DOYA
BİLMİRLƏR
Ağakişi Kazımov
Xalq artisti, professor
Bu sənətkarların birinin bu il 80 yaşı, o
birisinin 74 yaşı tamam olur. Buna baxmayaraq hər ikisi
şux, işgüzar, sənətə, teatra böyük məhəbbətlə
xidmət etməyi sevirlər və öz fəaliyyətlərində
bunu davam etdirirlər. Hər dəfə öz yeni rolları
ilə tamaşaçıları sevindirməyə can
atırlar və demək olar ki, həmişə öz məqsədlərinə
nail olurlar. Düz 46 il bundan qabaq o zaman gənc olan bu
oğlanlar mənim Azərbaycan Dövlət Akademik Dram
teatrında rejissor kimi hazırladığım N.Dumbadzenin
"Darıxma, ana!" pyesinin tamaşasında iştırak
edirdilər. Biri Sərhədpozan rolunda, o biri Kukuri. Hələ
o vaxt böyük ümidlər vəd edən bu gənclər
sonralar doğrudan da Azərbaycan teatrının görkəmli
aktyorlarına çevrildilər. İndi onların hər
ikisi respublikanın xalq artistləridi, hər ikisi prezident təqaüdçüləridi,
biri Şörət ordenli, o birisi isə Dövlət
mükafatı laureatıdır.
Şöhrət ordenli Rafik
Əzimov dram teatrında
1962-ci ildən işləyir. 100 yaxın
rollar oynamışdır.
Xarakterik
və satirik rollar ustası kimi geniş tamaşaçı kütləsinin
hüsnrəğbətini qazanmışdır.
Rafik Əşrəf oğlu Əzimov teatra qəbul olunandan sonra çox qızğın fəaliyyətə
başlamışdır. Onun "Cehizsiz qız" tamaşasındakı Karandaşev
rolu çox yüksək profesionallıqla
nümayiş etdirilirdi.
Mənim bir rejissor kimi hazırladığım
İ.Əfəndiyevin "Qəribə oğlan"
tamaşasında Əhmədcan,
B.Vahabzadənin "Özümüzü
kəsən qılınc"
əsərində Mubi
Tərxan, "Dar ağacı"nda,
İbn Tahir, "Rəqabət"də Səttar
rollarını da Rafik Əzimov çox yüksək sənətkarlıqla ifa etmişdir.
Sənətdən doymayanlardan biri də Hacı
İsmayılovdur. Rafiqə nisbətən o, Dram teatrına işə qəbul olana qədər bir çox yerlərdə işləmişdir. İlk sənət
addımını Azərbaycan
teatr institutunu bitirəndən sonra İrəvanda açılmış
Azərbaycan teatrında
atmışdır. Ordan qayıdandan
sonra Sumqayıtda açılmış yeni
Musiqili Dram teatrına
qəbul olmuş və orda M.F.Axundovun
"Müsyö-Jordan və
Dərviş Məstəli
Şah" pyesində
Dərviş Məstəli
Şah rolunu oynamışdır.
Hacı İsmayılov xarakterik rollar ustasıdır və butun obrazlarında sadə və realdır. Realizmə sadiqliyi və
burdan yaranan xüsusi oyun üslub vasitələri onun yaradıcılığına
əvəzedilməz çalarlar
verirdi. 1970-ci ilin fevral ayından
dram teatrında işləməyə
başlamış H.İsmayılov
bu teatrın səhnəsində həm
milli, həm də əcnəbi dramaturqların əsərlərində
yaddaqalan obrazlar yaratmışdır.
"Darıxma, ana!"
tamaşasından sonra
mən onunla B.Vahabzadənin "Dar ağacı"
faciəsində İbn
Zeyid, "Özümüzü
kəsən qılınc"da
Yanq Çunq, "İkinci səs"də
Şükür bəy
və nəhayət heç vaxt unuda bilmədiyim Tatar əsəri "Alın yazısı"nda Əlməndər
obrazını işləmişəm.
Həm R.Əzimov, həm
də H.İsmayılov
teatrla yanaşı bir çox filmlərdə çəkilmişlər.
Rafik Əzimov "Yeddi oğul istərəm" filimində
və "Arxadan vurulan zərbə" filimində tamaşaçıların
sənətkar kimi diqqətini cəlb etdisə, Hacı İsmayılov "Ad günü",
"Həm ziyarət,
həm ticarət"
filmlərində Mustafa rolu
ilə boyük şöhrət qazandı.
Həm teatrda, həm kinolarda, həm televiziya tamaşalarında daima məşğul olan Rafik Əzimov və Hacı İsmayılov sənət
eşqindən doymurlar.
Son iki ildə
onlar Teatr Xadimləri İttifaqının
M.Mərdanov səhnəsində
Mərdənovun gündəlikləri
əsasında çox
maraqlı tamaşa hazırladılar.
Lap bu yaxınlarda
isə Xarvat yazıçısı və
dramaturqu Qarvan Mironun "Qəribə, çox qəribə, əhvalat" əsərini
dram teatrının A.M.Şərifzadə
adına kiçik səhnəsində
tamaşaya hazırladılar
və sənətsevərlərin
mühakiməsinə buraxdılar.
Bir hissəli komediya olan bu
qəribə əhvalat
bir-birinə oxşayan
iki kişinin bir qadın tərəfindən aldadılmasından,
hər ikisi ilə ailə quraraq yaşamasından bəhs edir. Bu qadının
adı Draqesadı.
Jargets-Hacı İsmayılov
bu qadınla Kreşe-Rafik Əzimovdan bir il qabaq tanış olmuşdur.
Vaqon bələdçisi olan Draqesa bu
kişilərin birini evi təmizləmək üçün o birisini isə ləziz xörəklər bişirmək
üçün aldadıb
əlində saxlamışdır. Sənətkarlar öz rollarını
olduqca təbii inandırıcı bir şəkildə ifa edirlər.
Bir-biri ilə dalaşmağa hazır olan bu obrazlar
axırda sülh bağlayırlar. Bu söhbət barəsində Draqesə bir söz deməməklə
hər şeyin olduğu kimi qalmasının razılığına
gəlirlər.
Tamaşanın rejissoru Əlif Cahangirlinin və rəssam Nazim Bəykişiyevin uğurlu işini də qeyd etməmək
mümkün deyil. Rejissorun ən çox xoşa gələn
cəhəti budur ki, sənətdən, səhnədən doya bilməyən iki məşhur xalq artistinin ifalarına mane olmamışdır.
Ədalət.- 2018.- 7 iyun .- S.6.