Adı
Ukraynada "Qızıl kitaba" düşən ilk Azərbaycanlı
professor
Ukraynada
şanlı-şöhrətli həmvətənimiz
çoxdur. Kiyevdə, Xarkovda, Lvovda, Odessada, Dnepropetrovskda
Donetskdə, Xersonda onlarla görkəmli soydaşımız
yaşayır və işləyir. Bu şəxslərin
arasında xalq rəssamı, xalq artisti adına yiyələnənlər,
elm sahəsində Azərbaycanın imicinə həqiqətən
şərəf gətirənlər var. Kənd təsərrüfatında,
sənayedə, biznes aləmində də uğur
qazananlarımız az deyil.
Ancaq
adı Ukraynanın "Qızıl kitab"ına
düşən ilk və yeganə yurddaşımız hələlik
dünyaca məşhur həkim Vaqif Rəhmanovdur. Tibb elmləri
doktoru, professor, Ukraynanın əməkdar həkimi və səmərələşdiricisi
Vaqif Məmməd oğlu (titulları saysız-hesabsız
olduğuna görə hamısını sadalamıram - müəllif)
Lerik rayonunun Günəşli kəndində dünyaya göz
açıb. Ədəbiyyatdan və dildən dərs deyən
bir pedaqoq-ziyalının ailəsində. Bu yaşayış
məskəni Lerik şəhərinin
yaxınlığında -meşənin içində,
magistral yolun üstündə yerləşir. Gələcək
nəhəng alimin uşaqlığı və yeniyetməliyi
zəngin, al-əlvan təbiətin qoynunda keçib.
Şübhəsiz, ətraf mühitin geniş çeşidli
bitki aləmi, saf ab-havası onun gələcək
sağlamlığının da təminatçısına
çevrilib.
Vaxtilə
Lerikdə Vaqif Rəhmanovun biologiya müəllimi olmuş
bitkişünas-alim Musa Bədəlovun xatirələrindən:
"Keçmiş şagirdimin uğurlarını həmişə
izləyirəm, bundan sonra da diqqətimdən yayınmayacaq.
Vaqif elə-belə adi sıradan olan alim deyil, o, talantlı,
yaradıcı alimdir. Get-gedə biliyini artırır, təcrübəsini
zənginləşdirir. Sözsüz, dərin zəkanı, dəmir
yaddaşı, möhkəm iradəni ona ilkin
yaşadığı kənd-kəsək verib, ətrafının
təbiət zənginliyi bəxş edib. Dünyanın hər
yerindən professor Rəhmanovun sorağı gəlir. Onun
adı ilə fəxr edirəm. Vaqif müəllim həmkarım,
mərhum Məmmədin oğludur. O kişinin özü də
Lerik müəllimlərinin ağsaqqalıydı.
Yaxınlarda dünyasını dəyişib. Təmkinli, səbrli,
sakit təbiətli Məmməd müəllim
düzlüyü ilə seçilirdi, heç kəsin qəlbini
qırmır, çöpünə toxunmurdu. Necə müəllim
olmuşam, özümü öyə bilmərəm, ancaq
böyük alim-filosof Vaqif Rəhmanovun Lerikə ayağı
dəyən kimi birinci məni axtarıb-tapır".
Nəhəng
Dnepr çayının iki şaxəyə
ayırdığı Dnepropetrovskda hamının dillər əzbəri
bir ünvan var: ailə və uşaq sağlamlığı
reabilitasiya-müalicə mərkəzi. Böyük şəhərdə
bu ocağı nişan verən kimi hər kəs dərhal əzbərdən
tanış ünvanı söyləyir. Məgər təkcə
ünvanımı? Xeyr, Boru-Prokat zavodunun
yaxınlığında yerləşən müalicə mərkəzini
"professor Rəhmanovun evi" adlandırır, ünvan
göstəriləndə dərhal Vaqif müəllimin də
adını-soyadını nişan verirlər. Həqiqətən
qürur duyulası faktdır. Ukraynada nazir postuna qalxan görkəmli
soydaşımız olub. Hələ heç kəs Vaqif Rəhmanov
qədər ölkə miqyasında və ondan xaricdə bu qədər
populyarlıq qazanıb, məşhurlaşmayıb.
