AZƏRBAYCAN
CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA
QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
1918-ci il may ayının 28-də təsis
edilmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika
idi. O zaman ölkənin düşdüyü mürəkkəb
daxili və xarici vəziyyəti diqqətə alan
Milli Şura 1918-ci il 17 iyul tarixli qərarı ilə
bütün hakimiyyəti Fətəli xan Xoyskinin rəhbərlik
etdiyi hökumətə dövr etdiyini bəyan etdi.
Eyni zamanda Milli Şura həmin qərarı
ilə hökumət qarşısında hakimiyyəti qısa
zaman ərzində çağrılması nəzərdə
tutulan Müəssislər Məclisindən başqa kimsəyə
güzəştə getməmək vəzifəsini qoyurdu. Azərbaycan Cümhuriyyəti Milli
Şurasının elə həmin tarixdə verdiyi "Müvəqqəti
hökumətin hüquq və öhdəlikləri"
haqqındakı qərarında Müvəqqəti hökumətin
dövlət müstəqilliyini və mövcud siyasi
azadlıqları ləğv etmək, aqrar sahədə və
bu qəbildən olan digər əhəmiyyətli məsələləri
əhatə edən inqilabi məzmun kəsb edən qərarları
istisna etməklə digər bütün məsələlər
üzrə isə qərar vermək səlahiyyətinin
olduğu təsbit olunur, hökumət üzərinə 6
ayı əhatə edən zaman ərzində Müəssislər
Məclisini çağırmaq öhdəliyi qoyulurdu. Lakin istiqlaliyyət elan edildikdən sonra baş verən
fövqəladə hadisələr, xüsusən də
ölkə ərazisinin düşmənlərdən təmizlənilməsi,
torpaq bütünlüyünün bərpası istiqamətində
son dərəcə vacib və təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsi zərurəti Müəssislər
Məclisinə seçkilərin nəzərdə tutulan
müddətdə həyata keçirilməsini
mümkünsüz edirdi.
Müəssislər Məclisinə
seçkilərin vaxtında keçirilməsinə mane olan
amillərdən biri də seçki qanununun olmaması və
bu səbəbdən də seçkilərin hansı prinsip və
formatlar əsasında keçirmək məsələlərinə
aydınlıq gətirilməməsi ilə əlaqədar idi. Bununla belə, Cümhuriyyətin
fəaliyyətinin təşkili və onun dünya dövlətləri
tərəfindən tanınmasına nail olmaq
üçün parlamentin fəaliyyətə başlaması
günün tələbindən doğan zərurət idi.
Azərbaycan Cümhuriyyəti hökuməti bu
zərurəti nəzərə alaraq, Müəssislər Məclisinə
seçkilərəqədərki dönəm
üçün qanunvericilik fəaliyyətini həyata
keçirmək məqsədilə 1918-ci ilin noyabr
ayının 20-də "Azərbaycan Məclisi-Məbusanının
Təsisi" haqqında qanun qəbul edir. Azərbaycanın ilk parlamentinin tarixi ilə
bağlı nəşr edilmiş bir sıra əsərlərdə
sözügedən qanunun noyabr ayının 19-da qəbul
edildiyi göstərilir. Lakin problemə aid
nəşr edilmiş tarixi qaynaqlarda "Azərbaycan Məclisi-Məbusanının
Təsisi" haqqındakı qanunun qəbul edildiyi tarix kimi
1918-ci ilin noyabr ayının 20-i qeyd olunur. Sözügedən
qanun 1918-ci lin dekabr ayının 7-dən
1920-ci il aprel ayının 27-dək olan müddət ərzində
Azərbaycan Cümhuriyyətində qanunverici hakimiyyəti həyata
keçirən orqanın formalaşmasının əsaslarını
özündə əks etdirirdi.
Həmin qanunda Azərbaycan parlamentinin (Məclisi-Məbusanının)
120 üzvdən (əzadan) ibarət tərkibdə təsis
ediləcəyi və onun Azərbaycan Müəssislər Məclisi
çağrılanadək fəaliyyət göstərəcəyi
qeyd edilirdi. Məclisi-Məbusanın
say tərkibinin məyyən edilməsi zamanı əvvəllər
Cənubi Qafqazın müsəlman əhalisi tərəfindən
dörd müxtəlif siyasi firqə tərəfindən Rusiya
Müəssislər Məclisinə seçilmiş 14 nəfər
saxlanılmaqla genişləndirilmiş siyahı üzrə
sayı 44 nəfərədək artırılmış və
Cənubi Qafqaz Seymində təmsil olunaraq Azərbaycan Milli
Şurasını təşkil etmiş üzvlərindən,
eləcə də Azərbaycanın əyalətlərində
əvvəldən fəaliyyət göstərən müsəlman
komitələri tərəfindən, azlıq təşkil edən
millətlərin öz aralarından və nəhayət,
Bakı Həmkarlar Şurası ilə ticarət, sənaye
sovetləri ittifaqından seçilmiş təmsilçilərdən
ibarət heyətdə formalaşdırılması nəzərdə
tutulmuşdu.
