Geriyə yol varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
Fanatikcəsinə yurdsevəndi. Bizim geniş və münbit torpaqlı həyətimiz vardı. Əgər ayda-ildə bir dəfə qonum-qonşunun mal-qarası, toyuq-cücəsi həyətimizə girsəydi - o, aləmi bir-birinə qatırdı. Qonşularla davaya çıxardı.
Üzünü mənə tutub deyərdi:
- Qeyrətsiz adamlarsınız, niyə qoyursan atayın yurdunu taptalasınlar. Namusun, qeyrətin yoxdu?
Anamın dayıları - Şəfi, Cavad, İsa, deyilənə görə, qardaşları Məhəmmədəli və Səməd də anam xasiyyətliydilər. Xalası oğlanları - Nəcəfqulu və Əsgər, xalası qızı İnsaf hələ adlarını sadaladığım qohumlarından da tünd və sərt idilər.
Cavad dayım da, Şəfi dayım da məni kənd arasında görəndə həmişə deyərdilər:
- Qonum-qonşunun mal-qarasını həyətinizə qoyma, ha!
Anam həmişə deyərdi:
- Düşündüklərimi qonşulara deməsəm, bağrım çatlayar.
Anamın təkidi ilə böyük qardaşım Valeh iki dəfə ailə qurdu: birinci dəfə anamın dayısı, ikinci dəfə isə əmisi nəvəsi ilə. Hər ikisi uğursuz nikahdı. Qardaşımın hər iki evlilikdən doğulan övladlarının bəxti-taleyi gətirmədi.
Artıq yaşa dolanda bütün bunları anama irad
tutdum.
Başını
yerə dikirdi:
- Neyləyim,
qohumdular, dedim bəlkə belə
yaxşıdı. Gərək uşağı
bu işlərə məcbur etməyəydim.
Sonralar yazıq qardaşım heç nədən iki dəfə
həbsxanaya düşdü. Təkrar
üçüncü dəfə evləndi, oğlu,
qızı dünyaya gəldi həyatı axarına
düşdü.
Ağır illər idi. Birtəhər
dolanmalıydıq. Əynimizə-başımıza
fikir verməliydik. Anam ürəyindən
keçənləri övladlarına tapıb verə bilməyəndə,
dərdə-qəmə batırdı. Belə
vaxtlarda anamın üzünə baxa bilmirdim.
Ümumiyyətlə, anam böyük
qardaşımı - Valehi hamımızdan çox istəyirdi. Bəlkə də
Valeh onun ilk övladıydı, ona görə idi, bilmirəm.
Anam on səkkiz yaşında ailə qurmuş, iyirmi
altı yaşından (1941) isə dul qalmışdı. Ağır
müharibə illəri, övladlarını böyütmək
- qadın üçün bunlar asan məsələlər
deyildi.
O, nadir
hallarda məni döyərdi. Bilmirəm, nəyi
isə düz eləməyəndə, ya da sözünə
baxmayanda. Bərk hirslənəndə məni
çubuqla vururdu, vurandan sonra da oturub
hönkür-hönkür ağlayırdı, yanına
cağırıb bütün gücüylə bədənimi
qucaqlayırdı.
Onu həmişə sağlam və gümrah
görmüşəm. Yadıma gəlmir ki, o, xəstələnsin,
çarpayıda yatsın. Düzdür,
divarları qaya daşlarından hörülmüş ikimərtəbəli
evimiz vardı. Amma döşəmələri
torpaqdı. Torpaq döşəmələrdə
yatırdıq. Anam çoxlu gəvə və
kilim, palaz toxumuşdu. Onları
tökürdü evimizin bir küncünə,
yıxılıb yatırdıq. Yaxşı
da gəvə, palaz toxuyurdu. Əyilmiş,
bükülmüş yun iplərini vurub qoltuğuna gedərdi
Füzuliyə. Orada, mərkəzi
bazarın qabağında boyaqçılar sıra ilə
düzülmüşdü. Apardığı
yun iplərini ürəyi istədiyi rəngdə
boyatdırırdı. Evimizin elə
içindəcə, bir küncdə hana qururdu, aylar, günlər
keçirdi, bir də görürdün allı-güllü gəvəsi,
palazı hazırdı. Valehin, mənim, o biri
qardaşlarımın adına gəvə
toxuyurdu.
Əlləri və barmaqları xırdaydı. Uşaq
vaxtı anamın boynunda, araxçın şəklində papağında,
papağının kənarlarında qızıl ziynətləri
görmüşəm. Araxçının
çevrəsinə başqa ziynət əşyaları ilə
bərabər, qızıl pullar da
düzülmüşdü.
Məhəmmədəli dayımın gümüşdən,
ağır çəkili gümüş fitini əziz xatirə
kimi sandığında saxlayırdı.