İkimərtəbəli
köhnə binanı tamamilə təmir etdirən həkim-psixoterapevtin
rahatlığı yoxdur. Demək olar günü iki yerə
bölünür. Birinci hissəsini əsəb xəstəlikləri
xəstəxanasında keçirir. Dərmansız-filansız
hər gün şəxsi təşəbbüsü və
öz metoduyla onlarla ruhi düşgünə, həyatdan
tamamilə əlini üzmüş, psixoloji sarsıntı
keçirmiş, inamını itirmiş insana yardım əlini
uzadan Vaqif müəllim qeyri-adi, möcüzəvi müalicəsiylə
ailələrə sevinc bəxş edir. Günün ikinci
yarısında öz poliklinikası adlandırılan
reabilitasiya mərkəzində olur. Bu ünvana da yaşlı
insanlar gəlib-gedir. Həm faydalı məsləhət almaq üçün,
həm də müalicə kursu keçmək
üçün. Ancaq tanınmış professor burda əsasən
müxtəlif yaşlı uşaqların problemləriylə
məşğul olur: bu problemlər isə bir-iki deyil,
saysız-hesabsızdır. Qulağı eşitməyənlər,
gözü zəif görənlər, əsəbləri
tamamilə yerində olmayanlar, ümumi, fiziki inkişafdan qalan
balacalar mərkəzin daimi sakinləridir.
Mən
vaxtilə dünya şöhrətli Vaqif Rəhmanov
haqqında "İstedadın çətin yolu və ya
doktor Rəhmanov fenomeni" adlı kitab yazmışdım.
Burda bu azərbaycanlı balasının həm çətin
keçən uşaqlıq-gənclik dövründən, həm
də yenilikçi-novator həkim kimi fəaliyyətindən,
yetişdiyi mühitindən, təcrübəsindən, tibbi təhsildən
sonra təyinatla Naftalana yollanmağından, orda başına
açılan oyunlardan, xeyirxah şəxslərin sayəsində
Ukraynaya üz tutmasından bəhs etmişdim. Əlbəttə,
akademiklər, Rəhmanovun müəllimləri, təcrübəli
həkimlər, sadə insanlar fəaliyyətini yüksək
dəyərləndirir, müalicə üsullarını
fenomen adlandırırlar. Bütün bunlara isə o, gərgin
zəhməti və işgüzarlığı sayəsində,
yorulmaz axtarışları nəticəsində nail olub. Dəfələrlə
şəxsi müşahidələrimdə görmüşəm
ki, o, müalicə prosseslərində, xəstələrlə
davranışında orijinal, özünəməxsus yollar
axtarıb-tapır, nadir, ağlagəlməz metodlardan
yararlanır. Seansları da fərqlidir, başqalarını təkrarlamır.
O, həqiqətən Ukraynada "Vaqif Rəhmanov məktəbi"
yaradıb və indi çoxlu ardıcılları yetişib.
Bu məktəb dünya miqyasında tanınır.
Professorun
yanına təkcə ukraynalılar deyil, dünyanın hər
yerindən pansionatlar təşrif buyururlar. Ancaq etiraf edək
ki, Avropadan, ərəb ölkələrindən, Çindən
gəlib-gedənlər olsalar da, üstünlük MDB məkanının
yetirmələrinin tərəfindədir. Heç kəsi
peşiman qaytarmayan, ən ağır xəstələri belə
təsəllisi ilə ovudan, onlara ruh, inam bəxş edən
Ukrayna Pedaqoji Elmlər Akademiyasının və Nyu-York
Akademiyasının akademi Vaqif Məmməd oğlu "el
arasında Allah dərd də verib, dərmanın da məsəli
boş-boşuna yaranmayıb, sağalmayan azarlı yoxdur, sadəcə
səbəbini və mənbəyini tapıb ümidlə
müalicəyə başlamaq lazımdır" - deyir. O əlavə
edir ki, yanına yaşadığı ölkənin Xmelnitski
vilayətindən bir yeddi yaşlı məktəbli gətirmişdilər.
