Xarı
bülbül
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
sayımızda)
- Qayıdır ki, yaxşı, bəs sənin
daş-qaşlarının satdığını bilsələr,
mənə nə deyərlər? Məni xalq içində rusvay
etmək istəyirsən?
- Arxayın olun, şahım! Siz məndən naxələflik
görməmisiniz, ölənəcən də görməyəcəksiniz.
Bu sirri yerdə ikimiz, göydə isə Allah-təala biləcəkdir.
Lakin Fətəli şah yenə razı olmaq istəmir:
- Axı pul sənin nəyinə gərəkdir? Nəyin
çatmır? Sənə nə lazımdırsa, nə qədər
pul istəyirsənsə, mən verə bilərəm.
Bütün xəzinəm həmişə sənin
üzünə açıqdır!
Ağabəyim ağa bu sözlərdən
şahın yumşaldığını duyur, tez cavab verir:
- Elədir şahım! Siz sabahdan bütün saraya
elan edərsiniz ki, xəzinəni mənim üzümə
açırsınız. Mən isə xəzinə əvəzinə
daş-qaşlarımı, cehizlərimi xərcləyərəm,
buna özüm üçün bir bağ salmaq istəyirəm.
Elə bir bağ ki, orda ancaq mən gəzəm. Bu bağ
ancaq mənə məxsus olsun, bu bağda hər
çiçək, hər kol ancaq mənim zövqümlə
əkilsin, buyurun ki, heç kəs mənim işimə
qarışmasın.
Fətəli şah razılığını
bildirir, səhəri gün elan edir ki, şah xəzinəsini
Ağabəyim ağanın üzünə
açıbdır. Dünyanın hər yerindən ən
bacarıqlı bağbanlar saraya dəvət olunurlar. Ağabəyim
ağa öz fikirini bağbanlara bildirir: "Elə bir bağ
salacaqsınız ki, Şuşada bitən hər bir ot,
ağac, gül burada bitsin. İş başlanır,
Şuşanın dağından - dərəsindən,
karvan-karvan torpaq daşınır. Şuşada bitən hər
bir ot-ələf, gül-çiçək, kol, ağac bu
bağda da əkilir, diqqətlə becərilir. Nəhayət,
bağ hazır olur, şairənin arzusuna əməl edərək
bağın adını "Vətən bağı"
qoyurlar. Hər şey hazır olduqdan sonra Ağabəyim
ağa bağı gəzməyə çıxır,
bağ, doğrudan da gözəl idi. Məharətli bağban
əlləri gül-çiçəklə bərabər,
sanki Şuşanın dağ-dərəsinin havasını
da, ətrini də bura gətirə bilmişdilər.
Şairə bağı gəzib-dolanır, buradakı
hər şey onun zövqünü oxşayırdı. Lakin nə
qədər axtarırsa bağda xarı-bülbül
gülü tapa bilmir. Yenidən bağda işləmiş
bütün bağbanlar arxaya
çağırtdırırlar.
Ağabəyim ağa məsələni bağbanlara
bildirir. Bağbanlar yenidən ikiqat səylə işə
başlamalı olurlar. Lakin nə qədər edirlərsə,
xarı-bülbül gülü "Vətən
bağı"nda bitmir ki, bitmir. Bağbanların illərlə
çəkdikləri zəhmət hədər gedir... Xarı
bül-bül Şuşadan Tehrana "Vətən
bağ"ına köçmür ki, köçmür...
Bəs qərib bir şairənin Vətən həsrətini
azaltmaq istəyən xarı-bülbül necə gül idi?
"Vətən bağı" əl-əlvandır,
Yox üstündə xarı-bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül.
Müəllif demək istəyir ki, qəfəsdə
uzun müddət oturduğu üçün gülə qovuşmaq
üçün həsrət çəkərək ürəyinin
istirablarını, dərdini bədənindən xaricə
büruzə verərək köksünü altı yanıb,
saralıb sarı rəngə boyamışdır. Bu hadisələri
özünə şamil edərək, yəni Şah
sarayında Vətən həsrəti ilə ürəyinin
alışıb-yanmasına bənzətmişdir. Xarı-bülbül
güldən daha çox bir möcüzəyə bənzəyirdi,
bu gülü ancaq görmək onun haqqında tam təsəvvür
yarada bilər. Onun heç bir ətri də yoxdur. Xırda bənövşəyi
rəngli ləçəkləri, otların bu rəngli
başqa gül-çiçəklərin içərisində
çox çətinliklə seçilir. Gülün üç
ləçəyi olur, simmetrik quruluşuna görə
aydınca görmək olur ki, gülün dörd ləcəyi
olmalı imiş. Bu dördüncü ləçəyin
yerində isə arıya bənzəyən, üstündə
cüculərdə, böcəklərdə olduğu kimi
naxışları, məxmər kimi nazik tükcüklərlə
örtülü bir böcək (xar) var.
Belə bir təsəvvür yaranır ki, böcək
gülün dördüncü ləçəyini yeyib.
İndi isə başını gülün ortasına soxub,
çünki böcəyin başı da görünmür.