Həmin qanuna əsasən, əvvəlcədən
müəyyənləşdirilmiş 44 nəfərdən əlavə
daha 76 nəfər parlament üzvünün müəyyənləşdirilməsi
lazım idi ki, bu zaman ölkənin demoqrafik vəziyyəti, əhalinin
milli və dini mənsubiyyəti məsələləri əsas
götürülərək, hər 24.000 nəfər əhali
üçün təmsilçi olaraq bir məbusun (parlament
üzvünun) seçilməsi nəzərdə tutulurdu. Həmin
dövrdə Qafqaz təqviminə ("Kavkazskiy
kalendarğ" - 1845-ci ildən 1916-cı ilədək olan
dövr ərzində Rusiya İmperiyasında çap edilən
Qafqaz haqqında illik məlumat-sorğu nəşri) əsasən,
Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində 2.750.000 nəfər
əhali yaşayırdı və elə həmin qaynaqda yer alan statistik məlumatlara əsasən, onlardan
1.900.000 nəfəri müsəlmanlardan, 500.000 nəfəri
ermənilərdən, 230.000 nəfəri ruslardan ibarət
idi. Bu statistik göstəricilərə və "Azərbaycan
Məclisi-Məbusanının Təsisi" haqqındakı
qanunun tələblərinə əsasən, hər məbusun
24.000 nəfər əhalini təmsil etməli olduğu nəzərə
alınaraq, ölkənin müsəlman əhalisinin 80, ermənilərin
21, rusların 10, almanların 1, yəhudilərin 1 məbusu Məclisi-Məbusana
göndərmək hüquqlarının olduğu təsbit
edilirdi. Qanunda ölkə ərazisində
yaşayan, azlıqda olan "digər xırda millətlər"in
isə sayca miqyas təşkil edəcək dərəcədə
olmadıqları qeyd olunmuşdur. Bununla
belə, gürcü və polyakların digər azlıq təşkil
edən millətlərə nisbətən sayca üstunluk təşkil
etmələri nəzərə alınaraq, istisna kimi
onların (gürcü və polyakların) hər birinin məclisə
bir nümayəndə göndərmələri mümkün
hesab edilirdi.
Bu qaydaya müvafiq olaraq, azlıq təşkil
edən xalqlar onları təmsil edəcək bütün
nümayəndələri, müsəlman əhalisi isə
onları təmsil edəcək 36 nəfəri seçərək
Məclisi-Məbusana göndərməli idilər. Çünki artıq yuxarıda da qeyd
etdiyimiz kimi, sözügedən qanunla müsəlman əhalini
təmsil etməli olan 80 nəfər nümayəndədən
44 nəfəri, hansılar ki, əvvəllər Cənubi
Qafqaz Seymində təmsil olunmuşdular, onlar Azərbaycan
Cümhuriyyəti Məclisi-Məbusanına birbaşa mandat əldə
etmiş hesab olunurdular.
Milli Şuranın əsaslı üzvlərini təşkil
edən və Məclisi-Məbusana birbaşa mandat əldə
etmiş həmin 44 üzvdən birinin istefa verməsi, vəfat
etməsi və yaxud da başqa səbəbdən dolayı məclisi
tərk etməsi halında onun yerinə siyahısına daxil
olduğu firqə tərəfindən başqa birisi təyin
edilməli idi. Sözügedən qanuna əsasən,
müsəlman əhalini təmsil etməli olan nümayəndələrin
gizli səsvermə yolu ilə seçilmələrinə qərar
verilirdi. Bu zaman Bakı şəhərindən
seçiləcək 5 nəfər Bakı bələdiyyəsinin
müsəlman üzvü, digər şəhərlərdən
seçiləcək nümayəndələr, müsəlman
milli komitələri, uyezdləri (mahalları) təmsil edəcək
şəxslər isə uyezd (mahal) milli komitələri tərəfindən
seçiləcəkdilər. Bələdiyyə
təşkilatı və milli komitələri olmayan qəzaları
təmsil etməli olan nümayəndələrin hər
icmadan bir nümayəndə göndərilmək yolu ilə
formalaşırılacaq icma nümayəndələrinin heyətləri
sırasından təyin edilmələri mümkün hesab
edilirdi. Qanunda fövqəladə hal vəziyyəti
tətbiq edilən yerləri təmsil etməli olan nümayəndələrin
Milli Şura tərəfindən təyin edilməsi nəzərdə
tutulurdu. Seçki prosesinin təşkili və
keçirilməsinə nəzarət şəhərlərdə
bələdiyyə sədrlərinə, uyezdlərdə
(mahallarda) mirovoylara və ya onların müavinlərinə,
azlıq təşkil edən millətlərin isə milli
şura sədrlərinə həvalə edilir və onlardan
nümayəndə sifətilə təqdim etdikləri şəxslərə
şəxsi imzaları ilə təsdiq edilmiş təqdimat və
etimadnamələr vermələri istənilirdi.