Ata-anası hər şeydən əlini
üzmüşdü, balaca qız uşağı o qədər
arıq idi, ayaq üstə durmağa taqəti
qalmamışdı. Onu Kiyevdə, Odessada görkəmli həkimlər
müayinə etmiş, müalicəsini tapa bilməmiş, səhv
aparmış, uşağı şikəstlik həddinə
çatdırmışdılar. Nəhayət, problemini
öyrənib, "Ya Allah" söyləyib müalicəsinə
girişdim. İki həftə ərzində əməyimin
effekti oldu və mən özüm də heyrətləndim.
Qız dirçəldi, ata-anasının sevincindən axan
göz yaşalarını heç vaxt unutmuram. İndi onuncu
sinif şagirdidir, tez-tez məktub yazır, şəkillərini
göndərir. Həkim üçün bundan
böyük xoşbəxtlik daha nə ola
bilər?
***
Bir
neçə il öncə professorun aforzmlərdən,
psixoloji-pedaqoji fikirlərindən fəlsəfi
düşüncələrindən ibarət "Müdrik
sözlər" (Mudrıe slova) kitabı çap üzü
gördü. Haqqında bir neçə kitablar
yazılan tibb aliminin bu sayca onuncu məqalələr, esselər
toplusuydu. Ümumiyyətlə isə
professor Rəhmanovun iki yüzdən çox elmi-publisistik
yazısı müxtəlif ölkələrdə nəşr
olunub. Bunların xeyli hissəsi onun təcrübələrinə
əsaslansa da, qalan hissəsi yenilikçi psixaterin elmi
baxışları, düşüncələridir. Yeni
kitabını Mark Namanovun (Dnepropetrovsk), Arkadı Filatovun
(Xarkov), Boris Saqaloviçin (Moskva), Vladimir Bazarovun (Kiyev),
Vladimir Rojnovun (Moskva), Natalya Linqarmın (Xarkov) və başqa
işıqlı şəxsiyyətlərin xatirəsinə həsr
eləmiş Vaqif müəllim "Müdrik sözlər"ə
ön və son söz yazmışdır. Nizami
Göydərəlinin və Nəriman Əhdürrəhmanlının
tərcüməsi-redaktorluğu altında bu maraqlı sirlər
xəzinəsi alimin vətənində Azərbaycanda kütləvi
tirajla çap edilmiş, yayılmışdır. Eyni
zamanda başlanğıcda Oles Qonçar adına Dnepropetrovsk
Milli Universiteti beynəlxalq münasibətlər fakultəsinin
dekanı, fəlsəfə elmləri doktoru, professor Aleksandr
Sergeyeviç Tokovenkonun giriş sözü də yer
almışdır. Bundan əlavə professor Tamara
Serafimovanın, psixologiya üzrə elmlər namizədi,
dossent Olqa Viktorovnanın, İzraildən evdar qadın Qalina
Tomşinanın, Almaniyadan Viktoriyanın, Böyük
Britaniyadan (London) Liliyanın, Finlandiyadan A.A. Samarodetskinin və
başqalarının kiçik rəyləri kitabda
verilmişdir.
Müdrik sözlərdən seçmə
nümunələr
Hər
bir psixoterapevtin öz musiqisi və öz ifaçıları
var.
***
Haçan
ki, həkimlər xəstələrinə kömək edə
bilmirlər, onlar başlayır nağıl və lətifə
danışmağa.
***
Həkimlər
30 yaşdan öyrənməyə başlayır, 40 yaşdan
ağlını və biliyini möhkəmləndirir, 50
yaşdan ehtiyatlı tərpənir, ağıllı addım
atır, 60 yaşdan müdrikləşir və yorulurlar.
***
Həkimin
dili dərmanla mübarizə silahıdır, mikrobdan virusadək
xəstəliklə mübarizədir.
***
Mən
özüm hardayam, xəstəm də ordadır -
saymalıdır həkim.
***
Nə
qədər ki, xəstəlik var, deməli, bir o qədər
də dərman və həkim var.
***
Xəstəlik
- oğrudur, quldurdur, düşməndir, insanın həyatını
alt-üst edir, bir gün isə mühakimə olunur.