Qədim, içinə bir vaqon şey yığması
mümkün, üstü bər-bəzəkli
sandığı tez-tez açıb-örtürdü. Yadıma
düşən və düşməyən əziz-xələf
əşyalarını bu sandıqda saxlayardı. Göz qırpımında, faciəli şəkildə
həlak olandan sonra onun uzun illərdən bəri qoruduğu
sandıq, onun içindəkilər necə oldu - bilinmədi.
Anamın bacısı yoxdu. Allah heç atama da
bacı verməmişdi. Mənim də
bacım yoxdu. Anam vəfat edəndən
sonra onun uzun illərdən bəri (1941-1973)
topladığı gəvə və kilim, özünün
şəxsi ziynət əşyaları, xırda
ölçülü xurcun və bəzək əşyaları
da yoxa çıxdı.
Həyətdəcə, vedrəni üçbucaq şəkilli
qara qaya daşlarının üstündəcə ocaq
qalayıb su qızdırardı. Çox zaman döşəməyə
ot tökərdi. Məni elə
onun üstündəcə çimizdirərdi. Bəzən də daş evimizin ikinci mərtəbəsində,
eyvanımızda iri teştin içində. O, axşamlar,
eyvanımıza düşən ay işığında
boyun-boğazıma ilıq suyu tökəndə, isti və hərarətli
əllərini kürəyimdə gəzdirəndə, sözə,
ifadəyə gəlməyən hisslər keçirirdim. Xırda əlləriylə başımı yuyurdu.
Sabun köpüyü ağzımı-burnumu
örtürdü. İlahi, necə də gözəl, təsəvvürə
gəlməyən, əlçatmaz gözəl anlar
yaşamışam!
Sonralar azdan-çoxdan dünyanı dolaşdım. Əsgər
hamamlarında, böyük oğlumun sayəsində Malayziyada
(2015), Şotlandiyanın (2017) dəbdəbəli,
dünyanın bütün dərd-sərini unutduran
hamamlarında bədənimdəki kiri çıxartmışam,
təmizlənmişəm. Amma bunların
heç biri eyvanımızda anamın məni ay
işığında, çimizdirməsindən yaranan
xoşbəxt anları yaşatmayıb.
Kənddə ayda, ildə eşidirdim ki, hə filankəs
xəstədi.
Kənddə yaşadığım illərdə
(1941-1961) ürək-damar, xərçəng, şəkər
xəstəliklərinin adlarını belə eşitməmişəm.
Başı ağrıyanları, ürəyi
bulananları, zəhərlənənləri görmüşəm.
Mənasız yerə, ayaqlarımı yerə
dirəyib deyə bilmərəm ki, hə, Veysəllidə
adamlar ölmürdülər. Adamları bağda,
bostanda, taxıl və ot biçini
zamanı zəhərli ilanlar sancırdı, ağacdan
yıxılırdılar, güclü sel məhv edirdi. Bir də vardı Allahın buyurduğu, təbii
ölüm. Ayda-ildə eşidirdik ki,
filankəs dünyasını dəyişib.
Dağ havası, Qara kəhrizin təmiz suyu, təbii
qidalar - camış qatığı, qaymağı. Dağların
gömgöy otlarından qidalanan qoyun, mal. Dağların döşünə, yamaclara
çınqıl kimi səpələnmiş toyuq-cücə,
hinduşka.
Kənddə nadir hallarda mal əti yeyərdilər. Yox,
sappasağ iribuynuzlu heyvan qəflətən ayaqlarını
qırırdı, yoncaya düşürdü - bu ayrı məsələ.
Belə hallarda həmin heyvanı kəsirdilər.
Mal yiyəsi çox ziyana düşməsin deyə,
həmin əti qapı-qapı düşüb ailələrə
paylayırdılar, alışma edirdilər.
Anamın dediklərinə görə, atam müharibəyə
getməzdən xeyli qabaq, hər ehtimala qarşı, ərzaq
tədarükü görübmüş. Evimizin birinci mərtəbəsində,- o, həm də zirzəmi idi, - üç,
dörd metr dərinliyində quyu qazılmışdı. Atam bu quyunu, divarlarını gözünə
küləş, saman qatıb suvamışdı.
"Bir müddət bu taxıl sizə çatar,
sonrasına da Allah kərimdi".
Taxıl
quyusu
Haşiyə:
Söhbətimizin ana xəttindən kənara
çıxıb, sizə başqa bir əhvalat
danışmaq istəyirəm. Atam ailə
qurmazdan qabaq, bir müddət İmişli rayonunun Boccallar kəndində
çobanlıq edib. Həmin kənddə
Cəbrayıl adlı cavanla dostluq edib. Bir
yerdə çobanlıq ediblər, ağır günləri
yaşayıblar, dağa, arana birgə gedib-gəliblər.
