən də doyam,
Aydan, gündən, saatdan.
Gəlmişəm getməliyəm,
Yeri, yurdu, səmanı,
Bir gün tərk etməliyəm.
Min dəfə istəmirəm,
Bircə dəfə üzünü
Görə biləydim, Şuşam!
Əlvan çiçəklərindən
Dərə biləydim Şuşam!
Qızılı güllərini
O qızın başdaşına
Hörə biləydim, Şuşam!
Hə, ustad! Allah bizi bu arzumuza qovuşdursun!
Allah bizi - Sənin ruhunu, bizim canımızı
o günə kimi qorusun və biz Şuşada qalanların qarşısında günahlarımızı
yuya bilək!..
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2018.- 12 iyul.- S.7.