Gülün düz ortasında isə bir bül-bül
oturubdur. Bül-bülün çiynində iki balaca ləcək
vardı, gülün öz ləçəklərinin rəngindən
bir azca tündü. Ləçəklərdən təxminən
on-on beş dəfə balaca. Aydınca görünür ki,
bu ləçəklər bülbülün
qanadlarıdır.
Bül-bülün dimdiyi də, gözləri də,
başı, boynu bədəni də aydınca
görünür. Hətta gülü əlinə alanda belə
inanmırsan ki, bül-bül də, gülün bir ləçəyinin
yerində bitmiş arıya bənzər bir böcək də
canlı deyil, ancaq bitkidir.
Xarı-bülbül haqqındakı rəvayətdə
deyilir:
Bir zamanlar bütün bitkilər canlı imiş,
onlar da insanlar kimi danışırmışlar, sevə
bilirmişlər. Sevinib gülə bilirmişlər.
Bülbül o zamanlar gülü sevir, bütün
gül-çiçəklər də bu məhəbbəti
alqışlayır. Hər gün sübh tezdən
bül-bül gülün üstünə qonub ona məhəbbət
mahnısı oxuyarmış, gül-çiçəklər
də bu nəğmənin təranələri altında rəqs
edərdi, şənlənərmiş.
Amma xar belə bir şadyanaqlığa, sevgiyə, məhəbbətə
dözə bilmir, qısqanır, onun paxıllıqdan az qala
bağrı çatlasın, hamının sevinci onun qəzəbi
imiş. Nəhayət, xar bu sevincə son qoymaq istəyir,
gülü bülbüldən ayırmaq üçün gəlib
ona öz ürəyini açır, sevgisini bildirir. Gül
xarı (tikanı) ilə rədd etməyə
çalışır. Acıqlanan xar gülün
saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini
yeyir. Bülbül gülün məhv olduğunu görüb
fəryad qoparır. Bütün gül-çiçəklər
də bu fəryada qoşulurlar. Lakin fəryad heç zaman
daşqəlblilərə təsir etməyib, xarın daş
qəlbi yenə yumşalmır, yenə gülü yeməkdə
davam edir, onda hamı Allah-təalaya yalvarır ki, onların
canını alsın, amma gülə bülbülün
eşqinə, məhəbbətinə qıymasın.
Onların ah-naləsi qəbul edilir. Hamı bitkiyə
çevrilir. Gül, bülbül, xarda üçlükdə
bir gülə çevrilirlər. Hər il də elə beləcə
üçü də birlikdə bitirlər.
Gül-çiçəyin bu fədakarlığı, öz
həyatlarının güllə bülbülün eşqinə,
məhəbbətinə qurban verməsi bülbülü riqqətə
gətirir. O indi də hər səhər tezdən bitkiyə
çevrilmiş gül-çiçəklərin yanına gəlir.
Amma daha mahnı oxumur, ah-nalə edir. Daha heç zaman güllərin
üstünə qonmur, çünki ilk məhəbbətini
unutmayıbdır...
Xar isə xəcalətindən başını
gülün ləçəkləri arasında gizlədib, həmişəlik
dünya işığına, gözəlliyə həsrət
qalıbdır...
Bəs bül-bül niyə məhz bu gülü
seçmişdir, onun üzərinə qonmuşdur?
Çünki həmin gül özünə ancaq
bülbülü seçmişdir. Başqa
gül-çiçəklərin xahəni çox olur:
yarpaqları, iyləri, tikanları...
Bü güldə isə nə yarpaq var idi, nə iy,
nə də tikan. Onun bircə
sevgilisi var idi: bülbül! Bülbülün eşqi, məhəbbətinin
hər an onu xilas edəcəyinə əmin idi gül.
O zamanki, gül-çiçəklər
fədakarlıq edib canlarını bülbüllə
gülün eşqi, məhəbbətinə qurban
vermişdilər, xarı-bülbül
də söz vermişdir ki, bu fədakarlığa cavab olaraq ancaq
onlar bitkiyə çevrildikləri yerdə
də bitəcək, ayrı heç yana getməyəcəkdir.
Belə də olur. Xarı-bülbüllə bitkiyə
çevrildiyi Şuşa torpağından
başqa, dünyanın
heç bir yerində rast gəlmək mümkün
deyildir. Hətta ən məharətli
bağbanlar da əlləri ilə belə bu gülü
başqa torpaqda yetişdirə bilmirlər.
Hətta böyük bir insanın, vətəndaş şairə
xanımın Ağabəyim
ağanın Vətən
həsrəti-qəriblik həyatı
da, heç olmasa bu həsrətini
azaltmaq naminə də bitmir ki, bitmir...
O 1832-ci ilədək ömrünün
sonuna kimi Vətən həsrəti
çəkə-çəkə Tehranda yaşamışdır
və Darül-İman
adlanan Qum şəhərində
dəfn olunur.
Nemət Bəxtiyar
AJB-nin üzvü,
media "Qızıl Qələm" mükafatı
laureatı
Azərbaycan
Respublikasının Prezidenti
yanında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi fondunun maliyyə yardımı ilə
Ədalət.- 2018.- 6 iyun.- S.7.