AZƏRBAYCAN CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Oturanlar: Sağdan: Hacıbala bəy Nağıbəyov, Abdulla bəy Əfəndizadə, Salman Mümtaz, Gəncə qubernatoru, Məmmədtağı bəy Nağıbəyov, Rəşid bəy Əfəndiyev, vəkil Mustafa bəy

 

(əvvəli ötən sayımızda)

 

Azərbaycan dövlətçiliyinin qalalarından biri olan Şəki əhalisi Azərbaycan Cümhuriyyətinin təsisi ilə milli dövlətçilik ənənələrimizin bərpasını, tarixdə ilk parlamentimizin fəaliyyətə başlamasını böyük ruh yüksəkliyi ilə qarşılamış, cümhuriyyətimizin inkişafı üçün fəal vətəndaş mövqeyindən çıxış etmişlər. Azərbayan Cümhuriyyəti Məclisi-Məbusanının açılışı ilə əlaqədar Nuxa (Şəki) qəzası qaimməqamı Rəfibəyovun təbrik məktubundan bir iqtibasa diqqət yetirək: "Azərbaycan parlamanının tarixi güşadı gününü Şəki əhalisi təbrik etməklə gələcəkdə xəlq hüququ yolundakı fəaliyyətində müvəffəqiyyət diliyor. Şəki əhalisi sevgili Azərbaycanın istiqlaliyyəti və hüququ yolunda heç bir müavinətdən çəkinməyəcəkdir". Cümhuriyyətin ilk parlamentinin fəaliyyətə başlamasını böyük tarixi addım kimi dəyərləndirən Şəki bələdiyyə rəisi Yeluseyski, istiqlalımızın qısa zaman ərzində Avropa dövlətləri tərəfindən tanınmasını arzu edir. "Yeni dünyaya gəlmiş Azərbaycan Cümhuriyyətinin parlaman güşadı kibi tarixi bu addımını təbrik ediyorum. İşbu addım sevgili vətənimiz və əzmi-islam millətinin istiqbalı rəhnidir, qoy müəzzəm Avtopanın fulad (polad) qələmi istiqlalımızı təsdiq etsin".

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən nümayəndə, milli azadlıq hərəkatının fəallarından olan Qərib Kərimoğlu Kərimov 1870-ci ildə indiki Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş və 1926-cı ilin oktyabr ayının 10-da həmin rayonun Padar kəndində vəfat etmişdir. Çox təəssüf ki, təqdim edilən məqalə üzərində tədqiqatlar aparılan zaman çoxsaylı axtarışlarımıza baxmayaraq, Qərib Kərimoğlu Kərimovun həyatı və siyasi fəaliyyətinə dair geniş bilgi əldə edə bilmədik. Belə ki, Azərbaycan Məclisi-Məbusanının fəaliyyətinin tədqiqi üçün əsas tarixi qaynaq olan Cümhuriyyət Parlamentinin iclas protokolları və stenoqrafik hesabatlarında Qərib Kərimoğlu Kərimovun bir məbus (parlament üzvü) kimi fəaliyyətinə dair hər hansı bir məlumata rast gəlmirik. Yalnız Məclisi-Məbusanın 1920-ci ilin mart ayının 11-də keçirilmiş 133-cü iclasının stenoqramı ilə tanış olan zaman iclasa sədirlik edən Məhəmməd Yusif Səfərovun məbus Kərimovun xəstəlik səbəbli məclis sıralarından istefa verməsinə dair teleqramını parlament üzvlərinin nəzərinə çatdırması haqqındakı qeydlə rastlaşırıq. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın üzvü olmuş şəxslər sırasında Qərib Kərim oğlu Kərimovdan başqa digər Kərimov soyadını daşıyan şəxs olmadığından güman edə bilərik ki, məclis sıralarından səhhəti səbəbli istefa vermiş şəxs məhz o olmuşdur. Qeyd edilmişlərlə yanaşı, ümid edirik ki, gələcəkdə bu gün toxunduğumuz məsələ ilə əlaqədar davam etdirməyi düşündüyümüz daha geniş və əhatəli axtarışlarımız nəticəsində Qərib Kərimoğlu Kərimovun fəaliyyətinə dair yeni məlumatlar əldə etməyə müvəffəq olacağıq.

Tədqiqi olunan dövrə aid tarixi qaynaqlarda Azərbaycan Məclisi-Məbusanına Şəki şəhərindən seçilmiş Abdulla bəy Əfəndizadənin həyatı, onun görkəmli maarifçi və ictimai-siyasi xadim kimi fəaliyyətinə dair olduqca zəngin məlumatlar yer almaqdadır. Abdulla bəy Əfəndizadə 1873-cü ilin mart ayının 3-də Şəki şəhərində anadan olmuşdur. Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil aldıqdan sonra təhsilini Gəncə Mixaylov Sənət məktəbində davam etdirmiş, burada bağçılıq və ipəkçilik peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə Şəkidə müəllim kimi başlamışdır. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər İnstitutuna daxil olmuş və 1899-cu ildə bu təhsil müəsissəsində təhsilini tamamladıqdan sonra elə həmin ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. O, 1906-cı ildə Şəkidə əhaliyə savadvermə kurslarının açılmasının əsas təşəbbüskarlarından biri olmuşdur. Dövrünün görkəmli pedaqoqlarından və ictimai fəallarından olan Abdulla bəy Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında iştirak etmişdir. Həmin qurultayın qərarına əsasən, ana dilində tədrisin təşkilinə dəstək vermək məqsədilə Krıma getmişdir. Krımdan döndükdən sonra Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdikləri yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirmişdir.

