SƏNƏTİN
AZƏR XANLAROĞLU HƏQİQƏTİ
Ötən ilin sentyabrında Azərbaycan aşıq
sənətinin sonuncu nəhənglərindən olan Ədalət
Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar
Rüstəmov kimi ustad sənətkarlarımız
dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə
öz dəst-xətləri ilə seçilən, hələ
bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə
xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər
Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi
bir neçə ay ərzində aşıq sənəti
böyük itkilərlə üzləşdi.
Sazın-sözün böyük cəfakeşi, özü də
bu dünyadan vaxtsız getmiş Xalq şairi Zəlimxan Yaqubun
sözləri ilə desək, bu sənətkarların
varlığından "nə qazandı, sazın
ömrü qazandı, nə itirdi, Azərbaycan itirdi!"
Bu sənətkarların hər birinin
dünyalarını dəyişməsi sənət
üçün, bütövlükdə mədəniyyətimiz
üçün böyük itkidir. Azər Xanlaroğlunun
vaxtsız ölümü isə doğmaları,
yaxınları ilə yanaşı, bütün sənətsevərlərin
qəlbini ikiqat göynətdi. Həmin gün təkcə Azəri
yox, Xanlar Məhərrəmovu da yenidən itirdik sanki... O
Xanları ki, şirin ləhcəsi, xoş avazı ilə
zili bəmə, bəmi zilə bağlayıb könüllər
ovsunlayardı. Yaxın dostu və sənətinin vurğunu,
vurduğu xalların, güllərin heyranı olan Zəlimxan
Yaqub da nahaqdan demirdi ki, "ya saz öldürəcək, ya
Xanlar məni". Həmin gün bir ailə ikinci
böyük itkisi ilə üzləşir, sənət
mülkü son iyirmi ildə bir ailədən
çıxmış ikinci böyük sənətkarla
vidalaşırdı.
Amansız ölüm
"havacatdan zəri, saz
adlı səngəri, dağ kimi ləngəri" olan
Xanları da vaxtsız almışdı əlimizdən.
Amma heç olmasa onda bir
təsəllimiz - Aşıq Xanlar ocağının
və sənətinin davamçısı Azər vardı. Elə
o vaxtlar Zəlimxan Yaqub da Azərin gələcəyinə
böyük ümid bəsləyərək
yazırdı: "Bu gün
mənim üçün ən böyük təsəlli odur
ki, Xanların ocağı sönmədi. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xanlaroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə,
çox ləyaqətlə davam etdirir. Hər dəfə
Azərə qulaq asanda
gözümün yaşını saxlaya bilmirəm. Xanlar gəlir
durur gözlərimin qabağında. Boyu-buxunu da,
çalğısı-havacatı da, ləngəri-təmkini
də Aşıq Xanlardı ki,
Aşıq Xanlardı". Və Zəlimxan Yaqub bunu bir
ata üçün,
sənətkar üçün böyük xoşbəxtlik sayır,
Aşıq Xanları da sözün
əsl mənasında xoşbəxt taleli
sənətkar adlandırırdı. Aşıq Xanlar bir ata
və sənətkar ömrünü
övladının - Azərin ömründə yaşayırdı.
Azər sənətdə çox erkən parlamış, bənəzərsiz
ifası ilə sənətsevərlərin könlünə yol tapmış və hamıya məlum həqiqəti
bir daha sübut etmişdi ki, doğrudan da, ustad oğlu
şəyird olmaz. Qısa
müddətdə istedadlı solo-saz
ifaçısı kimi Azərbaycanda məşhurlaşmış,
sorağı ölkəmizin hüdudlarını
aşmışdı. Gənc aşıqlar arasında
özünəmxsus bənzərsiz ifası ilə fərqlənir,
təkcə Azərbaycanda yox, həm də
Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə
də tanınıb sevilirdi.
Respublikamızda
keçirilən bir çox
müsabiqələrin qalibi və
laureatı olan Azər Xanlaroğlu
son onillikdə ölkəmizdə
keçirilən aşıq festivalları və digər rəsmi
tədbirlərdəki uğurlu
çıxışları ilə geniş
tamaşaçı və dinləyici kütləsinin rəğbətini
qazanıb, dəfələrlə Azərbaycan
aşıq sənətini xarici ölkələrdə,
o cümlədən UNESCO səviyyəsində
keçirilən tədbirlərdə layiqincə təmsil etmişdi. Azər Xanlaroğlu
2008-ci ildən eyni zamanda
Azərbaycan Aşıqlar Birliyi İdarə
heyətinin üzvü idi
və Birliyin həyata keçirdiyi
bütün tədbirlərdə
yaxından iştirak edirdi.
Azəri
sevdirən istedadı, sənətdə özünəməxsusluğu
- könüllərə od vuran sazı, hər havada vurduğu zərif xallar və
incə döndərmələrlə yanaşı, həm də
onun səmimiliyi, təvazökarlığı,
böyük-kiçik yerini
bilməsi, dünya malında gözü olmaması idi. Özünün və sözünün yerini bilən idi, heç vaxt sənəti ucuz tutmazdı. Son illərdə
səhhətində problemlər olsa da, mümkün qədər
öz ağrılarını
başqalarına yük etməməyə
çalışırdı. Həmişə şən, pozitiv əhval-ruhiyyədə görsənirdi.
Amma xəstəlik öz
işini görməkdəydi. Gördü
də... 2018-ci il may
ayının 12-də Azərsevərlər üçün
səhər qara xəbərlə
açıldı. O gün sənət
bağçasının güllərini şaxta
vurdu, şirin
avazı ilə könüllər oxşayan
bir bülbülün
ötən səsi, sazımızın şah
pərdəsi qırıldı, tellər, simlər "Azər
bu dünyadan köçdü" deyib,
haray çəkdi. Amma
Azər sadəcə dünyasını dəyişdi, ölmədi,
ölümsüzlüyə qovuşdu.
Çünki onun ömrü ölməz
olan bir sənətin ömrüdür, gündən-günə
çeşmələnən, çaylanan
bir danılmaz həqiqətin ömrüdür! Həqiqət isə heç zaman ölmür. Sənətin Azər Xanlaroğlu həqiqəti də zaman-zaman yaşaycaq.
Musa NƏBİOĞLU
Azərbaycan
Aşıqlar
Birliyinin katibi,
Əməkdar
Mədəniyyət İşçisi
Ədalət.-2018.-7 iyun.-S.6.