Qanunda Məclisi-Məbusanda ölkənin müsəlman
əhalisini təmsil edəcək 80 nümayəndədən
36 nəfərinin ölkənin paytaxtı Bakı şəhərindən,
İrəvan və Tiflis vilayətlərinin Azərbaycan Xalq
Cümhuriyyətinin ərazisinə aid hissələrindən
və o cümlədən ölkənin ərazi-inzibati
sturukturuna daxil olan digər ərazi-inzibati vahidlərindən
seçilməsi nəzərdə tutulurdu. Bu
bölgüyə müvafiq olaraq, Nuxa (Şəki) qəzasından
2 nəfər (biri şəhərdən, digəri isə
mahaldan olmaqla) nümayəndənin seçilərək, Azərbaycan
Cümhuriyyəti Məclisi-Məbusanına göndərilməsi
nəzərdə tutulurdu. Yeri gəlmişkən
qeyd etmək məqsədəuyğun olardı ki, Nuxa qəzası
inzibati-ərazi vahidi kimi 1840-cı ildə təsis
edilmişdir və mərkəzi Nuxa şəhəri idi.
Bu qəza inzibati-ərazi vahidi kimi 1929-cu ilədək
mövcud olmuşdur.
Qəza rəsmi sənədlərdə bəzi
dönəmlərdə Nuxa, bəzi dövrlərdə isə
Şəki qəzası adlandırılmışdır. Məsələn, qəza
1840-1846-cı illərdə "Şəki qəzası",
1846-1918-ci illərdə isə "Nuxa qəzası"
adlanmışdır. 1918-1929-cu illərə
aid tarixi qaynaqlarda qəzanın həm "Nuxa qəzası"
və həm də "Şəki qəzası" şəklində
adının keçdiyini görürük. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə
aid rəsmi sənədlərdə həmin qəzanın
adının hər iki formada, daha çox isə "Şəki
qəzası" formasında əks olunduğunu
müşahidə edirik ki, bu səbəbdən də təqdim
olunan məqalədə hər iki istilahdan istifadə
edilmişdir.
Nəhayət, bütün bu
hazırlıqlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin təsisindən
təxminən 6 ay sonra 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan
Cümhuriyyəti Məclisi-Məbusanının (parlamentinin)
ilk yığıncağı keçirildi. Fəaliyyətdə olduğu 7 dekabr
1918-ci il tarixindən 27 aprel 1920-ci il tarixədək
olan 16 ay 20 günlük müddət ərzində Məclisi-Məbusanın
ümumilikdə 145 iclası
çağırılmışdır. Həmin
iclaslardan dördü təntənəli, ikisi tarixi, ikisi
fövqəladə, 122-si isə işgüzar iclaslar
olmuşdur. Qalan 15 iclas yetərsay
olmadığından baş tutmamışdır. Məclisi-Məbusanın fəaliyyəti
dövründə sosial-iqtisadi problemlərin həllinə
yönəlik və dövlət quruculuğunun bütün
sahələrini əhatə edən ümumilikdə 127 qanun qəbul
edilmişdir.
Yuxarıda haqqında söhbət
açdığımız "Azərbaycan Cümhuriyyəti
Məclisi-Məbusanının Təsisi" haqqındakı
1918-ci il 20 noyabr tarixli qanunun tələblərinə
uyğun olaraq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına
Şəki şəhər idarəsi tərəfindən
namizədliyi irəli sürülmüş - Abdulla bəy
Əfəndizadənin və qəza tərəfindən namizədliyi
irəli sürülmüş Qərib Kərimoğlu Kərimovun
etibarnamələri Məclisi-Məbusanın 1918-ci ilin dekabr
ayının 15-də keçirilmiş 3-cü iclasında təsdiq
edilmişdir.
(ardı gələn sayımızda)
Vüsal Baxışov
Şəki
Ədalət.-2018.-7
iyun.-S.7.