Hətta,
bir dəfə iş elə gətirib ki, o, yay
ağzı dağlara çıxa bilməyib. Mal-qara ilə
bağlı adamlara bu hiss yaxşı tanışdı. El dağlara qalxan ərəfədə atamın
çəlimsiz, arıq bir quzusu varmış. Kişini
dərd götürüb, düşünüb: "Bu
yazıq aranda qalıb istidən öləcək". Odur ki, dağlara qalxmağa hazırlaşan
çoban dostundan - Cəbrayıl kişidən xahiş edib
ki, bu quzusunu da özünlə apar. Aranda
qalıb, yazıqdı, tələf olacaq.
Anam təkrar-təkrar
danışırdı ki, Cəbrayıl kişi
atanın o arıq, çəlimsiz, ayaqları bir-birinə
dolaşan quzunu dəvənin donqarında dağlara
qaldırıb. Maldarlar, Cəbrayıl
kişinin adi bir quzuya görə belə
canyananlığını, canfəşanlığını
görənlər təəccüblənirmişlər.
Cəbrayıl
kişi:
- Siz nə
danışırsınız, bu quzu mənim dostumun,
Bayramalınındı, əmanətdi.
Anamın dediklərinə görə, o çəlimsiz
quzu el dağdan arana düşən zaman əməlli-başlı
qoç imiş və sağ-salamat sahibinə qaytarılıb.
...Hə,
nədən danışırdım? Hə, həmin o Cəbrayıl
kişi, atamın çoban dostu,
müharibə vaxtı hər il Veysəlliyə, bizə
baş çəkməyə gələrmiş. İmişlidən Veysəlliyə gələrmiş,
dəvələrini həyətimizin aşağısında
xıxırdarmış və əlinə qarğıdan
düzəltdiyi metrəni alıb, zirzəmimizdəki quyuda nə
qədər taxıl qaldığını
ölçüb-biçərmiş. Buğdanın
miqdarını müəyyənləşdirəndən sonra
deyərmiş:
- Nənəxanım,
hələ filan qədər taxılınız qalıb. Uşaqlara korluq vermə.
Hər il bu əhvalat təkrarlanarmış.
Hər dəfə
nağıla, əfsanəyə çevrilmiş o quyunu,
atamın çətin illərdə bizə qoyub getdiyi
taxıl quyusunu, Cəbrayıl kişini, onun atamla kişi dostluğunu, İmişli
camaatını xatırlayanda ürəyimdən xoş
duyğular keçir.
***
Saçlarını açıq havadaca yuyardı. Qışda, soyuq havalarda isə isti sobanın qabağında. Başını adi, sarı rəngli paltar sabunu ilə köpüklədərdi. Barmaqları ilə qulaqlarının dibindən tutmuş, ta saçının o biri hissələrinə qədər - çox da uzun və sıx olmayan saçlarını kəndir kimi əyirdi, sonra da əlləri ilə onları bərk-bərk sıxırdı. Bu əməliyyatlar qurtarandan sonra saçlarına camış qatığı sürtərdi. Qaynadılmış suyu başına tökərdi. Başı, qulaqları, gözləri, bütün sifəti təmizlənirdi, açılırdı.
Hərdən həyətimizdə hündür bir yerdə əyləşirdi, əllərini çənəsinə söykəyib uzun müddət harasa baxırdı. Ürəyindən nələr keçirdi, nə haqda düşünürdü, Allah bilirdi. Hərbi qulluqdan qayıdanda məni qapımızın ağzında qarşıladı. Boynumu qucaqlayıb öpdü və ağladı. Mən əsgərdə qulluq etdiyim illərdə (1961-1964) anam ağır günlər keçirmişdi. Balaca qardaşlarım həddi-buluğa çatmadıqlarına görə onun köməyinə yetişə bilmirdilər. Böyük qardaşım həbsxanadaydı. Bəlkə də o, bunlara görə kövrəlmişdi. Bəlkə də sərasər üç ildi görüşmürdük, ona görəydi. Bir neçə gündən sonra şəhərə qayıtdım. Bakı Şin zavodunda (1964) işə düzəldim. Universitetin jurnalistika fakültəsinə (1965) qəbul oldum və ali məktəbə qəbul olmağım, anamı sevindirmək üçün yenidən kəndə qayıtdım. İlahi, anam necə sevinirdi...