O, pedaqoji fəaliyyətlə yanaşı ədəbi yaradıcılıqla da məşğul olmuş, "Rüstəmin yuxusu" (1906), "Şagirdlərə hədiyyə" (1914) kitablarını nəşr etdirmişdir. Onun 1906-cı ildə əvvəl "Dəbistan" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "Rüstəmin yuxusu," adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M.Ə.Rəsulzadə resenziya (elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy) yazmışdır ki, bu da Abdulla bəy Əfəndizadənin ədəbi yaradıcılığına verilmiş böyük dəyərin təzahürü kimi qiymətləndirilə bilər: "Bu mənzumə biz müsəlmanların məişətimizdə ən nazik və ən ağrılı dərdimiz olan dəstəbazlıq və qoçubazlığın bina və əslini və millətimiz arasında cəhl və nadanlıq ucundan cüzi bir şeyin üstə (ki, özgələri o barədə bir-birilərinə söyüş belə deməzlər) özlərini həlakət və fəlakətə sövüq edib böylə bir hərəkəti-dənaətkaranənin adını namus və qeyrət qoyanların biləsəf iştimallarını (əhatə etmək) gözəl bir tərzdə tənqid ediyor. Bu əsər qayət asan bir dil ilə yazılıb "mütəzad" surəti şeriyyəsi ilə tənzim edilmişdir". Sözügedən resenziyadan "Rüstəmin yuxusu" adlı əsərin çap edildiyi kitabda müəllifin başqa bir neçə məqaləsinin də nəşr olunduğu aydın olur və Məhəmməd Əmin bəy Abdulla bəy Əfəndizadənin yaradıcılığına yüksək dəyər verərək "bunların mütaliəsi müsənnif cənablarının gözəl bir hekayənəvis ola biləcəyini aşkara göstəriyor" tərzində münasibət bildirir. 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!" adlı kitabçası nəşr edilmişdir. Həmin kitabçada müəllifin qələmə aldığı "Növhə", "Ümid", "Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq" və "Qafqaza dəvət" şeirlərləri yer alır.

Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə "Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza (SMOPK)" məcmuəsində çap etdirmişdir. Qeyd edilənlərdən göründüyü kimi, Abdulla bəy Əfəndizadə zəngin tərcümeyi-hala malik olmaqla, demək olar ki, bütün sahələrdə öz bilik və bacarıqlarını xalqının maariflənməsi, onun rifah halının yüksəldilməsinə xidmətə həsr etməyə səy göstərmişdir.

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının iclas protokolları və stenoqrafik hesabatları ilə tanışlıq zamanı Abdulla bəy Əfəndizadənin parlamentin fəal üzvlərindən biri kimi onun müxtəlif komissiyalarının işində iştirak etməsinin, əksər plenar iclaslarda beynəlxalq siyasi məsələlərdən tutmuş dövlət quruculuğu, təhsil, səhiyyə, büdcə və s. problemlərə dair məruzə və çıxışlar etməsinin, çoxsaylı təkliflər irəli sürməsinin şahidi oluruq. Abdulla bəy, eyni zamanda Məclisi-Məbusanın bir neçə - "Məclisi-Müəssisan", "Ləvazim", "Maliyyə-Büdcə" komissiyalarının üzvü idi. Məclisi-Məbusanın stenoqrafik məlumatları ilə tanış olarkən onun "Maliyyə-Büdcə" komissiyasının işində daha fəal iştirak etdiyini, komissiyanın icraatında olan və müzakirə üçün məclisə təqdim olunan layihələrin əksəriyyətinin məruzəçisi olduğunu görürük.

Fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında 11 fraksiya fəaliyyət göstərmişdir ki, həmin fraksiyalardan biri də Abdulla bəy Əfəndizadənin tərkibində 1918-ci ilin dekabr ayının 7-dən 1919-cu ilin noyabr ayının 1-dək olan müddət ərzində fəal fəaliyyət göstərdiyi "Əhrar" fraksiyası idi. Məclisi-Məbusanın 1919-cu ilin noyabr ayının 1-də təşkil edilmiş 91-ci iclasında Abdulla bəy Əfəndizadənin "Əhrar" fraksiyasıyasını tərk etməsinin bəyan edildiyi ərizəsi məbusların nəzərinə çatdırılır. Həmin ərizəsində Abdulla bəy ərizəni təqdim etdiyi bu gündən etibarən "Əhrar" fraksiyasını tərk etdiyini, hələlik hər hansı bir parlament fraksiyasına qoşulmadığını və siyasi fəaliyyətini sol bitərəf kimi davam etdirəcəyini bildirir.

O, 1 noyabr 1919-cu il tarixdən 27 aprel 1920-ci ilədək davam edən zaman ərzində parlamentdə müstəqil solçu kimi fəaliyyət göstərir. Burada diqqət çəkən məqamlardan biri də Abdulla bəyin "Əhrar" fraksiyasını tərk etdiyinə dair ərizəsini məclis üzvlərinin nəzərinə çatdıran parlamentin 1 noyabr 1919-cu il tarixli 91-ci iclasına sədrlik etmiş Həsən bəy Ağayevin onu (Abdulla bəy Əfəndizadəni) "Əhrar" fraksiyasının "sabiq sədri" kimi təqdim etməsidir. Bununla belə, o dövrə aid bir sıra tarixi qaynaqlarda "Əhrar" fraksiyasının sədri kimi Aslan bəy Qardaşovun adı çəkilir. Belə ki, Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 30-da təşkil edilmiş altıncı iclasına "Əhrar" fraksiyası tərəfindən göndərilmiş təklifi fraksiyanın sədri sifətilə Aslan bəy Qardaşov imzalamışdır.

 

(ardı gələn sayımızda)

 

Vüsal Baxışov

Şəki

 

Ədalət.-  2018.- 8 iyun.- S.7.