***
Daha
çox ağrımalısan ki, möhkəm sağlam olasan.
***
O
insanlar ki, həqiqətən Allaha inanmırlar, onları
müalicə eləmək çətindir.
***
Uşaqlar
ən yaxşı tərbiyəçilərdir.
***
Əgər
hər hansı bir evdən kaşanın qoxusu gəlmirsə,
demək orda uşaq yoxdur.
***
Mənə
körpə göstərin, mən dərhal onun
anasını, nənəsini, nənəsinin anasını
göstərim.
***
Uşaqsız
gözəl həyat, ulduzsuz asimana bənzəyir.
***
Uşaqlar
valideynlərini o vaxt başa düşürlər ki, onda gec
olur.
***
Külək
- günəşin nəfəsidir, ay-nəvəsi və
anası, ulduzlar- göy aləminin uşaqlarıdır.
***
Ən
böyük həqiqət - uşağın göz
yaşı və üzündəki gülüş ifadəsidir.
***
Tale -
Allahın bəxş etdiyi lotereyadır.
***
Musiqi
bütün xalqların göz yaşlarıdır.
***
Yuxu
beynin istirahətidir.
***
Oğul-qardaş
deyil, qardaş-ata deyil, ata-qardaş və oğul deyil.
Ata -yer Allahıdır. Ana-bacın
və qızın deyil, qızın -anan deyil. Ana - itaət
yerin, səcdəgahındır.
***
Daş
ürək yoxdur, daş beyin var.
***
Ağıllı
adamlar ordadılar ki, biz orda yoxuq.
***
Ən
müdrik və böyük adam odur ki,
ancaq özünü inandıra bilir.
***
Allah
eşqi beynində, ürəyində və düşüncəndə
olmalıdır.
***
Professorun
ailəsini həkimlər ailəsi də adlandırırlar.
Çünki hər üç oğlu ali
təhsilli tibb mütəxəssisidir. Vaqif müəllimin iki
qardaşı da həkimlik təhsili alıb, biri öz yolunun
davamçısı, o biri stomatoloqdur, Dnepropetrovskda
klinikası var. Tez-tez ailəsi ilə Bakıya yolunu salan
yurddaşımız burdakı xəstələrinə
yardım əlini uzadır, valideynlərə faydalı məsləhətlər
verməkdən yorulmur. "Elm sonsuzdur, insan zəkası
və təfəkkürü də nəhayətsizdir" -
düşünən professor anadan olduğu Lerikin Günəşli
kəndinə baş çəkir. Təbiətin
heç nəyi əsirgəmədiyi bu mənzərəli
guşə uşaqlıq xatirələrini,
yoxuşlar-yamaclar, narzan bulaqların ətrafı, meşəiçi
ərazilər, talalar ayaq izlərini saxlayır.
Akademik
Vaqif Məmməd oğlunun mükafat kolleksiyası zəngindir.
Ukrayna komsomolu mükafatından tutmuş orden və
medallaracan yaxasını bəzəyir. Ötən il nəhəng alim, Azəribaycanımızın
fəxri, tibb sahəsində misilsiz nailiyyət göstərmiş
Vaqif Rəhmanova "Mahmud Kaşqari -1000" medalı
verilmişdir. Bu ödülə alim həm də
Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin
inkişafında göstərdiyi xidmətlərinə görə
verilib. Bu münasibətlə təntənəli mərasim
təşkil edən "Ukrayna Azərbaycanlıları Liqası"nın sədri Sərxoş İsmayılov
bildirmişdir.
-Vaqif
müəllim unikal alim, parlaq şəxsiyyətdir. O, bizim
diaspor təşkilatımızın ən fəal
üzvüdür. Təsadüfi deyil ki, yeganə
soydaşımızdır ki, adı Ukraniyanın
"Qızıl kitab"ına
salınıb. Bu, tarixi faktdır, fəxredici
misaldır. Adı Azərbaycanın
adı ilə qoşa çəkilir. "Mahmud
Kaşqari-1000" medalı məhz elə Vaqif Rəhmanov kimi
işıqlı insanlara düşür.
Ədalət.- 2018.- 6 iyun.- S.5.