Anam öləndən sonra
dünya boşaldı
1973-cü il, 21 iyun
...O günü qonşu metro işçilərinin yataqxanasındakı yeməkxanaya - nahara getmişdim. Deyəsən, borş sifariş vermişdim. Borşla dolu kasa qabağımdaydı - amma nə sirrdisə, qəflətən iştaham qaçmışdı. Xörək də buza dönmüşdü. İştaham qaçmışdısa, ac deyildimsə bəs baş tərbiyəçi işlədiyim Şin zavodunun yataqxanasından buraya nə üçün, niyə gəlmişdim? Beynimdə, ürəyimdə indiyə kimi hiss etmədiyim qəribə duyğular çulğalayırdı... Kasada soyuyan borşu qaşıqla o yana, bu yana qarışdırırdım. Sifariş verdiyim borşu yeyə bilmirdim. Soyumuş, yeyilməmiş borş kasasını stolun üstündə qoyub iş yerimə qayıtdım.
Adi qaydada yataqxana işçilərindən
kimsə məni telefona çağırdı. Dedi ki, Füzuli rayonundandı, təcilidi.
Telefon dəstəyinin o biri başında əmim
oğlu Vaqifdi.
- Təcili
kəndə gəl, anan...
O,
sözlərinin ardını deyə bilmədi.
Mən o günü, bütün gecəni kəndə
necə getmişəm, heç nə yadımda qalmayıb.
Birbaşa nəqliyyat yox idi deyə, birindən
düşüb o biri maşına minirdim.
Bakı,
Şamaxı, Göyçay... Yevlax, Bərdə, Ağdam.
Ağdamda, Muradbəylidə bir az ləngidim.
Gecəyarısı yol polislərinin söhbətlərini
eşitdim.
-
Martuni-Füzuli istiqamətində hərəkət edən
avtobus sürücünün səhlənkarlığı
ucundan salona od düşüb, bir neçə
adam diri-diri yanıb.
...Gecə
saat olardı üç, dörd. Qapımızda
çadır qurulduğunu gördüm. Daş
pilləkənlərlə ikinci mərtəbəyə qalxmaq
istəyəndə, Nabat mamam qarşıma çıxdı.
- Bala,
anan yoxdu, daha Nənəxanım yoxdu.
Mən nə o axşama qədər, nə də o
axşamdan sonrakı illərimdə heç vaxt belə
hönkür-hönkür ağlamamışam. Ağlamırdım
e, boğulurdum, içim, bütün bədənim nehrə
kimi çalxalanırdı.
...O səhər
çağından düz qırx dörd il
keçib. Dəfələrlə anamın
avtobusda faciəli şəkildə həlak olması səhnəsini
yazmağa cəhd göstərmişəm -
bacarmamışam. Sonralar dərk etdim ki, bu səhnələri
yazmağa, təsvir etməyə cəhd göstərmək səmərəsiz,
baş tutan iş deyil və bu niyyətimdən tamamilə əl
çəkdim. Hansı məqsədə
söykənirsən söykən, övlad öz
anasının belə faciəli anlarını təsvir etməyə
acizdi. O, ağıla, təsəvvürəgəlməz
faciəli məqamları təsvir edərkən ürəyimdə
yaranan elektrik enerjisi vurub bütün bədənimi
parça-parça edəcəkdi.
Yasdan qayıdıb gələndən sonra Şin
zavodunun rəhbərliyi mənə məzuniyyət, qərbi
Ukraynaya, Turuskaves şəhərinə putyovka verdilər. İyirmi
dörd gün ərzində qərbi Ukraynanı
başdan-başa - Lvovu, Draqobiçi, Ujqorodu - bir sözlə,
xeyli gəzdim, dolaşdım. Aldığım
ağır stresdən çıxmağa
çalışdım və sonralar anamın yoxluğu ilə
barışdım. İki ildən sonra Qənimət
adlı qızla ailə qurdum (1974). "Azərbaycan"
ədəbi-bədii jurnalda işə (1976) düzəldim.
Elşən adlı ilk övladım (1975)
dünyaya gəldi. Anam bütün
ömrü boyu mənim bu xoş günlərimi gözləmişdi.
Təəssüf ki, o, bunların heç birini
görmədi. Ömrüm boyu
çalışırdım ki, nə isə yaxşı, əhəmiyyətli
uğur əldə edim, anam bunları görüb sevinsin.
Əldə edəcəklərim mənə yox,
ilk növbədə anama lazımdı. Anam
faciəli şəkildə rəhmətə gedəndən
sonra həyat mənim üçün mənasızlaşdı.
Ali hiss və duyğulardan uzaq düşdüm. Axı, həyatda əldə edəcəyim
uğurları onun xatirinə edəcəkdim. Nə edim, haraya gedim, nəyə can atım? Aylar, illər ötdü, Qarabağ hadisələri
başladı. Daha ayrı ovqatlar üstündə
kökləndim.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 1 iyun.- S.7.